İslah - Rövşən Yerfinin hekayəsi

İslah - Rövşən Yerfinin hekayəsi
2 avqust 2024
# 10:31

Kulis.az Rövşən Yerfinin "İslah" adlı yeni hekayəsini təqdim edir.

Nəzarət məqsədi ilə dəstəsinin yaşadığı yataqxananın – barakın səhər yoxlanışını qurtarmışdı, ona tərbiyə işləri üzrə rəis müavininin kabinetinə təcili gəlməli olduğunu xəbər etdilər. “Məhkəmə üçün nə vacibdi yazıb vermişəm də, - dəstə rəisi Nahid narazı siması ilə ürəyində deyindi, - görən yenə özündən nə icad edib...”

O, idarə binasının ikinci mərtəbəsindəki kabinetə yaxınlaşanda, dəhlizdə rəis müavininin qəbuluna növbə gözləyən xeyli məhkumu görüb gümanını təsdiqlədi: “Vaxtından əvvəl azadlığa çıxmaq üçün “haqq-hesabı” çatdırmayanlardır, yəqin, son xəbərdarlıq etməyə yığıblar bura”.

Nahid məhkumların arasından keçib kabinetin qapısını astaca döydü, müavinin “gəl” sözünü eşidəndən sonra kabinetə daxil oldu:
- Eşidirəm, cənab polkovnik-leytenant, məni çağırtdırmısız...
- Təcili tapşırığım var, qoy bununla qurtarım, deyəcəyəm. – O, bayaqdan məzəmmət etdiyi qarşısındakı məhkuma növbəti xəbərdarlıq etdi. - Bir də deyirəm, sabah saat on ikidə məhkəmə olacaq. Telefonçuya demişəm, sənə şərait yaradacaq, evlə danış, çox ləngiyirlər. Məhkəməyədək pulu gətirsələr, işin müsbət həll ediləcək. Yox, əgər geciksələr, xeyri olmayacaq. Sonra bizdən inciməyin. Bilirsən də, bax, sənin neçə dənə töhmətin vardı. Hamısını təmizləyib, düzüb-qoşub, sənədlərini qaydaya salmışıq, əlimizdən nə gəlir, onu etmişik. Bundan oyanası tək bizlik deyil. Danışdığımız haqq-hesab çatmasa, heç cür alınmayacaq. Yoxsa qalacaqsan altı ay sonrakı təqdimata. Başa düşdün? Oldumu?
- Oldu, cənab rəis, başa düşdüm.
- Getdin.

Məhkum kabinetdən çıxandan sonra müavin ondan soruşdu:
- Üstündə kağız-qələmin var?
- Yox...
Stolun üstündəki qələmlə kağız parçasını ona uzatdı:
- Yaxın gəl, dediklərimi qeyd elə, yadında qalsın. Dəstəndən məhkəmə üçün neçə nəfərə xasiyyətnamə yazmısan?
- İkisinə... biri müsbət, biri mənfi.
- Heç biri heç nə verməyib, eləmi? Sən belə edirsən, o müsbət yazdığına bir dənə də mənfi xasiyyətnamə yazırsan. Mənfi yazdığına da bir müsbət xasiyyətnamə hazırlayırsan...
- Cənab polkovnik-leytenant, bu necə ola bilər, - dəstə rəisi heyrətləndi. - Siz özünüz də yaxşı bilirsiz ki, Amil necə nümunəvi məhkumdur. Heç vaxt töhməti olmayıb, verilən göstərişləri həmişə vaxtında yerinə yetirib, imanlı bir adamdır...
- Bilirəm, elə olmağına elədir...
- Sadəcə, anası ağır xəstədir, onun üçün də imkanları zəifdir, məbləği düzəldə bilmirlər, düzələn kimi gətirəcəklər.
- Birdən məhkəməyədək gətirmədilər, bəs onda nə olacaq? Tərs kimi, bu dəfə məhkəməyə elə bir tip hakim təyin olunub ki, iman, insaf nədir bilmir. Sənin yazdığın xasiyyətnaməni oxuyub deyəcək ki, burada qeyi-adi nə var, məhkumun borcudur deyilənlərə əməl etsin. İntizamlı olana islah yoluna düşüb demək, hələ tezdir... Bir məhkumdan ötrü hakimin üzünə dirəşəcəyik? O da fikirləşsin ki, paylarını alıblar, mənə vermək istəmirlər, məhkumu ona görə müdafiə edirlər. Dünən Amili çağırıb özünə də demişəm, tutaq ki, biz heç, ən azından bizdən yuxarıdakıların və məhkəmə heyətinin – hakimin, prokurorun payı gəlib çıxmasa, “imtina” alacaqsan. Layiq bildiyimiz məhkumun “imtina” alması bizə də nöqsan sayılacaq. Bu səbəbdən, bizə söz gəlməsin deyə, ona ehtiyat bir mənfi xasiyyətnamə də yazarsan.
- Mənfi nə yazım?
- Yaz ki, xasiyyətcə qapalıdır, xarakteri zəifdir, çalışqan deyil, məhkum yoldaşları ilə ünsiyyətdən qaçır, məsuliyyətsizdir, əməyi sevmir və sair... Bu kimi xüsusiyyətlərinə görə hələ islah yoluna düşməyib.
- Bəs Şeydanı necə tərif edim? Onun bir töhməti də var...
- O töhməti zərərsizləşdirmək üçün köhnə tarixlə ötən bayram münasibətilə bir təşəkkür raportu yazırsan. Həvəsləndirmə əmrində boş yer saxlamışıq, adın əmrə əlavə edərik, qurtarıb gedər. Qalanı da, özün bilən qaydada müsbət cümlələri düz-qoş elə, vəssalam. Oldumu, cənab baş leytenant?
O, azca pauza verib cavab gözləmədən davam etdi:
- Şeyda deyir, atam tələb edilən məbləği sabah səhər tezdən gətirib verəcək. Gətirsə, hakimin təbirincə nəyi necə etməyin qaydasını yaxşı öyrənib, demək, həbsdə islah yoluna düşüb, azadlığa yarayar... Qəribədir ki, bu sözdə bir az həqiqət var, pulla alanda azadlığın qədrini daha çox bilirlər, türməyə bir də qayıtmaq istəmirlər, - gülümsündü. - Yaxşı, di get, ehtiyat üçün əlavə iki xasiyyətnaməni də tez yaz, gətir. Gedə bilərsən.
Nihad dinmədən əmrə müntəzir başını tərpədib kabinetdən çıxdı.

***

Sabahı gün günortadan sonra müəssisənin daxili radiosunda məhkəmənin qərarı ilə azadlığa çıxan məhkumların adları oxundu. Çəkilən adların içərisində Şeydanın da adı var idi. Məhkum yoldaşları onu təbrik edir, “gözaydınlığı” verirdilər.

Evdən gözlənilən adamın gəlməməsi səbəbindən, Amilin təqdimatı müsbət qiymətləndirilməyib, altı ay sonraya saxlanılmışdı. Amil sevincli izdihamdan xeyli aralıda, səki daşında, üzü müəssisənin girişinə tərəf kədərli, tənha oturub nə isə gözləyirdi, nə isə axtarırmış kimi gözlərini yerlə göyün bitişdiyi sonsuz, dərin üfüqlərə zilləmişdi. Güman ki, öz aləmində o ənginliklərdə onu unudan Tanrısını axtarırdı...

07.2024

# 4682 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #