Seymur Baycandan zəif olan gürcü yazarın dünya şöhrəti

Seymur Baycandan zəif olan gürcü yazarın dünya şöhrəti
22 sentyabr 2021
# 15:10

Kulis.az yazıçı Orxan Həsəninin ötən il Buker mükafatının uzun siyahısına daxil olan gürcü yazıçı Nana Ekvtimişvilinin “Armudlu düzəngahı” romanı haqda yazdığı esseni təqdime dir.

Nana Ekvtimişvilinin “Armudlu düzəngahı” romanı son zamanlar Qafqaz mədəni mühitində səs salan romanlardan biri oldu. Romanın Bukerin uzun siyahısına düşməsi bu mühit üçün önəmli hadisə idi.

Hamımız sevindik.

Axı hamımız qafazlıyıq!

Təkcə bununla da qalmır. 2021-ci ilin EBRD ədəbiyyat mükafatının uzun siyahısına düşmək və 2015-ci il üçün Saba Ədəbi Mükafatının ən yaxşı debütü nominasiyasında qalib olmaq!

Roman ətrafında bizim ədəbi mühitdə də çox söhbətlər dolandı. Müzakirələrin nüvəsində ədəbi-estetik tezislər deyil, inzibatı məsələlər dururdu.

Necə?

Müəllifin sözügedən romanı “Writers House of Gerogia”nın maliyyə dəstəyi ilə İngiltərədə, İspaniyada, Çində, Rusiyada, Portuqaliyada, Fransada, İtaliyada, Rumıniyada, Hollandiyada, Litvada, Türkiyədə, Yunanıstanda və Azərbaycanda tərcümə olunub, nüfuzlu nəşriyyatlarda yayımlanmış və ciddi təbliğat işi görülmüşdü.

Cəmi-cümlətani 5 il ərzində.

Demək, bu, mümkündür!

Tezliklə nəticələr parlamış, roman gürcü mədəniyyət nümunəsi kimi ədəbi çevrələrdə tanınmışdı.

Nəhayət Bukerin uzun siyahısına düşməsi hamımıza çimdik çəkmişdi. Çaşqınlıqla qarşıladığım uğurun arxasında fövqəladə roman gözlədiyimi gizlətməyəcəm.

Sən demə, 2019-cu ildə Nana xanımın əsəri dilimizə tərcümə olunmuş, TEAS Press Nəşriyyat evində çapdan çıxıbmış.

Gürcü və erməni ədəbiyyatı mənim üçün hər zaman maraqlı olub. Həm qonşu dövlətlərik, eyni tarixi proseslərin cəngindən çıxmışıq, uzun müddət eyni imperiyanın tərkibində yaşamışıq, həm də axı Qafqaz, dorğudan da, maraqlı regiondur və belə regionların ədəbiyyatı məni istəklə qucaqlayır!

“Gürcüstan yazıçılar evinin” xoş niyyəti hamımıza nümunədir: Gürcü mədəniyyətini dünya bazarında brendə çevirmək…

Bəli, qulağımızın dibində insanlar öz mədəniyyətlərinin məsuliyyətini hiss edirlər.

“Bəs o əjdahadan bizdə niyə yoxdur?” – yerində və amansız sualdır.

Ədəbiyyatımızda “Armudlu düzəngahı”ndan (köntöy müqayisə də olsa, söyləməliyəm) heç də əksik olmayan romanlar var!

Hətta roman mənim üçün olduqca zəif təsir bağışladı.

Böyüklərin dünyasına qarşı çıxan uşaqların portretini çəkən Nana xanımın romanı 1990-cı illərin əvvəlində paytaxt Tiflisdə, əqli qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş uşaqlar evində keçir. Adamlar bura “Debillər məktəbi” deyirlər, ancaq SSRİ-nin çökməsi ilə məzhəbi itən, qibləsi dəyişən sistemə görə məktəbdə yalnız əqli qüsurlu uşaqlar yox, həm də valideynlərini itirmiş, ya maddi çətinliklərə görə məktəbə verilmiş uşaqlar da gözə dəyir.

“Tiflisdə küçələrin adı olmayan və məhəllərin mikrorayonlara bölündüyü şəhərətrafı ərazilərin birindəki yeganə küçənin adı Kerçdir” – müəllif romana bu cümlə ilə başlayır və sonrakı hissələrdə Kerçi ətə-qana yığır, hadisələrlə, solğun emosiyalarla onu inşa edir.

No description available.

Hadisələr tarix müəllimi Vanonu öldürməyə qərar verən Lelanın gözlərindən açılır. Roman irəlilədikcə hadisələr də qapalı qutudan silkələnib tökülür, səbəblər aydınlaşır: Seksual təcavüz!

Lela mübariz və qəzəblidir. O, internatdakı uşaqları qoruyur, kiçiklərin qeydinə qalır, onlara təsəlli paylayır, hətta oxumağa, təhsil almağa təşviq edir ki, “Debillər məktəbini” tərk etsinlər.

Lelanın tarix müəlliminə müstəsna nifrəti olsa da, kiçik, dəlisov İrakliyə bacı münasibəti bəsləyir. İraklini onu tərk edib Yunanıstana gedən anası ilə telefonda danışması üçün tez-tez yaxınlıqdakı “xruşovkalardan” birinə aparır. “Debillər evində” telefon yoxdur.

Günlərin bir günü xəbər gəlir ki, amerikalı valideynlər “Debillər məktəbi”indən övladlıq götürmək istəyirlər. Madonna xanım uşaqların şəklini çəkir. Lakin 6 yaşdan yuxarılar olmaz! Lela İraklini məcbur edir ki,o da şəkil çəkdirsin. İraklinin yaşı altını keçib.

Lela drektora müraciət edir. Drektorun təklifindən sonra Madonna xanım “bir şəkildir də” deyib razılaşır!

Beləcə, ağlaya-ağlaya fotoaparatın qarşısına keçən İraklinin fotosu bir neçə ay sonra amerikalı valideynlərin diqqətini cəlb edir. Xəbər bütün “Debillər evini” sarsır. Bu vaxtacan internatda yalnız iki qəhraman var idi: Krile və İra. Onlar burada böyümüşdülər, ancaq xilas olub həyatlarını qurmuşdular. Növbəti qəhraman İrakli ola bilərdi!

Lela İraklinin ingilis dili öyrənməsi üçün köhnə dostunu işə cəlb edir. Axı o, amerikalı valideynləri ilə danışmağı bacarmalıdır.

Heç nə arzulanan kimi keçmir. İrakli öyrənməkdə çətinlik çəkir və oxumağa başlayanda başında ağrılar peyda olduğunu deyir. O, hətta gürcü əlifbasını da bilmirdi.

Pulun bitməsi isə lap qiyamət qopur. Lela buna görə qonşuluqda yaşayan, ona çoxdandır göz qoyan Kobaya 5 lari qarşılığında özünü satır. Bunların müqabilində İrakli Amerikaya gedə biləcəkmi?

Romanı oxuduqca bir ucdan hadisələrin çaparaqlığından, səhnələrin solğunluğundan ürəyim sıxılır, bir ucdan da romanı Azərbaycan müəlliflərinin romanları ilə müqayisə edirəm. Müəllifin hadisələrə münasibəti, üslubu, qısa cümlələri qucaqlaması ilə mənə Seymur Baycanı xatırladırdı.

SSRİ-nin dağılması, müstəqil Gürcüstanın yaranması və bunun uşaqların taleyinə görünməz əllərlə yön verməsi romanın gizli mərkəzini təşkil edir. 18 yaşı tamam olan Lelaya iş təklif edən drektor Siso dövrü SSRİ vaxtı ilə müqayisə edir:

“O vaxtlar uşaqlar bu məktəbi bitirdikdən sonra işlə təmin olunurdular, ev siyahısına yazılırdılar. İndi kimdir bu yiyəsizlərə ev verən? Həm də ev hamıya lazımdır. Evi olmayana kiçik ev, evi olana isə daha böyük ev”.

SSRİ-nin dağılmasından sonra hər iki Qafqaz ölkəsində eyni proseslər cərəyan etmişdi. Buna görə eyni generasiyadan olan Seymur və Nana, doğrudan da, oxşar müəlliflərdir.

Nana Ekvtimişvilinin romanında SSRİ-nin dağılması uşaqları seksual istismarı, onların alçaldılması, ümidsiz gələcək vəd edir, gürcü cəmiyyətinin gerçək siması müsbət və mənfiləri ilə üzə çıxır. İnsanın gerçək keyfiyyətləri özündən zəiflərə münasibətdə aydın olmurmu? “Debillər evi” burada zəifləri simvolizə edir.

Xruşovkalarda yaşayan adamların “Debillər evinə” yardımları və seksual təcavüzü sarsıdıcıdır. Eyni hadisəni Seymur Baycanın “Quqark” romanı və bəzi hekayələrində görə bilirik. Müstəqillikdən sonra üzə çıxan gerçək simalar, diri xarakterlər, tanış üzlər və hadisələr Seymur nəsrindən görünüb bizi salamlayır.

“Quqark” romanındakı uşaqlıq xatirələrinə ayrılan hissələr “Armudlu düzəngahı” ilə atmosfer eyniliyi təşkil edirdi. Ancaq bunu bütün səmimiyyətimlə söyləməliyəm ki, “Armudlu düzəngahı” romanı ilə müqayisədə Seymurun roman və hekayələri master-klassdır. Seymur Baycanla estetik fərqlərimizin ulduzu barışmasa da, onun canlı və qayğsız nəsri ilə müqayisədə Nananın solğun, çaparaq, təsirsiz təhkiyəsi müqayisəyə gəlməz. Ümumiyyətlə, bu müqayisəyə görə Seymurdan üzr istəyirəm.

Bağışla, Semir!

Gürcülər “Armudlu düzəngahı” romanını qısa zaman daxilində dünya dillərinə tərcümə edib, yayımlamışdılar. Məsuliyyətli işin nəticəsində indi hamımız sevinirik, ümidlənirik. Proseslər lap yaxında, bizimlə eyni tarixi dövrdə qoşa addımlayan, yaxın iki yüz ildə eyni dövlətçilik yolu keçən ölkədən gedir.

Əlbəttə, məsələ, uzun siyahıya düşmək deyildi, belə bir arenaya ayaq yeri qoymaq, bunun uğrunda uğurlu işlər görmək idi.

Gürcü mədəniyyətinin artıq brendləşməyə başlaması idi.

Bəs Azərbaycan mədəniyyəti?

Dünya dəyişib. Müəlliflərin şəxsi təşəbbüsü ilə dünyaya çıxması demək olar ki, imkansız görünür. Bunun üçün nəhəng kombinasiya tələb olunur. Yazıçılar belə imkana sahib deyillər. Ancaq Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi bu işi öz üzərinə götürə bilər, oxşar təcrübələrdən istifadə edərək tezliklə nəticə əldə etmək olar.

Axı real əsərlər var və o əsərlər müasir dünya ədəbiyyatına bir az olsun bələd olan biri kimi deyirəm, olduqca uğurlu, dünya üçün maraqlı romanlardır.

Ümidliyik.

Əlimizdən başqa nə gəlir?

# 3834 dəfə oxunub

Müəllifin son yazıları

# # #