Zəlzələ... – Zaman Piriyevin hekayəsi

Zəlzələ... – Zaman Piriyevin hekayəsi
8 fevral 2023
# 11:50

Kulis.az Zaman Piriyevin “Zəlzələ” hekayəsini təqdim edir.

Yuxulu gözlərinə dolan toz-torpağı silməyə heç cür gücü çatmadı. Əllərini hərəkət etdirə bilmirdi. Sağ əli çiyninə qədər uçmuş daşların altında qalmışdı. Çox şiddətlə zoqquldayırdı. Sol əli isə biləyi ilə dirsək arasından sınmışdı. Güclə nəfəs alırdı. Hər tərəf zülmət içindədir. Başının üst tərəfində daşlara ilişib qalan beton parçası onu ölümdən xilas etmişdi. Qulaqları uğuldayırdı. Hardansa, kiçik bir dəlikdən hava gəlirdi. Nə baş verdiyini anlamağa çalışırdı. Amma hər şey o qədər ani baş vermişdi ki, üstündən bir neçə dəqiqə keçməsinə baxmayaraq hələ də harada olduğunu, nələr olduğunu yəqinləşdirə bilmirdi. Bircə yan otaqda anasının qışqırığını xatırlayırdı:

- Zəlzələ!

Dəhşətli səslər eşidilir. Kimsə zarıyır. Güclə göz qapaqlarını tərpədir. Gözləri zülmət qaranlıq içində işıq axtarır. Soyuq havanın hansı tərəfdən gəldiyini müəyyən etməyə çalışır. Sağ tərəfdən gəldiyini hiss edir. Yenə zəlzələ oldu. Ayaqları möhkəm sıxıldı. Ağrıdan dəli kimi qışqırdı.

Nə vaxt bayıldığını bilmir. Yəqin ki, bir neçə saat olar. Artıq hava açılıb. Kiçik dəlikdən ağappaq şüalar içəri dolur. Bu, Yusifə bir ümid işığı kimi görünür. Görəsən anası və qardaşı hardadır? Onların başına nə gəldiyini bilməmək ona ayrıca əzab verir. Bədəni buz kimi soyuqdur. Kiçik dəlikdən gələn hava onu bir az da üşüdür. Qolundan xeyli qan axıb. Dodaqlarını hiss edə bilmir. Onları aralamağa çalışır. Susuzluqdan və çoxlu qan itirdiyindən onlar bir-birinə yapışıb. Huşu tez tez başından çıxır. Hər dəfə ayılanda özünü qəbirdəki kimi hiss edir. Uşaq vaxtı babası öləndə onu qəbrə necə qoymaları gözünün önünə gəlir. Atası nə qədər eləmişdisə, yenə də inad edərək qəbristanlığa getmişdi. Kəfənə bükülmüş babasını torpağa qoyanda elə bilmişdi ki, adamlar gedən kimi o torpağın arasından yer açıb çölə çıxacaq. İnana bilmirdi ki, insan torpağın altında necə qala bilər. O vaxt onun ölüm haqqında təsəvvürü yox idi. İndi bu vəziyyətdə babasını xatırlamaq ona bir az da əzab verir. Çünki böyüdükcə ölümün həqiqətini anlamışdı. Bir daha heç kəsin bu dünyaya qayıtmayacağını bilmişdi. Bəs bu qəbirdən necə, o çıxa biləcəkmi? Yoxsa bu da onun qəbridir?!

Tərpənməyə cəhd edir. Lakin yenə qorxu canına dolur. Başının üstündəki beton parçası birdən düşsə, hər şey məhv olacaq.

Çöldən gələn işıq şüası onda qəribə hisslər oyadır. Bu balaca dəlikdən o tərəfdə böyük dünya var. İnsanlar orada əl-ayaqlarını rahat hərəkət etdirə bilirlər. Bu nə böyük xoşbəxtlikdir, İlahi!

Huşu gedir. Bu halı yuxu ilə gerçəklik arasında tamam ayrı bir dünyadır. Atasının əllərindən möhkəm yapışıb harasa gedirlər. Hava istidir.

