Biz nə dərəcədə bikarıq?

Biz nə dərəcədə bikarıq?
4 dekabr 2023
# 17:00


Kulis.az Nihat Pirin "Biz nə dərəcədə bikarıq?" adlı yeni yazısını təqdim edir.

Səhərin yuxulu vədəsində Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin il ərzində saytlarda aparılan monitorinqinin nəticələrinə həsr olunmuş tədbirində iştirak elədim.

Tədbirdə, adəti üzrə, monitorinq nəticələrinin əks olunduğu kitab da təqdim olundu.

Ona görə "adəti üzrə" deyirəm ki, bu, mərkəzin bəlli istiqamətdə nəşr etdiyi yeddinci kitabı idi.

Bundan öncə mahnıların, qəzetlərin, televiziya və radioların, həmçinin digər monitorinq dişinə çəkiləsi predmetlərin də nəticəsinə dair kitablar nəşr olunmuşdu.

Xülasə.

Sual 1.

Monitorinq Mərkəzi saytların iş prinsipindən nə dərəcədə məlumatlıdır?

Bu sualı ona görə verirəm ki, adıçəkilən kitabda elə xətalar elə formada qeyd olunub ki, bu, bir-biri ilə zaman yarışına girən saytlar üçün zərrə qədər də olsun, əhəmiyyət kəsb eləmir. Etsə belə, buna zaman çatmır. Buna vaxt yoxdur.

Televiziya və radiolarda bir mətnin efirə hazırlandığı müddətdə saytlarda 40-dan çox xəbər təsdiq edilir.

Televiziya və radiolarda hər hansısa bir mətnin nazı ilə oynamağa saatlarla vaxt olduğu halda, saytlarda saniyə hər şeyi həll edir.

Onda niyə bu məqamlar nəzərə alınmır?

Tədbirdə filan xəbər mətnində "tənəzzül" əvəzinə "eniş" sözünün yazılıb-yazıla bilməyəcəyi barədə düz 19 dəqiqə müzakirə getdi. Və nəticədə, yekdil qərar verə bilmədilər. İndi bir də bu situasiyanı saytların ofisində həmin o gərgin mühitdə düşünün. Axı saytlar bunu müzakirə edəcək qədər "bikar" deyil.

Bu, özünümüdafiə deyil, bu, sadəcə, reallıqdır. Saytın işi xəbəri operativ formada cəmiyyətə təqdim etməkdir. Doğrudur, operativlik dili və onun qaydalarını görməzdən gəlmək demək deyil. Amma mərkəzin bütün bu sadalananları nəzərə alması vacibdir. Bu nəzərəalmaya isə ikinci sualda toxunacağam.

Sual 2.

Nəyə görə saytlarda aparılan monitorinqin nəticəsi kitab halında nəşr olunur? Buna nə ehtiyac var?

Əslində, bu sualı orada imkan düşən kimi verdim, amma cavab qaneedici olmadı deyə, yazıda da eyni sualla çıxış edirəm.

İl ərzində saytlarda görünən xətalarla bağlı kitab nəşr etməkdənsə, monitorinq aparılan saytlara aylıq, iki aylıq, rüblük statistika göndərilməsi, məncə, daha məqsədəuyğundur.

Çünki 486 səhifəlik kitabın hansı sayta göndərilməsindən asılı olmayaraq, onu oxuyan, vərəqləyən olmayacaq. Olsa da, bu çox səthi formada baş verəcək.

Yenə də təkrar edirəm: Çünki saytlarda buna vaxt yoxdur.

Vallah, yoxdur.

Amma sözügedən monitorinq və onun nəticələri müəyyən zaman ardıcıllığına əsaslanıb saytlara təqdim edilsə, daha effektiv olar.

Sual 3.

Bu sualı yekunda oxucu özü verəcək.

Monitorinq Mərkəzi davamlı olaraq, Dilçilik İnstitutu ilə müştərək iş gördüyünün siqnalını verir. Üstəlik, saytları da həmin instituta müraciət etməyə, onlarla məsləhətləşməyə çağırır.

Çox gözəl. Tamamilə haqlı çağırışdır.

İndi isə gəlin uzun müddətdir, müzakirəsi gedən Xankəndi sözünün hallanması məsələsinə hər iki qurumun qənaətinə nəzər salaq:

"...bizim fikrimizcə, sözügedən toponim yönlük halda "n" bitişdirici samiti ilə işlənməlidir: Xankəndinə gedirik".

(Nəsimi adına Dilçilik İnstitutunun keçmiş direktoru, professor Möhsün Nağısoylu)

"İkinci növ təyini söz birləşməsi əsasında əmələ gələn mürəkkəb sözlər sadə söz kimi hallanır. Bu zaman sonu -ı⁴ mənsubiyyət şəkilçisi ilə işlənən mürəkkəb sözlər yönlük halda -ya, -yə şəkilçiləri ilə, sonu -sı⁴ mənsubiyyət şəkilçili sözlər isə -na, -nə şəkilçiləri ilə işlənir. Məsələn: “Xankəndiyə".

(Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva)

Oxucu üçüncü sualı özü versin...

# 1998 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #