Marsdan geri qayıdan ilk insan  - Yeni hekayə

Marsdan geri qayıdan ilk insan  - Yeni hekayə
30 sentyabr 2021
# 17:30

Kulis.az Emin Əliyevin “XY001” hekayəsini təqdim edir.

Marsda yaşamaq istəyən XY001-in başına bu dünyada əlbəttə, çox hadisə gəlmişdi. Ancaq sonuncusu onun həyatını dəyişəcək qədər təsirli və sarsıdıcı, həm də xoş olmuşdu.

Hələ çox uzun illər bundan öncə, Marsda artıq ilk evlər satışa çıxarılmağa başlayarkən atası X (bundan sonra onu X deyə adlandıracağam) və həyat yoldaşı üçün (həyat yoldaşı ilə bir yerdə qocalmağı düşündüyü üçün evi məhz onun adına keçirir) orada mənzil almışdı. Sizə danışdığım zamanlarda yollar sadə vətəndaşlar üçün açıq olmadığından onlar hələ evi gedib görə bilməmişdilər. Atası X-ə uşaq yaşlarından (bu zaman onun 6 yaşı olardı) gələcək barədə hekayələr danışır, filmlər izlətdirir, səma və göy cisimləri barədə maraqlı məlumatlar da verirdi. X isə bu məlumatları sevinərək həzm edir, getdikcə özü də məlumat xəstəsinə çevrilirdi. Sonralar bu onun həyatına da ciddi təsir etmişdi, özünü elmə adayıb, aerokosmik mühəndislik ixtisasına yiyələnmişdi.

X rəiyyət cinsindən idi. Sadiq və ağıllı olması onun ətrafındakılardan daha uğurlu olmasını şərtləndirirdi. Atası onun adını hərracda 120 min dollara udmuşdu. Ad hərracları bizim cəmiyyətin sevimli məşğuliyyətlərindən biriydi. Bu hərraclarda heç bir işə yaramayan linqvistlərin kəşf etdiyi adlar patentləşdirilir və ölkənin varlı təbəqəsinə baha qiymətə satılırdı. Məqsəd dünyada artıq almadıqları nəsnə qalmayan bu adamlara dəyərsiz işləri olduğundan baha qiymətə satmaq idi. Bəzən çirkli pullar belə hərraclar vasitəsilə yuyulur, narkotik ticarəti hərrac üzərindən aparılırdı. Beləliklə, 1500 dollardan başlayan hərrac 120 mində başa çatmışdı. O, adı almışdı - XY001.

X dünya sıralamasında ilk beşliyə düşən universitetlərin birində təhsil almışdı. Ölkəsinə qayıdarkən ixtisasına uyğun olmasa da, qohumlarının cəld və ağıllı siyasəti nəticəsində dövlət qurumlarından birinə işə də düzəlmişdi.

İşlər isə elə gətirmişdi ki, onun 29 yaşında, ilk oğlunun doğulduğu il valideynləri avtomobil qəzası keçirmiş və tələf olmuşdular. Bu X-i heç bir zaman olmadığı kimi ciddi sarsıtmışdı, həyat yoldaşı ilə mübahisələri də artırdı. Bir-neçə il psixoterapevt müalicəsi alandan sonra isə ən vacib qərarlarından birini vermişdi: bu dünyada ümumiyyətlə yaşamaq olmaz. O, həyatında baş verəcək dəyişikliyin ona müsbət təsir göstərəcəyinə, çıxıb getmənin, həm də bu dünyadan birdəfəlik uzaqlaşmanın həqiqətinə inanmağa başlayırdı.

X-ə elə gəlirdi ki, daha burada onu heç nə təəccübləndirə bilməz, yer üzərində ola biləcək bütün möcüzələrə şahidlik edib, bütün zövqləri yaşayıb. Dünya qoca, yaşlı bir adamın ölüm ayağında necə gözündən düşürsə, X-in də gözündən məhz o cür düşmüşdü. Amma dözməkdən başqa çıxış yolu da görünmürdü. Daha 5 il gözləmək lazım idi və o bu dünyadan çıxacaqdı.

Hər gün TV-lərdə, internet şəbəkələrində paylaşılan reklamlar X də daxil olmaqla, on minlərlə insana başqa dünyaların daha faydalı olmasını təlqin edir, orada insanların yeni məna tapacağına işarə verirdi.

“Dünyada qlobal istiləşmə maksimum həddinə çatıb, həbsxanalar kinoteatrların sayını ötüb. Bu halda sizi nə xilas edəcək? Mars proqramına qoşulun!”.

“Biz sizə nə vəd edirik? Xoşbəxt həyat! Yeni dünya!”.

Məhz bu reklamlardan sonra həmin insanlar Marsda məşhur ailəyə məxsus holdinqin tikdiyi binalardan evlər almış və kütləvi köçə hazırlaşmışdı. Dünya kasıbların cənnətinə, varlıların cəhənnəminə çevrilirdi. X-in isə sonuncudan xəbəri yox idi. O, tanrısının axtarışına çıxmışdı, konfranslarda yeni konseptlər irəli sürərək, Marsdan başqa dünyalarda da yaşayışın olduğunu əminliklə iddia edirdi. Marsda həyatı düzüb-qoşmaq elə də asan olmamışdı, uzun illər bu nəfəssiz planetə müxtəlif texnikalar daşınmış, zirvələrin birindən çıxan sudan əldə edilən oksigen çoxaldılmışdı. Bu xəbər dünyaya işıq sürətilə yayılmış, investorlar bizneslərini bura daşımışdılar. X üçün isə bura təkcə yaşayış, iş yeri yox, həm də qaralmış həyatının yenidən aydınlanma məkanı idi.

Arzularına qovuşmaq çox çəkmədi və onun 34 yaşı olanda ikinci evə böyük köç başladı. Onun ailəsi bu xəbərə çox sevinməsə də, bu hisslərin, ailəsinin nə düşündüyü, onun psixi halının o qədər də vecinə olmadı. Evdəkilərə bu xəbəri özü çatdırdı.

Evə sevincək girib çiynindən narıncı çantasını, gözündən mavi eynəyini çıxararaq divanın üstünə tulladı, oğlunu qucaqlamaq istəsə də bunu necə edəcəyini bilmədi. Onun xoşbəxt olduğunu yalnız yoldaşı gözlərindən hiss etdi. Eynəkdən qaralmış gözləri sulanır, otağın ortasında durub 28-ci mərtəbənin pəncərəsindən şəhərə baxırdı.

- Nə baş verib, son 5 ildə ilk dəfədir belə xoşbəxt görünürsən.

- Yığışmağa başla, heç təsəvvür etməyəcəksən ki, hara gedirik.

Onları aparacaq kosmik gəmi 1 həftədən sonra Marsa uçacaqdı. X-lə bərabər ilk köçdə 400 nəfər yola düşəcəkdi. Bundan sonra hər həftə seçilmiş 400 nəfərin eyni marşrutla aparılması nəzərdə tutulurdu. Çıxış məntəqəsi artıq müəyyənləşdirilmişdi. İri gəmilərin dayanacağı Qazaxıstan səhralarında qurulmuşdu.

Böyük səhranın ortasında 30 gəmi 400 nəfəri aparmaq üçün sırayla düzülmüşdü. İnsanlar bu əzəmətli və qorxuducu görüntü qarşısında donub qalmışdılar. X və ailəsi də onların arasında idi. Həyəcanını boğa bilməyənlər gözlərinin yaşını silməklə məşğul idi, qadınlar bu görüntünü öz telefonlarına qeyd edir, uşaqlar isə hələ nəyin baş verdiyini anlamırdılar. Gəmilər gecə saat 1-də yola düşdülər. Bir raketin tüstüsü digərini boğmamış sırayla səmaya qalxdılar. Bəyaz gecə getdikcə özünü tünd maviyə dəyişdi, tündləşmə getdikcə qaralmağa başladı, gözün gözü görmədiyi, bütün mənalardan, mahiyyətdən uzaq ən qaranlıq yerdə gəminin sürəti sanki azaldı. Boşluq öz təsirini göstərdi, hər kəs dincini aldı, daha gəmi titrəmirdi. Onlar dünyadan uzaqlaşmışdılar. Müddət bir ay idi, onlar yalnız bir aydan sonra məqsədə - Marsa çatacaqdı. Bu zaman ərzində isə heç nə yaşanmır, heç nə görünmürdü, heç ulduzlar da.

