İlk dəfə dodağından öpdüyüm qız - Ulucay Akif yazır...

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

27 fevral 2023
# 15:07

Xatirələr də rəngini itirirmiş. Yaddaşımın bütün küçələrini gəzirəm: adamlar ağ-qara, sevgilər ağ-qara, ayrılıqlar ağ-qara, sevinc ağ-qara, kədər ağ-qara...

Neçə vaxtdı mənim üçün “bu gün” yoxdur. Axırıncı dəfə nə vaxt yaşadığım günün içində olmuşam, xatırlamıram. Həmişə dünəndə yaşamışam, ya da, ən yaxşı halda, sabahı düşünmüşəm.

***

Məhəlləmizin stadionundakı futbol komandasına yazılmışdım. Formamı geyinib ilk dəfə “Bakı birinciliyi”ndə oyuna çıxmağa hazırlaşanda, bacım gəldi, dedi ki, mama deyir tez evə gəlin, dəllək gəlib, sünnət olacaqsınız.

Komandamızın məşqçisi Niyazi müəllimə “mən gedim sünnət olum, ikinci hissəyə gələcəm” demişdim. 7 yaşım var idi. Nə biləydim ki, sünnət olandan sonra azı bir həftə yerimdə yatacam, donda gəzəcəm. Beləcə, müsəlman olmuşdum.

***

İlk dəfə 9-cu sinifdə oxuyanda döyülmüşdüm. Sinif yoldaşım ləzgi Aslan sağ gözümə iki dənə yumruq ilişdirmişdi. Gözümü açanda məktəbin bufetində sinif rəhbərimiz Roza Vasilyevna və sinif yoldaşlarımın başıma yığışıb mənə su-çay verdiklərini gördüm. Düz bir həftə gözümün altı qara gedib gəldim məktəbə. Gün eynəyi taxırdım. Anama demişdim ki, qapı dəyib gözümə. Əlbəttə, inanmamışdı.

***

Onuncu sinifdə oxuyurdum. Bığımı hələ heç qırxmamışdım. Heç bir qızı dodağından öpməmişdim onda. Sinif yoldaşım Elnara demişdi ki, bığımı qırxsam, qızlar mənimlə öpüşər. Bığımı qırxdım. Dodağından öpdüyüm ilk qızın adı Asiman oldu. Kürən saçları, yaşıl gözləri var idi.

***

İlk dəfə televiziyaya 10-cu sinifdə oxuyanda çıxmışam. “ATV” kanalında “LG Bilik Akademiyası” verilişi var idi. Şagirdlər arasında keçirilən intellektual yarışma idi. İkinci yeri tutmuşdum. Tozsoran vermişdilər. Tozsoranın nəyimə lazım olduğunu heç fikirləşməmişdim. Qucağıma alıb sevinə-sevinə evə gətirmişdim. Anam hələ də o tozsoranı işlədir. Bir-iki dəfə xarab oldu, düzəltdik. Bir də borusunu dəyişmişik.

***

Çəkdiyim ilk siqaret nazik “LD” olub. Onda 90 qəpik idi. Şokoladlısı 30 qəpik bahaydı. Şokoladlısından çəkirdim. Təzə başlamışdım deyə, hər çəkdiyim siqaretdə başım fırlanırdı. Xoşuma gəlirdi.

11-ci sinfin axırlarında idim siqaretə başlayanda. Qulaqlıq taxıb HOST-un treklərinə qulaq asa-asa, Bayıldakı “onbeş mərtəbə”nin yanıyla diki qalxıb ədəbiyyat və rus dili fənnindən hazırlığa gedirdim.

***

İlk dəfə arağı tarix fənnindən hazırlıq müəllimim Elşad müəllimgildə içmişdim. Novruz bayramı idi. Qrupda hamımız oğlan idik. Elşad müəllim dedi ki, kitabları yığışdırın, bayramı qeyd eləyək, dərs qaçmır. Xeyli içmişdim. Evə qayıdanda yolda qaytarmışdım. Qəbul imtahanında 25 sualın hamısına düz cavab verdiyim yeganə fənn tarix oldu.

***

İlk dəfə oruc tutanda 15-16 yaşım olardı. Aclıqdan ürəyim gedəcəkdi deyə günorta yatdım. Yuxuda soyuducudakı qazandan yarpaq dolmalarını götürüb diri-diri udduğumu gördüm. Oyananda aclıq hissim tamamilə yoxa çımışdı. Elə bil, doğrudan, dolma yemişdim. Anamdan iftara nə bişirəcəyini soruşdum. Dedi ki, bişirib, soyuducudadır. Bir qazan yarpaq dolması. Heç cür aydınlaşdıra bilməmişdim ki, gördüyüm yuxu idi, ya gerçək?

***

İlk dəfə namaz qılanda həyəcandan “İxlas” surəsi yadımdan çıxmışdı. Nə edəcəyimi bilməyib beş-on dəqiqə eləcə əllərim qoynumda dayanıb səccadəyə baxmışdım. Yadıma düşməmişdi deyə “İxlas” əvəzinə barmaqlarımı qatlaya-qatlaya 40 dəfə “Allahım, yadımdan çıxdı, nolar, Sən məni bağışla” demişdim. Tərslikdən Asimanı ilk dəfə öpməyim da elə namaz qılanda ağlıma gəlirdi.

# 8610 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #