Son üç saat: məhkəmə başlayır, hökm yaxınlaşır - Xəzər Əlizadə

Xəzər Əlizadə

Xəzər Əlizadə

14 dekabr 2022
# 14:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Xəzər Əlizadənin "Son üç saat: məhkəmə başlayır, hökm yaxınlaşır" hekayəsini təqdim edir.

Bir azdan kilsələrdə zənglər kəsiləcək, məscidlərdə azan yarımçıq dayandırılacaq...

* * *

Gülləri solur yavaş-yavaş bu fəslin də. Çiçəkləri tökülür, son nəfəsini dərir torpaqdan Bahar. Ölmək üzrədir, ancaq gözü yolda qalıb, sevdiyi axırıncı çiçəyi öpüb vidalaşmaq istəyir bizimlə. “Vaxtdır” deyir, səhifələri saralmış köhnə gündəliyindən özünə “Padre” yaradıb, tökür etiraflarını bir-bir kağızın sinəsinə. İşlətdiyi günahların hesabını ödəyir cibində qalan qəpik-quruşla və başlayır sonuncu dualarını oxumağa. Düşünür ki, Tanrını görsəydi, anlayardı, bağışlayardı onu, bu qızmar havada qoymazdı bir az da isinsin bəxtinə düşən cəhənnəm. Ya da rüşvət verib uzaqlaşardı buralardan, bir daha qayıtmazdı sevgilisinin qapısına.

Son səhifələrini yazır gündəliyinin indi, bir azdan cırıb atacaq hamısını. İnanmır “Padre”sinə o, gizlədir sirlərini. Qorxur ki, ifşa olunar və cəhənnəmdə də olsa, tapıb qisasını alacaqlar bütün cinayətlərinin. Çünki, vaxt yetişib, müttəhimlər tam heyətlə kürsüyə qalxıb. İstintaqlar başa çatıb, bütün cinayətlərin məhkəməsi başlayıb. Edam kürsüləri də qurulub, sonuncu peyğəmbərin gəlişini gözləyirlər. Növbəyə düzülüb hər kəs ən ali məhkəmənin həyətində. Burada da işbazlar var amma, fırıldaqçılar sıralarını pulsuz satırlar cəhənnəmə tələsənlərə.
Havadan cəsarət qoxusu gəlir. Nə qədər ört-basdır etsək də, gizlətdiyimiz sirlər günahlarımızdan başqa bir şey deyil və tezliklə hamısının üstü açılacaq. Maskalar sıra ilə ayaqlar altına düşəcək. Günəş bütün infeksiyaları məhv edəcək. Bir azdan kilsələrdə zənglər dayandırlacaq, məscidlərdə azan yarımçıq kəsilib, ədalətin bərqərar olunduğu deyiləcək.

İndi məhkəmənin həyətində ön sıralarda kasıblar oturub hakimlərin hökmünü gözləyirlər. Elə ən birinci onlar ifşa olunacaqlar. Dünəndən kafe restoranlar da bayram etməyə başlayıb, varlılara yeməklər, kasıblara isə içkilər pulsuz paylanır. Konsert zalları da ağzına kimi dolub, ən bahalı müğənnilər ən kasıb gəncləri tapıb özlərinə bir günlük aşiq seçirlər. Fahişələr də bu günlərdə ailə qurub, övlad həsrəti ilə bal ayına hazırlaşırlar.
Yox, bu fəsil o fəsildən deyil. İqlim də dəyişməyib heç, havalar da bir il əvvəlki kimidir. Bir az Xəzri son günlər şıltaqlıq edir, ancaq onun da barıtı bir atımlıqdır. Şəhər ən xürrəm günlərini yaşayır. Gündüzlər ədalət məhkəməsində növbəsi çatmayanlar axşamlar kafelərə axışırlar. Küçələr sərxoşlarla dolub, heç kim əyyaşlığına görə qınanmır. Qəzetləri “Qiyamət” başlıqlı köşələr doldursa da, oxucusuz qalıb. Nəşriyyatlar bütün kitabları yandırır, cəfəngiyatlarla dolu romanlar əhalidən yığılıb dənizə tökülür.

Budur, Bahar da canını tapşırdı “Padre”nin qollarında. İmtahanlar başlayır, demək. Cəmi üç saatımız qalıb. Suallar bəllidir, elə cavablar da. Amma bu sınaqdan hər kəs kəsiləcək. Qonşu dəftərindən köçürənlər isə vaxtından əvvəl qovulacaq dünyadan. Bir azdan sonuncu doğulan qız uşağının da əlinə qələm verib imtahan zalına atacaqlar. İlk boynu vurulan yenə kasıblar olacaq. Bir vaxtlar şahlıq kürsüsündən kütlələrə meydan oxuyanlar da çox gözləməyəcəklər. Edam kürsüsündən boylanmaq üçün onların da sırası çatacaq. Ancaq…

Ancaq “sonuncu peyğəmbər” gəlib çıxmayacaq.

# 1205 dəfə oxunub

Oxşar xəbərlər

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

Açıq kosmos - yer əhvalatı - Sənan İsmayılov

17:00 18 aprel 2024
İb və onun əri - Orxan İsmayılın hekayəsi

İb və onun əri - Orxan İsmayılın hekayəsi

09:00 17 aprel 2024
Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

16:00 9 aprel 2024
#
#
# # #