- Ata, yorulmuşam, məni boynuna mindir.

- Oğlum, axı sənə dedim gəlmə, ananın yanında qal.

- Ata, nolar, gedə bilmirəm.

- Yaxşı, bir şərtlə sən böyüyəndə, mən qocalacam. Onda sən də məni boynunda gəzdirərsən. Oldumu?

... Gülür.

Öz səsinə ayılır. Əllərinin soyuqluğu, yuxunun istiliyini unutdurur. Çöldən səslər gəlir. Ağır texnika işləyir. Telefonun səsi gəlir. Daşların altından gələn bu səs, ona iki dünya arasındakı qapının zəngi kimi gəlir.

... Görəsən, kimdir? Kim axtarır məni? Bəlkə də atamdır. Neçə ildir üzünü görə bilmədiyim atam!

Atası Yaqub uzaq Rusiya həbsxanasında şovinizmin qurbanı kimi dustaq idi. İşlədiyi bazarda millətçi rus gəncləri ilə savasmışdı. Bir neçə yerindən xəsarət alsa da, onlardan birini öz bıçağı ilə vura bilmişdi. Lakin məhkəmə onu təqsirli bilmiş, yeddi il cəza kəsmişdi. İndi həbsxana divarları arasında vətəndəki zəlzələ xəbəri onun üçün nə qədər ağır idi. Ailəsindən, övladlarından nigarandır.

Bu səs ona qüvvət verir. Sevincindən az qalır qanad açsın. Daşların altından qalxıb durmaq istəyir. Əlini, ayağını kip bağlayan daşlar yadına düşəndə, ümidsiz bir şəkildə ürəyi yerinə düşür.

Axşama doğru hava soyuyur. Bu soyuq yanvar günündə nəfəsinin istisinə qızınmaq babasının ölümünü xatırladır. Onda da möhkəm qar yağmışdı. Kəfən geyindirilmiş babasının üşüməyəcəyini düşünmüşdü. Üstünə torpaq atanda elə bilmişdi ki, qəbrin hər tərəfini bağlayırlar ki, babasına soyuq olmasın.

...Amma mənim qəbrimdə hava keçən yer var. Yəqin ona görə üşüyürəm.

Axı bu kiçik dəlik onu, ümidsiz yanvar axşamında həyata bağlayan tək gerçəkdir. Gözlərində dünya kiçilir. Bir dəlik boyda dünyanın tək sakini olmaq necə də qəribədir. Bədənsiz ruhlar azaddırlar. İstədiyi yerə gedə bilir, heç bir maneə onları saxlaya bilmir. Amma bu daşların altında bədəni sanki ruhunu da sıxıb, qoymur çölə çıxsın. Gözləri və nəfəsi ona sağ olduğunu xatırlatmasaydı, bəlkə də öldüyünə özü də inanardı.

Texnikanın səsi dayanmadan gəlir. Zülmət içindəki dünyasına ağ sap kimi işıq dolur.

... Yəqin projektor işığıdır.

...Ağ sap... Ağ sap...

Bu söz tanışdır. Quranda oxumuşdu bu sözü.

...Ağ sapla, qara sap bir birindən ayrılıncaya qədər yeyib için!

...Bu ağ işıq zülmətləri yarıb keçən haqiqətdir. İki dünya arasındakı sərhəddir. Mənim dünyam bu kiçik dəlikdən içəridədir, yoxsa çöldə? Dünyanın içində dünya! Mənim hər iki dünyaya aidiyyatım var. Heç birində qərib deyiləm.

... Görəsən, babamın qəbrində belə kiçik dəlik olsaydı, o da belə düşünərdi?! Bəlkə, elə ona görə qəbri tam bağlayırlar ki, artıq sənin bu dünya ilə əlaqələrin bir dəfəlik kəsilsin. Sən bu dünyaya yad olasan. Geri dönə bilməyəsən. Qəbir o biri dünyanın qapısıdır. Öz boyuna uyğun qazıb səni bu qapının ağzında qoyub, üstünü möhkəm örtürlər. Bəzən üstünə beton da tökürlər. Sanki geri qayıtmaq istəsən, bu beton səddi keçə bilməyəsən.

... Mənim də üstündə beton var. Amma kiçik də olsa işığım var. Demək geri dönə bilərəm.

Ağ işıq ona dərin quyuya sallanmış ip kimi gəldi. Ondan yapışıb çıxmaq istədi. İşığın dalınca düşüb xoşbəxt evlərə girdi. Geniş evlər, qayğısız həyatlar. Bu evlərdə heç vaxt ölməyəcək kimi yaşayan insanlar. Qarışqa kimi işləyib evlərini bahalı mebellərlə dolduran insanlara yazığı gəldi.

...Görəsən, bu insanlar nə vaxtsa öləcəklərini heç düşünüblərmi? Sənin olmayacaq şeylər uğrunda savaşmaq, bir ömür boyu haqsızlıq edərək, zülm edərək yaşamaq! Bütün bunlara görə dəyərmi ömrünü heçə vermək?!

Sonra işıq onu kasıb komalarına apardı.

... Bir loxma çörəkdən ötrü əsir-yesir olan zavallılar! Xoşbəxt olmaq, varlı olmaq deyil. Xoşbəxtlik gözünün tozunu silmək lazım olduqda, onu silə bilməkdir. Öz ayaqlarınla istədiyin yerə gedə bilməkdir.

Bir zərrə işığın ətəyindən tutub nə qədər xilas olmaq istəyən tale varmış. Həyatla ölüm arasında bir zərrə işıq! İşıqları sönmüş ulduzları xatırladı. Parlaq ulduzların yanında onlar heç görünmür. Lakin onlar var, mövcuddur. Görəsən, göydən də yerə baxanda burada həyatları qaralmış, ulduzları sönmüş talelər də belə görünür?! Xoşbəxt insanların yanında onları heç kim görmək istəmir? Amma onlar da var, mövcuddur.

Bu fikir burulğanın içində bir anlıq ulduzlara baxmaq istədi, lakin üstündəki bu uçqun dağı onun həyatla əlaqəsini kəsmişdi.

...Demək, bəzən görmək istədiyini görməyə mane olan başqa səbəblər də varmış. Səni əsl insan olmağa qoymayan, mənliyini öz kiçik dünyana qapadan dağdan ağır yüklər varmış.

Artıq səhər açılıb. Texnika dayanıb. İnsanların səsini eşidir. Bu səslər o qədər doğma gəlir ki, elə bil min illərlə onları eşidib. Ehh... Kaş ki, onlarla bir kəlmə danışa biləydim. Vaxt getmir. Zamanın əqrəbi elə bil daşların arasında ilişib.

Telefonuna yenə zəng gəlir. Bir neçə dəfə dayanmadan gələn zəng sanki çöldəki xilasediciləri səsləyir. Deyəsən, onlar da bu səsi eşitdilər.

- Komandir, burdan telefon səsi gəlir.

- Ehtiyatlı olun, daşların altında sağ adam ola bilər.

Kiçik dəlikdən axıb keçən bu səslər Yusifin iliklərinə qədər işləyir.

Xilasedicilər bir saata yaxın işlədilər. Nəhayət onları gördü.

- Komandir, burdadır, sağdır!

Ayağının üstünə düşmüş daşı qaldırdılar. Çətinliklə də olsa qolunu sıxan beton parçasını götürə bildilər. Yusifi oradan çıxaran oğlan təxminən onunla eyni yaşda olan gəncdir. Üzündən hiss olunur ki, istirahət etmədən işləyib. Çox yorğun görünür. Onu xərəkdə aparıb təcili tibbi yardım maşınına qoyurlar. Uzaqdan, azan səsi eşidilir:

- Allahu Akbar! Allahu Akbar! ( Allah böyükdür! Allah böyükdür!)

...Hayyə aləs-saləh! ( Namaza tələsin!)

...Hayyə aləl-fələh! ( Nicat tapmağa tələsin!).

# 3471 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
#
#
# # #