Həmid Herisçi: "Kəramət Böyükçölün silahı olsaydı, ilk gülləsini atasına atardı" - Müsahibə

Həmid Herisçi:  "Kəramət Böyükçölün silahı olsaydı, ilk gülləsini atasına atardı" - Müsahibə
18 sentyabr 2023
# 11:21

Kulis.az Ömər Xəyyamın Həmid Herisçi ilə söhbətini təqdim edir.

- Həmid ağa, istəyirəm, söhbətimiz qalmaqaldan, qarğaşasından iraq olsun. Demədiyiniz, yaxud ertələdiyiniz məsələlər haqqında danışaq. Məsələn, bu vaxtacan sizə ancaq televiziyadan iş təklifi gəlib. Ola bilərmi, belənçi təkliflərin əsas məqsədi sizi lazımi məqamda lazımi yerdən uzaq tutmaqdır?
- İcazə verin, sualınızı Vaqif Gərayzadənin çox müasir, canlı, futuristik cümlələri, şeri, musiqisi ilə cavablandırım - “Sahilə çıxdı matros”.

- Demək olar, haqqınızda məlumat yoxdur. Özünüzü gizlətməyinizin səbəbi nədir? Uşaqlığınız, Təbriz xatirələri, Rusiyadakı günlər maraqlıdır..
- Üzüyümün qaşı... Üzr istəyirəm, yaddaşı firuzədəndi. Xatirələrimi bədii mətnə danışsam düz olar. Bəni-adəm qulağına etibarım azdı. Son zamanlar rusca əla şerlər yazmışam. Ovaxtkı mühütimlə xeyli rusca danışmışam:

РОЗОВАЯ ПЫЛЬЦА
Жизненный видеокадр,
всегда, снят, с плеча,
но этот видеокадр,
всегда,
да,
с руки, палача…
я тебя потерял
И гаснет уже свеча.
В жизни,
Как в языческой тризне…
всех, дублирует хрусталь…
потом он загонит их в кристалл
в букву, в тыкву, ну хоть
в курилку,
и в минерал…
и в конечный минимал.
Но и им лучше молчать
если заговорит где то
отставной генерал.
Но если…
чуть спадет твоя
игривая шаль,
и черная вуаль,
и весь наш Версаль...
и все…
обратный ход,
раскрыт код...
решен весь интеграл…
И вот он-ГРААЛЬ...
Но в жизни,
Не так, как на языческой тризне…
Все начинается с юнца…
Кто сидит у крыльца
Кто первым увидел гонца.
и книжки читает с конца…
И только ты
смогла
остановит, чтеца…
Заглянуть в глаза
вдохновить певца
И от своего лица,
от своего ларца,
пасхального яйца
добавить свое
в полноту текста…
И вот..
У меня в ладонях
Розовая пыльца…



- Həmid ağa, doğrudan, Təbrizdə silah-sursatınız var?
- Ədəbiyyatımızın “Qılınc və qələm” fəlsəfəsindən kənarda deyiləm. Cəlil Məmmədquluzadə brauninq tapancasından ayrılınca batdı. İndikilərdən görəsən, kimin əli silaha dəyib? Kimin? Bu sualı digərlərinə də versəz, əla olar. Misal üçün, Kəramət Böyükçölün silahı olsa, nə edərdi, hə? Qorxuram, ilk gülləsini elə atasına atardı. Qulu Ağsəs silah görsə, tez kanalizasiya dəliyinə tullayardı. Pərviz Cabrayıl tez tapancanı yerə atar, üzərindən barmaq izlərini silərdi. Şərif Ağayar toyda özünü saxlayammaz, bütün güllə darağını göyə buraxardı. Qəfil xəbər gələrdi ki, güllə qarzurnaçını tutub. Heç. Axır o bu haqda zindandan qəşəng hekayə yazardı. Murad Köhnəqala silahını yüz nəfərə satar, axır öz kəndinə qaçardı. Elçin Hüseynbəyli aidiyyatı qurumlara ərzə yazar, Kənan Hacı, Ayxan Ayvaz ağır günündə gülləni öz gicgahına sıxardı. Naşir Şahbaz Xuduoğlunun əlində tapanca öz-özünə açılar, ətrafındakılara min bir xəsarət vurardı.

Ulucay Akif tapancanı cəld pencəyinin cibində gizləyər, bir daha bu silahından ayrılmazdı.

Aqşin Evrən buna şer yazar, sonra silahı polisə təhvil verməyi unutmazdı.

Aqşin Yenisey səmaya güllə atıb deyərdi, yaradanı öldürdüm.

Müzakirəm açıqdı.

Digərləri haqda da siz öz qənaətlərinizi deyin.

Silah gəzdirmək azdı. Gərək barmaqların titrəməsin, əlin əsməsin əsla.

- “Perseyin papağı” adlı sənədli hekayənizdə bir mikrofilmdən və atanıza aid “Savak” dosyesindən bəhs olunur. O mikrofilmə baxmısınız?
- Sənədlər, mikrofilmlər, fotolar, dosyelər tam realdı. Məndədirlər. Arxivimdə. Hekayənin mətni intertekstualdı. Burda bir neçə mətnlə daxili, gizli dialoq gedir. İlk mətn Britaniya yazarı Le Karrenin "The Spy Who Came in from the Cold" romanıdı. Qədim Persey, Qarqona əfsanəsi də mətn daxilindədi. Hə... Bir də "Nə bağ bildi, nə də bağban" aşıq nəğməsi, hə, bu da intertekstual mətnin üçüncü qatıdı.
"The Spy Who Came in from the Cold" romanı 1964-cü ildə ekranlaşdırılıb. O filmin 49-cu dəqiqəsində "Keytlin Kendli" soyadı çəkilir. Az sonra nədənsə Xəzər sahillərindəki gizli həyatdan danışılır.


Real Kəndlinin həyatı görünür, " The Spy Who Came in from the Cold" romanında artıq çoxdan qələmə alınıb.
O filmin bir qəhrəmanı da fotosunu gördüyünüz bax bu mikrofilmlərdir.

300 dəfə kiçildilmiş təsvirlər var bu lentlərdə. Elmdə bu lentlərə mikrat deyərələr. Azərbaycan Demokrat Firqəsi bu mikratlardan çox istifadə edərdi. Şəkildəki mikratlar 1959-66- cı illərdə Londondan Bakıya göndərilib. Üzərlərindəki qordi düyününü, möhürləri hələ də açmamışam. Zaman kapsuludurlar. Ancaq mütəxəssislərin, xüsusi komissiyanın gözləri önündə bu mikratları açmaq, zamanda səyahətə çıxmaq mümkündü.

- O günü səbrsizliklə gözləyirəm. Bir dəfə demişdiniz ki, xalq mistiklərinin şəbəkəsi var. Maraqlıdır, bu şəbəkənin iş prinsipi nədən ibarətdir? Maqları, cadugərləri də bu şəbəkəyə aid etmək olarmı?
- “Pir mənimdir, kəramətinə bələdəm” el ifadəsi sualınızın cavabını min il əvvəldən verib.

- Şübhələndirirsiniz məni. Həmid ağa, siz bir azərbaycanlıdan əvvəl kimsiniz?
- Bu şəkildən sonra kim deyə bilər ki, mən yadplanetli deyiləm. Tam asosialam. Kölgəmə çay süzərəm adətən. Masamda iki çay fincanı var həmişə.

- Aşağı-yuxarı, mən də kölgəm üçün qəhvə dəmləyirəm. Bir dəfə ANS-də siqaret fasiləsində mənə demişdiniz ki, SSRİ Azərbaycanın cənnəti idi. Fəqət o vaxt kimsə girdi araya, söhbətimiz yarımçıq qaldı. Bəlkə də, bu, sol düşüncənin nostalgiyasıdır, yoxsa, doğrudan, belə düşünürsünüz?

- Solçuluğa, sosial-fəlsəfi yox, fizioloji gözlə baxıram. Məncə, solaxaylar tam başqa insan tumudu. Misal üçün, deyirlər ki, “filankəs Pişəvərinin, yaxud Anarın sağ əlidi”. Mənim atam isə - elə mən də Pişəvərinin, ədəbi aləmin “sol əli” idik.

- Sənət də, hisslər də smartlaşır. Münasibətlər sintetikləşir. Üstəlik, artıq süni zəka proqramları verilən tapşırığa uyğun olaraq hekayə, pyes, roman yaza bilirlər. Postinsan mərhələsi deyəndə bunu nəzərdə tuturdunuz?
- Sualınızın cavabı “Robot Sofiya”ya yazdığım sevgi şerimdədi. Yazıçının əsl cavabları bədii mətnlərdədi, anket və yaxud mühasibə cavabları Fizulu demiş “əlbəttə, yalandır”.

- Yəqin ki, əqidədaşlarınızın çoxu İranda edam olunub. Bəs burda – Azərbaycanda ideyanızı, siyasi-ədəbi düşüncələrinizi bölüşdüyünüz adamlar varmı? Ümumiyyətlə, kimlərlə oturub-durursunuz? Ədəbi mühitlə məsafəlisiniz sanki...
- Heç kimlə.

- AYO haqqında fikirlərinizi xatırlasaq, demək olarmı ki, əqidadaşlarınızı İranda, qələmdaşlarınızı da burada edam etdilər... Ya vəlvələdən ya zəlzələdən – onlar sizdən ötrü öldülər...
- Səbəbkar deyiləm. Mən səbəbkarı metafizik aləmdə axtarardım, nəinki fiziki aləmdə.

- Rafiq Tağını xain adlandırmışdınız. Bu, ədəbi ittiham idi, yoxsa inancınız sizə diktə etmişdi?
- Prozanı prozaizmə çevirdi. Züytutanları şairə, şeri şeirizmə çevirdilər. Mövzusuz, hədəfsiz nəsr Rafiqdən başladı, sonra şerdə davam etdi. Mövzusuz, hədəfsiz şeri, nəsri anlamıram. Mövzusuz, hədəfsiz ədəbiyyat hələ yetişməmiş meyvədi. Belələrini AYB-nin pəncərəsi önünə yığmaq lazımdır ki, gün vursun, yetişsinlər.

- Postinsan əgər fövqəlinsandırsa, onun Allaha nə ehtiyacı?
- Postinsanın Allahın labirintinə birbaşa girir, adi insanlar isə mollaların qəbuluna belə düşə bilmirlər.

- Yaradıcılığızdan belə görünür ki, özünüzü burada yad hiss edirsiniz... Nə əcəb getmədiniz?
- Getmişəm. Siz artıq Həmidsizsiz.

- Bu günlərdə I Dil Ədəbiyyat Forumu keçirildi. Sizi də foruma dəvət etmişdilər?
- Yox. Məktub yetişmədi.

- Elə bilirəm, zamanla dünyada şeir ölür, fəqət bizdə hələ də şeirlə dolanan müəlliflər var, ki, hörmətləri-izzətləri də öz yerində. Düşünürəm ki, şeir gəncliyin, nəsr müdrikliyin ifadəsidir. Və bizim təfəkkürən yaşımız az olduğuna görə hələ də şeirdən çıxa bilməmişik...
- Yanılırsız. Şeirdə deyilik. Elə nəsrdə də. Lətifədəyik.

- Allaha inanırsınız, fəqət həm də şeir yazırsınız... Allaha inanırsınız, eyni zamanda pirlərdən möcüzə gözləyirsiniz... Təzadlar, paradokslar...
- Pirlər məni xatırlasın.

- Sizi qınayırlar ki, atanızla bağlı çox yazırsınız. Elə çıxır ki, sizin başqa xatirəniz, başqa yaşantınız olmayıb. Varlığınızla, yaradıcılığınızla - bütün müstəvilərdə birbaşa atanızın “üstündə” mövcudsunuz...
- Anarın təsiridi.

- Sirrlər özlüyündə heç bir məna kəsb etmir. Məncə, sirrlər açıldıqca mənalanır. Bəlkə, həqiqətə keçid qapısının yerini bilirsiniz? Yoxsa hansısa gizli təşkilatın üzvsünüz? Siyasi, mənəvi bilgiləri necə alırsınız?
- O keçid qapısının şəklini feysbukda paylaşmışdım: “İKİ QAPI. Qapıdakı qrafika, mükəmməldi. Elə bil iki qapı var qarşında. Biri zahiri, digəri batini. Burda seçim etməli, qapıya yox... kölgəyə girmək lazımdı. Mən kölgəyə daxil oldum. Üzdə ovdandı guya. Əslində isə, günün bir çağında o qeyb qapısına çevrilir..."

- İşğaldan azad olunandan sonra Qarabağa getmisiniz? Doğrudan, torpaq müqəddəsdir? Yoxsa dava-dalaş üçün daha ali məqsədlər mövcuddur?
- Sabir Əhmədli hələ 2006-cı ildə yazdığı “Ömür urası” əsərində 2020-ci ilə səyahət etmişdi. Onun qələmi ilə azad etdiyi əraziləri, sonra əsgərlərimiz yadelli tapdağından qurtardılar. Romanın ilk oxucusuyam. Rəyim də var bu haqda . Çap edilib. Yəni o ərazilərə hələ 2007-ci ildə, Sabir Əhmədlinin bələdçiliyi ilə getmişəm. Möcüzə, mistika bu deyil, bəs nədi? Sonra deyin ki, mən mistik insan deyiləm. Bəs nəyəm?
Real sirri olmayan ədəbi mətn, ilk növbədə ədəbiyyata çevrilməyəcək.
Ötəri bir əsər olacaq, azca tirajlanacaq, vəssəlam.
Səs-küy də yarada bilər arada.
Canında real, diri sirr, məxfilik yaşadan mətn isə yox... O, dəfələrlə diriləcək. Çin səddini, xalqları, ədəbiyyatları aralayan tikanlı məftilləri aşacaq. Bircə həmləsi ilə, vəssəlam. Bu səbəbdən Məlik Məmməd nağılı, yunan əsatirləri ölməzliyə malikdir. Şifrələr, sirlərlə doludurlar axı.
Ədəbi mətn həm də interteksuallıq istəyir. Yəni mütləq bir başqa mətnlə daxili-gizli dialoqda olmalıdır.

Şəkildə gördüyünüz göyərçinlərin su qabıdı. Bakı quşbazlarını ixtirasıdı. Əl işidir. Həndəsəsi mükəmməldi.
Miqyasını böyüt, riyazi ölçülərini artır, vəssəlam... Nümunəvi memarlıq nümunəsi qazanacaqsız.
Yaxud anamın bax bu qədim mücrüsü:

Kiçik ölçülü modelləri, mətnləri bax beləcə, qısası, qədim, müasir mətnlərdə axtarıb tapın. Sonra miqyasını genişləndirin. Gözünüz iti olsun. Sirlər aşkarda gizlədilib.

- Paralel dünyadan məişətə qayıdış... Necə hissdir? Axı siz həm də atasınız, həyat yoldaşısınız. Yeri gələndə bazara getməlisiniz, yeri gələndə pərdə asmalınız...
- Dərdim böyükdü. Demateriallaşa bilmirəm.

- Meyxana həqiqətən sənətdirmi?
- Sevinək ki, Azərbaycanda hələ də şifahi ədəbiyyat var. Hətta əksər yazılı ədəbiyyat nümunələri belə şifahidir. Başqa xalqlar bu dəyəri itiriblər büs-bütün.

- Ziyalı kimdir? Ziyalı, doğrudan, xalqın yanında olmalıdırmı? Axı həqiqətlərdən agah adam, bir növ, xalqdan sivişməlidir...
- Azərbaycanda da Rusiyadakı kimi ədəbiyyat qaynayır. Bir ucunda rəsmilərdi, digərində sadə xalq kütləsi. Hamı yazır. Uşaq-muşaq da yazır, qocamanlar da. İstedadlıyıq, ancaq Məşədi İbad demiş, bircə nöqsanımız var - savadlımız yoxdu. Savadsız istedadlılar... Hə, bu ifadəmə xüsusi diqqtə verək.
Bizdə Məmməd Süleymanovdan başqa savadlı kimdi ki?

# 11496 dəfə oxunub

Müəllifin son yazıları

# # #