Olduqca qəribə cinayət – Nihat Kopuzun hekayəsi

Nihat Kopuz, türkiyəli yazıçı

Nihat Kopuz, türkiyəli yazıçı

27 aprel 2023
# 12:23

Çağdaş türk nəsrinin istedadlı nümayəndələrindən biri olan Nihat Kopuz 1983-cü ildə Türkiyənin Rize şəhərində doğulub. Atatürk Universitetinin türk dili və ədəbiyyatı fakültəsini bitirib, təhsil sistemində çalışır. Hekayələri və ədəbi-tənqidi yazıları dövri nəşrlərdə, nəsr toplularında, elektron resurslarda işıq üzü görüb. “O yazıçı güman ki, mənəm” (2023) kitabı böyük maraqla qarşılanıb.

Kulis.az yazıçının “Olduqca qəribə cinayət” adlı hekayəsini təqdim edir.

Səhərə yaxın qapı bərk-bərk döyülür. Yataqdan atılıb asta-asta qapya doğru gedirəm. Qorxuram. “Kimdi?” – deyirəm. Səsimi özüm belə zorla eşidirəm.

“Polisik”, - səs deyir.

Əməlli-başlı narahat oluram. Biz dediyinə görə, ən azı, iki nəfət olmalıdılar. “Gözləyin”, - dillənib yenə salona qayıdıram. Vazanı götürüb qapıya yaxınlaşıram. İki nəfərdilərsə, həm də polis-filan deyillərsə, vazanı birinin başına çırpıb bayıldacaq, digəriylə yumruq davasına çıxacağam. Qapı hələ də döyülür. Açmadan soruşuram:

“Neçə nəfərsiniz?”

“Qapını aç görək! Çoxuq”.

“Nə istəyirsiniz məndən?”

“Pis niyyətimiz yoxdu. Səni aparacağıq, vəssalam”.

“Hara?”

“Aç qapını görək. Yoxsa sındırarıq. Bu, bizim üçün çətin olmaz”.

“Onda sındırın. Təhlükəni görə-görə qapını açmayacağam ki”.

“İstəyirik, yaxşılıqla olsun. Təhlükə-filan yoxdu. Aç qapını görək. Bax, özün də görəcəksən. Yalan demirik. Aç, səhv elədiyini başa düşəcəksən”.

Onun səsi məni rahatladır. Səbəbini bilmirəm, amma həmin adama güvənməyə başlayıram. Açarı bururam. Qapı cırıldayıb açılır. Qarşımda iki nəfər var. Biri uzun boylu və tökməbədəndi. Digəri çox sısqadı, üfürsən yıxılar. Əlimdə vaza o adamlara baxıram.

“O əlindəki nədi? Yoxsa vazayla bizə hücum eləyəcəksən? Heç ayıb deyil?”

“Kimsiniz, nə istəyirsiniz?”

“Qorxma, yaxşı adamlarıq. Səni polis bölməsinə aparmalıyıq. İfadəni alacağıq”.

“Niyə? Mən bir günah işlətməmişəm”.

“Onu bilmərik. Yəni, demək istəyirəm ki, günah işlədib-işlətmədiyini səndən soruşmayacağıq. Bunu araşdırmalıyıq. Bir günahın yoxdusa, qorxmağına da ehtiyac yoxdu, elə deyil?”

Danışan tökməbədən oğlandı. O birinə baxıram. Sısqa adam halından bezmiş kimi özümə baxır. Görkəmindən sezilir ki, istəyir bu məsələ bitsin, tez evə gedib yatsın.

“Yaxşı, - tökməbədənli adama deyirəm, - əynimi dəyişib gəlirəm”.

“Bəzənməyinə ehtiyac yoxdu. Bayır qaranlıqdı. İndi ins-cins gözə dəymir. Tez əyninə bir şey keçir, gəl”.

Elə hey qısa cümlələrlə danışması əsəblərimə toxunur. Cavab vermədən aralanıram. Şalvar-köynəyimi geyinib yenə qapıya qayıdıram. Sısqa adam siqaret yandırıb dərdli-dərdli sümürür.

“Qapımda siqaret çəkilməsini münasib saymıram”, - ona deyirəm.

O da etinasız tərzdə siqareti yerə atıb ayağıyla əzir.

“Tərpən, - tökməbədənli dillənir, - tez gedək ki, işimizi tez qurtaraq”.

Pilləkənləri enib polis maşınına minirik. Bayırda yağış çisələyir. Maşının içində beynimdən keçirirəm ki, palto geyməməkdə səhv elədim.

***

Polis maşını dar küçələrə girib-çıxır. Təkərləri dik yerlərdə sürüşür. Mədəm qalxıb-enir. Yol boyu sısqa yağışlı gecədə silgəclərin hərəkətinə göz qoyuram. Dinib-danışmırıq. Yarım saat beləcə ötür. Axırda polis bölməsinə çatırıq.

“Axır ki, gətirdiniz?” – xeyli yaşlı polis o birilərə deyir.

Yenə tökməbədənli danışır:

“Bağışlayın, amirim. Evi tapmaq-filan uzun çəkdi. Üstəlik də uzaqmış”.

Amir adlandırdığı adam başını tərpədir, sonra da dillənir:

“İçəri aparın”.

Nə “xoş gəldin” deyirlər, nə də çay təklif eləyirlər. Öz-özümə deyirəm, yəqin, bunlar mənim suçlu olduğumu düşünürlər. Yoxsa, ən azı, gülər üzlə “xoşgəldin” eləyərdilər. Üstəlik, bu sısqa adamı polis təşkilatında niyə saxlayırlar, başa düşmürəm. Nə canı-cəsədi var, nə də iki kəlmə söz deyir.

Belə düşündüyüm müddətdə stulda oturdurlar. Qarşıma bir stəkan su qoyurlar. Sonra məni evdən gətirənlər otaqdan çıxırlar. Bir müddət otaqda tək otururam. Axır ki, amir adlandırdıqları adam otağa girir. Stul çəkib üzbəüzdə oturur.

“Sorğuya başlamazdan əvvəl soruşmaq istərdim, vəkilə ehtiyacınız var, ya yox?”

“Yox”.

“Niyə?”

“Çünki suçlu deyiləm”.

“Amma vəkil təkcə suçlulara lazım olmur ki”.

“Nə olar, yenə də istəmirəm”.

“Yaxşı. Sənə suallar verəcəyəm. Cavablarından əleyhinə dəlil kimi istifadə oluna bilər. Xahiş eləyirəm, cavab verəndə diqqətli olmağa çalış”.

“Yaxşı” mənasında başımı tərpədirəm. Sudan bir qurtum alıb ona baxıram. Qorxum bir anda yox olub. Cəsarətlə bunun suallarını gözləyirəm. Qarşıma bir neçə foto-şəkil qoyur. Barmağıyla işarə eləyib soruşur:

“Tanıyırsan?”

Əyilib foto-şəkillərə baxıram. Bu dünən gecə yuxumda sevişdiyim qadın deyilmi? Qırmızı laklı dırnaqlarıyla, iri döşləriylə, qalın dodaqlarıyla, yoğun baldırlarıyla və yekə yançaqlarıyla məni məst eləyən o qadın idi.

“Yox”, - amirə deyirəm.

“Əminsən?”

“Bəli, əminəm. Tanımıram”.

“Gecə evində ölü tapıldı”.

“Bu qadını ilk dəfədi görürəm. Əlbəttə, öldüyünə görə təəssüflənirəm. Yəni, insan ölümü kədərli şeydi. Amma dediyim kimi, onu bu vaxtacan heç görməmişəm”.

“Hə, deməli, belə. Çox maraqlıdı ki, telefonunda sənin nömrən qeyd olunub. Üstəlik də o, saat səkkiz radələrində sənə zəng eləyib”.

“Ola bilməz. Heç tanımıram”.

“Zəng vurub də. Küçə qadını olduğunu bilirsən, elə deyil?”

“Foto-şəkillərdən başa düşdüm. Dediyim kimi, onu heç görməmişəm”.

“Küçə qadınlarıyla əlaqən olur?”

“Yalan deyə bilmərəm. Bir neçə dəfə olub”.

“Nə vaxt?”

“Yadımda deyil. Yəni, son bir neçə ildə bir neçə dəfə olub”.

“İçki içirsən?”

“Bəli”.

“Sərxoş olanadək içirsən?”

“Nə demək istədiyinizi başa düşmürəm. İçkiylə bu məsələnin nə əlaqəsi var?”

“Bax, sənə inanmaq istəyirəm. Beynimdə müəyyən fikirlər yarandı. Məsələn, bəlkə, sərxoş olduğun gecələrin birində bununla yatmısan? Bəlkə, dünən axşam da səni səhvən, ya da qəfildən xatırladığına görə zəng vurub?”

“Bilirsiniz, mənə yad nömrədən zəng gəlmədi. Gəlsəydi, xatırlayardım”.

“Axşam hardaydın?”

Bir qədər düşündüm. Qarşımdakı stəkandan bir qurtum da su içib boğazımı arıtladım.

“Hava qaralana yaxın barların birində pivə içdim. İki pivə, iki qədəh də araq içdiyim yadımdadı. Sonra da evə gəldim. Güman ki, evə çatanda saat təxminən səkkiziydi”.

“Evdə neylədin?”

“Kitab oxudum”.

“Hansı kitabı?”

“Bunun nə əhəmiyyəti var?”

“Əhəmiyyəti olub-olmamasına biz qərar verərik. Siz bütün suallarımıza cavab verin”.

“Ponun hekayələrini oxudum dünən axşam. Bilmirəm tanıyırsınızmı? “Morq küçəsində qətl” hekayəsini oxudum. Çox gözəl hekayədi.

“Bəs, sonra?”

“Yatdım”,

Amir stulunda dikəldi.

“İndi sizi buraxacağıq, - dedi, - amma unutmayın, arabir çağırıb sorğu-sual eləməliyik. Buna görə də şəhərdən çıxmasanız, yaxşı olar. Yəni çox təcili işiniz yoxdusa, çıxmayın. Əks halda şübhə oyandırarsınız. Bu məsələləri az-çox bilirsiniz. Necə də olsa, film-milm çağında yaşayırıq”.

Sonra düymələrin birini basdı. Qapı açıldı. Məni evdən gətirən polislər yanımda peyda oldular. Yol göstərdilər, polis maşınına mindirib evə apardılar.

“Gördünüz, qorxmalı bir şey yoxmuş”, - mən maşından enib evə sarı gedəndə tökməbədənli polis dilləndi.

Yan oturacaqdakı sısqa polissə siqaret yandırıb tüstüsünü pəncərədən bayıra üflədi.

Dinib-danışmadan binaya girdim.

***

Salona girəndə həyatımın ən böyük şokuyla qarşılaşdım. Adətən, mütaliə elədiyim kresloda yad bir adam otururdu. Adam demək də düz deyil. Çünki kresloda oturan adam deyildi. Heyrət və qorxuyla ona yaxınlaşdım.

“Təəccübləndin?” – o, dilləndi.

“Hələ danışırsan da!” – dilləndim.

“Hə, danışa bilirəm. Öyrənməyim çətin olmadı. Oxumağı-yazmağı da bacarıram. Sən gələnəcən kitablarını da gözdən keçirdim. Yaxşı kitablardı. Sənət sarıdan zövqün inkişaf eləyib”.

Sözlərinə inana bilmirdim. Qarşımda danışan meymun dayanmışdı. Təxminən, mən boydaydı. Özümü ələ almağa çalışa-çalışa soruşdum:

“Bəs, burda nə işin var? Məndən nə istəyirsən?

“Dünən gecə ölən qadına görə gəldim”.

“Yoxsa onu sən öldürdün?”

“Kimin öldürdüyünün nə əhəmiyyəti var axı? Olan olub, ölən ölüb, öləni tanıyır, həm də sevirsinizsə, bu, eyni zamanda itkidi”.

Nə deyəcəyimi bilmədən meymuna baxırdım. O, sözünə davam elədi:

“Bundan başqa siz insanları da başa düşmürəm. Qəribə hallarınız, qəribə qadağalarınız və içindən çıxmaq çətin olan dərdləriniz var. Məndən soruşsan, yaşamaq-filan bacarmırsınız. Yalnız vəsvəsəli həyatınız var, günlərin birində də vəsvəsəli həyatınızın başa çatmasını gözləyirsiniz. Həddən artıq səfeh və mənasız işdi. Qısası, axmaqlıqdı! Amma başını buraxaq, məsələmiz bu deyil. Sənə o qadın barədə danışacağam. Kreslonda həyasızcasına oturub qarşında çıxış eləməyə başladığıma görə üzr istəyirəm. Bir qədər gəvəzəyəm. Bunu qəbul eləyirəm. Gördüyün kimi, başım da az-çox işləyir”

Rahatlanmışdım. Meymun danışdıqca mənə elə gəlirdi ki, bütün bu baş verənlər təbiidi. Ondan içki içib-içməyəcəyini soruşdum. Dedi ki, viski varsa, içə bilər. Mən də mətbəxə keçib hərəyə bir qədəh viski süzdüm. İndi meymunla birgə viski içirdim. Bunu başqasına danışsam, əlbəttə ki, inanmazdı.

“Onda danış, - meymuna dedim, - söyləyəcəklərin mənim üçün çox maraqlıdı.

Viskisindən bir qurtum alıb sözə başladı:

“Qadın çox pis həyat sürürdü. Qarşılaşdığı kişiylə oturub-durmaq, sonra da qarnını hamburgerlə doydurub fasiləsiz siqaret çəkmək, boş olduğun gecələrsə yatağında büzüşüb elə hey ağlamaq səfeh həyatdı. Onu ilk dəfə keçən il gördüm. Küçədə dalınca düşüb ünvanını öyrəndim. Sonrakı gecə zəngini basdım. Qapını açanda eybəcərliyimi görüb dili tutuldu. Salam verəndə bayılıb yerə yıxıldı. Dərhal kreslolardan birinə uzadıb özünə gəlməsini gözlədim. Tez mətbəxdən bir stəkan su gətirib yanındakı masanın üstünə qoydum.

Ayılanda məni görüb yenidən bayıldı. İkinci dəfə oyananda isə ağlagəlməz fəryad qopardı. Ona sakitləşməsini, həyatda hər şeyin mümkün, gördüyünün gerçək olduğunu, amma qorxmasına ehtiyac duyulmadığını, çünki bir zərərimin dəyməyəcəyini başa salmağa çalışdım. Bir neçə dəfə dərindən inildəyəndən sonra məni psixoloji cəhətdən qəbul eləməyə başladı. Artıq susmuşdu, uzatdığım sudan da bir neçə qurtum alıb xeyli özünə gəldi. Şübhəylə kim olduğumu, niyə evinə gəldiyimi soruşdu. Mən də onu küçələrin birində gördüyümü, çox xoşladığımı və birgə vaxt keçirmək istədiyimi söylədim. Dedi ki, bu mümkün deyil, heç vaxt meymunla vaxt keçirməyəcək, dərhal evdən çıxıb getməliyəm, yoxsa polisə zəng vuracaq.

Bunun məndən ötrü nə qədər kədərli hadisə olduğuyla razılaşarsan. İlk dəfə belə bir qadına meyil salmış, ilk dəfə insana adi meymun olmadığımı bildirmişdim. O gün evdən kədər içində, başıaşağı çıxdım. Amma qəlbimdəki vəcdimin, ona duyduğum meylin öhdəsindən qəti gələ bilmirdim. Qadını fasiləsiz təqib eləməyə başladım. Heç cür yaraşdıra bilmədiyim küçə qadını kimi vaxt keçirdiyi anlarda gözdən qoymadım. Gecələr müştəriləriylə görüşdüyü binaların girişində keşik çəkdim. Girdiyi kafelərdə hamburger yeyəndə, çay, yaxud qəhvə içəndə gözə görünmədən pəncərədən onu izlədim. Meymun üçün bu təqib işinin nə qədər çətin olduğunu, yəqin ki, başa düşürsən. Bəzən uşaq məndən qorxub ağlamağa başlayır, bəzən də böyüklərdən biri qovub yaxalamağa çalışırdı. Elə vaxtlar da oldu ki, polislər belə arxamca düşdülər”.

“Qadını bir il ərzində təqib elədin?”

“Sözümü kəsmə, - meymun dillənib davam elədi. – Dünən saat doqquzda cəsarətimi toplayıb yenə evinə getmək, ona öz eşqimi elan eləmək qərarına gəldim. Necə yəni, meymun qadınla birgə olmaz? Bu, mənə olduqca məntiqli görünürdü. İndi soruşsan belə, hələ çox məntiqli oduğunu söyləyə bilərəm. Nə isə. Qaranlıq küçələrin birində, gül dükanının qabağında fürsət gözləməyə başladım, dükan sahibinin ani dalğınlığından istifadə eləyib bir gül oğurlaya bildim. Sonra əlimdə qırmızı gül yenə zəngini basdım. “Kimdi?” – o, dilləndi. Mən də “Sizə qırmızı gözəl bir gül gətirən kişidi”, - dedim. Demək istəyirəm ki, qadınlar, həqiqətən, gülləri çox sevirlər. Yəni kişilərin onlara gül almasını bəyənirlər, amma eyni zamanda, gülləri də xoşlayırlar.

“İndi vaxtım yoxdu, olar ki, sonra gələsiniz?” – qadın nəzakətlə dilləndi. Cavabında “İçəri burxamayın, amma ən azı, gülü qəbul eləyin”, - dedim. Qapını aralayıb məni qarşısında görəndə səndələyib yerə yıxıldı. Onu qonaq otağına aparanda səninlə rastlaşdım. Məni görən kimi gülməyə başladın. Amma danışıb, salam verəndə özündən çıxdın, masanın üstündəki naringi dolu qabdan bıçağı qapıb üzərimə gəldin. Özümü qorumaq üçün mən də sənin üzərinə yeriyib çiyin zərbəsiylə kənara atdım. Onsuz da sərxoş olduğuna görə, ayaq üstdə çətinliklə dayanırdın. Bədbəxtlikdən qadının yanına yıxıldın. Əlindəki bıçaq da onun böyrünə saplanıb qaldı. Qəribə tərzdə yerindəcə qalıb bir müddət mənə baxdın. Mən də bu çaşqınlığından istifadə elədim, gözümə dəyən ilk əşyanı qapıb sənə atdım. Atdığım vazaydı, başına dəyib sınmadan yerə düşdü. Bir müddət sanki başını ovuşdurdun, sonra da gözlərini yumub susdun. Bilmirəm özünü itirmişdin, yoxsa zərbənin təsirindən bayılmışdın. Dərhal ordan uzaqlaşıb cinayət yerini polisə xəbər verdim. Niyyətim orda suçüstü yaxalanmağın idi, amma göründüyü kimi, polislər gəlməmiş birtəhər hadisə yerindən uzaqlaşmısan”.

Meymun hekayətini burda kəsib bir qədəh də viski istədi. Mətbəxə keçib qədəhləri bir də doldurdum. Salona qayıdanda gördüm ki, meymun qeybə çəkilib. Getmişdi. Çarəsiz halda kresloya çöküb olub-keçən barədə düşünməyə başladım. Meymun gerçək idi, ya yox? Gerçək idisə, – bu məqamda elə görünürdü, – danışdıqları da həqiqət idi, ya yox? Viskidən bir qurtum alanda şiddətli ağrı hiss elədim, əlimi saçlarımın dibində gəzdirəndə üzəri qaysaqlanmış yaraya rast gəldim.

Tələm-tələsik cibimdən telefonumu çıxarıb zənglər siyahısına baxdım. Danışdığım son adamın adını görən kimi, beynim aydınlanmağa başladı, qadınla olan keçmişimi, onunla bir neçə dəfə sevişdiyimi yadıma saldım. Dünənki gecəylə əlaqədar isə hələ heç nə xatırlamırdım.

***

Neçə gündü küçələrdə dolaşıb meymunu axtarıram. Əlbəttə ki, başıma vaza çırpdığına görə onunla haqq-hesab çəkən deyiləm, niyyətim budu ki, bəlkə, hərəyə bir qədəh də viski içək, hadisəni mənə dönə-dönə danışsın. Hər şeydən vacibi də, belə bir meymunun gerçəkdən olub-olmadığnı dərk eləməyə çalışıram.

Bir az əvvəl polis bölməsindən tökməbədənli zəng vurdu, bu axşam ora baş çəkməli olacağam.

Dilimizə uyğunlaşdıran: Nəriman Əbdülrəhmanlı

# 1884 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #