İtmiş qızlar və sevgi hotelləri

İtmiş qızlar və sevgi hotelləri
4 iyul 2023
# 15:00


Kulis.az Orxan Adıgözəlin "İtmiş qızlar və sevgi hotelləri" yazısını təqdim edir.


İsveçli rejissor Uilyam Olsson 2019-cu ildə ekzotik bir film çəkib. Mən Olssonu məşhur ‘’Swiss Army Man’’ filmindən tanıyıram. Həmin kinonun prodüseri də Olsson özüdür. Ümumiyyətlə, o, daha çox prodüser kimi tanınır. Altı filmin rejissoru olan Olsson səkkiz filmin prodüseridir. (2021-ci ilin qeydləri)

Qayıdaq filmə.

“Lost Girls and Love Hotels”(İtmiş qızlar və sevgi hotelləri) filmi bir gənc qızın həyatından bəhs edir. Keçmişindən “xilas” olmaq üçün Amerikadan Yaponiyaya gələn Marqeret stüardessalara ingilis dili öyrədir. O, gündüzlər tədrislə məşğul olur, gecələr Tokionun ekzotik həyatına atılır: barlarda, gizli dalanlarda, hotellərdə nəfsinin ali istəyi olan ehtiras çənbərinin içində fırlanır. Marqeret təhlükəli əlaqələrdən, dəlisov oyunlardan çəkinmir və bədənini adlarını belə tanımadığı kişilərlə bölüşməklə stressdən “qurtulmağa” çalışır.

Əlbəttə, bu cür cinsi akt daxili boşluğu doldurmaq niyyətilidir. O, yıxılana qədər içib, yad kişilərlə hotel otaqlarına getməklə özünü cəzalandırmağa çalışır. Hətta birgecəlik partnyorlarına bu haqda etiraf edir.

Bir dəfə Marqeret hoteldə sevişdiyi oğlana deyir ki, onu kəmərlə boğsun. Gənc oğlan cəhd etsə də, bu sadomazoxist oyun alınmır. Nəticədə hər ikisinin ehtirası soyuyur.

Mazoxist təkcə fiziki ağrılardan deyil, söyülməkdən, aşağılanmaqdan da həzz alır. Yəni mazoxizm təkcə cinsi aktda mövcud deyil. Ruhu və bədəni hər kəsə qapdırmaq özünü sevməməkdən yox, özünü aşağılamaqdan irəli gəlir. Əlbəttə, yazdıqlarım mühakimə xarakterli deyil. Məsələnin psixoloji yönünü təhlil etmək niyyətindəyəm.

Bəli, mazoxizm uşaqlıqda formalaşır. Bunu formalaşdıranlar uşaq üçün əhəmiyyətli mühitin fundamental tərkib hissəsi olan valideynlərdir. Uşağın arzularını, istəklərini, həyəcanlarını, fikirlərini əhəmiyyətli hesab etməmək, onu aşağılamaq, döymək mazoxizmin bünövrəsi qoymaqdır.

“Döz bir az”, “eləmə”, “etməlisən”, “qulaq asmalısan”, “sakit dur” və s. tipli əmrlər uşağın psixikasında ciddi, unudulmaz izlər qoyur. Belə baxanda həmin sözlər aşağılayıcı səslənmir, ancaq bu cür ifadələri çox eşidən uşaqlar zamanla boyunduruqlu şəxslərə çevirilirlər. Hətta həmin uşaqlar elə bilirlər ki, mütləq valideynlərinin sevgisinə layiq olmalıdılar.

Bu hallar yetkin şəxsdə də özünü göstərir. O, gözə girməyə, təriflənməyə alçalmağa razı olur. Sual yaranır: insan alçalmağa necə razı ola bilər?

Biz uşaqlıqda yaşadığımız duyğuları gələcəkdə təkrar-təkrar yaşamaq istəyirik. Bu istək altşüurdan gəlir. Yataqda döyülmək, söyülmək təsadüfən ehtiraslandırmır. Söyülən, döyülən uşaq həmin an valideynlərinin diqqət mərkəzində olur. Bəzən uşaqlar bilərəkdən dəcəllik edir, nəyisə dağıdır, qışqırırlar ki, diqqət çəkə bilsinlər. Valideynlərin diqqətini çəkmək hava, su kimi əhəmiyyətlidir. Beləcə yetkin adam hər vəchlə - şəbəkələrdə olsun, həyatda olsun, - cəmiyyətin “tabu” hesab etdiyi məsələlərə nümayişkarənə etiraz edir, xalqın qəhrəman saydığı adamları aşağılamağa çalışır ki, onun özünü də söyüb, aşağılasınlar. Həmin nifrət nitqi onlara orqazmik həzz yaşadır.

Bu hadisə altşüura belə tərcümə olunur: “Ana(ata), hey, bax, burdayam”...

“İtmiş qızlar və sevgi hotelləri”nin qəhrəmanı da sevgi, diqqət görməyib. Erkən yaşlarda atasını itirən qızlar adətən özlərindən böyük kişiləri sevirlər. Atasını uşaq vaxtı itirən, anasından da kifayət qədər qayğı görməyən qız nəhayət, ortayaşlı yakudza Kadzuya aşiq olur. Qeyd edim ki, yakudza Yaponiyanın mafiya qruplaşmasıdır. Beləcə macəra başlanır.

Erotik triller sayılan bədii film yazıçı Ketrin Xarnakanın eyniadlı romanı əsasında çəkilib. Yaponiyanın mədəniyyəti, yakudza ənənələri, müdrik fikirlər, buddizm məbədləri, əsrarəngiz Fudziyama dağı xoş aura yaradır.

Filmdə bolluca seks səhnəsi olsa da, bu səhnələr ehtirasdan daha çox boşluq havası ötürür. Aleksandra Daddarionun və Takexiro Xiranın oyunu da xoşuma gəldi. Əlbəttə, bu film əksər adamlara boz və maraqsız gələ bilər.

Necə deyirlər, zövqlər müxtəlifdir.

# 1736 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #