Cəlil Cavanşir: “Şəhərin ortasında özümü yandıracam” - Müsahibə

Cəlil Cavanşir: “Şəhərin ortasında özümü yandıracam” - Müsahibə
31 iyul 2019
# 09:00

Kulis.az “Səni deyirlər” adlı yeni layihəyə başlayır. Layihədə tanınmış qələm adamları ilə əyləncəli söhbətlər təqdim olunacaq. Müsahiblərimiz ədəbi cameədə onlar haqqında dolaşan söz-söhbətlərə də aydınlıq gətirəcəklər. İlk qonağımız yazar Cəlil Cavanşirdir.

- Deyirlər, Cəlil Cavanşir ədəbiyyatdan getdi, elədi?

- Ədəbiyyatdan getməmişəm. Sadəcə 2017-ci ildə ədəbi mətnlərimi çap etdirməməyə qərar vermişdim. Amma ondan sonra şeir kitabım çap olundu. Vaxtaşırı hekayələrim, şeirlərim çap olunur. Bir romanım da 8-9 aydır çapa hazırdır. Sadəcə həmin ərəfədə dərin ruh düşkünlüyü yaşamışdım, gördüyüm işdən zövq ala bilmirdim. Hər halda, ədəbiyyatdan getməmişəm.

- Deyirlər, Cəlil Cavanşir çox darıxan adamdı...

- Haqlıdırlar. Mən çox darıxan adamam. Həm də lazım olduğundan daha çox darıxıram. Dəxilsiz, məzmunsuz, mənasız adamlar üçün darıxdığım da olur. Amma yaşlandıqca bu darıxmaqlar metafizik məcraya düşür.

- Deyirlər, Cəlil Cavanşiri qadınlar çox sevir...

- Bu çoxlarının xoşuna gəlməsə də, qıcıqlandırsa da belədir. Qadınlar məni sevir, mən də qadınları. Və sevilmək hər zaman məni xoşbəxt edir.

- Şeirdə kədərin dozasını niyə artırırsan?

- Bu barədə heç düşünməmişəm. Məncə, hislərin dozasını nizamlamaq olmur. Nə hiss edirəmsə, onu yazıram. Yüksək əyarlı tənhalıq, dozasından artıq kədər, çin malı sevinc... bütün bunları nizamlamaq məndən asılı deyil. Məncə, əlimdə olan kədərlə şeirimi yazıram. Bu kiminə görə yüksək doza, kiminə görə xəfif ola bilər. Hər halda kədər, kədərdir. Kədər, qədərdir.

- Deyirlər, Cəlil tez-tez depressiyaya düşür...

- Son vaxtlar artıq depressiya və psixoloji gərginliklə mübarizə apara bilirəm. Depressiya əzab versə də, yaradıcılığıma yaxşı təsir edir. Bundan şikayətçi deyiləm.

- Deyirlər, Cəlil ədəbiyyatın şıltaq uşağıdı...

- Bütün yaradıcı insanlar bir az kövrək, bir az şıltaqdır. Kimlərsə özünü çirkləndirir, kirlənir və bu saflığı murdarlanır. Şair şıltaq olmalıdır, ərköyün olmalıdır.

- İkinci dəfə ailə qurmaq istəyirsən?

- İkinci dəfə ailə qurmaq planım, hələ ki, yoxdur. Amma gələcəkdə getdiyim yolda kimsə mənə qoşularsa, bundan məmnun olaram.

- Sirr deyilsə, sevgilin varmı?

- Sevgilim yoxdur, sevgiliyə ehtiyacım da yoxdur. Sevdiyim var, bu mənim xoşbəxtliyim üçün kifayətdir.

- Sevdiyin yaradıcı insandı?

- Bəli.

- Səncə, iki yaradıcı insan evlənsə necə olar?

- Normal şərtlər altında inqilabi hadisə olar. Bu həm də bir qədər təhlükəlidir, amma əminəm maraqlı olar.

- Fikrət Qoca ilə konfliktin yaranmışdı. Barışdınız?

