Orxanı yenə polis apardı – Əsgərlikdəki şairlə söhbət

Orxanı yenə polis apardı – Əsgərlikdəki şairlə söhbət
19 yanvar 2021
# 17:12
Bu gün həqiqi hərbi xidmətdə olan şair Rəvan Cavidin doğum günüdür. Kulis.az bu münaisəbtlə şairin həmkarı, dostu Orxan Həsəninin ona yazdığı məktubu təqdim edir.

Rəvanla söhbətləşmə

İndi yuxularımda
özümü yenə
Xəzərin sahilində görüncə
hövlnak oyandığım olur
boynuma alıram

Azər Əhmədov “Dönüş”

Əziz Rəvan

Burda sağ və salamatlıqdır. Sən hərbi xidmətə yollanandan sonra Qarabağ qayıtdı, bir də pandemiyaya yoluxanların sayı artdı. Sevindik, doyunca hoppanıb düşdük, qucaqlaşdıq, sevincdən ağladıq. Sonra qadağalar, bürkülü darıxmaqlar, payız depressiyası və tez-tələsik düşən axşamüstülər...

Müharibədən sonra uşaqlığım haqqında tez-tez düşünməyə başladım. Adamların üzü, qırış basmış əllərin sümük sərtliyi, axşamüstü, hündür tut ağaclarına dırmaşmaq, uzaqdakı dağlara əyilən günəş, yaşıl düzlüklərdə qaçmaq, yeni oyunlar kəşf etmək, futbol, corabları yumrulayıb top düzəltmək, barmaq uclarımızdan biləklərimizəcən uzanan nar şirəsi, yapışqan əllərin yapışqan təması, isti yay günləri, artezyan suyunun canımıza yayılan sərinliyi, qış günlərində çör-çöp yığıb ocaq qalamağımız, “Kurtlar Vadisi” köynəkləri, yardım sıraları, yardım qutularından çıxan oyuncaqlar, oyuncaqları burnuna tutub qoxlayan uşaqlar, məktəbə getməmək istəyi, daha çox yatmaq, daha çox oynamaq, dərs oxumamaq arzusu, yay tətillərində məktəb üçün darıxmaq, gün saymaq. Uşaqlıq dostlarımın böyük hissəsini müharibənin ortasında görəndə bu epizodları dəhşətlə xatırladım

Yaş yaş üstünə gəldikcə uzaq məsafələri apaydın xatırladığımı kəşf etdim. Məsələn, soruşsan ki, dünən günorta mindiyin taksi nə rəngdə idi, fikirləşməli olacam, amma desən ki, on dörd il bundan əvvəl atamın tələsik alıb tələsik də satdığı “VAZ2107”-nin talismanı hansı heyvanın oyuncağıydı, həvəsli tələbə kimi yaddaşım əl yelləyəcək. “Müəllim, olar mən?”.

Sən mənim həyatımın nisbətən yaxın hissəsində görünmüşdün, əziz Rəvan. Yaşayıb bağladığım uşaqlıq kitabımın kənarında başqa bir kitab açılmışdı. O kitabda hər şey yepyeni idi.

Həyat o qədər uzundur ki, insan bu darıxdırıcı məsafədə bir neçə dəfə dəyişir. Qoy hisslərin eyni ahənglə oxusun nəğməsini, rənginə büründüyümüz mühitin şərtləri hansı havanı çalırsa, onu oynayırıq. Bu mənada mənim üçün yeni dostlarımın ortaya çıxması həyatımda ikinci bir cəbhənin açılması kimi fövqəladə bir hadisə idi. O cəbhənin ilk əsgəri sən idin.

Gəncliyin yeni-yeni iməklədiyi, həyatı təzə-təzə təcrübədən keçirdiyimiz zamanlarda ədəbiyyatın, yaradıcılığın gur faraları dovşan (oyuncaq talisman ) gözünə düşən kimi düşdü gözümüzə və bu şok effektindən təslim dayandıq. Zövqlərin eyniliyi həyat tərzinə o saat təsir elədi. Bütün gün bir yerdə keçirdi, içirdik, söhbətləşirdik, gəzişirdik, həyatı müvəqqəti, gəzdiyimiz küçələri sonsuz bilirdik.

Oxuduğumuz kitablardakı obrazlara bənzəmək, kitablardakı kimi sevmək, alternativ bir reallıq yaradıb o yuvada xoşbəxt yaşayacağımızı sanmaq. Bal daman romantika. Süni əzabları gerçək yaşamaq ehtirası. Hər şey elə təbii idi ki, sanki, hamıda bu cür olmuşdu, hamı belə başlamışdı.

Mən əsgərliyə getdim. Düppədüz bir il dırnaq kimi qopub düşdü həyatımdan. Sonra sən. Hələ də ordasan.

Cəmi bircə dəfə danışmışıq. “Səngər qazırıq. Təkdən bir atışmalar olur. Amma yaxşılıqdı”. Sonra: “Çox darıxıram” – bunu pıçıltıyla dedin. Heç kim eşitməsin.

Hərbi həyatımın ilk günlərində darıxmağı vücudi-canım içrə ikinci ruh kimi gəzdirərdim. Sizlər, Bakının qaranlıq, sonsuz küçələri, bohem həyatımız, sərxoş gecələr, gözəl kitablara, gözəl əsərlərə birlikə sevinməyimiz, Sərçə – hamısı üçün burnumun ucu göynəyərdi. Reallıq bir xəncər kimi çıxmışdı qınından və şimşəklər Yapon cizgi filmlərindəkinə bənzər çaxmışdı, yəni dəhşətlə, sonra munis, təmiz bir bəyazlıq qapamışdı üzümüzdəki gerçəyi və o xəncərin itiliyində həyatımı iki hissəyə bölüb qanlı-qanlı gülümsəmişdi. O mühitin reallığını qəbul etmək ərköyün səbri çilədən çıxarır. Zamanla özüm də hiss etmədən çevrilib başqa bir insan olursan. Elə ütülənirsən ki, bir də çətin hansısa həyat təzindən qırışasan. Bu ağrılı prosesi yavaşlatmaq üçün əlindən gələni edirsən, amma çi-fayda. Həyat və insan arasındakı əbədi mübarizədə hər iki tərəf məğlubdu.

Sən “Çox darıxıram” söyləyəndə özümü sənin yerinə qoydum. Dəhşətli bir həqiqət alov içində güllə topası kimi partlayıb ətrafa səpələndi. Sən də ordaydın, müharibənin düz ortasında. Mənim uşaqlıq dostlarımın yanında. Kitablar qoşalaşmışdı. Həyatımın iki kitabı da müdrik bir əldə silkələnmiş, hərflər mürəkkəbdən metala çevrilmişdi. Sonra o metal hərflər müharibə alovuna səpilmişdi, ərimişdi, əriyib bir olmuşdu...

Əziz Rəvan, hərbi xidmətdə olanda elə bilirsən, hər şey səndən surətlə uzaqlaşır. Zaman keçir, gəlib görürsən, hər şey yerində sayır, sən necə qoymusan, eləcə də qalıb, ancaq sən geridəsən, elə bil, nəsə çiynindən tutub arxaya çəkib. Həyat, ölüm, bəşəri dəyərlər, mərkəzində insanın dayandığını söyləyən hər şey mühitdə sənin üçün elə adiləşir ki, bir də görürsən “Terminator” filminə baxıb göz yaşlarını saxlaya bilmirsən. Bəli, belə şeylər olur. Zövqün kütləşdikcə hadisələrə vecsizlik yaranır. Əksinə sənə təsir eləmək üçün gözləyən bayağı filmlərin, bayağı kitabların toruna asanlıqla düşürsən. Burnunun ucunu görə bilməmək, həyatı mexaniki hislərlə yaşamaq.

Hərbi xidmətdən qayıdandan sonra düz iki ay yaşadım şəhərdə. Gəzdiyimiz küçələrin, qonaq olduğumuz kafelərin hamısının ərklə sıxdım əlini. Rahatlıq ehtirasında olan yorğun ruhum üçün bu səs-küylü şəhər əvvəlki kimi ələ gəlmirdi. Çox daşlar yerindən oynamışdı və suların durulmağını gözləyəsi səbrin yiyəsi deyildim daha. Şəhər indi mənim bütün effektini itirib. Heç birinizi tapmadım. Nə Ayxan vardı, nə sən vardın, nə də Müşfiq. Sonra pandemiyanın araya saldığı havasız məsafələr. Anladım ki, insanlar olmadan məkanların mənası yoxdur. Vətən elə adamlar imiş.

Arada bir Orxanla görüşürdüm, onu da özün bilirsən, mən deyib uzunçuluq eləməyim. Danışanda səsini başına atır. Boğazında tank motoru var dostumuzun. İşə düşsə, hamını əzib keçəcək.

Hələ müharibə başlamamışdı. Fürsət tapıb qrup yoldaşlarımla görüşmüşdüm. Yaxşıca içib keflənmişdik. Əhvalım, həqiqətən, gül idi. Özümü hava kimi yüpyüngül hiss eləyirdim. Özün bilirsən, mən belə vaxtlarda hər şeyin qəfil bitəcəyindən elə qorxuram ki, çalışıram hamıya minnətdar olam, daha çox adamla görüşəm, daha çox adama zəng edəm, bəxtin-taleyin cekpotu olan bu xoşbəxtliyi hamıya yayam. Düzdü, səhəri bütün hərəkətlərimə görə it kimi peşman oluram, utanıb yerin dibinə girirəm, amma ümumi, götürəndə həyat anlardan ibarətdir və bu gözəl klişedir ki, deyirlər hər anın öz hökm var, gərək anları qarışdırmayasan. Qatığın ağı ağlığına, qarası qaralığına.

Qrup yoldaşlarımla vidalaşmışdım. “Fəvvarələr meydanı” tərəfdə təmtək avaralanırdım. Köhnə dostlarımdan birini gördüm, yolumu dəyişdim. Təsadüflərdən zəhləm gedir. Ara küçələrdən birinə buruldum. Səliqəli binaların arasında və düz asfaltın üstündə səliqəsiz bir yerişlə və əyri ayaqlarla tələsirdim. Hara? Heç yana. Qəfil özümü dəhşətli bir təklik içində tapdım. Hər şey birdən baş verdi. Gördüm eləcə təmtəkəm. “El Futuro” kafenin önündə idim. İçəri keçə bilərdim. Çay içərdim. Bəlkə, köhnə tanışlardan kimisə gördüm, hal-əhval tutardıq. Gərək yolumu dəyişməzdim, hər nədir, itdir, qurddur, ortada keçmiş var, danışmağa nəsə tapılardı.

Etibarlı adam olmadım. Dost yolunda cəfa çəkən, can üzənlər var, mən yolumu dəyişirəm. Nə olsun ki, bir az içmişəm Rəvan müəllim, bayaq vəziyyətim gül idi, çağ damağımda Yunan nəğmələri oxuyurdu, indi zəncirlənmiş Prometeyəm, dərdimi Okeanın qızlarına danışıram içimdə.

Hə. Rəvan müəllim “El Futuro”da az görüşməmişik. Çaxır da içmişik, meyvə şirəsi də. Piyan da olmuşuq, kitab da redaktə eləmişik, düzdür, bunlar öz yerində, mən bura heç vaxt tək gəlməmişəm deyə indi keçib tək oturmaq, çaxır da içsən, meyvə şirəsi də, fərqi yoxdu, qeyri-ixtiyari darıxdıracaq məni. Qəfil telefonu çıxarıb səni yığdım. Zəng çalırdı. Tələsik söndürdüm. Elə bildim, həqiqətən, sən açacaqsan, amma nədənsə, telefonu sənin açmağından qorxdum. Orxan Saffarini yığdım. Sən demə iri dostumuz Bulvarda imiş.

Əhvalım asta-asta təlx olurdu. Çalışırdım yerdə olan-qalan gülü soldurmayan. İçməyə davam eləsəydim, nəsə effekti olardı. Söz verdim ki, içməyəcəm. Hər şey normasında gözəldir. Çox içib günü yamanlamaq da iş deyil. Nitsşe deyirdi ki, hərəkəti etməzdən öncə nəticələrini düşünürsənsə, azad deyilsən. Çox içib səhəri baş ağrısı ilə açmaq istəmədiyim üçün azad deyiləm. Filosof düz deyir, Rəvan müəllim.

Bulvara yön aldım. Orxandı, Kəramətdi, Səidədir əyləşiblər həmişəki çayxanada. Orxan stola elə yayxanıb ki, elə bil, kafeni indicə öz adına keçirib.

Səliqəsiz görüşdük. Kefim yenidən kökəldi. Kəramətlə əməllicə söhbətləşib hal-əhval tutdum. O öz aləmində xoşbəxt görünürdü. Elə adamlar var, o adamlarla keçmiş haqqında danışmağın ləzzəti yoxdur. İfrat rasionaldırlar. Onlar üçün hər şey indidən ibarətdir. Desən ki vaxt var idi, belə bir günümüz olmuşdu, deyər keçmiş keçmişdə qaldı, indidən danış. O gün indi niyə olmur?

Kəramət belə deyildi. Elə hadisələri xatırlayırdı ki, deyirdin sən canın o çəkdiyin şeyi hardan almısan de, biz də gedib alaq. Üzmə ürəyimizi, çörək kəsmişik. Ancaq dərinə gedəndə xatırlamağın adamı cırıq-cırıq elədiyini hamımız bilirik. Ayda ildə bir dəfə kefim kök idi. Ona görə mənasız zarafatlar eləyə bilərdim. Düz demirəm, Rəvan müəllim?

“Düz deyirsən”– Orxan dedi – “Dur gedək. Bizi gözləyən var”.

“Yaxşı” – dedim – “Gedək, getməyinə, amma bir az yavaş danış. Hamı ağzın ayırıb bizə baxır” – çənəmi atıb kənardakı masaları göstərdim.

“Mənim danışığım belədir. Qışqırmıram” – Orxan dedi – “Sən nə vaxtdan adam fikirləşən olmusan? Sən deyildin...?”

Mən Orxan Saffarinin iri kölgəsi ilə qol-qola verib ta 28 Mayacan yeridim. Yol uzunu “qardaşlıq”, “yaxşı oğlanlıq”, “Bayıl türməsində baş verən ibrətamiz həyat əhvalatları” haqqında uzun mühazirələr dinlədim. Orxan Saffarinin Bayıl underqraunduna hakimliyi məni həyacanlandırmışdı. O narkobaronlara qarşı mübarizə aparır, gəncliyin bu cəngəllik qanunlarından sıyrılıb gələcəyə diri çıxması üçün qələmi əlindən yerə qoymurdu. Həm yazırdı, həm də vuruşurdu. Yəni, fiziki və mənəvi ampluada bu igid oğlanın yalnız bir adı vardı: Cəngavər.

Söhbət çox uzandı. Orxan sevgilisinin onu tərk etməsindən danışanda içimdə bütün vəfasız sevgililəri yamanladım. Bir sevgidir, bir də dostluq, bunlarda gərək vəfa olsun. Vəfasız insanlar, köhnə tanışlarını görəndə yolunu dəyişənlər əvvəl axır cəzaların alacaqlar.

“Delikates”ə çatdıq, Rəvan müəllim. Jurnalist dostlarımızdan biri həmişəki masada qəmli şair görkəmində büzüşüb bizi gözləyirdi. Jurnalist dostumuzu Orxanı görcək ox kimi yerindən atıldı və yay kimi süzülüb əl verdi, yanaq verdi, görüşdülər. Mənim susuzluqdan dilim damağımda qovrulurdu. Səbrimi dişimdə kəndir kimi sıxdım, mən də görüşdüm və keçib jurnalist dostumuz bayaq necə arxayın-aryaxın oturub qəmli-qəmli dayanmışdısa eləcə arxayın-arxayın oturub qəmli-qəmli dayandıq. Söhbətin giriş hissəsi çox çəkmədi. Masa hər cür naz-nemətlə doldu. Araq da var, çaxır da, pivə də canın istəyən qədər, seçim sənindi. Sən demə, bu gün mənim hərbidən gəlişimi qeyd edəcəyik. Ala qarğa bala doğub.

Məclisin qırmızı lentin su ilə kəsdim. Fikirləşdim ki, araq içsəm, səhərə çətin ki, sağ-salamat çıxım. Ol səbəbdən su stəkanını ovcumda sıxıb tərəfimi bəlli elədim. Tərəfkeşliyim çoxluğun xətrinə dəydi. Bir daha dostluq və məclisin müqəddəsliyi haqqında uzun və darıxdırıcı mühazirəyə qulaq asmalı oldum. Nitqin vurğulu yerlərində başımı təsdiq işarəsində bir neçə dəfə qaldırıb yendirdim. Bu müqavimət cəbhələrimin bir-bir təslim olması idi. Əl-qərəz axırda çaxırla razılaşdım və sevindim ki, nə yaxşı çaxıra getdim, yoxsa araq elə kapitulyasiya demək idi.

İçdik. İçdik, Rəvan müəllim. Canın istəyincə danışdıq, köhnə günlərin üstündən maşın gölməçədən keçən kimi keçdik. Bir az utancaqlıqla, bir az qürurla zamandan, problemlərdən, həyatın min üzündən sovrulub yenidən eyni masanın başına yığışmağın dost sadiqliyindən doluxsunduq. Məclisin sözü-söhbəti şirinləşdikcə kefim yenidən kökəldi. Orxan Saffari söhbəti əmim oğlundan saldı. Düzünə qalsa, Orxan kimi o da vəfalı insanların, yaxşı oğlanların qardaşı idi. Yaşı otuza dirənmişdi. Hələ bircə dəfə görməmişdim ki, küçədə köhnə tanışını görəndə yolunu dəyişsin. Mən bilmirəm Orxana nə vaxt əmim oğlu haqqında danışmışam amma, necə danışmışamsa, o intonasiya ilə cümlələri üyüdüb tökdü. Dedi gəl əmin oğluna zəng edək. Adı Rəşad idi, hə? Dedim, lazım deyil, qoy oturmuşuq. Dedi xətrimə dəyərsən, o da gəslin, burda pis oğlan var bəyəm? O da bizim qardaşımız!

Sosial təzyiqə dözümüm yoxdu. Nömrəni verdim. Zəng elədi. Orxanın piyan danışığı xəttin o tərəfində hansı effekti yaratdısa, jurnalist dostumuzla tez-tələsik sağollaşıb təkrar Bulvara tərəf yön aldıq. Çaxır məni sonradan tutdu. Ürəyim dəhşətli dərəcədə bulanırdı. Başım hərlənirdi. Xatırlayıram ki, birdən dayanıb eləcə boşluğa söylədim: “Sən get, kömək gətir. Mən yeriyə bilmirəm”.

Az getdik, çox getdik gəlib çıxdıq Bulvardakı məşhur saat qülləsinin kölgəsinə. Uzaqdan əmim oğlu Rəşadı gördüm. Siqaretini sümürə-sümürə gözləyirdi. Əvvəl əl verib görüşdük, sonra qəfil mübahisə düşdü. Hər iki tərəf çığıra-çığıra danışırdı. Rəşad Orxana “Sən piyansan, sabah danışarıq da, görüşərik də, yeyib içərik də”– deyirdi. Orxan isə “Mən piyan deyiləm. Mən piyan deyiləm” – deyib səsini Allahın yanına çəkmişdi. Mən saat qülləsinin arxasına keçib oturdum. Əhvalım, doğrudan da, əla idi, çaxır ruhumu qıdıqlayırdı, yay gecəsinin sərinliyi, Bulivarda təkəmseyrək dolaşan adamlar, dənizin uğultusu. Damağımda dolaşan çaxırın tamı xorla “siqaret, siqaret” qışqırırdı. Mən isə bədənimin bu tələbinə eynəyini burnuna çəkib barmağını hirslə yelləyən müəllim sayaq etiraz edirdim. Bu gün çox çəkmişdim.

Qalxıb dənizə tərəf getmək istədim. Ərindiyimdən tərpənə bilmədim. Eləcə burda- bu saat qülləsinin altında yuxulaya bilərdim.

Mühabisə qızışmışdı. Dialoqlar dəhşətli dərəcədə mənasız idi. Məsələn.

Rəşad: Qaqa, çığırma, yavaş danış. Səni eşidirəm.

Orxan: Mənim danışığım belədir. Qışqırmıram.

Rəşad: Qaqa, Allah haqqı, sən qışqırırsan! Vallah bu sənin danışığın deyil. Deyirsən, Orxanın dostu mənim də dostum.. Amma dost dostnan belə danışmaz!

Orxan: Qardaş, deyirəm mənim danışığım belədir. Özümdən asılı deyil. Mən ayıq olanda da belə danışıram.

Rəşad: Adamlar bizə baxır. Başa düşdüm, danışığın belədir, onda heç olmasa danışma. Sabah görüşərik. Get evinə.

Uzaqdan polis maşının rəngli işıqları göründü. Kənardan bu mənzərəni izləyən adamlar bir anda yoxa çıxdı. Bu zaman mənə elə gəldi ki, adamlar polislər onları görməsin deyə ağaca dırmaşıblar.

İki polis nəfəri düşdü maşından. Qalan ikisi içəridə qaldı. Düşənlərdən biri hündür və arıq idi. Üzündəki ət elə yığılmışdı ki, çənəsi eybəcər formada uzunsov görünürdü. Digəri isə nisbətən gödək və dolu idi. Sifətindəki kəsik izindən bilinirdi ki, xidməti yeni təhvil alıb. Hündür boy sənədləri istədi. Mən güc tapıb yerimdən qalxdım. Yalnız indi vəziyyətin ciddiləşdiyini gördüm. Çaxırın qatı dumanı setimi itirmişdi. Gah başım fırlanırdı, gah da ürəyim bulanırdı. Polis sənət istəyəndə Orxan “Yoxdur. Yoxdur sənədim” dedi. Və daha bir mənasız söhbətin içinə düşdük.

Polis: Vətəndaş, xahiş edirəm, qışqırmayın, ətrafda adamlar var – ətrafda heç kim görünmürdü. Bircə “Neftçilər” prospektində şütüyən maşınların səsi eşidilirdi.

Orxan: Ay qardaş, Vallah mənim danışığım belədir. Qışqırmıram. Sənədim üstümdə deyil.

Polis: Vətəndaş, yavaş danışın!

Orxan: Qardaş, mən yavaş danışıram!

Polis: Siz deyəsən, bizlə məzələnirsiz. Səs-küy salmısınız, içtimai asayişi pozmusunuz, indi də Polislə qışqıra-qışqıra danışırsınız. Zəhmət olmasa maşına minin! Dedim, min maşına. Basın bunu içəri. Gecəni qalar, ağlı başına gələr.

“Qışqırmıram. Mənim danışığım belədir” – bu Orxanın həmin gecədən qalan sonuncu sözləri oldu.

Polis maşını işıqlarını sürüyə-sürüyə onu apardı. Siqaret yandırdm və Rəşad ilə bir qədər söhbətləşdim. “Yaxşı olmadı, gərək arxasınca gedərdik” – o dedi. Mən siqaret damağımda çevrildim: “Axşama buraxacaqlar. Kimdi onun səsinə dözən”.

Rəşad mənə inandı. Biz Bulvarda gəzişdik. Şəhərin gur işıqları əksində ulduzları itirmişdi, əziz Rəvan. Mən bu vaxt səni xatırladım və telefonu çıxarıb nömrəni yığdım. Və inandım ki, doğrudan da, “Dostluq” kinoteatrı tərəfdəki evindən Azadlıq propektinin enişinə qoşulub Bulvara gözüyumulu çatacaqsan. Yol boyu içində yığılıb duran əsəbini tökəcəksən üstümə. “Nə olmuşdu gecənin bu hayında? Sənin əlindən yata bilməyək? Heç olmasa, bir balaca istedadın ola, uça-uça gələrəm. Nə xeyri var, divara danışıram da. Min dəfə demişəm, Borxesi diqqətlə oxu! Belə vaxtlarda lazım olur”. Sonra pivə almaq üçün açıq market axtaracaqdıq. Yalnız bircə an çiyin-çiyinə verib hər şeyi unudacaqdıq, gözəl dostum. Hər şeyi... Amma zəng çatmadı!

# 2744 dəfə oxunub

Müəllifin son yazıları

# # #