Nəzərdə tutulan zamanda, dəqiq vaxtda gəmilər yerdən necə götürülmüşdülərsə, həmin səliqə ilə də Marsa oturdular. Proses tam bitəndən sonra qapılar açıldı, içindən düşən dünyalılar öz binalarına başqa bir maşınla getdilər. Yaşayış binaları qapalı ərazidə yerləşirdi, içində süni göl, müxtəlif tipli əyləncə mərkəzləri, zavodlar, yalnız ofislərdən ibarət plazalar tikilmişdi. Marsı gəzməzdən əvvəl onlara üç gün istirahət lazım idi. Həkim müayinəsindən keçdikdən sonra isə rahat yeni dünyanı gəzmək olardı.

Bizim səma elmləri ilə maraqlanan mühəndisimiz isə həyəcanını heç cür boğa bilmirdi. Sərhədləri qırmaq, hər şeyə toxunmaq istəyirdi, hətta yerdəki torpaq da ona qeyri-adi gəlirdi. X elə düşünürdü ki, bu, insanın yarandığı torpaq deyil, bu torpaqda elmə məlum olmayan bitkilər bitə bilər, insan bu torpağın üzərində ruhunu dəyişə bilər. Ən nəhayət ona elə gəlirdi ki, o Marsda tanrıya daha yaxındı.

Bir il universitetin laboratoriyasında surətlə çalışdı, bütün Marsı gəzmək imkanı əldə etdi, Marsın bütün düzlərinə öz izini qoydu, bütün zirvələrinə işədi. X özünü bir il xoşbəxt hiss etdi. Sonra o, özündə qəribəliklər hiss etdi. Darıxırdı, mənasızlıq hissi onu dünyadan 225 milyon kilometr uzaqda yaxalamışdı. Kainat onun gözlədiyi kimi rəngli deyildi. Həm də ki, axı həyat təkcə onun zövqlərindən ibarət deyildi. Bir ay idi ki, oğlu xəstələnmişdi. Həkimlər kəskin hava dəyişikliyinin oğlunun ağciyərlərinə ciddi zədə vurduğunu bildirirdilər. Uşaq ağrılara və əzaba cəmi üç ay dözə bildi. Oğlunu orada dəfn etmək istəmədi. Həyat yoldaşı ilə tez-tez mübahisə də edirdi.

- Bir neçə aydır ki, bizim aramız soyuqdur

- Tez ayılmısan

- Axı mən çalışıram

- Özün üçün çalışırsan

- Səncə niyə belə oldu?

- Bəlkə evlilik həyatımızda ilk dəfədir ki, bu qədər yaxın oluruq ona görə?

- Heç zaman belə olmamışdı.

- Bəlkə ilk dəfədir bir yerdə bu qədər vaxt keçiririk?

- Uşağın günahı nədəydi görəsən?

X anlamışdı ki, daha burada qalmağın yeri yoxdur. O yaşadığı evə qayıtmaq, övladını dəfn etmək və doyunca ağlamaq istəyirdi. Yığışıb getmək çətin olsa da, o, buna məcbur idi. Beynindəki qarışıqlıq onu tənbəlləşdirirdi. İkinci bir depressiyanı gözə ala bilmirdi.

Kainatın bu sonluqla bitməyini gözləmirdi. Keçirdiyi bir il ərzində səma səyahətlərinin sayı artmış, gəmilər tez-tez yola düşməyə başlamışdılar. Ona görə də evinə geri qayıtması daha rahat həll olundu. Gələndə yerə ayağını sevinclə basan X, Marsla vəfat etmiş sevimli ev heyvanı kimi sağollaşırdı.

Heç bir əşyasını özü ilə aparmamışdı. Marsdan geri qayıdan ilk insan idi. Gəmi onu Qazaxıstan çölünə atıb geri qayıtdı.

***

İndi X həyətindəki yaşıl qazonun üzərində oturub səmaya baxır. Qarşısından maşınlar sürətlə keçib ağacdakı yarpaqları əsdirir. Küçənin qarşı tərəfindəki evin həyətində sarı qız yelləncəkdə yellənir. Ona elə gəlir ki, dünyada bundan maraqlı daha heç nə ola bilməz…

sim-sim.az

Emin Əliyev – XY001

# 2575 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #