Füzulidən olan 82 yaşlı şair: “Evim dağılıbsa, kolun dibində yaşayaram” – Müsahibə

Füzulidən olan 82 yaşlı şair: “Evim dağılıbsa, kolun dibində yaşayaram” – Müsahibə
21 oktyabr 2020
# 09:00

Kulis.az əslən Füzuli rayonundan olan 82 yaşlı şair Əşrəf Veysəlli ilə müsahibəni təqdim edir.

- Füzuli şəhəri işğaldan azad edildi. Təbrik edirəm, gözümüz aydın.

- Çox sağ olun, hamımızın gözü aydın.

- Xəbəri eşidən kimi nə hisslər keçirdiniz?

- Ömrüm boyu vətən torpaqlarına vurğun adamam. 30 ildir öz kəndimizi görmürəm. Ümumiyyətlə, Qarabağı görmürük. Təsəvvür edin, birdən-birə bu xəbəri eşidəndə bir Allah bilir nə hisslər keçirmişəm. Elə bil, Qarabağ adlı döyüşçünün qara bir kağızı gəlmişdi və birdən-birə xəbər gəldi ki, sağdır, geri gəlir. İnanın mənə, uçub gedərdim o yerlərə. Bu sevinci bütün Azərbaycan xalqı yaşayır. Elə mən də sevinc içindəyəm. Bizə bu sevinci bəxş eləyən insanlara, başda Ali baş komandan olmaqla, şəhidlərimizin ruhuna, ailələrinə, əsgərlərimizə, komandirlərimizə hər birinə minnətdaram. Bu məqamlarda yanımızda olan, bizə dayaq duran, bizə dəstək olan türk xalqına, ədalətin yanında olan bütün dünya dövlətilərinə öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Hər kəslə sevincimi paylaşmaq məqamındayam.

- Əşrəf müəllim, şeirlərinizdən birində belə bir misra var:

İndi Qarabağın Xuraman kimi.
Özünü qayadan atan vaxtıdır.

Sizcə bu şeirin artıq dəyişmək vaxtı yetişməyib?

- Mənə elə gəlir o şeirin motivi dəyişməlidir. O şeirin yazılma tarixi var. O günlərdə qaldı.

- O şeirdən imtina edirsiz?

- Şeirdən imtina etmirəm. Onun əvəzinə təzəsini yazaram. Elə deyil?

- Siz daha yaxşı bilərsiniz ...

- Üstünə gül səpməyə mil gəlir, Muğan gəlir

Burdan İlham Əliyev, ordan Ərdoğan gəlir
Vətən gözlərin aydın, sən qalib gələcəksən!

İndi də belə deyərəm...

- Veysəlli kəndi yaddaş arxivinizdə necə qalıb?

- Heç oralar yadımdan çıxır ki?! Gözü yumulu aparıb tullayalar hər yeri gəzərəm. Uşaqlığım, gəncliyimin müəyyən hissələri orda keçib. Atamın, qohum-əqrəbanın məzarları ordadır. İnanın ki, gedib görsəm o məzarları dağıdıblar, bəlkə də ürəyim dayanar.

Bildiyiniz kimi, mən Yuxarı Veysəlli kəndində, daha doğrusu kənddən 5 km yuxarıda yerləşən Ağbaşlıda anadan olmuşam. Ağbaşlı veysəllilərin yaylağı-istirahət yerləri idi. Üç tərəfdən dağlarla əhatə olunan, yaz gələnə qızılgül ətri ilə dərələri məst edən, ürəklərə bir gümrahlıq, sevinc bəxş edən gözəl bir məkan idi. Deyilənə görə, vaxtilə buradakı qızılgülləri araba ilə daşıyırmışlar. "Qaya bulağ"ın sorağı ətraf rayonları, kəndləri dolaşırdı, bulağın altındakı Xan çinar isə pir, ocaq idi. Gözlərim dünyaya oradan baxıb, təfəkkürüm, hisslərim, mənəviyyatım, dünyagörüşüm ilk olaraq Ağbaşlıda formalaşıb. Uşaqlığım və gəncliyimin böyük bir hissəsi o yerlərə bağlıdır. İlk şeirlərim də o cənnət guşədə yaranıb. İlk sevdalı günlərim, sevincli-kədərli, bəzən həyacanlı, qayğılı, bəzən də fikirli-xəyallı anlarımın şahidi o yerlər olub. İstəklərimi gözlərimdən oxuyan insanlar, büdrəyəndə əlimdən tutan, mənə çətin, mürəkkəb və kəşməkeşli həyat yollarında addımlamağı, yeriməyi öyrədən insanlar ilk dəfə o yerlədə qarşıma çıxıb. Həmişə əllərini kürəyimdə hiss etmişəm.

- Şair kimi kəndinizin adını daşıyırsınız.

- İlk dəfə 1963-cü ildə Veysəlli imzasıyla çap olunmaq istədim. O vaxt Nəriman Həsənzadə ilə "Azərbaycan gəncləri" qəzetində gedən şəklimin altında imzamı öz xahişimlə Əşrəf Veysəlli kimi yazmışdılar. Arada bu qərardan vaz keçdim. Daha doğrusu, bu təxəllüsün zəhmindən çəkindim, ağırlığından ehtiyat etdim. Ancaq sonralar bibim oğlu Nemətin, uşaqlıq dostum Kamranın bu təxəllüsü götürmələri məni də ürəkləndirdi və 1986-cı ildən bu təxəllüslə çıxış etməyə başladım.

- Füzulinin bizdə olan ərazilərində olurdunuzmu?

- Əlbəttə, ən çox da xeyirdə-şərdə gedirəm. İşğaldan sonra soydaşlarımız ulduz kimi dünyanın hər yerinə səpələnib. Hamıyla əlaqə saxlamaq müşkül məsələyə çevrilib. Bəzən rast gəldiyimiz yaxın qohumlarımızı tanımırıq, elə bil, get-gedə cırlaşır, yadlaşırıq. Füzulinin Araz boyu aran kəndlərində çoxsaylı qohumlarım məskunlaşıb. Hərdən ziyarət edirəm.

- Füzuliyə qayıdış planınız varmı? Köçmək fikriniz var?

- Nə danışırsınız, köçmək nədi, uçmaq istəyirəm.

- Gedən kimi ilk nə edəcəksiniz?

- İndi evimiz yoxdu oralarda. Amma əlbəttə ki, gedəcəm. Lap bir kolun dibində yaşayaram. İlk gedən kimi qəbiristanlığa üz tutacam. Onlara ruhları şad olsun deyəcəm, rəhmət oxuyacam. Torpağından öpəcəm vətənimin. Öpüb gözümə təpəcəm torpağını.

- Veysəlli kəndi hələ ki azad olunmayıb. İnanırsınız tezliklə azad olunacağına?

- Ölmərəm, gözlərəm o günü, qardaş -
Bayrağım Şuşaya sancılan günü.
Bu bağlı yolların düyünü, qardaş,
Atəş xətlərində açılan günü.

Sözüm isitməsə soyuq səngəri,
Könlüm perik düşər öz yuvasından.
Vətəni işğalda olan əsgərin
Marşı gözəl olar bəy havasından.

Mən Şuşaya, Laçına da inanıram. Qarabağ bizim olmalıdır. Bunu təkcə mən yox Ali baş komandanımız da deyir. Bütün xalq buna inanır.

# 3604 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #