İnsanların cinsi həyatını niyə efirə daşıyırsınız?

İnsanların cinsi həyatını niyə efirə daşıyırsınız?
4 noyabr 2023
# 12:38

Kulis Nihat Pirin “Murad Dadaşova açıq məktub”unu təqdim edir.

Bir neçə gün öncə Xəzər Televiziyasında yayımlanan “Komedixana” adlı proqramda elə həmin günlərdə sosial mediada müzakirə edilən ifşa (?) videosuna göndərmə ilə bağlı səhnəcik nümayiş olunmuşdu.

Yəni bizim sosial medianın özündə belə mübarizə apardığımız, yayılmasını, zarafat obyekti olmasını qınadığımız bir mövzunu Xəzər televiziyası yumor donu geyindirərək qulağından tutub özünün səhnəsinə və efirinə daşımışdı.

Beləliklə də, sözügedən iyrənc situasiya televiziya vasitəsilə adamların mətbəxindən tutmuş yataq otağına qədər daxil olmuşdu.

Elə həmin ərəfədə bu mövzu ətrafında yazı yazmaq istəyirdim ki, sonradan vaz keçdim.

Amma elə oldu ki, ölkəmizdə ilk dəfə keçirilən Musiqi Forumu çərçivəsində böyük kürsüdən televiziya kanallarının proqram siyasəti tənqid olundu. Həmin tənqidlərin üzərinə Murad Dadaşov forumun növbəti günündə, bir növ, özünümüdafiəyə qalxdı.

Dadaşov auditoriyanın zövqünü formalaşdırmaqdan ötrü çalışdıqlarını deyərək hələ bir zala ritorik sualla da müraciət etdi ki, sual yaranır, bu məhsullar kimin zövqünə uyğun formalaşdırılır?

Yəni dolayısı ilə hörmətli televiziya rəhbərimiz tamaşaçıları, – burada tamaşaçı dedikdə təkcə televizora baxanlar nəzərdə tutulmur, aşağı-yuxarı biz hamımız tamaşaçı sayılırıq, – bayağılığı efirə daşımağı dəstəkləməkdə suçlandırır.

Murad Dadaşov çıxışının davamında deyir ki, telekanalları apteklərlə müqayisə edəsi olsaq, – sözün açığı, niyəsini başa düşmədim, – onda belə çıxır ki, keyfiyyətsiz bir dərman gördükdə gedib aptekə şikayət etməliyik. Amma belə olmur, biz dərmanı istehsal edən şirkətə şikayətimizi ünvanlayırıq.

Kəsəsi, bu fikirlərdən yola çıxaraq deyə bilərik ki, biz “Komedixana”nı bəyənmiriksə, onun istehsalçısına şikayətimizi ünvanlamalıyıq.

Yaxşı, bəs bu istehsalçı kimdir?

Murad Dadaşov bir televiziya rəhbəri olaraq, özünün kanalında bu cür bayağılığa yol verilməsinə izin verirsə, bunu görməzdən gəlirsə, bunun günahı kimdədir?

Proqramı istehsal edən kanaldırsa, yaxud elə o kanalın tərkibində fəaliyyət göstərən hansısa prodakşındırsa və bu ikilinin yekunda “ok” aldığı yer məhz televiziya rəhbərliyidirsə, yenə də eyni sualı təkrar edirəm: bunun günahı kimdədir?

Necə olur ki, Murad bəy həddindən artıq iyrənc, ürəkbulandıran, insanların yataq mövzusunu, cinsi həyat mövzusunu özündə əks etdirən bir sərsəm situasiyanın özünün rəhbər olduğu kanalda səhnələşdirilməsinə göz yumur?

Və üstəlik, forumun böyük kürsüsündən: “Bu proqramları kimin zövqü formalaşdırır?”, - deyə bir sualla müraciət edərək tamaşaçını günahlandırır?

Bu hansı dərəcədə məntiqsizlik və ədalətsizlikdir?

Məgər Murad Dadaşov görmür ki, onun rəhbərlik etdiyi kanalda “Komedixana” adlı “xana”da xəyanət mövzularından tutmuş ən ifrat və ikrah hissi doğuran mövzulara ən utancverici formada yanaşılır?

Əgər Dadaşov bütün bu biabırçılıqlara sırf reytinq gətirdiyinə görə göz yumursa, onda forumda, elə məhz həmən kürsüdən: “Ənənə boğçası” kimi layihələr var ki, onlar milli-mənəvi dəyərləri təbliğ edir, lakin bizə reytinq verməsə də, biz o proqramları saxlayırıq”, - tipində fikir deməyə haqqı yoxdur axı.

Məgər “Ənənə boğçası”nda qapı-qapı gəzib toy adət-ənənələrini göstərmək milli-mənəvi dəyərlərə xidmətdirsə, onu qorumaq və təbliğ etməkdirsə, bəs “Komedixana”nın etdiyi nədir?

Bəs kişinin həyat yoldaşını başqa bir qadınla aldatmasını, bu xəyanəti öz dostunun vasitəsilə həyata keçirməsini, həyat yoldaşının onu yaxalamasını, dişinin dibindən çıxanı deməsini komediya adı ilə camaata sırımaq nədir, Murad bəy?

Bu, milli-mənəvi dəyərlərə xəyanət deyil?

Bu, adamları göz görə-görə televiziyadan iyrəndirmək deyil?

Siz bunları görmürsünüz? Görürsünüzsə, onda kimi və niyə müdafiə edirsiniz?

Yaxud kimi və niyə günahlandırırsınız?

Və sonuncu sual: Murad bəy, siz “Komedixana”nın hər hansısa bir bölümünə oturub başdan-sona baxmısınız?

Baxmısınızsa, onda bu yazını yazdığım üçün şəxsən sizdən üzr istəyirəm.

# 3810 dəfə oxunub

Müəllifin son yazıları

# # #