Samirə Əşrəf: "Onlardan yazsam, bütün həyatım məhv olar" - Müsahibə

Samirə Əşrəf, yazıçı

Samirə Əşrəf, yazıçı

19 iyul 2022
# 15:00

Kulis.az yazıçı Samirə Əşrəfin müsahibəsini təqdim edir.

– Samirə, təbrik edirəm. Kitab təqdimatına gələ bilmədim deyə burdan, sayt vasitəsilə təbrik edirəm.

– Çox sağ ol, Ağa, əsas odur ki, gəlmək istəyirdin. Təqdimat iş gününə və iş saatlarına düşdüyü üçün bir çox dostlar, tanışlar gələ bilmədi.

– Samirə, necə düşünürsən, iş saatları ilə bağlı bəhanə istisna, insanlar niyə kitab təqdimatlarına gələ bilmirlər? Bəlkə gəlirlər, mən görmürəm?

– Mənə elə gəlir ki, bizdə kitab təqdimatı mədəniyyəti, ümumiyyətlə, olmayıb. Biz kitab təqdimatlarını son on beş, iyirmi ildə özümüz məcburiyyətdən yaratmalı olduq. Çünki yeni nəsil, yəni 2000-lərdən üzü bəri gələn şair və yazıçıların ard-arda şeir, hekayə və roman kitabları çap olundu. Bunlar necə və nə cürsə təqdim olunmalıydı. Biz də belə deyim, məcburiyyətdən, özümüz də bilmədən bu təqdimatları yaratdıq, həm də ədəbi mühiti formlaşdırdıq. İlk təqdimatlar səhv etmirəmsə, "Ali və Nino” mağazasının qarşısında, havalar soyuq olanda isə onun zirzəmisində keçirilməyə başladı. Sonradan da belə genişləndi. Seymur, Baycanın, Mirmehdi Ağaoğlunun, Rasim Qaracanın kitab təqdimatlarına qaça-qaça getdiyimiz günləri xatırlayıram. Amma bütün hallarda biz bir ovuc ədəbiyyat adamı istədiyimiz oxucu kütləsini yarada bilmədik. Təqdimatlar əmələ gəldi, amma ora gələn oxucularımız yaranmadı. İndi kimsə ayağa qalxıb deyə bilər ki, Samirə səhv deyir. Mənim yüzlərlə, minlərlə oxucum var, təqdimatlarıma da gəlirlər, amma sən də, mən də yaxşı bilirik ki, bu belə deyil. Bizim təqdimatlarımıza ancaq elə biz özümüz, bir ovuc ədəbiyyat adamı gedirik. Biz öz yağımızda belə qovrula bilmirik. Amma bir-birimizə də dəstək olmağa çalışırıq. Bu da az iş deyil.

Kitab təqdimatına adamlar ona görə gəlmirlər ki, onlar kitab oxumurlar. Kitab oxumayan adam niyə kitab təqdimatına gəlsin? Və yaxud da kimi oxuyurlarsa, onun kitabını almaq üçün gedirlər. Bu bizim hamımızın yaralı yeridir. Ona görə də danışsam, mövzu uzanacaq, söhbətin əl-ayağını sənli-mənli bir yerə yığa bilməyəcəyik. Amma qısaca bunu belə xətm edim ki, nə qədər bizim cəmiyyətdə "kitab oxuyan var” sualları verilirsə, kitab oxuyan adamlara normal yanaşmırlarsa, onların mütaliəsini boş və mənasız iş hesab edirlərsə və nəhayət kitab oxuyan insanlara dəli, havalı adam yanaşması varsa, kitablarımız min tirajı keçməyəcək, təqdimatlarımıza da gələnlər istədiyimiz sayda olmayacaq.

– Kitabın adı – "Mənim üçün qızılgül" Folknerin "Emili üçün qızılgül" hekayəsini xatırlatdı. Müsahibələribdən birində oxudum "Emili üçün qızılgül" sənin üçün xatirəsi olan əsərdir, hiss olunur ki, vaxtilə səni çox təsirləndirib.

– Bu hekayənin ilk dəfə oxuyanda 19 yaşım vardı. O zaman heç bilmirdim Folkner kimdir. "Ədalət” qəzetində işləyirdim. Zahir Əzəmət tez-tez ora gəlirdi. Bir dəfə qoltuğunda üzərində qızılgül olan kitab gördüm. Soruşdum, dedi, Folknerin kitabıdır. Sonra kitabı oxumaq üçün mənə verdi. "Emili üçün qızılgül” hekayəsi də həmin kitabda vardı. Oxudum, çox təsirləndim. Folknerin nəsrini çox sevirəm. Onun əsərlərində verdiyi bəşəri mesajları rahatlıqla hiss edib, tuta bilirəm. Dünyanın o başından, ötən əsrin əvvəllərində yazdıqları inanılmaz doğmalıqla mənə gəlib çatır. Bu əsər isə başdan-ayağa iztirabdır, qadın ağrısıdır. Faniliklə əlbəyaxa olmaqdır. Amma öz hekayəmin adını "Qızılgüllər” qoymuşdum. Atamla bağlı məqamlar o hekayədə dərin olduğundan çox sevirdim bu hekayəmi. Sonradan Şərif hekayəni kulisdə yayımlayanda redaktə etdi. Təklif elədi ki, adını "Mənim üçün qızılgül” qoyaq. Çünki bu Folknerin əsəri ilə də səsləşəcək. Mən də razılaşdım.

– Ayxan Ayvaz səndən müsahibə götürəndə xeyli tənqidi fikirlər səsləndirmişdi. Bəs kitabını oxuyan başqa şəxslərin reaksiyası necə olub, bəyəniblərmi?

– Doğrusu, Ayxanın mənimlə müsahibəsindən sonra ədəbiyyatı və mühiti xeyli yaxşı bilən bir neçə nəfər Ayxanın mənə çox iynəli, acı suallar verdiyini, məni bir növ sıxışdırığını dedilər. Amma mən çox realist adamam. Baş verən hər şeyi labüdlük kimi qəbul edirəm. Ayxanı da uzun illərdir tanıyıram. Ola bilsin, məndən ədəbiyyat adına gözləntiləri çoxdur, ona görə kitabdan, hekayələrimdən ala bilmədiyi cavabı şəxsən özümdən almaq istəyib. Mən də həmin müsahibədə, belə deyim də, dizimi yerə vurmamışam, nə sual vermişdisə, hamısını mərd-mərdanə cavablandırdım. Ayxan özü də bilir, ordan cəmi bir sualı çıxartmışam. Onu da özünə izah etdim ki, düşmənlərimin əlinə material vermə (gülür).

Kitabımı oxuyan və maraqlı fikir bildirən insanlar var. Filologiya elmləri doktoru, tənqidçi Elnarə Akimova "Ədəbiyyat qəzeti”ndə ""Mənim üçün qızılgül” – Tale mətnləri, yaxud ədəbiyyatla həyat arasında” adlı yazı ilə çıxış etdi. Elnarə xanımın bu yazısı mənim üçün çox böyük stimul oldu. Çünki bu, artıq peşəkar tənqidçi və ədəbiyyat, elm adamının çıxışı idi. Elnarə xanıma qədər professor Cavanşir Yusifli də bilirsən ki, mənim hekayələrim haqqında üç yazı yazmışdı. Həmçinin kitabımın redaktoru və ön sözün müəllifi oldu. Hər iki insana sizin vasitənizlə təşəkkür edirəm. Bundan başqa həmkarım Cavid Ramazanlı kitabımı oxuyub fikirlərini bildirdi. Cavidin çox incə, özünə məxsus üslubu və düşüncə tərzi var. O, mənimlə danışanda, bir neçə dəfə hekayələrimi oxuyandan sonra onda yaranan müsbət təəccübünü də gizlətmədi. Azərbyacan ədəbiyyatında mənim kimi yazan qadın yazıçıların az olduğundan təəssüfləndi. Bundan başqa, aparıcı Elçin Əlibəyli kitabım haqqında efir vasitəsi ilə çox gözəl fikirlər səsləndirdi. Psixoloq Günay İbrahimli kitabımı oxuyandan sonra çox mütəəssir olmuşdu. Biz qərara gəldik ki, onunla birgə bir sıra layihələr də həyata keçirək. Yəni kitaba münasibət maraqlı və ürəkaçandır.

– Mənə elə gəlir ki, əsərdə olan boşluqları, çatışmazlıqları müəllifdən daha çox bilən olmur. Bu baxımdan istəyirəm, səmimi şəkildə deyəsən, özün bəyəndinmi ilk kitabını?

– Bəyəndim. Mənim kimi on ildən çoxdur mühitdə olan, yazan-pozan biri üçün normal, maraqlı kitabdır. Kitabdakı hekayələrin hamısı çap olunub, yeni heç nə yox idi. Amma yazıçı kimi ortada kitabım yox idi. Həm də bu hekayələr mənim üzərimdə çox ağır bir yük idi. Onların altından heç cür çıxa bilmirdim. Yazıçı üçün bir mərhələ var ki, onu keçə bilmirdim. Kitab çap olunandan sonra qəti şəkildə qərara gəldim ki, hekayə yazmaq dövrü artıq mənim üçün bitir. Ola bilər zaman-zaman yenə hekayə janrına qayıdım. Amma davamlı olaraq hekayə yazacağıma inanmıram. Artıq bu kitabla yeni bir mərhələyə istədiyim mənəvi keçidi edə bildim. Kitabdakı hekayələr həm də Qarabağ müahribəsinin insanların həyatında, taleyində yaratdığı fəsadlarını əks etdirdiyi üçün mənə görə tarixin müəyyən bir yerində bu kitab da olmalıdır. Amma hekayələrin bəziləri dediyim ki, beş-on il əvvəl yazılıb. Ciddi şəkildə oturub onları saf-çürük etməli idim. Sadəcə dediyim kimi, üzərimdə ağır bir yük olduğundan o hekayələrə yenidən qayıtmaq istəmədim.

– Biz, demək olar ki, yaşıdıq. Mən Mehdiabadda böyüsəm də, 92-93 illər mənim üçün böyük travmadır. Onda 12-13 yaşım vardı. Siz isə o dövrdə Cəbrayıldan öz yurd-yuvanızdan qaçqın düşdünüz. Belə demək olarmı ki, o dövrdə yaşadıqların sənin yazmağının, yazıçı olmağının əsas səbəbidir.

– Açığı, bu barədə bir neçə dəfə mən də fikirləşmişəm ki, rayon işğal olunmasaydı, mən yazıçı olardımmı? Bilmirəm. Cəbrayılı nə qədər çox sevsəm də, ora bağlı olsam da, o məkan, o yerlər indi mənim üçün çox uzaq keçmişdir. Aradan otuz il keçib. Mən ordan son dəfə çıxanda, on üç yaşım vardı. İndi gedəndə isə 40 yaş. Bu çox dəhşətli bir taledir. Bəlkə də kənardan kiməsə asan gələ bilər. Amma bu faktın özü artıq yazıçı, yaradıcı adam taleyidir. İnanmıram ki, dünya tarixində işğaldan azad olunan torpağına otuz ildən sonra qayıdan yazıçı, şair olsun. Ümumiyyətlə, otuz il müddətində öz uşaqlığından, keçmişindən uzaq düşmək ağrılı prosesdir.

Rayonda yaşasaydım, yəqin ki, musiqi müəllimi olardım, ya orta məktəb müəllimi. Çünki pianinoya gedirdim. Nümunəvi, ziyalı ailə idik. Atam müəllim, anam müsahib işləyirdi. Və çox güman ki, 19-20 yaşımda ailə qurardım. Yəni sakit, mütəvazi bir həyat tərzi sürərdim. Yaşadıqlarım, ailəmin, özümün keçdiyim əziyyətli həyat tərzi, valideynlərimin bizim üçün etdikləri, çəkdikləri zəhmətlər bu gün də gözlərimin qarşısındadı. Bütün bunları yaşayan adam necə və nə cürsə, yazıçı olmalıydı. Bir dəfə Şərif Ağayar mənim "Müəllimin ölümü” hekayəmi oxuyanda, belə bir mesaj yazmışdı. "Yazdıqların və yaşadıqların səni ya öldürər, ya da harasa aparıb çıxarar. Mən sənə ikinci yolu arzu edirəm”.

Hərdən düşünürəm ki, bu qədər çox oxumaq, filmlərə baxmaq lazım deyildi. Çünki yaşadıqlarımla, oxuduqlarım sanki üst-üstə düşürdü və məni yazmağa məcbur edirdi. Ona görə də mənim taleyimdə kədərli də olsa, etiraf edim ki, qaçqınçılığın rolu oldu.

– Azərbaycanda xanım yazıçılara birmənalı münasibət yoxdur, hətta məşhur bir kişi yazıçımız bir xanım yazıçını nəzərdə tutaraq demişdi ki, getsin bozbaşını bişirsin. Və təəssüf ki, bu cür münasibət təxminən ümumidir. Niyə belə münasibət var qadın yazıçılara.

– Keçmiş dövrü bilmirəm. İndi bizim ədəbi mühitdə sanki qadın yazıçıları görməzdən gəlirlər. Onsuz da iki cüt, bir tək qadın yazar var, onların adını da ört-basdır etmək xoş deyil. Bir də görürsən ki, kimsə sorğu keçirir və yaxud da sosial şəbəkədə hansısa trendi başladır. Baxıram ki, hamısı ucdantutma kişi imzalar. Elə davranırlar ki, sanki Azərbaycanda qadın imzalar yoxdur. Elə deyil axı. Son iyirmi ildə nə qədər qadın şair, yazıçı yetişdi. Pis, yaxşı onlar var. Mən kişilərin gücünü heç bir müstəvidə danmıram. Ancaq qadınsız həyat çox maraqsızdır, inan. Ədəbiyyatda da bu faktor var. Gəlin, ədəbiyyatımızdan, konkret 60-cı illər ədəbiyyatından Afaq Məsudun imzasını və əsərlərini çıxaraq. Görün nə baş verəcək. Tamamilə boz, rəngsiz bir mərhələ olacaq. Afaq Məsudun hekayələrinə bax, gör orda nələr var. Hətta hərdən mən Afaq Məsudun qadın olmasından şübhələnirəm. Ümumiyyətlə, bir məsələni də etiraf edim. Əgər bir qadın yaradıcıdırsa, artıq onun kişi gücündə hesab etmək olar. Mən bunu bir neçə il əvvəl "Sergey” romanını yazanda hiss etdim. Hekayə, roman yazmaq həm də adamdan fiziki güc, ən azından beş dəqiqədən bir siqaret çəkmək tələb edir. İnan ki, bu belədir. Bəlkə də ona görə yaradıcılıq məişətdən, məişət problemlərindən arınmış kişilərin missiyasıdır. Əgər bir qadın əlinin xəmiri ilə bu işə girişirsə, deməli, onun gücünü görməzdən gəlmək olmaz. Qadın hisslərini vermək üçün mütləq qadın olmaq lazım deyil. Amma elə hisslər var ki, bunu ancaq qadınlar yaşayır, qadınlar duyur və anlayır. Misalçün abort hissini, bətnindəki övladı itirməyin əzabını hansı kişi yaşaya və bunu ədəbiyyata gətirə bilər? Etsə belə, qadının edə biləcəyi qədər qüvvətli, vurucu ola bilməz. Heminqueyin bir hekayəsi var, təəssüf ki, adını unutmuşam. Bu hekayədə o, qəhrəmanı vasitəsi ilə sancı çəkən qadınını izləyən kişinin iztirablarını verir. Hekayədə Heminqueyin yazıçı kimi qadın ağrılarını verməyə cəhd etməsi açıq aydın sezilir. Amma bu istək o qədər də uğurlu deyil. Qəhrəman elə kişi iztirabı çəkir və bu iztirabla da vəfat edir. Yəni biri var yaşantı, biri də var qulaqdan eşidilən, gözlə alınan məlumat. Bunlar başqa-başqa şeylərdi. Əlbəttə bəzən gözlə görülən, müşahidə olunan əhvalat, hadisə yaşantıdan daha ağır əzab verə bilər. Ancaq bütün hallarda qadın hisslərinin ədəbiyyatda öz təcəssümünü tapması üçün qadın yazarlara ehtiyac var. Ümumiyyətlə, qadının dünyaya baxışı, fərqli və maraqlıdır. Qadn yazmasın, getsin bozbaş bişirsin deyən yazıçımızın təbiri təbii ki, xoşagələn deyil. Hətta çox kobud və aqrardı. Ancaq hərdən adamları qınamaq da olmur. Bəzən elə məqamlar olur ki, adamlar özləri qaşınırlar və onlara nə isə demək lazım gəlir. Sən dediyin yazıçının mənimlə, eləcə də bir çox qadın yazıçılarla çox yaxşı münasibəti var və onun mənə get, bozbaşını bişir dediyini xatırlamıram. Əksinə xeyli köməklik edib, oxuyacağım kitabları, mövzuları seçməkdə məsləhətini əsirgəməyib.

– Hər halda, qadınlar təkcə ədəbiyyatda deyil, başqa sahələrdə də aktivləşməyə başlayıb. İnşallah, yaxşı olar.

– Tək Azərbaycan ədəbiyyatında yox, dünya ədəbiyyatında, kinosunda, ümumən yaradıcılığında qadınların olması lazımdır. Kainatda qadının olması necə vacibdirsə, yaradıcılqda da bir o qədər vacibdir. Qadın məhəbbəti, ehtirası, doğmalığı, xoşbəxtliyi, rəngarəngliyi ifadə edir. Bax, bu yaxınlarda dostumuz Səidə Haqverdiyevanın "Köhnə çamadanlar” filmi ekranlara çıxdı. Filmdə baş verən əhvalatlar qadınların həyatını əks etdirir. Bu məsələnin bir tərəfi. Amma məsələnin digər tərəfi də azərbaycanlı qadın rejissor Səidə Haqverdiyeva cümləsidir. Gör, nə qədər gözəl səslənir. Adamın gözləri qarşısına, qırmızı, yaşıl, sarı, çəhrayı rənglər gəlir. Niyə Samirə Mahmalbaf, Zade Smit, Əlif Şəfəq olsun, amma Səidə Haqverdiyeva, Samirə Əşrəf və digərləri olmasın? Araşdırmalar da göstərir ki, qadınların xoşbəxt olduğu cəmiyyətlər daha çox inkişaf edir. Qadınların xoşbəxt olduğu məkan isə təkcə mətbəxdən, ailədən, uşaq beşiyinin yanından ibarət deyil. Sənət bütün fərdlər üçün özünü realizə imkanları yaratdığı üçün cəlbedicidir. Bu mənada özlərini realizə etmək istəyən qadınlara imkan yaradılmalıdır. İstedadı olan və özünü ifadə edə bilməyən qadın, kişi yarımçıq olur. Yarımçıq adamlar isə cəmiyyətdə, iş ortamlarında və ailədə normal münasibət qura bilmirlər. Aqressiv, zədəli, əsəbi və zəif olurlar. Ona görə də kimliyindən asılı olmayaraq hər kəsin yaradıcılıqla məşğul olmağa, özünü ifadə etməyə haqqı var. Azərbaycan nəsrində azad, fikirlərini rahat yazmağı bacaran qadınlar lazımdır. Nizami Gəncəvinin "Xosrov və Şirin” əsərini hər dəfə oxuyanda, Şirinin cəsarətinə heyran olmuşam. Şirin bir kişinin qələmindən yaranmış qəhrəmandır. Bəlkə də bir az qəribə səslənəcək, amma ədəbiyyatımızda da məhz Şirin xarakterli qadın yazıçılar görməyi arzulamışam.

– Samirə elə mövzu, elə bir söz varmı, yazmaq istəyərdin, amma mühafizəkar cəmiyyət səni bundan çəkindirir?

– Çoxdu. Mənim yazılarımla bağlı xeyli problemlərim olub. Qaçqınlıqdan yazdığım üçün ətrafımdakı insanlara, qohumlara, ailə üzvlərimə toxunmalı olurdum. Hər hekayəm, yazım çıxandan sonra qohum-əqrəba, anam, bacım abrımı ətəyimə bükürdü (gülür). Hətta bir ara anam deyirdi, bunun yanında heç nə danışmayın, yazıb bizi biabır edəcək. Sonra tədricən o problem aradan qalxdı. Bir dəfə də Yuğ teatrında olan bir tamaşa haqqında yazmışdım. Orda da bilirsən ki, tamaşaçı və aktyor arasında sərhədlər minimum olur. Yazıda belə bir cümlə vardı ki, aktyorların nəfəsini bir addımlıqdan hiss edirdim. Bu cümləyə görə evdə bir həngamə qopmuşdu ki, gəl görəsən. Anam, qardaşım, irad tuturdular ki, yad kişinin nəfəsini hiss etməyin az deyil, hələ yazıda da qeyd edirsən. "Saturasiya” adlı hekayəmdə həyat yoldaşımı "o” kimi yazmağımı da kənar adamlar irad tuturdular. O, adamalr başa düşmürdülər ki, o cür ağır hekayəni, ordakı adamları, detalları məişət səviyyəsinə endirmək olmazdı. Orada ərim, həyat yoldaşım sözləri çox bayağı və yüngül səslənirdi. Amma tək "o” hərfi qəhrəmanın və hekayənin gücünü artırırdı. Həm də orda anamdan, onun ölümündən bəhs edirdim. Bütün hallarda həmin məqamda hər kəs, hətta övladlarım belə mənə yad idi. Elə o da. Bunun sübutu üçün başqa məqamı deyim. Hekayədə qəhrəman anasının ölüm xəbərini alandan sonra eyvana çıxmaq istəyir, oğlu isə onu tək qoymamaq üçün onunla birgə addımlayır. Eyvana çıxmaq məqamı gələndə qəhrəman oğlunun sinəsindən vurub kənara itələyir. Bu həqiqətən də mənim öz yaşadığım şeylər idi. Oğlumun iki yaşı olanda, ürəyindən əməliyyat olunmuşdu. Mən bütün ömrüm boyu onun sinəsi qorumuşam. Hər zaman yıxılmasın, harasa dəyməsin deyə ehtiyat etmişəm. Amma həmin situasiyada o qədər əsəbi, gərgin və dərdli idim ki, oğlumun sinəsindən vurub kənara itələdim. Dedim, kənara çəkil, qoy rahat anamın ölümünü hiss edim. Yəni bu cür məsələlərə görə başım az ağrımayıb. Ona görə də indi yazmaq istədiyim, amma yaza bilmədiyim məsələlər çoxdur. Lap çox. Milli mənəvi dəyərlərimiz, mentalitetimiz imkan vermir ki, o mövzulara toxunum. Əgər o, mövzulara toxunsam, camaat məni daş-qalaq edər. Bəlkə də bütün həyatım məhv olar. Etiraf edirəm ki, bunları gözə alacaq qədər güclü adam deyiləm. Nə də bizim cəmiyyətimiz o qədər dözümlüdür.

– Yadıma gəlir, bir vaxt Axundov haqqında kitablar oxuyurdun, belə deyək, araşdırma aparırdın. Mən belə fikirləşirdim ki, bəlkə də bu oxumaqların axırı romanla yekunlaşacaq, amma belə olmadı. Ancaq bilirəm ki, yeni bir roman yazırsan. İddialısanmı?

– Axundov mənim üçün çox diri mövzudur. Onun şəxsiyyəti, yaşadıqları, taleyi və təbii ki, maarifçi, dramaturq tərəfləri həmişə mənim üçün araşdırma mövzusu olaraq qalır. Hətta üç, dörd il əvvəl Tiflisə sırf onun qəbrini ziyarət üçün getdim. Yeni il bayramı olduğundan onun dəfn olunduğu məzarlığa girişə icazə verilmədi. Tərs gürcülərə nə qədər dil tökdümsə, qoymadılar. Ordan çıxanda, özümdən asılı olmayaraq ağladım. Axundovun Tiflisdə yaşadığı qəribçiliyi, ailə həyatındakı çətinlikləri, əlifba uğrunda və ümumən maarifçilik uğrunda apardığı mübarizələrini, məqalələrini xatırladım. Bir də onun gecə dəfn olunması, həmin ot-ələfli yollarla aparılıb torpağa basdırılması xəyalımda canlandı. Axundovun qəbrindən iki yüz, üç yüz metr uzaqlıqda olsam da, onun enerjisini hiss edirdim. Bütün bunlar məni izaholunmaz formada kədərləndirdi. Bir də baxdım ki, ağlayıram. Mənimlə birgə olan qohumlarım gülməyə başladılar ki, heç atanın qəbrinin üstündə bu qədər ağlamazsan. Yəni Axundov haqqında nə isə yazmaqdan çox ondan, yazdıqlarından və yaşadıqlarından öyrənməyə çalışan adamam.

Roman məsələsinə gəlincə isə onu deyim ki, roman yazmağı indi yox, bir neçə ildir planlayıram. Sadəcə mənim bir xasiyyətim var. Bütün müstəvilərdə ya ortaya yaxşı iş qoymalıyam, ya da susmalıyam. Hekayələr kitabım təzə çıxıb. İndi xeyli rahatam. Köhnə hekayələrdən, üstümə çökən keçmişdən, qaçqınlıq mövzularından qismən arınmışam. Bura torpaqların işğaldan azad olunmasını və mənim üç dəfə Cəbrayıla etdiyim səfərləri də əlavə etsək, indi xeyli rahatam. Bütün bunları bir yerə toplasaq, belə qənaətdəyəm ki, hekayə dövrü mənim üçün yavaş-yavaş bitir. Düşüncəmdəki yazı materialı böyükdür. Bəzi oxumaq istədiyim kitablar var ki, onları başa çatdıran kimi romana başlayacam.

İddia deyəndə ki, son illər oxuduğum yerli romanlardan sonra qəribə təəssüf hissi yaşayıram. Vallah belə pis çıxmasın, elə romanlardan mən bir ilə ikisini yazaram. Dirəşsəm, lap üçünü də (gülür). Belə baxıram ki, mən özümə qarşı tələbkar olduqca, adamlar da bir ucdan roman yarışına girir. Meydanın boş qalmağı isə yaxşı deyil. Meydan boş olanda, oranı ot-ələf basır. Ona görə də istedadı olan qadın, kişi yazarlarımıza burdan səslənirəm ki, yazsınlar, kitab çap etdirsinlər, meydanı boş qoymasınlar. İmkan verməsinlər ki, istedadsız adamlar orada at oynatsınlar.

Bizim yazarların yazmaqdan çox ciddi mütaliə problemləri var. Məsləhət görməyəcəm kiməsə nəyisə. Amma mən özüm üçün deyirəm ki, 20 kitab oxumalıyam ki, yarım hekayə yaza bilim. Roman yazmaq üçün ciddi hazırlaşıram. Yerli romanları oxuyuram. Xarici ədəbiyyat da diqqətimdədir. Xüsusilə gürcü ədəbiyyatı maraqlıdır. Onların nəsrində hadisələrin, travmaların sakit, soyuq dillə, əhvalla verilməsi məni cəlb edir. Romanımı müasir oxucunun da oxuyub qavraya biləcəyi, sadə dil və üslübla yazmağa çalışacam. Sağlıq olsun.

– Bir sual da kinodan. Tarkovskinin filmlərini çox bəyəndiyini, sevdiyini bilirəm. Maraqlıdır, onun filmlərindəki hansı məqamlara sənə təsir edir, həyəcanlandırır, düşünməyə məcbur edir?

– Tarkovskinin filmlərindən əvvəl bir az özündən danışım. Həyatımda ən çox təəssüfləndiyim məsələlərdən biri də Tarkovskinin sağ olduğu dövrdə yaşamamağımdır. Hələ onunla ünsiyyəti, görüşü, söhbəti bir kənara qoyuram. Onunla bir dövrdə yaşamaq böyük xoşbəxtlik olaradı. Tarkovskidə məni ən çox cəlb edən onun bir yaradıcı insan kimi yaşadığı əzablardı. Qəribədir ki, mən onun çəkdiyi əziyyətləri, yaşadıqları məhrumiyyətləri hiss edirəm. İnan, özü də bu mən kinoya marağım yaranan ilk gündn belə olub. Tarkovskini o qədər dərindən hiss edirdim ki, bunu szlə ifadə edə bilmirəm. Sonralar kitablarını, müsahibələrini oxudum, izlədim və Tarkovski sevgim yarandı. Onun səsindəki pauzalar, qaramat diksiya, buna baxmayaraq, özünü axtarmaq istəyi, çabaları çox cəlbedicidir. Filmlərini çox naşı vaxtlarımda izləmişəm. Deyim ki, onun filmlərini o vaxt başa düşmüşdüm, yalan olar. İndi qayıdıb həmin filmlərə baxıram, deyirəm ilahi, adam necə bu cür düşünə, bu cür filmlər çəkə bilər. Mənim üçün Tarkovskinin ən ağır filmi "Andrey Rublyov” və "Solyaris”dir. Ümumilikdə isə bütün filmləri insan əzablarından ibarətdir. İnsanların fanilik hissi uğrunda apardığı mübarizə çox kədərli şəkildə "Solyaris” filmində verilib. Düzdür, Stenli Kubrikin bu mövzu ilə bağlı çəkdiyi "Kosmik Odissey” filmi də sevdiyim filmlərdəndir. Amma Tarkovski o filmi kiçik büdcə və böyük məhrumiyyətlər bahasına çəkib. "Andrey Rublyov” filmində Rublyovun susma orucunun pozulduğu məqamı xatırla. Tarkovski üçün məhz həmin insanlıq hissi, bunun təqdim olunması vacibdir. Bir də onun allaha, dinə münasibəti çox gözəldir. O cür bəşəri, geniş düşünən bir rejissor, filosof dindən, allahdan uzaqlaşmır. Bunun izahını isə çox özünəməxsus şəkildə verir ki, tanrı, din inancı olmasa, insan boşluğa yuvarlanar, içindən quruyar. Nə qədər gözəl izahdır. Bu nəhayətsiz kainatda bəlkə də insanlığı xilas edən elə o tanrıya inamdır. Fərqi yoxdur tanrı var, ya yox. Əsas odur ki, sən buna inanırsan və bu inam səni ölənədək diri saxlayır, sənə ümid, təsəlli verir. Tarkovski nə qədər yaradıcıdırsa, bir o qədər də dindardı. Fikir verirsənsə, mən onun haqqında keçmiş zamanda danışmıram, bunu qəsdən etmirəm, təbii olaraq belə alınır. Çünki belə adamlar heç vaxt ölmürlər. Onlar zamanın bütün dilimlərində sağdırlar. Ancaq son zamanlar Tarkovski mövzusuna o qədər də aludə olmamağa çalışıram. Çünki çox dərinə gedəndə, asılılıq yaranır. Ona görə də onu, belə deyim də, uzaqdan sevirəm (gülür).

– Kulis.az-da işləyirsən. Çox geniş yayılmış bir fikiri yəqin sən də eşitmisən. Elə əvvəldən deyirlər ki, burda kruq ədəbiyyatı var. Sən necə düşünürsən?

– "Kulis”dən bir çox insanların yolu keçib. Zarafat deyil, on bir ildir ki, fəaliyyət göstərir, dinamikliyini qoruyub saxlayır. Qrup məsələsi isə mənə çatmır. Sən özün də orda işləmisən, fəaliyyət göstərmisən. Məncə, sən olan dönəmlərdə də belə söhbətlər olub. Onda da elə bilirdilər ki, Qan Turalı orda kruq ədəbiyyatı yaradıb. Halbuki mənə görə Qan Turalı "Kulis”dən gəlib getmiş ən yaxşı rəhbər və demokratik insan olub. Məni ilk dəfə köşə yazmağa Qan Turalı məcbur edib. İşə, yazmağa həvəsləndirib. Şərifin də üzərimdə az əməyi olmayıb. Gərək haqqına danışasan. Mən, Sərdar və Günel Musa. Biz Şərifin ora gətirdiyi işçilər olmuşuq, belə deyək də, onun komandası olmuşuq. Şərifdən aşkar və gizlin çox şey öyrənmişəm. Bizi zəhmətə, məsuliyyətə, dürüst olmağa alışdırıb. O baş redaktor olan dövrdə də elə bilirdilər ki, biz kruq ədəbiyyatıyıq. Halbuki Günelin ədəbiyyata adiyyatı yox idi. Allah üçün buna iddiası da olmayıb. Qalırdıq Sərdarla mən. Bizə də sağdan, soldan həmişə döşəyridilər. Bir yazının başlığı xoşagəlməz olurdusa, ortaya kruq ədəbiyyatı söhbəti düşürdü. O qədər söyürdülər ki. İndi baş redaktor Ulucaydı. Ulucayla münasibətimiz baş redaktorla redaktor olmaqdan çox dostluq üzərində dayanır. O, məndən yaşda çox kiçik olduğu üçün ona kiçik qardaş münasibəti sərgiləyirəm. Bəzən iş vaxtı bitir, evə getmək lazım gəlir. Amma Ulucay misalçün iclasda, ya hansısa tədbirdə olduğu üçün onu qoyub gedə bilmirəm. Deyirəm, gəlsin, işi təhvil verim, sonra gedim. Ulucayın işçilərlə münasibəti çox maraqlıdır. Hamı ilə dostdur, heç kimin xətrinə dəymir. Ən son məqamda belə işçini divara qısnamır. Və xüsusilə ilə Akif Səmədin oğlu olmasını heç zaman gözə soxmur. Bu barədə onun rahatlığı mənə ləzzət edir. Ancaq indi də yeni-yeni cücərən yazar və şairlər deyir ki, "Kulis”də kruq ədəbiyyatı var. Belə deyil axı. Biz hamının bəh-bəhlə paylaşdığı yazıları, müsahibələri orda bir, iki saatın içində yazıb bitiririk. Rahat kreslolarda, kabinetlərdə əyləşməmişik. Əmrlər vermirik, kiminsə çörəyinə, yazısına bais olmuruq. Yəni boş söhbətlərdi hamısı. Bunları ona görə detallı deyirəm ki, "Kulis”lə bağlı bir problem həmişə olub və olacaq. "Kulis” nə qədər uğurlu layihələr, müsahibələr, reportajlar edəcəksə, nə qədər internet məkanında var olacaqsa, bu kimi söz-söhbətlər də həmişə olacaq. Burada problem nə "Kulis”in tərkibi, nə də rəhbərliyidir. Burada məsələ "Kulis”in uğurlu layihə olması və bunu qorumasıdır. Ona görə də mən bu məsələlərdə çox rahatam.

– Jurnalist fəaliyyətin yazıçılıq fəaliyyətinə hansısa şəkildə mane olurmu?

– Mən ixtisasca hüquqşünasam. Təhsilimi qırmızı diplomla başa vurmuşam. Keçmişdə də, indinin özündə də ixtisasım üzrə işləmək və yaxşı pul qazanmaq imkanlarım olub. Ancaq çox erkən yaşlarda anladım ki, hüquq sahəsini, araşdırmaçılığı nə qədər çox sevsəm də, bir o qədər də bu sahədən uzağam. Çünki on altı, on yeddi yaşımdan kitablarla həşir-nəşir olmuşdum (gülür). Hətta yadıma gəlir, on birinci sinifdə oxuyanda, anam "Səfillər” kitabını oxuduğum yerdə əlimdən alıb eyvandan atmışdı. Sonra bacım həmin kitabı anamdan xəlvət tapıb gətirmişdi.

Bəlkə də inanamazsan, mənim ədəbiyyat sevgim çox böyükdür. Jurnalistikaya gəlişim də ədəbiyyata görə oldu. Çünki məşhur insanların həyatı, taleyi məni çox maraqlandırırdı. Onlarla ünsiyyətdə olmaq, onların həyatını dinləmək istəyirdim. Bunun üçün də mütləq jurnalistikaya baş vurmalıydım. Sevdiyim aktyorlarla, sənət adamları ilə görüşdükcə, yavaş-yavaş mediaya daxil olurdum. Sonra tərcümələr, araşdırmalar başladı. O vaxtlar "Ədalət” qəzetində işləyirdim. Həmişə düşünürəm ki, məni zəhmətə məhz o qəzetdə işlədiyim dövrlər alışdırdı. Üç il İradə Tuncayla əməkdaşlıq etdim. Bir yazım, bir tərcüməm də geri qayıtmadı. Nə yollayırdımsa, hamısı çap olunur. O, materiallar indi də məndə durur. Təsəvvür edirsən, Stenli Kubrikin, Tarkovskinin, Berqmanın, Kortasarın, Sartırın, Sokurovun məqalələrini, müsahibərini tərcümə edirdim. İndi həmin yazılara baxanda, düşünrəm ki, mən bunları iki uşaqla, bu qədər məişət işləri ilə necə etmişəm? Yəni dediyim odur ki, jurnalistikaya da məhz ədəbiyyat sevgimdən gəldim. Kino, teatr, jurnalistika adına nə etdimsə, hamısını ədəbiyyat bazamı artırmaq üçün edirdim. Təcrübə qazanmaq istəyirdim. İndi bircə məqsədim var ki, nəsr qabiliyyətimi jurnalistikada itirməyim. İtirimirəm də. Jurnalistika, daha doğrusu iş fəaliyyətim ancaq vaxt baxımından məhdudiyyətlər yaradır. Vəssalam. Bu sahə mənim yazıçı kimliyimdən heç nə alıb aparmır. Əksinə qazandırır. Hər müsahib yeni həyat təcrübəsidir. Ona görə də mənim müsahibələrim uğurlu alınır. Çünki adamlarla jurnalist kimi yox, yazıçı kimi danışıram. Bəzən elə xalq artisti olub ki, mənimlə danışa-danışa bütün həyatını nəql edib, hönkür-hönkür ağlayıb. Həmin məlumatların bircəciyini yazsam, yaysam, bütün ölkənin gündəmi dəyişə bilərdi. Ancaq müsahibədən sonra həmin sənət adamı bir kəlmə deyib, danışdıqlarımız aramızda qalsın, yazma. Vəssalam. Burada artıq mənim junralist kimliyim ikinci plana keçib, yazıçı kimliyim irəli çıxıb. Yazıçı kimiliyim isə heç vaxt insan faktorunu, qarşımdakının insan olmasını unutmayıb.

Söhbətləşdi: Ağa Cəfərli/Qaynarinfo.az

# 5268 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #