Kulis.az Ömər Xəyyamın "Çinar at" hekayəsini təqdim edir.
Əkrəm Əylisliyə
…o palçıq evin pəncərəsi olmasa da, mən o palçıq evin pəncərəsindən anamın qara saçlarına, ipək əllərinə boylanırdım.
Mən o palçıq küçələrdə küsdüm Rihabdan, Rihabın ağ donundakı qırmızı güllərdən, qırmızı güllərdəki kəpənəklərdən...
Onda ki onun ipək əlləri, çiçək əlləri palçıq oldu, onda ki onun qırmızı güllü ağ donu palçığa batdı, mən onda bildim ki, o palçıq evlərin sakinləri – biz - torpaq ətirli uşaqlar hamı Rihabı sevir.
O palçıq evin iri pəncərəli, geniş otağında dördgözlü, qəhvəyi düymələr açıldıqca, o ağ donun üstdəki qırmızı güllər tökülürdü, torpaqdan tutub dikəlirdi… kəpənəklər çiçəklənirdi.
***
Bu, lap köhnə əhvalatdı. Əgər bu səhər Suriyadakı mərmi yağışından xəbər tutmasaydım, o palçıq evləri, Rihabı, Rihabın qırmızı güllü ağ donunu, o kəpənəkləri, çinar atımı, ağac atımı xatırlamazdım.
O gün ki Rihab öldü, o gün ki qırmızı güllər palçığın altda qaldı, o gün qırmızı güllü ağ donun üstdəki kəpənəklər də uçub getdi...
***
...birdən o yekəpər - Sadıq peyda oldu.
Elə bil, onu üç irqin üç adamını doğrayıb-biçib, üçünün ətindən, sümüyündən düzəldiblər. Sifəti yastı, yanaqları qaramtıl, ərik tumuna bənzər gözləri ətli qapaqlarının altında sərxoş.
O da istədi palçıqdan ev düzəldə. O da uşaqdı axı…
O da xörək qaşığından mala düzəltmişdi. Malası vardı, amma heç vaxt daşı daş üstə qoyub bir evcik düzəldə bilməzdi Sadıq. Ha çalışdı, divarı palçıq tutmadı, daşı daş üstdə qalmadı.
Torpağın da ürəyi var, dili var axı. Lap o da biz – torpaq ətirli uşaqlar kimi palçıqdan bir ev yapdı, Rihab o palçıq evə gələrdimi? O ağ donun qırmızı gülləri dikələrdimi palçıqdan? O ağ donun üstdəki kəpənəklər o qırmızı güldən bu qırmızı gülə - çiçəklənərdimi?
***
…bir bahar ertəsi azğın qəzəblə qovmuşdu məni, mən də dabanıma tüpürüb qayıtmışdım. Belə başlamışdı bizim qaç-qovdu... Məni gördümü, götürülürdü dalımca. Elə ki yoruldum, elə ki ayaqlarım məndən dalda qaldı - çatıb bir-iki təpik ilişdirərdi, kəlmə kəsməzdi, qaçardı. Bu qaç – qov qaydaya çevirilimişdi. Məndən ötrü də bir vərdiş idi. Olub ki, özüm qəsdən qapılarına getmişəm...
Yazın axırıydımı, yayın əvvəliydimi, küçə aşağı-küçə yuxarı gəzdim, qapılarınacan getdim…
Bir həftə görünmədi. Bir həftə kürəyimdə qapaz yeri, baldırımda təpik yeri qaşındı. Elə ki dabanıma tüpürüb qaçdığım yerdən əlim cibdə, qorxusuz-hürküsüz keçdim, mən onda bildim ki təkəm, mən onda bildim, darıxıram.
***
O gün ki daşı daş üstə durmadı, evinin divarı palçıq tutmadı, necə ki mənim üstümə qaçırdı, eləcə qaçdı çaya, bir ətək daş yığıb gəldi. Qollarını təyyarə qanadı kimi açıb daşa tutdu palçıq evləri. Çay daşları mərmi tək töküldü evlərin üstə. Bacası yıxıldı, divarı uçdu təkcənəliyimin.
Sadıq çinar atımı, ağac atımı da çapıb getdi... Yox, deyərdin, mənim çinar atım, ağac atım dönüb oldu Qırat: indicə Sadığa bir qoşatəpik vurub qaçacaq... Olmadı, Sadıq çinar atımı barmaqlarının arasında fırlada-fırlada getdi...
***
O gecə Rihabı gördüm yuxuda: Mənim çinar atım, ağac atım...
Nə oldusa, at hürkdü, büdrədi qəfil. Rihab atdan, mən Rihabdan yıxıldım.
Sonra yuxularımdan çəkildi. Mən hər gün yuxuda ağ atlı şahzadəyə dönüb çinar çubuğunu Rihabın dalınca çapdım. Çapdım, çapdım… Nə kəpənəklərə, nə Rihaba çatdım. O çinar çubuğu ki, mən onun bir ucuna ip bağlamışdım, nənəmin düymələrindən göz də qoymuşdum başına - hər gün ayaqlarımın arasında sürüyürdüm, tərləyirdi, yorulurdu, elə ki, bir arx gördüm, başını salırdım suya, sulayırdım...
***
Bir gün sübhün gözü açılanda hamıdan xəbərsiz qapımızı qıfılladıq. Biz qapını bağlayanda hələ heç kəs yuxudan oyanmamışdı. Hələ ulduzların çoxu batmamışdı. Göyün ortasında dayanmış ay da işığını söndürüb bir quruca qabıq kimi havanın üzündə qalmışdı. Ondan aşağıda - səhərin boz toranına bürünmüş qoz ağacındakı qarğalar da yatırdı.
Hələ arx boş idi. Hələ Fərhad kişinin qəlyandan püflədiyi tütün qırıntıları arxın içində dururdu. Hələ küçədən mal-davar keçməmişdi. Bir azdan kimsə çaydan arxa su qoşacaqdı, qıjıltı ilə axan su o tütün qırıntıların yuyub aparacaqdı. Bir azdan qarğalar da oyanacaqdı. Oyanan kimi də qoz ağacının başındakı telefon məftillərinin üstünə atılıb qarıldayacaqdı... Qarğalar da, arxdakı su da, o palçıq evlərin palçıq küçələri də, qaşıqdan düzəltdiyim mala da darıxacaqdı, məni çağıracaqdı.
...Və mən onda yolun yarısında olacaqdım. Mən sevinirdim. Dəniz eşqiylə alışıb yanırdı könlüm. Məni, həm də ağlamaq tuturdu və nədənsə mənə elə gəlirdi ki, qapımızdakı qıfılı görüb Sadıq da ağlayacaqdı...
***
…anamla Mərcan xala çörək dükanında təzəcə görüşüb öpüşmüşdü; onda ki, biz – atam, mən , bir də əmim – böyük küçəylə yuxarı qalxırdıq, onda ki, asfalt dar küçələrdə atamla əmim kənddən, un dəyirmanından, ölənlərdən, olanlardan danışa-danışa yeriyirdilər, mən də onların dalınca qaçırdım – beton cəngəlliyin ortasındaca çinar atımı, palçıq evimi, Sadığı xatırladım, ayaqlarım boşaldı, boğazım düyünləndi...
Mən dənizi ayrı cür bilirdim. Mən Günəşi ayrı cür bilirdim: O Günəş ki - göydə, bizdən min il uzaqda qızarır, adama dəyib yerə düşür, ayaq altda qaralır, o Günəş ki indi Rihabgilin qapısına sürünür, - hələ tapdanmayıb, hələ bulaşmayıb - elə ki yorğun hava əsnədi, mürgülü küçələrdən çəkildi hamı, o da tapdanmış, bulaşmış əllərini yerdən çəkəcək, üst-başın çırpıb üfüqdən dənizə atılacaq, - mən də o çinar çubuğunun tərkində Rihabı dalğaların belinə qaldıracam, Rihab da başını kürəyimə qoyub qımışacaq, - o Günəşi ki mən görmüşdüm, o dəniz ki Günəşi yuyub təmizləyirdi hamıdan – bu, Günəş o Günəş deyil, bu dəniz o dəniz deyil.
Bu ağ uşaqlar da başqa yerin, başqa dünyanın uşaqlarıdı. Oyunları da, geyimləri də, gülüşləri də başqadı.
Daş üstə qalmadı daşı Bakının. Palçıq tutmadı, eləcə axıb töküldü. Şəhərin qumu da, suyu da ayrıdı. Ya da mən bu suyun, bu torpağın dilin bilmirəm. Ha çalışdım, olmadı, olmadı...
Mən şəhər uşaqlarına qarışanda, şəhər oyunlarını öyrənəndə Sadığın anası ölmüşdü...
***
O yay ki kəndə gəldim, deyərdin, bu Sadıq o Sadıq deyil. Mən onda bildim ki, adam necə nazilir, büzülüb bir ovuc qalır.
…anası xərçəng imiş. Onda ki Sadıqla görüşdük, böyüklər kimi dərdləşdik, mən Sadığın qaç-qovdusunu, palçıq evlərimizi yağmalamasını anasının ağrılarına, atasının yoxluğuna oxşatdım...
O gecə kənddə, gecənin ölü sevindirən çağında – köhnə otağımda, köhnə yatağımda qəfil Rihabı gördüm. Mənim ağ səadətim, ağ quşum… Bu sənsənmi, gəlmisənmi? Çinar atım, ağac atım...
Elə ki itlər oyandı, elə ki qoz ağacındakı qarğalar telefon məftillərinin üstünə atılıb qarıldamağa başladı, mən onda bildim Rihab da, o çinar at da bir yuxuymuş, çəkildi getdi.
Qapıdan çıxanda Sadığı gördüm. Düzü, qaçmaq istədim - mən daha qıvraq idim, həmişə özüm istəmişəm ki, Sadıq mənə çatsın, çatıb təpikləsin. Yoxsa min il qaça, çatammazdı mənə - amma bu dəfə qaçmağın adı yoxdu. Sadıqda ki mənim çinar atım var, ha qaç...
Özümü itirmədim, guya qorxmuram, guya Bakıya gedib böyümüşəm. Sadıq da qaçmadı. Mənim çinar atım, ağac atım... Necə ki Sadığın üzü bir qaşıq qalmışdı, mənim çinar atım da üzülmüş, nazilmiş...
O çinar çubuğu ki, mən onun bir ucuna ip bağlamışdım, nənəmin düymələrindən göz də qoymuşdum başına… O çinar çubuğu ki hər gün ayaqlarımın arasında sürüyürdüm, tərləyirdi, yorulurdu, elə ki bir arx gördüm, başını salırdım suya, sulayırdım, - Sadığın əlində bir quruca çubuq olmuşdu.
Deyərdin, bu atın üstündə Rihabla mən o palçıq küçələrdən keçməmişik, qırmızı güllü ağ donun üstə yuxudan-yuxuya qaçmamışıq...
Sadıq salamdan artıq kəlmə kəsmədi.
Mənim çinar atım, ağac atım...
***
...ağacları oğlanlara, qızlara ayırmışdım. Məndən ötrü gilas, gilanar, nədənsə, qız idi, alma oğlan idi, armud oğlan idi.
Bir yaz heyva çiçəklədi, o yaz Rihab ağappaq kəlağayıda məktəbə gəldi.
Əkrəm müəllimgilin həyətinə əyilmiş heyva ağacının ağappaq çiçəklərini görəndə, mən yəqin elədim ki, heyva da qız imiş, oğlan deyilmiş.
Bir də çinar ağacı... Onda ki, Sadıq onu qaytardı mənə, mən onu yaxşıca sulayıb, yüyənini açıb Əkrəm müəllimgilin həyətinə əyilmiş heyva ağacına söykədim...
***
Sadığın anası öləndən, atası bir az da yox olandan sonra özü xeyli böyümüşdü...
Suriyada mərmilər yağırdı...
Əkrəm müəllimgilin həyətinə əyilmiş heyva ağacına söykədiyim çinar yarpaqlamışdı.
Atım ağac olmuşdu.