- Fikrət Qocaya uzun ömür, can sağlığı, ailə səadəti, xoş günlər arzulayıram. Yaşlı adamdır, mənimlə konfliktə ürəyi dözməz. Ümumiyyətlə AYB üzvü olan canlı eksponatlarla heç bir problemim yoxdur. Ədəbiyyata aidiyyatı olmayan adamlar məni maraqlandırmır və narahat etmir.

- Son günlər gündəm yaratmırsan.

- Artıq gündəm mənim üçün maraqsızdır. Heç bir tənqidin, heç bir müzakirənin mənası yoxdur. Belə olduğu halda mümkün olduğu qədər yaradıcılıqla məşğul olmaq istəyirəm.

- Deyirlər, Cəlil yeniyetməliyində sektor uşağı olub...

- Mən yeniyetməliyimdə mədrəsə uşağı olmuşam. İctimai sektorun ən parlaq vaxtlarında, artıq gənc sayılırdım. Mitinqlərdə, yürüşlərdə, digər aksiyalarda iştirak edəndə kifayət qədər tanınan şair idim. Amma indiki mənada işlənən “sektor uşağı” olmamışam. İctimai sektorda sadəcə bir təşkilatla, həmin təşkilatın 5-10 üzvü ilə ünsiyyətim olub. O gənclərdən çox şey öyrənmişəm. O müzakirələr mənim düşüncələrimi formalaşdırıb. “Sektor uşaqları” olmasaydı, yəqin AYB-nin qapısında quyruq bulayanlardan, ev üçün, təltif üçün, mükafat üçün yalvaranlardan fərqim olmazdı. Azadlığın nə qədər vacib olduğunu mən o gənclərdən öyrənmişəm. Ümumiyyətlə isə təkliyi sevən adamam. Səs-küylü müzakirələrdən, məclislərdən qaçmışam həmişə.

- Vaxtı ilə demişdin, Cəlil Cavanşir öldü. Necə dirildin?

- “Yazıçı Cəlil Cavanşir öldü” demişdim. O yazıçı, 2017-ci ildə “ölən” Cəlil Cavanşir artıq yoxdur. “Dirilən” fərqli düşüncəli, fərqli arzuları olan Cəlil Cavanşirdir. Artıq ədəbiyyatdan heç bir gözləntisi olmayan, uğursuzluqları ilə, uduzmağı ilə barışan biriyəm. Yəni, mənim üçün ölməklə, yaşamaq arasında çox da fərq yoxdur.

- Deyirlər, Cəlil Cavanşir çoxdandı intihar etmir...

- Elədir (gülür). Bu, Kəramət Böyükçölün ayda bir dəfə yazdığı statusdur. Çox güman ki, bundan sonra bir daha ala-yarımçıq, uğursuz cəhd etməyəcəm. Həyatımın elə bir mərhələsindəyəm ki, hər şey adiləşib. Artıq heç nə məni sarsıtmır, təəccübləndirmir. Hər şeyi rahatca qəbul edən adam, intihardan sığortalanır, məncə. Daha həssas deyiləm və ümid edirəm məni o həddə çatdıracaq hadisə baş verməyəcək.

- Məncə, sənin bu soyuqqanlılığın kənddə yaşamağınla bağlıdı. Artıq sənə buddist deyə bilərik?

- Həyat tərzim buddistlərin həyat tərzinə çox yaxındır. Hər sabah dağ çayında çimib, meditasiya edirəm. Bütün günüm təbiətdə keçir. Xeyli durulduğumu düşünürəm. Əgər sizə xoşdursa, buddist deyin (gülür).

- Onda intihar etsən, özünü diri-diri yandırarsan...

- Bədənimi tərbiyələndirə bilsəm, ağrıları neytrallaşdıra bilsəm, şəhərin mərkəzində, izdihamın içində özümü yandırmağı düşünürəm (gülür).

- Canlı yayım edəcəksən?

- Bu dəfə televiziyaları dəvət edəcəm, gəlib çəksinlər. İstəsələr canlı yayım da edə bilərlər (gülür).

# 4505 dəfə oxunub

Müəllifin son yazıları

# # #