Təsadüfdən doğan gerçəklik - Aysel Qarayeva

Aysel Qarayeva

Aysel Qarayeva

21 noyabr 2022
# 22:54

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Aysel Qarayevanın "Təsadüfdən doğan gerçəklik" hekayəsini təqdim edir.

Həyatımıza daxil olan insanların doğru olduğunu bilə bilmərik, ancaq ilk məhəbbəti ondan duyarıq. Hislərimizi etiraf etmək nə qədər çətin ola bilər ki? Bəlkə də çətin olan hislərin qarşılıqsız olduğunu qəbul edə bilməməkdir… Bizim hekayəmiz monoton olduğu qədər də qeyri-adidi. 29 yaşlı bir qızın subay qalması ailəni nə qədər narahat edə bilər bunu siz də təxmin edirsiz deyə düşünürəm, ancaq birdə məndən eşidin. Yaşlı ata və anası olan hər bir gənc kimi mənim valideynlərim də bir ailəmin olması, nəvə oynatmaq arzusu, əbədiyyətə qovuşduqları zaman da rahat yatmağı diləyirlər. Ancaq bunlardan da vacib bir səbəb var ki, “qohumlar”, “qonşular”, “kim nə deyər?”. Evlilik mənim üçüm çox ağır bir məsuliyyətdir və mən hələ də doğru insanı tapmağı gözləyirəm, bəlkə də doğru insan doğru zamanda gəlməyib. Bəs siz necə? Doğru insanın nə vaxtsa sizi tapacağına əminsiz? Xülasə, indi isə hekayəmizə keçək.

Dəvət olunduğum qonaqlıqların əsas məqsədi mənim orada əyləşən subay bəylərdən biri ilə tanış olub və münasibət qurmağım olur. Münasibət qurduqlarım olub, doğrudur. Bir zamandan sonra isə münasibətimizi davam etdirmək ikimiz üçün də yorucu olub. Bəzən qurduğum münasibətlər masa başında başlayıb, masa başında da bitir. Kim bilər, bu sonluq bəlkə də yeni bir başlanğıcdır. Bu həftəsonu yenə də bir yığıncaq təşkil olunur. Digər uğursuz yığıncaqlardan biri olduğun düşünsəm də bu dəfə həm anam, həm də xalam qismətimin açılacağına 100% əmindirlər.

- Culiya, təcili xəstəxanaya gəlməlisən
- Nə baş verib? Bu gün növbətçi mən deyiləm axı
- Bilirəm. Ağır yol qəzası baş verib. Xəstənin vəziyyəti ağırdır və sən burda olmalısan.
- Yaxşı, gəlirəm
Tez yerimdən oyanıb saata baxdım. Saat 02.55 göstərirdi. Paltarlarımı geyinib növbətçi çantamı hazırlamağa başladım Xəstənin nə vəziyyətdə olduğunu bilməsəm də, buna hazırlıqlı getməliyəm.
- Culiya, qızım, hara gedirsən bu saatda?
- Xəstəxanadan çağırırlar, ana, ağır yaralı var. Məni yubatma, təcili getməliyəm.
- Bəs sabah? Sən sabah qayıdacaqsan?
- Bilmirəm, yəqin ki yox.
- Axı, qızım, Elizabeth xalan bizi sabah yığıncağa dəvət edib, getməsən səndən inciyəcək.
- Ana… Məni niyə dəvət etdiyini ikimiz də yaxşı bilirik. Xalam buna görə məndən inciməz. O məsələyə gəldikdə isə yəqin qismət deyilmiş. İndi isə mənə suallar vermək əvəzinə taksi sifariş edə bilərsən.
- Axı, Culiya…
- Ana, mən artıq çıxmalıyam.
- Yaxşı.
Taksi gələn kimi çıxdım. Gecə yola çıxmağın bir cəhəti yaxşıdır ki, yollarda qətiyyən tıxac olmur. Saat artıq 03.15 göstərirdi ki, mən xəstəxanaya daxil oldum. Tez bir şəkildə palataya daxil oldum.
- Xəstənin vəziyyəti necədir?
- Hələ də ağır olaraq qalır. Ağır yol qəzası keçirib. Üzərində kimliyin təsdiq edə biləcəyimiz heç bir sənəd yoxdur. İlkin tibbi yardım göstərilib.
- Xəstəxanaya saat neçədə gətirilib?
- Sənə zəng ediləndən bir iki dəqiqə əvvəl.
- Yaxşı. Əməliyyat otağını hazırlayın.
Əməliyyat otağına daxil olanda tanımadığım bir üz ilk dəfədir ki, bu qədər doğma hiss etdirirdi. Sanki əvvəl rastlaşmışıq kimi. Dərhal bu fikirlərdən yayınıb əməliyyata başladım. 7 saata yaxın əməliyyat davam etdi. Əməliyyat uğurlu da olsa, hələ də vəziyyəti ağır olaraq qalırdı. Oyanması bir gün sonra da ola bilərdi, bir il sonra da… Xəstənin kimliyi bilinmədiyinə görə ailəsinə xəbər verilməmişdi. Həmin gün xəstənin yanında özüm qalmaq istədim. Bu üz mənə niyə bu qədər doğma idi? Biz daha əvvəl harada rastlaşmışdıq? Görəsən Elizabeth xalanın bu dəfəki qonağı necə biri idi? Düşünməyə dəyməz, yəqin ki evə qayıdanda anam bu haqda ətraflı məlumat mənim üçün hazırlamış olacaq. Bu fikirlərlə xəstənin yanında yatıb qalmışam. Səhər baş həkim Laura əlini çiynimə qoyduğu an oyandım
- Dünən bütün günü xəstəxanada qalmısan və çox yorğunsan. İki günlük istirahət etmək haqqı qazandın. İndi isə evə get və gümrah bir şəkildə geri qayıt.
Mən gözlərimi ovuşduraraq yerimdən qalxıb:
- Bəs xəstə? O necə olacaq?
- Narahat olma, əzizim, biz buradayıq. İstəsən hər gün sənə məlumat da verərik.
- Hmm yaxşı.
Şəxsi kabinetimə gedib bir iki əşyamı götürüb çıxdım. Xəstəxanadan çıxmamış son dəfə xəstənin vəziyyətin yoxlamaq qərarına gəldim, vəziyyəti stabil olsa da yanından ayrılmaq istəmirdim. Bir anlıq tibb bacısının mənə baxıb gülümsünərək əli ilə getməyimi göstərməyinə diqqət yetirdim. “Artıq gedə bilərəm”. Dünən gecədən oyaq olduğum üçün çox yorğun hiss edirdim. Xəstəxanadan evimizə 10 dəqiqə məsafəlik yolu belə yarım saata getdim. Anamın suallarına özümü hazırlayıb içəri daxil oldum.
- Ana? Evdəsən?
Səs gəlmədi. Qonaq otağında masanın üzərində vərəq vardı.
“ Qızım, telefonuna nə qədər zəng etsəm də dəstəyi götürən olmadı. Bu yeni nəsil texnologiyasından mən baş aça bilmirəm, buna görə də vərəqə yazıram. Biz - atan və mən çox yorulmuşuq. Biraz dincəlmək, şəhərdən uzaqlaşmaq istəyirik. Buna görə də bir həftəlik şəhəri tərk etmək qərarına gəldik. Sənin üçün soyuducuda 2 günlük yeməklər hazırladım. Digər günlər isə sən balaca qız deyilsən, özün nə istəyirsənsə bişirərsən. Dünənki yığıncağa həmin qonaq da gəlməmişdi, ancaq sən Elizabeth xalana zəng edib üzrxahlıq etməyi unutma. Özünə yaxşı bax. Məktubu alan kimi mənə və ya atana zəng etmə. Çünki biz telefon zənglərinin səyahətimizi pozmaması üçün evdə qoymuşuq.”
Hmmm… Deməli o da gəlməyib. Bəlkə də o da bu əhvalatdan xəbər tutub və gəlməyib. İlk dəfə idi ki, evdə tək qalacaqdım. İlk qulağa yaxşı fikir olaraq gəlsə də, sonradan heç də yaxşı deyilmiş kimi hiss etdirir. 2 gün boyunca yatmaq istəyirəm, ancaq, yox, bu da yaxşı fikir deyil. Ən yaxşısı duş alıb bu günü televizor qarşısında istirahət etməyə həsr etməliyəm. Duş aldıqdan sonra soyuducudan anamın hazırladığı yeməyi götürdüm. Mən neçə il də çalışsam onun qədər ləziz yeməklər hazırlaya bilmərəm. Yeməyi götürüb qonaq otağına keçdikdə qarşılaşdığım mənzərənin təsiri ilə əlimdəki yeməyi yerə saldım.
- Sən? Sənin burda nə işin var? Evə necə girmisən?
- Mən? Necə yəni siz məni görürsüz?
- Bu nə deməkdir? Bu zarafatdır? Onda gözləyin, anormal zarafatlarınızı polisə edərsiniz.
- Yox, yox. Bir dəqiqə məni dinləyin, xahiş edirəm.
Mən dərhal telefonumu götürmək üçün digər otağa keçdim. Telefonu əlimə götürəndə bir anlıq siması yadıma gəldi. Bu dünənki xəstə idi. Tez qonaq otağına keçdim.
- Bir daha soruşuram. Sizin burda nə işiniz var? Siz indi xəstəxanada olmalısız. Bura necə gəlmisiz?
- Icazə verirsizsə, mən hər şeyi sizə olduğu kimi izah etmək istəyirəm. Bu nə qədər reallığa uyğun olmasa da belədir.
- Buyurun, sizi dinləyirəm
- Mən əslində ayılmamışam, cismən hələ də xəstəxanadayam. Bilmirəm bu necə baş verib, ancaq sizin hal-hazırda gördüyünüz ruhumdur.
- Bu ki cəfəngiyyatdır. Bu dəqiqə polisə zəng edirəm. Bu izahı onlara edərsiz.
- Yox, yox, zəng etməyin. Mənə inanmırsızsa xəstəxanaya zəng edin, vəziyyətimi soruşun. Bir də qapıya baxın. Qapı bağlıdırsa və məndə açar yoxdursa, mən necə daxil olmuşam.
Qonaq otağından qapıya göz gəzdirdim, həqiqətən də bağlı idi.
- Yaxşı, elə sənin yanındaca zəng edəcəm xəstəxanaya. Əgər onlar desə ki, xəstə əlimizdən qaçıb. Belə olduğu halda siz özünüz polisə gedəcəksiniz.
- Yaxşı, mən razıyam.
Xəstəxananın operator şöbəsi ilə əlaqə saxladım.
- Strasburq xəstəxanası sizin xidmətinizdədir, buyurun
- Salam, mən xəstəxananın cərrahı Culia Gray. Zəhmət olmasa baş həkim mrs. Lauranı xəttə bağlaya bilərsiz?
- İndi bağlayırıq.
- Culiya?
- Laura, necəsən? Mən həmin xəstə ilə bağlı zəng etmişəm. Onun vəziyyəti necədir?
- Vəziyyəti eynidir. Tibb bacıları hər saat yoxlayırlar. Dəyişən bir şey yoxdur.
- O, dəqiq palatasındadır?
- Aha. Nə baş verir, Culiya?
- Heç nə. Mən kimisə ona oxşatmış ola bilərəm.
- Sən, deyəsən, bu xəstəyə vurulmusan, əzizim.
- Yox, sadəcə çox yorğun və yuxuluyam.
- Özünə isti bir qəhvə hazırla və istirahət elə, əzizim. Əgər istəsən istirahətini bir gün də artıra bilərik.
- Bunu düşünərəm, hələlik.
- Hələlik.
Dəstəyi asdıqdan sonra gördüklərimi və eşitdiklərimi əlaqələndirə bilmirdim.
- Axı bu necə ola bilərdi? Yox, yox mən yuxusuzluqdan artıq xəyallar görməyə başlamışam Laura düz deyir, mənim həqiqətən də dincəlməyə ehtiyacım var
- İnanın bu yaşanan hadisə mənim üçün də təəccüblüdür. Bu qədər insan içində məni yalnız siz görürsüz.
- Bəs siz? Siz kimsiz? Niyə məhz mənim evimə gəlmisiz?
- Bilmirəm. Mən kim olduğumu, haradan gəldiyimi bilmirəm. Dünəndən bəri bu sualı özümə versəm də, cavabını tapa bilmirəm.
- Necə yəni? Siz yaddaşınızı itirmisiz?
- Bilmirəm. Gözümü xəstəxanada açandan bu yana heç bir şey xatırlamıram. Səhər tezdən şəhəri qarış-qarış gəzmişəm. Heç bir küçə, mağaza, kafe mənə nəyisə xatırlatmır.
- Bəs mənim evimə niyə gəlmisiz?
- Xəstəxanaya qayıdanda sizin məni izlədiyinizi gördüm. Gecə səhərə qədər də mənim otağımda növbətçi olduğunuzu görəndə düşündüm ki, siz məni tanıyırsız deyə…
- Yox, vəziyyətiniz ağır olduğuna görə ilk 24 saat nəzarət məqsədilə yanınızda qaldım.
- Başa düşdüm.
- Siz nə düşünürsüz? Necə edək? Məncə siz xəstəxanaya getməlisiz.
- Mən dünən bütün şəhəri gəzmişəm. Məni sizdən başqa heç bir canlı görmür. Mənə inanın, bu hadisəni başqasına danışsanız sizin havalandığınızı düşünər. Bu halda mənə kömək edə biləcək tək insan siz olursuz.
- Axı necə? Mən nə edə bilərəm?
- Bu çox qeyri-adi və mürəkkəb vəziyyətdir. Ən azından mənə kimliyimi tapmaqda kömək edin.
Biraz oturub düşündüm. Bu hadisə niyə məhz mənim başıma gəlir axı. Görəsən mən həqiqətən də havalanmışam. Gözlərimi 3 dəfə tez-tez açıb qapadım. Ancaq o hələ də qarşımda dayanıb mənə baxırdı.
- Adınız?
- Bilmirəm.
- Sizə necə müraciət edim?
- Kimliyim bilinənə qədər Sam olsun
- Sam? Bəlkə də həqiqi adınız da Samdır
- Mənim unutmadığım tək ad Samdır. Bəlkə də mən evliyəm və oğlumun adıdır. Lənət şeytana.
- Nə olub?
- Mənim ailəm varsa, bu saata qədər məni niyə axtarmayıblar? Bəlkə də mən kimsəsizəm…
- Nə deyəcəyimi bilmirəm, ancaq sizə kömək edəcəyəm. Sadəcə bu gün yox. Mən hal-hazırda çox yorğunam və istirahət etmək istəyirəm. Sabah oyanan kimi bu məsələ ilə məşğul olarıq. Bu məsələ nə zamana qədər həll olunar, bilmirəm, ancaq bu evdə yalnız 1 həftə qala bilərsiz.
- Yaxşı, mənə kömək edəcəyiniz üçün sizə təşəkkür edirəm, Culiya.
Otağa keçib balış və yorğan gətirdim. Bir anlıq geyimləri diqqətimi çəkdi. Xəstəxanaya gətirilən geyimləri üzərində idi. Divanın üstünə qoyub otağıma keçdim. Yatağıma uzanıb düşünməyə başladım. Axı necə ola bilərdi? Bu ki ya kitablarda, ya da filmlərdə baş verir. Niyə məhz mənim başıma gəlmişdi? Dəhşətdir. Belə düşünərək yuxuya getmişəm. Səhər oyananda yerimdən qalxıb qonaq otağına baxdım. O orada yox idi. Mətbəxə və digər otaqlara da baxdım, bir iki dəfə səslənsəm də heç bir hərəkət olmadı. Dünən yaşanan o qədər hadisə yuxu idi? Yox, yox, balış və yorğan hələ də divanın üstündə idi. Yəqin ki nəyisə xatırlayıb və gedib. Mətbəxə keçib özümə kiçik bir sendviç və qəhvə hazırlayıb iş masama keçdim. Bu hadisə ilə bağlı araşdırma apardım. Araşdırmanın nəticəsi isə heç ürəkaçan olmadı. Dediyim kimi, bu hadisələr ancaq kitab və filmlərdə olur. Bəs kitab və filmlərdə necə sonlanır? Xoşbəxt sonluq. Qız həmin oğlana aşiq olur və evlənirlər. Bir dəqiqə. Bəlkə də mənim üçün doğru insan… Yox, yox. Hər nəysə. Artıq o gedib.
- Hmm… Maraqlıdı.
Əlimdəki fincanla birlikdə qəfil yerimdən sıçradım. Fincan boşluqdan keçərək yerə dağıldı.
- Siz yaxşısız? Mən, deyəsən, sizi qorxutdum
- Mən sizin getdiyinizi düşünmüşdüm. Qəfil gəlişiniz məni qorxutdu. Siz? xəsarət almadınız?
- Ahh, üzr istəyirəm. Məqsədim sizi qorxutmaq deyildi. Yox, nə xəsarət. Unutduğunuz bir məqam var ki, cismim hələ də xəstəxanadadır.
- Eybi yoxdur. Sizi əvvəlki vəziyyətinizə necə qaytarmağın mümkün olduğu ilə bağlı heç bir məlumat yoxdur. Bu ancaq kitablarda və filmlərdə baş verir.
- Bəs kimliyim? Onun haqqında?
- Siz ağır yol qəzası keçirmişdiz. Yəqin ki sənədləriniz maşınızdadır. Biz maşında olan bütün sənədləri bir polisin əli ilə əldə edə bilərik.
- Maşınım? Özümü maşın sürərkən təsəvvür edə bilmirəm.
Kinayə ilə süzərək:
- Bu halda elə mən də sizi rol arxasında təsəvvür edə bilmirəm.
- Hər nəysə. Nə düşünürsüz? Bu işdə bizə kömək edəcək birini tanıyırsız?
- Düşünürəm. Biri var, ancaq kömək edəcəyinə heç güman etmirəm.
- Cəhd etməyə dəyər.
- Düzdür.
Telefon kitabçasından inspektor Kevinin nömrəsini axtarmağa başladım.
- Sizin dostunuzdur, yoxsa ?
- Bu nəyi dəyişəcək ki?
- Siz kömək edəcəyinə güman etmirdiz.
- Onun işləri çox olur, buna görə güman etmirəm.
- Başa düşdüm.
- Tapdım, zəhmət olmasa zəng boyunca səssiz olun.
- Yox, mən susaraq dayana bilmərəm, qonaq otağına keçirəm.
- Buyurun.
Qapını kilidlədim. Bəzən onun varlığını unudurdum
- Culia? Nə xoş təsadüfdür, sən hələ də nömrəmi xatırlayırsan.
- Həmçinin sən də, Kevin.
- Sənin nə vaxtsa zəng edəcəyini bilirdim, ona görə saxlayırdım. Necəsən? Yəqin ki hal-əhval tutmaq üçün zəng etməmisən.
- Bəli, sənə bir işim düşüb. Nə zaman köməyə ehtiyacım olsa edə biləcəyini demişdin. İndi də edərsən?
- Əlbəttə, buyur, məsələ nə ilə bağlıdır?
- 13 oktyabr baş vermiş qəza ilə bağlıdır.
- Hmm istəyirsən sabah ofisə gəl birlikdə müzakirə edək.
- Yaxşı, Kevin
- Hələlik Culiya
- Hələlik.
Qapını açıb qonaq otağına keçdim, Sam divanda əyləşib televiziya izləyərək dedi:
- Nə dedi? Bizə kömək edəcək?
- Bir şey demədi. Sabah gedib danışacam. Ümid edirəm ki, kömək edəcək.
- Sabah mən də səninlə gələcəyəm.- deyərək yerindən qalxdı.
- Yaxşı, ancaq Kevinin ofisində iti var. O sənin fərqinə vara bilər.
- Ah Culiya, sən hələ də məni bu halda başqa bir canlının görə biləcəyinə inanırsan ?!
- Mən sadəcə sənə xəbərdarlıq edirəm.
- Narahat olmağa dəyməz. Mənim səndən başqa bir xahişim olacaq.
- Nədir xahişin?
- Bu şəhərin ən məşhur kafe və parklarına məni apara bilərsən? Bəlkə də bu xatırlamağıma kömək edər.
- Apararam, Place du Chateau meydanı bu şəhərin ən məşhur yerlərindəndir. O sənin xatırlamağına kömək olar.
- Yaxşı, mən səni gözləyirəm. Hazırlaş gedək.
- Yaxşı
Bizim evdən yarım saat uzaqlıqda yerləşən parka piyada getməyi seçdik. Bəlkə də gördüyü hər hansı bina onun keçmişi ilə bağlı olar deyə.
- Bu da Place du Chateau meydanı. Mənim uşaqlığım burada keçib. Özümü yaxşı hiss etmədiyim zamanlarda da mən bura gəlirdim.
- Çox gözəldir.
- Həə, elədir. Bilirsən, uşaqlıqda anamgil ilə gələndə mən meydanın tam ortasında həmişə rəqs edirmişəm. Heç bir musiqi olmadan.
- Kənardan izləyənlər də səni seyr edirdi?
- Yox, ağlımı itirdiyimi düşünüb yollarına davam edirdilər.
- Hmmm, bəs indi mən sənə təklif etsəm? Düzdür rəqs bilib-bilmədiyimi də bilmirəm, ancaq yoxlamağa dəyər.
- Ətrafdakı insanlar yenə də mənim ağlımı itirdiyimi düşünəcəklər. Rəqsi bilməməyinə görə narahat olmağa dəyməz, çünki səni kimsə görməyəcək.
- Ətrafdakı insanlara fikir vermə, uşaqlığına qayıdaq. Heç olmasa bir neçə dəqiqəlik
- Buraya keçmişini xatırlamaq üçün gələn sən idin, mən yox.
- Ehh, hər nəysə.
- Yaxşı, gəl
Meydanın tam ortasında sadəcə ikimiz olduğun düşünərək rəqs etməyə başladıq. Təbii ki insanlar bu rəqsi yalnız etdiyimi düşünürdülər. İlk başda sadəcə görüb keçirdilərsə rəqs bitirəndə ətrafda nə qədər insanın bizi seyr etdiyini gördüm.
- Sən qızarırsan.
- İlk dəfədir bu qədər insanın qarşısında oynayırdım, həm də onlar tək.
- Çox gözəl rəqs edirdin, heyran qaldım
- Sən də pis deyildin. Bu qədər insan öz-özümə danışdığımı düşünərək məni dəli adlandırmadan gedək.
- Yaxşı.
Evə qədər məşhur yerləri tarixi abidələri göstərib, haqqında məlumat verirdim. Xatırlamağına kömək olacağını düşünərək, ancaq heç bir təsiri olmurdu.
- Bu gün çox gözəl gün idi.
- Çay və ya kofe?
- Heç biri.
- Ah, üzr istəyirəm. Bəzən cisminin hələ də xəstəxanada olduğun unuduram- deyib mətbəxə keçdim.
- Eybi yox. Ailədə tək uşaqsan? Bacın və ya qardaşın yoxdu?
Mətbəxdən qonaq otağına nəzər yetirib “evdəki əşyaların, ən əsas da şəkillərin yerin dəyişmək anamın ən zəhləsi getdiyi şeydir".
- Yaxşı
- Həə, ailənin tək övladı mənəm. Məndən sonra başqa övladları dünyaya gəlməyib.
- Hmm, bəs niyə tək yaşayırsan?
- Tək yaşamıram, onlar 1 həftəlik səyahətə gediblər. Mən ailə qursam onlar həmişəlik gedəcəklər.
- Bəs niyə evlənmirsən?
Sam tərəfə dönüb tərs-tərs baxdım
- Üzr istəyirəm, şəxsi bir səbəb varsa…
- Yox, mən sadəcə doğru insanın nə vaxtsa məni tapacağını düşünürəm. Bu nə qədər doğrudur, bilmirəm, ancaq inanıram.
- Heç münasibətdə olduğun biri olub?
- Həə, olub. Anam və xalamın vasitəsi ilə yığıncaqda tanış olub, münasibət qurduqlarım olub. Sabah görüşəcəyimiz inspektorla da əvvəl münasibətimiz olub. Sözün düzü, onunla masa başında başlayıb, elə həmin yerdə də sonlanıb. Mən bunu münasibət olaraq adlandırmasam da o hələ də bu cür düşünür.
- Maraqlıdı, doğru insan gəlməzsə nə edəcəksən, bəs?
- Bilmirəm, bu haqda heç düşünməmişəm. Bəlkə də doğru insan həyatımdadır, ancaq fərqinə varmıram
- Bəlkə də o mənəm.
- Nə ?
- Bu qədər yaşadığımız hadisələr səncə də normaldır?
- Deyil, belə düşünmək üçün tezdi. Biz sənin əvvəlki kimi həyatına geri dönəcəyini belə bilmirik.
- Hə, aydın oldu. Sən mənim ömür boyu ruh olaraq qalmağımdan narahatsan. Düzdür, belə halda heç bir valideyn qızının ruhla münasibət qurmasına inanmaz
- Yox, mən onu demək istəmirdim.
- Mən səni başa düşdüm, Culiya. Biraz daha gəzmək istəyirəm.
- Sam.
- Hələlik. Sabah inspektorun yanına getməmiş gələcəm
Sam getdikdən sonra oturub düşündüm. Həqiqətən də mənim üçün doğru insan o ola bilərdimi? Filmlərdə kitablardakı kimi. Bu qədər hadisə sadəcə təsadüf idi? Əgər belədisə onun əvvəlki vəziyyətinə qayıtmasına necə kömək edə bilərdim bəs? Yerimdən qalxıb iş masama keçdim. Bu hadisə ilə bağlı filmlərin demək olar bir çoxunun sonluğunu izlədim. Hər birinin sonluğu belə bitirdi. İlk öpüş, bütün həyatı dəyişməyə səbəb olacaq bir öpüş. Ya doğru insan mən olmasam? Bunu özü ilə müzakirə edərəm. Səhər oyananda saat 07.40 göstərirdi. Hazırlanıb kiçik bir sendviç ilə çay düzəldərək səhər yeməyimi yedim. 3 gündür baş verənlərə görə yemək yeməyi belə unutmuşdum. “Sam? Sən evdəsən?” Nə qədər səslənsəm də heç bir səs çıxmadı. Çox gözləyə bilməyəcəm. Taksi sifariş edib, evdən çıxanda:
- Mənsiz getməyi düşünmürdün hər halda.
- Gözlədim, ancaq gəlmədin
- Saatım olmadığına görə vaxtı tamam unutmuşam. İndi isə gedək
- Dünən gecə harda qaldın?
- Place du Chateau meydanında
- Hmm bütün gecəni?
- Hə, bilirsən, mən dünən fərqinə vardım ki, deyəsən, bu şəhərə aid deyiləm.
- Niyə?
- Taksiyə minək deyəcəm, ancaq şoferin səni ağlını itirmiş biri olaraq düşünməsini istəmirsənsə, telefonla danışırmış kimi davranarsan.
- Yaxşı.
Taksiyə mindikdən sonra telefonu götürüb danışmağa başladım.
- Hə, indi deyə bilərsən ki, sən niyə belə düşünürsən?
- Dünən şəhəri nə qədər gəzsəm də, heç bir doğmalıq hiss etmədim. Ən azından uşaqlığım və ya qəzadan əvvəlki illərlə bağlı kiçik bir şey də olsa xatırlaya bilərdim.
- Sən ağır bir qəza keçiribsən. Biz hələ ilkin fəsadı olaraq hafizəni itirdiyini düşünürük. Cismən hansı fəsadlar bizi gözləyir hələ bilmirik.
- Yeriyə bilmərəm ya yatağa məhkum olaram? Sən mənim sağalacağıma hələ də inanırsan?
- Həə, inanıram
- Dünən xəstəxanaya da getmişdim. Həkimlər başımın üstündə heyfislənirdilər.
- Onları boş ver, hər bir xəstə üçün heyfislənirlər. İlk olaraq kimliyini müəyyənləşdirək, daha sonra baxarıq.
- Yaxşı, elə olsun.
Inspektorun otağına daxil olanda sahibləndiyi iti üzərimizə hücum çəkdi. O, Samın varlığını hiss edirdi.
- Kevin, kömək et.
- Max, qızım, bura gəl. İlk dəfədir belə edir. Mən onu başqa yerə aparım gəlirəm.-dedi və getdi
- Yaxşı. Sənə dedim o səni hiss edəcək?
- Mənim deyil, sənin üzərinə hücum çəkdi, Culiya.
- Sən mənim arxamda olduğun üçün ola bilər?!
- Hər nəysə.
Kevin içəri daxil oldu.
- Necəsən, əzizim? Uzun müddətdir görüşmürük və sən hələ də eyni qalmısan, hətta görüşmədiyimiz zaman səni daha da gözəlləşdirib.
- O hələ də sənə qarşı nəsə hiss edir. Ən azından hərəkətləri bunu deyir.
- Bəsdir, xahiş edirəm, sus - deyə mızıldandım.
- Yaxşıyam, sən necəsən? Sən də hələ də əvvəlki kimisən.
- Yalan danışa bilmirsən, Culiya. Bilirəm, mən biraz daha yaşlaşmışam.
- Dünən sənə dediyimi xatırlayırsan?
- Həə, xəstən ilə bağlı?
- Aha.
- Hadisə nə vaxt baş verib demişdin?
- Bu bazar günü. 13 oktyabr
- Hə, şəhərə gələn avtomobil ilə tır toqquşub. Dəhşətli qəzadır. Maşın çox pis gündə idi. Xəstənin maşından sağ çıxması belə möcüzədir.
- Bəs, onun kimliyini müəyyən edə biləcəyimiz hər hansı vəsiqə və ya sənəd?
- Laura sənə deməyib? Biz onları xəstəxanaya göndərmişik
- Necə? Yox, o bu haqda heçnə deməyib. Çox sağ ol Kevin. İndi isə biz gedək.- deyib yerimdən qalxıb qapıya doğru getdim.
- Gedək? Mən də gəlim?
- Yox, fikrim çox dağınıqdır. Bir daha sağ ol.
Otaqdan çıxıb xəstəxanaya doğru getməyə başladıq.
- İnspektor səndən neçə yaş böyükdür? 5,7 yoxsa 10?
- 13 yaş.
- 13? Bu yaşına qədər o necə subay qalıb?
- İlk evliliyi uğursuz olub. Bura bax, sənə görə ətrafdakı insanların bir çoxu mənim dəli olduğumu düşünür. Heç olmasa xəstəxanada səssiz qalmağı bacar.
- Yaxşı, çalışaram.
Xəstəxanaya daxil olanda ilk Laura qarşıladı.
- Gələcəyini bilirdim, əzizim.
- Kevin dedi?
- Aha, tamam unutmuşam, sənə xəbər verim. Xəstənlə bağlı yeni xoş bir xəbər var.
- Kimliyi müəyyənləşib deməyəcəksən hər halda.
- Yox, əzizim. Sənin xəstən Edvard Kinqstonun həyat yoldaşı buradadır.
- Nə? Həyat yoldaşı?
- Aha, biz onu palataya köçürmüşük və yanındadı. İstəyirsən özü ilə danışa bilərsən .
- Yaxşı
- Edvard imiş adım.
- Həyat yoldaşın da varmış.
- O bəlkə də mənə nəyisə xatırladar.
- Bəlkə də.
Palataya daxil olanda Edvardın cansız bədəni və başının üstündə həyat yoldaşı dayanmışdı. Biz otağa daxil olanda yenidən ağlamağa başladı.
- Əzizim, sənsiz yaşaya bilmərəm, xahiş edirəm oyan.
- O rol oynaya bilmir.
- Düşünürsən ki, o yalan danışır?
- Elə hiss edirəm.
- Bir şey deyə bilmərəm o sənin yoldaşındır.
- Siz kiminləsiz, xanım?
- Ah, üzr istəyirəm. Bu aralar fikrim çox dağınıqdır. Yoldaşınızın burada olduğunu sizə kim dedi?
- Laura xanım. Eşidən kimi gəldim. Qəza nə zaman baş verib?
- 13 oktyabr gecəsi. Yol qəzası hadisəsidir
- Nə? O heç vaxt maşını özü sürməzdi. İşlə bağlı başqa şəhərlərə gedəndə onu şəxsi sürücüsü aparardı. Ah, bəlkə də əcəli onu gətirib.- deyib hönkürməyə başladı.
- O hələ də sağdır. Adınız necə oldu?
- Adım Stephan, Stephan Kinqston.
- Narahat olmayın, o sağalacaq- deyib otağı tərk elədim. Xəstəxananın həyətinə çıxıb, dərindən nəfəs aldım.
- Culiya, məni gözlə.
- Sam daha doğrusu Edvard? İndi sənin yoldaşının yanında olmağın daha doğru olmaz?
- O mənim ölümümlə barışıb artıq. Sən fikir vermirsən ki, onun hərəkətləri saxtadır.
- Yox, Edvard. Yəni bilmirəm.
- Onu boş ver. Sən mənə əvvəlki vəziyyətimə qayıtmaq üçün bir yolun olduğun demişdin. Həmin yol nədir?
- Filmlərin sonunda sənin aqibətində olan insanlar ilk öpüşlə oyanırlar.
- Hmm bunun üçün aşiq olmaq vacibdir?
- Hə, deyəsən.
- Axı o qadın məni görmür. Sən də aşiq deyilsən.
- Bəs sən? Sən məni sevirsən?
- Necə deyəcəyimi bilmirəm, otaqda cansız bədənimin yanında dayanan qadına qarşı bəsləmədiyim hisləri sənə qarşı hiss edirəm. İlk gündən bəri bu belədir. Sənin inadkarlığın belə mənə xoşdur.
- Edvard əgər bu gerçək olsa, sən ayıldığın zaman məni xatırlamayacaqsan. Bu yaşadıqlarımız sənin üçün yuxu olaraq qalacaq.
- Yox, mən ayılsam da, ömrümün davamını ruh olaraq qalsam da səni heç bir zaman unutmayacam, Culiya.
- Nə edəcəyimi bilmirəm. Mənə düşünmək üçün zaman ver, Edvard. Mənim tək qalmağa ehtiyacım var
- Yaxşı, mən səni Place du Chateau meydanında gözləyəcəm.
- Yaxşı, hələlik.
Xəstəxanadan təkbaşına ayrıldım. Yol boyunca düşündüm, evli biri ilə münasibət qurmağım nə qədər doğru olardı? O ayılanda məni xatırlamayacaqdı. Bəs bu qədər təsadüf? Onu təkcə mən niyə görürdüm? Bildiyim tək şey vardı ki, mən aşiq olmuşdum. Evə gedib çatanda içəridə məni yenə onun gözlədiyini düşünürdüm.
- Culiya? Evi nə günə qoymusan? Bir anlıq evə oğru girdiyini düşündüm.
- Ana, ata? Sizin gəlməyinizə hələ 2 gün var axı.
2 Gün daha gec gəlsək evin halın təsəvvür edə bilmirəm. Bizim səyahətimiz istədiyimiz kimi alınmadı və biz qayıtdıq. Elizabeth xalanla danışmısan?
- Yox, tamam ağlımdan çıxıb.
- Hə, onda mən deyim. Həmin oğlan avtomobil qəzası keçirib ona görə gələ bilməyib.
