Tut arağı, donuz kababı və Aşotun məktubu - Aqil Abbasın yeni povesti

Tut arağı, donuz kababı və Aşotun məktubu - Aqil Abbasın yeni povesti
9 fevral 2024
# 16:37

Kulis.az Aqil Abbasın "Tut arağı, donuz kababı və Aşotun məktubu" adlı yeni povestini təqdim edir.

Gənclik dostum Fərhada ithaf edirəm

Girdi Var-Yoxdan olmuş Dünyanın Ən Varlı Şəhərinə. Şəhər böyük bir tikinti meydançasına oxşayırdı. Qaynayırdı şəhər. Amma heç kim heç nə tikmirdi. Sökhasök, daşıhadaşı idi. Təkcə Var-Yoxdan olmuş Dünyanın Ən Varlı Şəhərinin dövlətini deyil, daşını, divarını, taxta-puşunu söküb aparmırdılar, həm də uşaqların sevincini, cavanların sevgisini, yaşlı adamların xatirələrini, göz yaşlarını daşıyırdılar. Küçələr tırlarla doluydu. Qarğa-quzğun kimi darışmışdılar şəhərin canına. Çoxu hansısa başqa bir dildə danışırdı, arada azərbaycanca da sözlər eşidirdi. Maşınların demək olar ki, əksəriyyətinin nömrələri başqa dildə yazılmışdı. Ara-sıra Ermənistan nömrəli maşınlar da gözə dəyirdi.

Fikirləşdi ki, bunlar necə müsəlmandırlar, öz qardaşlarının ev-eşiyini dağıdıb aparırlar. O yorğan-döşəyin içində necə yatacaqlar, o apardıqları televizorda necə futbola baxacaqlar? O apardıqları stol-stulda oturub necə çay içəcəklər, çörək yeyəcəklər? Və fikirləşdi ki, oğruluqla qəhbəlik qırx gün çəkər...

...Amma bunların oğurluqla qəhbəliyi qırx gün yox, otuz il çəkdi...

...Tırların arasından maşını bir təhər sürüb keçdi. Bu da bazar, az qala atom bombası satılan bazar. Vurhavurla bazarı da daşıyırdılar. Vaxtilə səs-küydən qulaq tutulan bazarda indi bir ölü sükut vardı.

Qabağına çıxan ilk salamat ev Artuşun evi oldu. Evin hasarına iri bir xaç çəkilmişdi və üstünə də ermənicə "Artuşun evi" yazılmışdı. Erməni evi olduğundan əl dəyilməmişdi. Artuşu elə də yaxşı tanımırdı, amma bilirdi ki, şəhərdə böyük hörməti var. Əvvəl maşın ustası olmuşdu, sonra profilaktoriya açmışdı. Artuşun evini də keçdi və başladı Faxıgilin evini axtarmağa. Nəhayət, tapdı, hələ söküb dağıtmamışdılar. O da yanmış evlərin birindən bir kömür tapdı, Faxıgilin hasarına bir xaç çəkdi və yazdı "Aşotun evi". Özü də həm ermənicə yazdı, həm də azərbaycanca.

Girdi həyətə. Bu həyətdə Faxının atası Məmməd kişi onlara çox kabab çəkmişdi. Çox yeyib-içmişdilər, danışıb-gülmüşdülər, vaxtilə bu evin ən əziz qonağı olmuşdu...

...İndi bu əziz qonağı qarşılayan olmadı...

...Evin qapısı açıq idi. Girdi içəri, qonaq otağına göz gəzdirdi, hər şey yerində idi. Hiss olunurdu ki, hələ yağmaçılar bu evə girməyib. Divardakı xalça da, xalçanın üstündə Faxının almanlarla müharibədə həlak olmuş babasının portreti də yerindəydi. Heç nəyə əl dəyməmişdi, küncdəki televizora da.

İlk dəfə rəngli televizoru da Faxıgildə görmüşdü. Bu televizorda futbola baxmağın ayrı ləzzəti vardı. Evdəkilər də bilirdi ki, futbol günü Aşot mütləq gələcək, gələndə də özü ilə turşu, mürəbbə və bir də çöl quşları gətirəcək. Onlar futbola baxarkən Faxının anası da onun gətirdiyi kəkliklərdən gözəl bir çığırtma bişirəcək, sonra da yeyib-içəcəklər.

Bu futbolların içində ən maraqlısı "Neftçi" ilə "Ararat"ın oyunu idi. "Ararat" qol vuranda Aşot çığırıb-bağırardı, "Neftçi" qol vuranda Faxı ilə atası. Onda Markarov "Neftçi"də oynayırdı, sonra qaçıb getdi "Ararat"a.

Faxı deyirdi:

- Qaqa, bu Markarov şandığa niyə xayın çıxdı? Dəyyus!

Aşot:

- Xayın niyə olur, gedib öz komandasına.

Mübahisə böyüyərdi, son nöqtəni Faxının atası qoyardı:

- Qaçmasaydı, valyuta alveri üstə Əli Rəhmanov kimi onu da tutacaqdılar. Qaçıb canını durtardı dana.

Gəldi oturdu televizorun qabağındakı kresloda, özü də dəməkgərmədən. Təbii ki, işıq olmadığına görə televizor işləmirdi. Ekranın aşağısına Rəmişin şəkli yapışdırılmışdı. Aşot da Rəmişi çox sevirdi. Rəmişin xətrinə bir maqnitofon da almışdı. Valsatan Abbasa da bir ətək pul verib Rəmişin nə qədər lent yazısı vardı almışdı. Və axşamlar həyətdə maqnitofonu qoyurdu stolun üstünə, bütün səsini verirdi. Qonşular da yığışardı onun həyətinə ki, Rəmişə qulaq assınlar.

Qulaq asan ermənilərdən biri:

- Kaş bu köpəyoğlu erməni olaydı.

Bu vaxt evə dörd-beş nəfər adam girdi. Başladılar başa düşmədiyi hansısa bir dildə danışmağa, nə isə tələb edirdilər.

O da azərbaycanca, özü də ağdamlı ləhcəsiylə soruşdu:

- Ə, nə cığırıf-bağırırsız? Kimsiz, burda nə sülənirsiz?

Əslində "sülənirsiz" demədi, elə bir söz dedi ki, özünüz başa düşdüz də.

İçlərindən biri azərbaycanca dedi:

- Bəradər, niyə söyüş söyürsən? Azərbaycanlısan?

- Yox, erməniyəm.

- Bəradər, bu evi komendant beş yüz dollara bizə satıb. Bizimdi, dur bas bayıra.

"Bas bayıra" sözü Aşotun xoşuna gəlmədi. Qalxdı ayağa, az qaldı azərbaycanca danışanı vura, gördü ki, bunlar çoxdu, qorxdu.

Dedi:

- Komendant pox yeyif. Bu evi mən sahibindən dörd min manata satın almışdım, sənədlər də kənddə məndədi.

İki yalan danışdı. Birincisi, o Faxıya iki min manat borc vermişdi. Və Faxı da Ayrikanı qaçıra bilməyəndən sonra pulu da qaytarmışdı. İki mini də üstünə qoydu ki, bir az inandırıcı olsun. Bəlkə bu evin iyirmi-otuz min manat qiyməti vardı, hələ içindəkiləri demirəm. İkincisi də, onda heç bir sənəd yox idi, kim idi bunu gedib arayıb-axtaran? Gələnlər Aşotun qırımını görüb:

- Bağışla, bəradər - deyib, çıxıb getdilər komendantdan pullarını almağa.

Ermənilər adətən adi evləri üç yüz dollara, bahalı evləri beş yüz dollara satırdılar dilini bilmədiyi bu adamlara.

Aşot yendi evin zirzəmisinə. Bilirdi ki, Faxının zirzəmidə yaxşı içkiləri var, xüsusilə də Şampan zavodda hazırlanan konyaklar. Üç litrlik balonlarda olurdu. Bir-iki dəfə o da kəklikdən, turacdan vurub aparmışdı zavodun direktoru Siyavuş müəllimə pay. Siyavuş müəllim də ona hər dəfə bir balon konyak bağışlamışdı:

- Ə, Aşot, konyak belə olar ey, İrəvan konyakının adı çıxıf.

Balonlardan birini götürüb qalxdı yuxarı, yenə dəməkgərmədən oturdu kresloda. Balonu açdı, elə balondanca konyakdan bir az içdi...

lll

Faxı dranqulet "Moskviç"iylə durmuşdu hamamın önündə. Gözləyirdi ki, Ayrika nə vaxt dərsdən çıxacaq.

Bu "Moskviç"i sovxoz direktoru minmişdi, sonra baş aqronom minmişdi, sonra da Partkom. Mitili çıxandan sonra gətirib atmışdılar "Aqroprom"un həyətinə, içində toyuq yumurtlayırdı.

Bir gün Faxı girdi Müdirin yanına:

- Müdür, o Moskviçi ver maa.

- Ay bala, görmürsən onun içində toyuq yumurtduyur, hay-hayı gedib, vay-vayı qalıb.

- Müdür, bura Ağdamdı, ölü maşınnarı verirsən elə yığıllar ki, elə bil zavoddan indi çıxıf. Gəl onu ver maa, aparım onu yığdırım.

Müdir də demişdi ki, get götür. Sonra da demişdi ki, bir ərizə yaz, sənə yardım edək, çox xərcə düşməyəsən. O da ərizə yazmışdı, Müdir də kassirə göstəriş vermişdi ki, ona üç yüz manat pul ayırsınlar. Faxının gözü çıxmışdı kəlləsinə, üç yüz manat onun iki aylıq maaşı idi. Kassada da Müdirin yazdığını oxuyub ona üç yüz manat pul vermişdilər, amma ərizəsini cırıb atmışdılar.

Faxı demişdi:

- Ə, sənədi niyə cırırsan?

Kassir:

- Özümüz bilərik, sən pulunu al get.

Faxı da aparmışdı Çingizin profilaktoriyasına, maşını əməlli-başlı yığdırmışdı. Ondan sonra bu maşın olmuşdu Faxının çörək ağacı. Müfəttişlər hansı sovxozu yoxlamağa gedirdilərsə, Müdir də Faxını qoşurdu onlara. Və hər yoxlamada üç yüz-dörd yüz manat xeyiri vardı. Maşının hər şeyini düzəltsələr də, arxa qapıları içəridən açılmırdı. Gərək kimsə düşüb qapıları çöldən açaydı. Çingiz də demişdi ki, vaxtın olanda apar Artuşun profilaktoriyasına, onlar bunu daha yaxşı bilir. O da ərinib aparmamışdı. Müfəttişləri təsərrüfata aparanda özü düşüb arxa qapıları açırdı, müfəttişlər də gülürdülər:

- Ə, sən nə mədəni oğlansan.

Əslində bunun mədəniyyətə dəxli yox idi.

Hamamın qarşısında durub gözləyirdi. Burdan o tərəfə keçməyə cəsarəti çatmırdı. Çünki camaatın "Muzşkola" dediyi Musiqi Texnikumunun direktoru Xosrov müəllim şəhərin cahıllarına texnikuma yaxınlaşmağa icazə vermirdi. Çünki bu Muzşkolada ətraf rayonlardan, hətta Rusiyadan gəlib oxuyan gözəl-göyçək qızlar vardı. Təbii ki, hamısı da Fortepiano şöbəsində oxuyurdu.

Direktor da gileylənirdi:

- Ə, it uşağı, xarabanızda muzşkola yoxdu?

Çünki Rusiyadan gələnlər bura qəbul olunmaq üçün direktora üç min manat vermirdilər. Bu fakültənin qiyməti Konservatoriyadan baha idi. Bu da təxminən hər il on-on beş min manat pul edirdi.

Amma buna baxmayaraq, direktor deyirdi ki, o qızları mənə ataları, anaları əmanət verib, heç kim onlara yaxınlaşa bilməz. Muzşkola ilə Milis İdarəsinin arası yüz əlli-iki yüz addımıydı, kimsə özünü pis aparardısa, Alikonun gəlməyi iki dəqiqə çəkərdi.

İndi Faxı dayanmışdı hamamın önündə gözləyirdi ki, o gözəl-göyçək qızlardan biri olan Ayrika nə vaxt çıxıb gedəcək evlərinə. Çox yalvarıb-yaxarmışdı, amma Ayrikanı "bişirə" bilməmişdi.

Nəhayət, Ayrika dərsdən çıxdı, düzəldi yola. O da dranqulet "Moskviç"ini qoydu hamamın qabağında, düşdü Ayrikanın arxasınca, düz məhlələrinə qədər. Amma məhləyə girmədi. Öz məhlələrindən də bilirdi ki, qız dalınca məhləyə gəlmək şəhərdə tabu sayılırdı, olmaz.

Gözləri ilə Ayrikanı evlərinə yola salandan sonra dilxor-dilxor qayıtdı hamamın qabağındakı maşınını götürdü və sürdü Kino Fazilin kinoteatrının arxasındakı çayxanaya. Elə dilxor-dilxor da düşüb girdi çayxanaya. Dostu Nuruş tək oturmuşdu, gəldi oturdu Nuruşun yanında.

Nuruş:

- Ə, sənnən qabax Moskviçiyin xorultusu gəlir.

O da yekə-yekə:

- Dörd yüz on iki belədi dana.

Nuruş:

- Ə, dana, dörd yüz on ikilik döyül ey, maşınıyın qluşiteli deşilif, get svarka elətdir. - sonra da qayıtdı ki; - Nooldu, yenə alınmadı?

- Darıxma, sən öl, əvvəl-axır onu bişirəjəm. Bu şəərdə mənnən yaraşıxlı oğlan tapajax?

Nuruş:

- Əvvəla, özün öl. Düzdü, savadına bir söz deyə bilmərəm, yaraşığın bir az mənnən babatdı. Özü də bilirsən ki, o Araratı xoşduyur.

- Ararat kimdi, ə? Onun ağzını cıraram. Nolsun bir az futbol oynuya bilir, qəsd qoysam, mən onnan yaxşı oynuyaram. Görmədin, kinonun qabağında onu eşşək kimi çırfdım.

Nuruş güldü:

- Sən çırfdın, yoxsa Fred Asiflə mən?

- Birinci şapalağı mən vurdum dana.

Kinonun qabağında kəsmişdilər Araratın qabağını. Faxı yapışmışdı Araratın yaxasından:

- Ə, şandığa, bir də Ariqanın adını çəksən, sənin şalvarını çıxardajam.

Əslində birinci şapalağı da Ararat vurmuşdu. Sonra Fred Asiflə Nuruş Araratı möhkəm çırpmışdı. Camaat tökülüb zorla Araratı onların əlindən almışdı.

Ararat da dodağının qanını silə-silə üzünü Faxıya tutub demişdi:

- Qaqa, sən niyə kişi olursan, erməniyə oxşuyursan.

Hamını da gülmək tutmuşdu, dava da bununla bitmişdi.

Faxı çaydan bir qurtum içib dedi:

- Nuruş, kefim də yoxdu, bəlkə gedəh Qalayçılardan o tərəfə, Aşotgilə. Yeyəh-içəh, bəlkə bir az kefim açıldı.

Nuruş da dəfələrlə Faxıyla Aşotgildə olmuşdu.

Nuruş:

- Gedəh deyirsən, gedəh dana. Yaxşı oğlandı, amma sənə Faxı yox, Poxu diyir, o mənim xoşuma gəlmir.

- Dur gedəh. Sən öl, bu dəfə ona zorla fı hərfi dedirtdirəjəm.

Qalxdılar. Stolun üstünə 1 manat atıb çıxdılar. Və oturdular Faxının, Aşotun Poxu dediyi Faxının, dranqulet "Moskviç"inə. Üz tutdular Kolanıya tərəf.

lll

...Aşot konyakdan babat vurandan sonra və evin sökülməyəcəyindən əmin olsa da, hər ehtimala qarşı qorxdu ki, Faxının nənəsinin toxuduğu cehizlik xalçanı əliqurumuşlardan kimsə girib oğurlaya bilər. Divardan açdı, gətirib qoydu maşına. Sonra nə fikirləşdisə, qayıdıb televizoru da götürdü və məhlədən çıxdı.

Məscidin qabağındakı Çay evinin skeleti qalmışdı. Bu Çay evindən xoşu gəlsə də, Faxı onu bu Çay evinə aparmırdı. Deyirdi hər kəsin öz kruqu var, bizim kruq Kinonun dalındakı çayxanaya yığışır.

Aşot:

- Qoy çıxım ordan şəhərə baxım də.

Faxı:

- Şəhərə baxmaq istiyirsənsə gedəh məscidə, çıxax minarəyə. Ordan bütün şəhər əl içi kimi görükür.

- Ə, nə axmaq-axmaq danışırsan? Bilərlər erməni olduğumu, salallar məni təpiklərinin altına.

Faxı:

- Sənin erməni olduğunu mən bilirəm, azərbaycanca da mənnən yaxşı danışırsan, kim biləjək? Orda pasport yoxluyan var?

Və Faxı Aşotu qaldırmışdı minarəyə, Aşot ləzzətlə şəhərə baxmışdı və demişdi:

- Faxı, bu günah sənin ayağına yazılır.

- Yazılsın dana, bu da olsun elədiyim günahlardan yüz birincisi.

Faxı bilmədi ki, elədiyi yüz günahı Allah bağışlasa da, bu günahı bağışlamayacaq. Erməninin ayağı dəyən bu məsciddə sabah Aşotun qohum-əqrəbası donuz saxlayacaq. Və bu günahı ona çox baha-başa gələcək. Evini-eşiyini dağıdacaqlar, yandıracaqlar, özü də gedib Ağcabədi Türk Çadır Şəhərində bir alaçıqda yaşayacaq. Və bir də bu məscidə girə bilməyəcək.

Ermənini məscidə aparmasını fikirləşəndə həmişə əzab çəkirdi. Bir gün dözməyib bunu atasına danışdı və dedi ki, ata, buna görə həmişə Allahın qəzəbindən qorxuram.

Amma atası bu məsələyə təmiz fərqli baxdı:

- Oğul, sən erməni kilsəsinə heç getməmisən?

- Niyə, çox getmişəm.

- Oğul, kilsə də, məscid də Allah evidi, təki ürəyin təmiz olsun.

Aşot maşını sürdü Muzşkolanın tininə, yəni hamamın qabağına. Hamamı da sökmüşdülər, Muzşkolanı da. Ayrika ərə getmişdi-getməmişdi, onu da bilmirdi...

...Gün gələcəkdi bu Muzşkolanı yenidən tikəcəkdilər. Amma daha bu Muzşkoladan onun sevdiyi nə Rəmiş, nə də Qədir Rüstəmov çıxacaq...

lll

Gəlib çatdılar Aşotgilin kəndinə. Aşot onları həyətin doqqazında qarşıladı.

Faxı:

- Ə, kimi gözdüyürsən?

- Səni.

- Nə bildin gələjəm?

- Maşınıyın səsi kəndi başına götürüf, bunu niyə qayırtdırmırsan? Camahat o biri rayonnardan gəlif maşınını sizin şəhərdə yığdırır.

- Pulum yoxdu.

- Pul bir məndə, bir də ingilisdə. Yoxundu, denən verim. Keçin, keçin həyətə.

Görüşdülər, öpüşdülər, girdilər həyətə. Aşot elə həyətdəcə süfrə açdı. Beşcə dəqiqəyə arvadı Susanna elə bir süfrə bəzədi ki, heç toylarda belə süfrə bəzəmirlər.

- Hələ bir zakuska ilə əlli-əlli vurun, sizə elə bir donuz kavabı bişirəjəm ki, barmaxlarınızı yalıyacaqsız.

Məclis qızışdı. Sağlığın biri bir qəpik. Nuruş donuz qabırğalarından birini dişinə çəkə-çəkə dedi:

- Ə, Aşot, siz nə namərd adamlarsız, neçə ilin gor qonşusuyux, amma donuz kavabının belə ləzzətli olduğunu bizdən gizlətmisiz?!

- Biz gizlətməmişik ey, sizin mollalar gizlədif.

Faxı:

- Deyirlər, donuz ətində elə bir qurd var ki, hətta iki min dərəcə isdilikdə belə ölmür. Aşot, bəlkə ona görə ermənilər belə qarnı qurddu olur?

- Paxı, neçə ilin dosduyuq, mən heş qarnı qurddu adama oxşuyuram?

- Qaqa, sən erməni döyülsən ha. Maman sənin toxumunu bizimkilərdən tutuf.

Aşot anasını çağırdı:

- Mama, ay mama.

Anası əlində bir banka baldırğan şorabası ilə gəldi:

- Nədi, ə, şandığa.

- Mama, görmürsən Paxı nə deyir? Deyir ki, məni azərbaycanlılardan tutmusan.

- Düz deyir də. Qonşu kolxozun sədri Həsən qoydu ki, heş dədənnən yatım?

Sonra bir şaqqanaq çəkib çıxıb getdi.

- Paxı...

- Qaqa, bir dayan görüm, mənim adım Faxıdı, Paxı döyül. Niyə ermənilər fı hərfi deyə bilmir?

- Özün dedin ki, məni mamam sizinkilərdən tutuf. Mən Faxı deyə bilirəm, amma Paxı deməkdən xoşum gəlir.

Nuruş:

- Bəzən Paxı demirsən ey, Poxu deyirsən.

- Zarafat edirəm də.

Nuruş:

- Doğrudan, ermənilər niyə fı hərfi deyə bilmir?

- Ə, mən nə bilim, ikiniz də inustut qutarmısız, mən Ağdamda mexanizasiyada oxumuşam.

Nuruş:

- Ə, mexanizasiya elə inustutuydu dana. Politexnik iki min maat olanda mexanizasiyanın qiyməti üşmin maatıydı. Sən nə qədər mayış alırsan?

- Dörd yüz maat.

Nuruş:

- Amma biz ikimiz də inustut qurtarmışıx, yüz əlli maat alırıx.

Aşot:

- Sizin də ağlınız olseydi, aparıf Gəncədəki inustuta dörd-beş min maat verənəcən, Məhərrəm məllimə üşmin maat verəydiz siz də mexanizasiyanı qutaraydız, mənim kimi dörd yüz maat alaydız. Özü də bilmirəm siz bura yeyif-işməyə gəlmisiz, yoxsa dava eləməyə?

Tut arağının təsiri özünü göstərirdi, yavaş-yavaş dəmlənirdilər.

Faxı:

- Ə, şandığa...

Aşot:

- Papanı söymə, papan da bizə tez-tez gəlirdi.

Şaqqanaq çəkib güldülər.

Faxı:

- Yaxşı. Ə, kişi oğlu kişi, bayaxdan içirih, nətəər olur biz dəmlənmişiy, amma sən yox.

Aşot:

- Bilmirsiz, it yiəsin tutmaz. Bu arağı mən çəhmişəm. Bakıdakı vinzavod kimi içinə dimedrol vurmamışam. İki dəfə də kömürdən keçirmişəm.

Nuruş:

- Aşot, Yerevanda olmusan?

- Hə, bircə dəfə yağ almağa getmişdim, həm də siqaret.

Faxı:

- Aşot, kişi kimi düzünü de, Yerevan gözəl şəərdi, yoxsa Ağdam?

Aşot:

- Ə, Yerevan pox yeyir Ağdamın yanında. Özü də orda bizdəri sevmirlər ha, bizə türkdəndönmə deyirlər. Amma xətrinizə dəyməsin, Gəncə Ağdamnan gözəldi.

Nuruş:

- Qələt eləmə, Gəncə Ağdamnan gözəl ola bilməz. Bir az böyühdü, vəssalam. Amma camahatı elə bizim kimi yaxşı camahatdı. Orda da vurub-tutan oğlannar çoxdu.

Aşot:

- Ə, bir dayan görüm ey. Paxı, Ariqa məsələsi nətəər oldu?

- Aşot, sən öl, məni heş filan yerinə də almır. O şandığa Araratdan xoşu gəlir. Bir dəfə də yığışıb kinonun qavağında Araratı eşşək kimi döydük, yenə xeyiri olmadı.

Aşot:

- Paxı, sən belə elə də, gəl onu qaçırt.

- Nətəər qaçırdım?

- Camahat nətəər qaçırdır, sən də heylə. Sonra da yaxşı bir toy elə.

- Toy eləməyə pulum nəəzir?

- Qardaş döyülük, nə qədər istiyirsən pul verim, toydan sonra qaytararsan. Onsuz da sizin toylara çağrılan da gəlir, çağrılmayan da. O qədər pul yığılır ki. Nə qədər istiyirsən verim.

Faxı:

- Doğrudan deyirsən?

- Qardaş döyülük, saa məim canım da qurvandı.

Faxı:

- Canın iki qəpiyə dəyməz, elə iki min maat versən, bəs edər.

Aşot çığırdı:

- Susanna, ordan iki min maat pul gətir ver Paxıya.

Susanna girdi evə və pulla qayıtdı, pulu da verdi Faxıya.

Faxı:

- Qaqa, deyirsən ey, indi onu da denən görüm qızı nətəər qaçırajıyıx?

Aşot:

- O mənim boynuma. Burdan dururux gedirik Ariqanı qaçırmağa. Özü də qaçırıf gətiririk bizə. Alikonun yox ey, heç itin də ağlına gəlməz ki, qız bizdədi.

Aliko şəhərin cinayət-axtarış müvəkkili idi. Hamı da ondan qorxurdu. Hətta Alikonun təsir dairəsində olmayan erməni kəndləri də.

Artıq hamı hazır idi, qız qaçırmağa yox ey, tut arağının təsiridən. Qalxdılar, Aşot Faxıyla Nuruşu yıxdı arxa oturacağa, özü də oturdu sükanın arxasında:

- Paxı, bax, qayi saxlasa sənnikdi.

Sürdü şəhərə. Yolda Faxıyla Nuruş mübahisəyə başladı. Nuruş "Spartak"ın azarkeşi idi, Faxı "Dinamo" Kiyevin. Mübahisə nə təhər böyüdüsə, keçdilər dalaşmağa.

- Beskov qələt eliyir Lobanovskinin yanında.

- Ə, Lobanovski niyə məşqçi olsun?

Aşot söhbətə müdaxilə elədi:

- İkisi də Simonyanın yanında qələt eliyir.

Nuruş:

- Ə, sən maşınıyı sür, sən nə bilirsən futbol nədi? Qələti də özün edirsən.

Mübahisə o yerə çatdı ki, hətta əl davasına keçdi. Arada yumruqların biri də Aşota dəydi.

Faxı:

- Ə, saxla maşını, Beskov niyə kişi olsun?

Aşot maşını saxladı, amma heç biri maşından düşə bilmədi, çünki gərək düşüb qapıları çöldən açaydın. Aşot düşüb qapıları çöldən açdı, amma heç birinin düşməyə halı yoxuydu. Faxı qaytardı.

Aşot:

- Ə, bu poxu içə bilmirsiz, işmiyin dana.

Sonra maşındakı qəzetlərdən birini verdi Faxıya:

- Ala, ağız-burnunu sil.

Təzədən qapıları örtüb oturdu sükanın arxasında. Artıq ikisi də sakitləşmişdi. Mışıl-mışıl yatırdılar. Gəlib çıxdılar hamamın qabağına. Aşot gözləyirdi ki, Ayrika nə vaxt çıxacaq və bunlar düşüb Ayrikanı qaçıracaqlar. Ayrika çıxdı, nazlana-nazlana gəlib yanlarından keçdi, hələ bir dönüb maşına baxdı, Faxıyla Nuruşun mışıl-mışıl yatdığını görüb şaqqanaq çəkdi.

Aşot:

- Paxı, ay Paxı! Qalx ey, qız keşdi ey, davay.

Faxıyla Nuruş elə yatmışdı ki.

- Ə, eşitmirsiz, demirəm qız keşdi, getdi eyy...

Aşot kimə deyirdi, Faxıya, Nuruşa, yoxsa tut arağına?

Ayrika keçib gedəndən sonra Aşot dilxor-dilxor:

- Ə, sizdən qız qaçıran olar? Kül olsun sizə qoşuluf qaçan qızın başına. - dedi və maşını sürdü Faxıgilin evinə. İkisini də boşaltdı həyətə və Faxının atasına dedi; - Mamed dayı, bunnardan adam olmaz, Allahın bir qızını da qaçıra bilmədilər.

- Ə, nə qız, nə qaçırtmax?

- Bilmirəm, ayılanda özdərindən soruşarsan.

Sonra düşdü maşının baqajından xeyli mürəbbə, turşu çıxartdı:

- Bunnarı da mamam göndərdi sizə.

Ardı var...

# 2114 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #