Sarı bənizli Bənövşə… - Xumar Quliyeva

Sarı bənizli Bənövşə… - Xumar Quliyeva
13 dekabr 2021
# 10:38

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Xumar Quliyevanın “Sarı bənizli Bənövşə” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

27 dekabr… Saat 15:30... Şaxta adamın iliyinə işləyirdi. Bayırda insanlar yolu açmaq üçün qarı təmizləyirdilər. Bənövşə xəstəxananın divanında səssizcə oturub həkimin gəlməsini gözləyirdi. Ağlına ata-anası ilə yaşadığı gözəl xatirələr, uşaqlıq illəri, nə olursa olsun “of” belə demədən hər əzaba qatlaşdığı günlər gəlirdi. Məgər dünya bu qədər mi fanidir? Onun ki kimsəyə bir ziyanı dəyməmişdi... Tale onu niyə belə sınağa çəkirdi o zaman? Eh, həyat... Həyat... Ağlından bu fikirləri keçirdikcə gözləri dolur, ürəyi titrəyirdi. Çiyinlərində sanki ağır bir yük varmış kimi nəfəs ala bilmirdi... Bu zaman qəflətən həkim köməkçisi ona yaxınlaşdı. Onun incə və mülayim səsi Bənövşəni xəyallar aləmindən ayırdı... O ehmalca:

- Xanım, siz yaxşısız?

O özünü toparlayıb gülümsünərək:

- Aha, yaxşıyam – dedi.

- Elə isə gəlin həkimi daha çox gözlətməyək...

Bənövşə çantasını götürüb əlləri əsə-əsə həkimin otağına daxil oldu. Həkim bənövşəyə baxıb bir şeylər olduğunu hiss etdi. Köməkçi otağı tərk etdi.

- Buyur, Bənövşə, otur - deyə həkim ona mülayimcəsinə dedi.

O keçib oturdu. Həkim sözə başladı:

- Bu gün özünü necə hiss edirsən?

Başını aşağı salıb dilləndi:

- Həkim, mən.. mən bilirəm çox pis bir şey etmişəm. Amma bunu sizə deməliyəm.

Həkim gülümsünərək Bənövşəyə baxdı və sanki cümləsini tamamlamağını gözləyirmiş kimi başını yellədi. O qolunu açıb həkimə göstərdi. Həkim təəccüb içində Bənövşəyə:

- Sən.. sən bunu necə etmisən..?

- Mən insanlara zərər verməkdən qorxuram.. Qorxuram o həddə çatım ki...

Bənövşənin çox acı həyat hekayəsi var idi. Uşaq yaşlarından anası və atası ölmüş, xalası və dayısının himayəsində qalmışdı. Xalasının isə ona etmədiyi zülm, işgəncə qalmamışdı... Hər gün xalası onu döyür, işlədir, yemək belə vermirdi. Axşam dayısı evə gələndə onu söyər, atası və anası haqqında ağıla belə gətirə bilməyəcək fikirlər söyləyərdi. Balaca Bənövşə isə bütün bunlara dözə bilməyib ağlayırdı. Hətta bir dəfə stəkanı sındırdığı üçün xalası ona əllərini masanın üstünə qoyub gözlərini yummağı tələb etmişdi. Bənövşə isə qorxudan nə edəcəyini bilməyib xalasının dediyinə əməl etmişdi və əllərini bıçaqla yandırmışdı. İnsan necə bu qədər vəhşi və amansız ola bilər axı..? Balaca bir uşaqdan nə istəyirdilər? Bənövşənin 18 yaşı tamam olanda o hər kəsdən xəbərsiz evdən gizlicə çıxmış və bir daha evə qayıtmamışdı. İş tapıb işləmiş, aradan bir müddət keçdikdən sonra evlənmişdi. Evləndikdən sonra bir qız övladı dünyaya gəlmişdi. O ana olma hissini ömrünün ən gözəl günləri kimi təsvir edirdi. Lakin çox keçməmiş tale yenə Bənövşənin üzünə qapıları qapatmışdı. Həyat yoldaşı vətən müharibəsində şəhidlik zirvəsinə ucalmışdı. İndi onun tək yaşama səbəbi qızı idi. Ancaq xatirələri ona yaşamağa icazə vermir, onu rahat buraxmırdı. Bu gündə o özünə zərər vermişdi. Qoluna qaynar su tökmüşdü. Və təbii ki də dərisi tanınmaz hala düşmüşdü.. Bu günlər ərzində də o psixoloqa müraciət etmiş, bəlkə psixoloqun onun dərdinə dərman olacağına ümid bağlamışdı...

Həkim gözlərini Bənövşəyə dikərək qətiyyətlə dedi:

- Sənin geridə qoyduğun bir qızın var. Unutma ki, sən özünə xətər yetirməklə onun da həyatını puç edirsən.. Çəkdiyin bu qədər əzablardan sonra xoşbəxt olmaq sənin haqqındır. Yaşadığın acı həyatın o bağlı qapılarının ardındakı sevinci tapmaq sənin xoşbəxtliyindir. Cəhd et, Bənövşə.. İnsan bu qədər mi zəif canlıdır? Həyat söz oyunudur, sözləri taparsan, taparsan, amma hər zaman müəyyən bir yerində çaşarsan, tapa bilməzsən. Problemlər də gəlib keçicidir. Bir baxarsan var olarlar.. Bir də baxarsan yoxdurlar. Önəmli olan sənin problemlərə necə baxmağındır. Soyuqqanlı ya da qorxarcasına.. O pis fikirlərin sənin ömrünü puç etməsinə icazə vermə... Qoyma ki, onlar səni idarə etsin. Özünü ələ al. Özün yaşamaq istəmirsənsə, qızın üçün yaşa. Yaşa ki, xoşbəxt olasan... Xoşbəxt ol ki, həyatdan zövq alasan..

Bənövşə solğun bənizini həkimə tutub hönkür-hönkür ağladı:

- Həkim, mən yaşaya bilmirəm. Başa düşürsüz artıq dözə bilmirəm.. O gözyaşlarını saxlaya bilmir, hıçqıraraq ağlayır, ağlayır, dayanmırdı. Həkim yerindən durub Bənövşənin əllərini sıxdı, o da kövrəlmişdi.. Onun qulağına sadəcə bu sözü pıçıldadı:

- Sən hər şeyi başa düşəcəksən...

Bu zaman həkimin köməkçisi qapını döydü. Onlar özlərini toparlayıb ayağa qalxdılar. Həkim qapını açdı:

- Xəstəniz sizi gözləyir, həkim. Çağırım?

Həkim nəsə deyib qapını örtdü. Vərəqdə sadəcə bir dərmanın adını yazıb Bənövşəyə uzatdı və dedi:

- Bunu elə bu gün al və iç. Sənə kömək edəcək.

O kağızı alıb həkimə baxdı və otaqdan çıxdı.. Ayaqları onu bu dəfə başqa bir yerə aparırdı.. Xəstəxanadan çıxıb ayaqlarını qarın üzərinə qoydu. Qışda qar yağarkən ayaqlarını qarın üzərinə qoyanda yaranan səs həmişə onun xoşuna gələrdi. Mərhum həyat yoldaşı ilə qar yağanda gəzərlərdi. Bənövşəyə çoxlu gülməli əhvalat danışar, onu xeyli güldürərdi. Gülmək ona necə də yaraşardı.. Bənövşə bir az getmişdi ki, birdən həyat yoldaşını gördü. Diqqətlə baxdıqdan sonra qaçmağa başladı. Qaçarkən qarın üzərinə yıxıldı. Ayağa qalxıb qaçdı.. Ona yaxınlaşdı və bərk-bərk qucaqladı. Bu zaman yad bir səs onun qulağına pıçıldadı:

- Xanım, siz kimsiz? Nə edirsiz..?

O bu səsi eşidəndə diksindi. Tez kənara çəkildi. Yanılmışdı.. Bu kişi onun həyat yoldaşı deyildi.. O üzr istəyib həyat yoldaşı ilə səhv saldığını bildirdi. İti addımlarla oradan uzaqlaşdı. Aradan 1 saat keçdikdən sonra özünü məzarlıqda tapdı. Dərin baxışlarla məzarlara baxdı və öz-özünə:

- Hər kəsin yeri buradır-deyə pıçıldadı.

Anasının qəbrinə gəlib çantasından ona uşaqkən hədiyyə etdiyi saç bantını çıxardı. Bantı sığallayaraq torpağın üzərinə qoydu:

- Anacan.. Sən məni niyə atıb getdin? Axı.. axı sən mənə söz vermişdin.. Məni heç zaman tək buraxmayacaqdın.. Hər zaman yanımda olacaqdın.. Bəs niyə? Niyə getdin, hə? Başıma gələnləri bir bilsən.. Bir bilsən.. Məzar daşını öpdü, öpdü, torpağı ovuclarında sıxdı. Və cibinə tökdü..

Ağladı, ağladı, danışdı... Öz-özünə şeir belə dedi:

- Bu vaxtsız sevginin əcəli yetdi...

- Bu idi qismətimiz ya tez, ya da gec...

Ayağa qalxıb atasının məzarına gəldi, ondan da bir ovuc torpaq götürüb digər cibinə tökdü. Evə qayıdıb yolüstü həkimin yazdığı dərmanı aldı. Çox yorulmuşdu, taqəti belə yox idi. Evə çatanda qızı üstünə atılıb onu qucaqladı:

- Ana, bu gün müəllimim mənə “5” yazdı. Görürsən? Bax...

Bənövşə qızının ovcunun içinə baxdı.. Sanki həmin an bütün dərdlərini unutdu. Qızının saçını sığallayıb afərin dedi. Özü isə əynini dəyişməyib mətbəxə keçdi. Su götürdü. Aldığı dərmanları çıxardı. O başqa dərmanlarda almışdı.. İlahi.. O nə edirdi? Yoxsa..? Titrəyən əlləri ilə dərmanı içdi.. Öz-özünə mızıldanaraq mahnı oxumağa başladı. Sonra isə bərkdən güldü.. Çarpayıda uzandı. Hava soyuq idi. Əllərini bir-birinə sıxıb gözlərini pəncərəyə dikdi. 5 dəqiqə sonra gözləri artıq yumulmağa başladı. Onun son sözləri:

- Əl..vi..da..! - oldu.

Gözlərini açanda o başqa bir yerdə idi... Bura hara idi belə..? Sualdolu baxışlarla ətrafına baxdı. Bu zaman qoca bir kişi onun yanına gələrək:

- Axır ki gəlib çıxdın.. Səni uzun zamandır gözləyirdim...

Bənövşə ətrafına baxaraq:

- Axı mən.. Mən burda olmamalı idim..

- Sən artıq bizimləsən. Bu sənin öz seçimindir. - deyə qoca irəliləməyə başladı.

Bənövşə də onun ardınca addımladı. Birdən onun qarşısına xalası və dayısı çıxdı. O geri çəkilərək qocaya:

- Bunların burada nə işi var? Mən onları görmək istəmirəm... - dedi.

Onların üzü tanınmaz hala düşmüşdü. Sanki kimsə onlara işgəncə vermişdi. Qoca:

- Onlar sənə heçnə edə bilməzlər. Özləri öz cəzalarını çəkiblər. Üzlərinə bir bax.. Cəhənnəm atəşi nə hala salıb onları...

Bənövşə heyrət içində onlara yaxınlaşdı. Əlini uzadıb toxunmağa cəhd etdi. Ancaq tez geri çəkdi. Qoca yenə sözə başladı:

- Görürsən, qızım, onlar etdikləri əməllərin hesabını layiqincə çəkirlər. İndi onların bu haldan necə çıxmaq haqqında düşüncələrindən başqa heçnələri yoxdu... Qoca torpağın üzərində oturub:

- Ölüm kimisi üçün qorxu evi, kimisi üçün isə xilasedici qapının açarıdır. Hər kəs bu dünyadan köçəcəkdir, hə, qızım.. -deyərək Bənövşənin üzünə baxdı. Bənövşə birdən məzarlıqda dediyi sözü xatırladı. Susqun baxışlarla irəli addımladı. Bu zaman bayaq məzarlıqdan götürüb cibinə tökdüyü məzar torpaqları qarşısında dayanıb bir qabın içinə qoyulmuşdu. O əlini cibinə salıb onların orda olub-olmadığını yoxladı.. Təəccüblü idi.. Onlar oradan necə yoxa çıxmışdı..? İrəli gəlib qablara toxundu. Bu zaman kimsə əlini Bənövşənin çiyninə qoydu. O cəld geri çevrildi. Bu.. bu onun anası idi.. Hər ikisi bir-birini bərk-bərk qucaqladı. Anası Bənövşənin saçını oxşayıb gülümsünərək:

- Sən sağalacaqsan, mənim gözəl qızım.. Çəkdiyin bütün əziyyətlərin qarşılığını görəcəksən...

Bənövşə anasına:

- Ana, onların mənə etdiklərini bir bilsən...

- Hamısını bilirəm, qızım... Hamısını...

Bənövşə anasına bir daha sarıldı.. Anası onun qulağına:

- Sən qayıtmalısan... Qayıt, qızım... - deyərək yox oldu.

Bənövşə ətrafına baxdı. Qocanın yanına qayıdıb:

- Bəs atam, yoldaşım?- deyə sual verdi.

Qoca ayağa qalxaraq:

- Onlar burada yoxdu... - dedi.

Sonra sözünə davam edib:

- Getmək vaxtıdır-dedi

Bənövşə artıq hər şeyi başa düşmüşdü. Olub keçənlər geridə qalmışdı, qarşıya baxmaq zamanı idi. Qızının boynunu qucaqlaması ilə yuxudan ayıldı. Gördüklərinin təsiri altında idi. Bu gerçək həyat idi, doğurdan da?

Qızı pıçıltı ilə:

- Ana, dərslərimə kömək edərsən?- dedi.

Müəllifin sözləri: İnsan bu həyata necə ayaq basırsa ömrünün sonuna qədər elə də gedir... Çalışın heç zaman adi bir problem üçün ürəyinizi sıxmayın... Çünki onlar vaxtı gələcək keçib gedəcək, amma sizin yaşadıqlarınız həyatınızın ən ağır tramvası kimi ömrünüzün sonuna qədər yaddaşınızda qalacaq. Həyat elə bir oyundur ki, heç də hər zaman hər şey yolunda getməyə bilər. Məqsədləriniz həyatınızın axışına uyğun gəlməyə, sizi məmnun etməyə bilər. Önəmli olan bu çətinlikləri asanlıqla dəf edib, həyata dik və məğrur baxmağınızdır. Çünki bu həyat yaşadıb və yaşanıldıqca gözəldir...

# 3704 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
# # #