- Nə? Mən xəstəxanaya getdiyim gecə?
- Hə, deyəsən. Yoxsa sənin getdiyin xəstə o imiş?
- Hə, yəqin ki odu. Axı o …
- O nə? Çox eybəcərdi?
- Yox, ana. Bu gün onun həyat yoldaşı gəldi.
- Nə? Onlar çoxdan ayrılıb. Onun yoldaşı var-dövlətə görə onun yanındadır. Eh yazıq oğlan.
- Ola bilməz. Mən getməliyəm.
- Hara?
- Narahat olma, bu gecə evə qayıdacam.
Xəstəxanaya doğru qaçmağa başladım. Bir anlıq yerimdə dayandım. “Edvard məni meydanda gözləyəcəkdi”. Tez istiqamətimi dəyişib meydana doğru qaçmağa başladım. Meydanın hər bir tərəfin gəzsəm də Edvard burada yox idi
- Gələcəyini bilirdim.
- Edvard, sənə danışmalı olduğum gerçəklər var.
- Mənim də, Culiya. Mən hər şeyi xatırlayıram.
- Elə mən də bununla bağlı deyəcəkdim. Siz evli deyilsiz.
- Hə, o qadın şeytandır.
- Nə? O şeytan sən ruh.
- Zarafat idi? Heç xoş deyil. Sözümü kəsmədən dinlə.
- Yaxşı - deyərək mızıldandım
- O başımın üstündə danışarkən onu dinləyirdim. O mənim mülküm, var-dövlətim üçün mənimlə birlikdədir. Biz 3 ildir ki ayrıyıq. O mənim öləcəyimi düşünərək gəlib bura. Mən sənə demişdim bura aid hiss etmirəm. Doğru bilmişəm. Frankfurtdan yığıncağa görə gəlmişdim bura.
- Bilirəm, Edvard. Mənim xalam çağırıb səni bura. Bizi tanış etmək üçün.
- Nə? Ciddisən?
- Həə, ciddiyəm.
- Biz bəlkə o yığıncaqda tanış olsaq bir-birimizin həyatına bu qədər toxuna bilməzdik, Culiya. Bu qədər təsadüf boşuna deyildi.
- Təsadüflərdən doğan tək gerçək var ki, mən sənə aşiq olmuşam, Edvard.
- Bir pis xəbərim daha var.- məyuslanıb dedi.
- Nə?
- O qadın sabah mənim həyatıma son qoyacaq.
- Nə? Axı necə ola bilər? Onun səlahiyyəti çatmır.
- Culiya, mənə bax, sən dediyini elə indi burda edə bilərik. Nəticəsi hər nə olursa olsun, mən razıyam. Əgər mənim ömrüm sonlanacaqsa, səninlə olsun istəyirəm.
- Bəs ayılsan? Sən məni xatırlayacaqsan?
- Mən səni heç vaxt unutmayacam.
Ilk öpüşüm ruhla olacağını desələr inanmazdım. Edvardın ruhu öpüşlə birgə yox oldu.
- Edvard? Artıq o getdi. Görəsən indi gedim xəstəxanaya? Yox anama söz verdim, gecə evdə olmalıyam.
- Culiya?
- Hə, anacan, mənəm.
- Oğlanın yanına getmişdin?
- Həə
- Necə idi?
- Sabah biləcəyəm.
- Gecən xeyrə, qızım. İlk dəfədir ki, sən bu qədər qızarırsan.
- Sənin də gecən xeyrə.
Səhər oyanan kimi tez geyinib xəstəxanaya doğru getdim. Məni hər iki hadisəyə özümü hazırlamışdım. İçimdə qəribə bir həyəcan vardı. Laura xəstəxananın girişində məni gözləyirdi.
- Sənə xəbərlərim var, əzizim. Xəstən ayıldı. Dünən onun yoldaşı onun belə yaşamağın istəmədiyi üçün bizə həyatına son qoymağımızı xahiş etdi. Səhər yanına getdikdə xəstə oyanmışdı.
- Bəs yoldaşı? O buna sevindi?
- Əksinə, o deyinərək çıxıb getdi.
- Edvard oyaqdı? Mən onu görmək istəyirəm
- Hə, həmin palatadı.
Palatanın qarşısında dayanıb onu izləyirdim. Cəsarət edib içəri daxil ola bilmirdim. Onun məni tanımayacağını bilirdim. Bəlkə də tam əksinə.
- Salam, girmək olar?
- Buyurun, siz həkimsiz? Mənə nə olub? Mən niyə buradayam?
- Bəli, həkiməm. Siz ağır yol qəzası keçirmisiz. 3 gündən çoxdur ki, biz sizi xəstəxanamızda qonaq edirik. Özünüzü necə hiss edirsiz?
- Biraz başım ağrıyır. Simanız mənə çox tanışdır. Biz sanki nə vaxtsa rastlaşmışıq, ancaq xatırlaya bilmirəm.
- Icazə verirsizsə, mən hər şeyi sizə olduğu kimi izah etmək istəyirəm. Bu nə qədər reallığa uyğun olmasa da belədir.
- Buyurun, sizi dinləyirəm.

# 1732 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
#
#
# # #