"Həmin ölüm qorxusu meşşan varlığımın bir hissəsi imiş..." - Herman Hessenin "Yalquzaq" romanından bir hissə

"Həmin ölüm qorxusu meşşan varlığımın bir hissəsi imiş..." - Herman Hessenin "Yalquzaq" romanından bir hissə
9 avqust 2026
# 13:00

Bu gün alman əsilli İsveçrə yazıçısı, şairi və rəssamı, ədəbiyyat üzrə Nobel mükafatçısı Herman Hessenin anım günüdür.

Kulis.az onun "Yalquzaq" romanından bir hissəni Vilayət Hacıyevin tərcüməsində təqdim edir.

Qrammofon iş otağımdakı asket mənəvi ab-havanı darmadağın etdikcə, yad amerikan musiqisi kövrək musiqi dünyama vəlvələ saldıqca, hər yandan, hər tərəfdən indiyəcən həddən artıq ölçülü-biçili, ciddi, qapalı qalmış həyatıma tamamilə yeni, qorxulu, qəribə şeylər yol tapmağa başladı. Yalquzaq haqqındakı traktat da, Herminedə düz deyirmiş, hərənin min cür qəlbi olurmuş. Mənim də içimdə hər gün köhnələrlə bərabər yeni-yeni qəlblər baş qaldırır, nəsə istəyir, səs-küy salır və indiyəcən özümü necə aldatdığım gözlərim önündə aydınca canlanırdı. Təsadüfən hamıdan yaxşı əxz elədiyim bir para qabiliyyət və bacarığı hər şey hesab eləmiş, özümdən saxta bir Harri düzəldərək həmin Harrinin həyatını yaşamışdım. Sən demə, o da poeziya, musiqi, fəlsəfə sahəsində mahir bir mütəxəssisdən başqa, heç nə deyilmiş. Varlığımın qalan hissələrinə – cürbəcür qabiliyyətlər, ehtiraslar, arzu və istəklər xaosuna nifrət etmiş, hamısına da yalquzaqlıq damğası vurmuşdum.

Onu da deyim ki, bu həqiqəti dərk etməyim, əvvəlki varlığımın tənəzzülü heç də xoş, ləzzətli bir macəra deyil, əksinə, çox əzablı, hətta dözülməz bir dərddi. Hərdən qrammofon tamamilə başqa bir melodiya üstündə köklənmiş bir aləmdə, sözun əsl mənasında, ulayırdı. Bəzən də müasir restoranların hansındasa nərmənazik əhlikeflərin, fırıldaqçıların arasında rəqs edəndə özümü ən əziz, ən müqəddəs şeylərə vəfasız çıxmış bir adam hesab eləyirdim. Əgər Hermine məni beş-altıca gün tək buraxsaydı, o dəqiqə bu usandırıcı, gülünc əhlikeflik arzusundan əl çəkərdim, hər gün görüşməsək də, gözü həmişə üstümdəydi. Məni idarə edir, qoruyur, hər hərəkətimə qiymət verirdi. Dözə bilməyib üsyan eləmək, qurtuluş axtarmaq fikrinə düşəndə isə gülümsəyə-gülümsəyə hər şeyi gözümdən oxuyurdu.

Əvvəllər şəxsiyyət adlandırdığım şey günü-gündən darmadağın olduqca, o cür ümidsizliyə qapıla-qapıla nə üçün ölümdən elə qorxduğumu başa düşür və hiss etməyə başlayırdım ki, həmin biabırçı, iyrənc ölüm qorxusu da əvvəlki saxta meşşan varlığımın bir hissəsi imiş. İndiyəcən mövcud olan cənab Haller – o istedadlı yazıçı, Motsartın, Cetenin bilicisi, sənətin metafizikliyi, dahilik və fəcilik haqqındakı qiymətli fikirlərin müəllifi, ağzına kimi kitabla dolu hücrəsinə çəkilmiş bir guşənişin dalbadal özünütənqidə məruz qalır və heç birinə də dözə bilmirdi. Bu istedadlı və maraqlı cənab Haller zəkanı, insanlığı mədh eləsə də, müharibənin amansızlığına qarşı çıxsa da, müharibə vaxtı imkan yaratmadı ki, onu divara söykəyib güllələsinlər. Halbuki məntiqə görə belə olmalıydı.

Vəziyyətə uyğunlaşdı, onunla barışaraq sakit həyat sürməyə başladı. Düzdür, istismarın, hakimiyətin əleyhinə idi, lakin bankda müxtəlif sənaye inhisarlarının aksiyalarını saxlayır, heç bir vicdan əzabı çəkmədən onlardan gələn gəliri xərcləyirdi. Hər şeydə də beləydi. Bu Harri Haller qəribə bir ustalıqla bütün dünyaya nifrət edən idealist cildinə girsə də, özünü dərdli bir guşənişin, qəzəbli bir peyğəmbər kimi göstərsə də, əslində, burjuydu, Hermine kimilərinin yaşadığı həyata pis baxır, restoranlarda keçirilən vaxta, səpələnən pullara heyfi gəlir, vicdan əzabı çəkirdi. Ancaq, bununla belə, heç birindən can qurtarmağa, kamilləşməyə can atmır, əksinə, mənəvi əyləncələrin ona zövq verdiyi, şöhrətləndirdiyi həmin rahat günlərin həsrətini çəkirdi.

Onun nifrət bəslədiyi, istehza elədiyi qəzet oxuyanlar da müharibədən əvvəlki rahat günlərin həsrətini beləcə çəkirdilər. Çünki bu, görüb-götürdüklərindən nəticə çıxarmaqdan qat-qat asan idi. Lənət şeytana, bu Harri Hallerə baxanda adamın ürəyi qalxırdı! Lakin, bununla belə, onun getdikcə yırtılan maskasının quyruğundan tutub durur, öz mənəvi dünyası ilə məzələnməsindən, qarışıqlıq, təsadüflər (ölüm də buraya aiddir) qarşısındakı meşşan qorxusundan heç cür ayrıla bilmirdim. Getdikcə formalaşmağa başlayan təzə Harrini – rəqs zallarının bu utancaq, gülməli diletantını rişxəndlə, paxıllıqla keçmişin saxta, ideal, tərs Harri obrazı ilə tutuşdurarkən təzə Harri professorun evində Getenin portretini görən zaman köhnə Harrini yerindən oynadan naqis cəhətləri bircə-bircə üzə çıxarırdı.

Əslində, köhnə Harrinin özü də meşşansayağı ideallaşdırılmış Geteyə bənzəyirdi. O da baxışlarındakı nəciblik, alicənablıq, müdriklik, insanlıq brilyant kimi bərq vuran, az qala, öz qəlbindəki alicənablıqdan vəcdə gələn mənəvi qəhrəman idi! Lənət şeytana, ancaq bu ecazkar obraz indi şana-şana olmuşdu, bu ideal Harri Haller ərpimlənib tökülürdü! İndi küçə çapqınçılarının soyduğu yüksək bir mənsəb sahibinə oxşayırdı, şalvarı piltik-piltikdi. Ağlı olsaydı, özünü üst-başı tökülmüş bir adam kimi aparmağı öyrənərdi. Amma bu cır-cındırın içində elə gəzirdi ki, deyərdin, üstü orden-medalla doludur və ağlaya-ağlaya öz itirilmiş şərəfini təzədən geri qaytarmaq istəyir. Musiqiçi Pablo ilə də tez-tez görüşür, ona qarşı münasibətimi təzədən saf-çüruk eləməli olurdum.

Çünki Herminenin çox xoşuna gəlirdi, həmişə onunla bir yerdə olmağa can atırdı. Pablo yaddaşıma mənasız bir adam, lovğa bir gözəlçə, şən, qayğısız bir uşaq kimi həkk olunmuşdu; bir-iki xoş sözlə, şokoladla asanca başını aldatmaq olardı. Ancaq heç vaxt haqqında nə düşündüyümü soruşmurdu, musiqi nəzəriyyəm kimi bu da onun üçün mənasızdı. Dediklərimə nəzakətlə, mehribanlıqla qulaq asar, həmişə gülümsəyər, ancaq heç vaxt doğru-düzgün cavab verməzdi.

Bununla belə, deyəsən, onda özümə qarşı maraq oyada bilmişdim, çünki açıq-açığına xoşuma gəlməyə, iltifat göstərməyə çalışırdı. Bir dəfə də həmin nəticəsiz söhbətlərimizin hansındasa əsəbiləşib, az qala, kobudluğa keçəndə; pərt oldu, kədərlə üzümə baxdı, sol əlimi əlinə alıb sığalladı, qızıl suyuna çəkilmiş balaca bir burunotu qutusu çıxarıb dedi ki, iylə, xeyri olacaq. Sualedici nəzərlərlə Hermineyə baxdım, başını tərpətdi və mən qutunu alıb iylədim. Doğrudan da, bir az keçən kimi, kefim duruldu, gümrahlaşdım. Çox güman ki, içindəki həbə kokain qatılmışdı. Hermine dedi ki, Pabloda belə dərmanlar çoxdur, gizli yollarla alır, hərdən dostlarına da verir, onları necə qatmağın qədərini də lap yaxşı bilir. Bu dərmanlar ağrını götürür, adamı yatırdır: gözəl-gözəl yuxular görürsən, şənlənirsən, kiməsə vurulursan...

Bir dəfə də Pabloya şəhərdə, sahil bağında rast gəldim. Dinməzcə mənə qoşuldu. Axır ki, bu dəfə onu söhbətə çəkə bildim.

– Cənab Pablo, – deyə əlindəki nazik, qara, gümüşü haşiyəli əsa ilə oynayan bu oğlana müraciət elədim. – Sizinlə ona görə maraqlanıram ki, Herminenin dostusunuz. Amma onu da deyim ki, sizinlə danışmaq çox çətindir. Bir neçə dəfə musiqi barədə danışmağa çalışmışam, çünki bu haqdakı fikriniz, etirazınız, şəxsi mülahizələriniz mənim üçün çox maraqlıdı, lakin hər dəfə də söhbətdən yayınaraq dilucu cavablar vermisiniz. Səmimiyyətlə güldü, bu dəfə borclu qalmayıb biganəliklə dedi:

– Bilirsinizmi, mənə elə gəlir, musiqi haqqında danışmağa dəyməz. Heç vaxt bu barədə danışmıram. Sizin o ağıllı, həqiqi sözlərinizə nə cavab verə bilərdim ki? Dediklərinizin hamısı tamamilə doğru idi. Ancaq, bilirsinizmi, mən musuqiçiyəm, alim deyiləm və heç inanmıram ki, musiqi sahəsində haqlı olmağın ona bir xeyri dəyə. Musiqi barədə fikir söyləmək, zövqlü, təhsilli olmaq və sairə əsas məsələ deyil.

– Yaxşı, olsun. Bəs əsas məsələ nədir?

– Əsas məsələ çalmaqdır, cənab Haller! İmkan daxilində çoxlu, yaxşı, çılğınlıqla çalmaq! Belədir, müsyö. Haydının, Baxın bütün əsərlərini bilməklə, onların haqqında çox ağıllı mülahizələr söyləməklə insanlara xidmət etmək olmaz. Ancaq mən kərənayı götürüb dəbdə olan bir şimmi çalanda, yaxşı-pisliyindən asılı olmayaraq, hamıya sevinc bəxş edəcək, musiqi onların sümüyünə düşəcək, qanına işləyəcək. Əsas məsələ bax budur! Uzun fasilədən sonra musiqi təzədən başlayanda, siz zaldakı adamların üzünə baxın, görün gözlər necə parıldayır, hamının sümüyünə düşür, üzləri gülməyə başlayır! Musiqini bax buna görə çalırlar...

– Çox gözəl, cənab Pablo. Ancaq hissləri yerindən oynadan musiqi ilə bərabər ruha təsir edən musiqi də var. Hazırda çalınan musiqidən başqa, ölməz musiqi əsərləri də var, indi çalınmasa da, əbədi yaşayır. Kim istəsə, tək-tənha öz yerinə uzanıb «Sehrli fleyta»dan, «Matfey çılğınlığı»39ndan hansı melodiyanısa xəyalında canlandırar, həmin musiqini eşidər və bunun üçün də kiminsə ya fleyta, ya skripka çalması lazım gəlməz.

– Elədir, cənab Haller. «Həsrət»i də, «Valensiya»nı da tənha, xəyalpərvər adamlar hər gecə astadan zümzümə edirlər. İdarədə oturan yazıq makinaçı qız da axırıncı dəfə eşitdiyi onestepi beynində dolaşdırır, öz makinasını onun təqtləri üstündə tıqqıldadır. Düz deyirsiniz, bütün tənha adamların özünün lal musiqisi olur. Fərqi yoxdur, «Həsrət» də ola bilər, «Sehrli fleyta» da, «Valensiya» da! Bəs bu adamlar həmin tənha, lal musiqini haradan götürürlər? Bizdən, biz musiqiçilərdən! O gərək əvvəlcə çalınsın, eşidilsin, qana işləsin ki, sonra da kimsə gedib onu öz evində xatırlasın, xəyala dalsın.

– Razıyam, – soyuq tərzdə cavab verdim. – Ancaq Motsartı da ən yeni fokstrotla bir tərəziyə qoymaq olmaz. Bir var insanlara ilahi, əbədi bir musiqi çalasan, bir də var ucuz, gəldi-gedər musiqi... Bunlar ayrı-ayrı şeylərdir. Pablo səsimdəki həyəcanı duyan kimi üzünə mehribanlıq ifadəsi verdi, nəvazişlə qolumu tumarladı, çox həlim bir səslə dedi: – Ah, əziz Haller, bəlkə də, tərəzi məsələsində tam haqlısınız. Motsartı, Haydını, «Valensiya»nı ayrı-ayrı tərəzilərə qoymağınıza da sözüm yoxdur. Ancaq bu tərəzi mənim üçün deyil, heç kim də o haqda məndən heç nə soruşmur. Ola bilsin ki, Motsart yüz ildən sonra da çalınacaq, ancaq «Valensiya» iki ilə unudulacaq... Mənə elə gəlir, bunu qadir Allahın ixtiyarına buraxmalıyıq. O, ədalətlidir, kimin nə qədər yaşayacağı da onun əlindədir, hər bir valsın, hər bir fokstrotun nə qədər qalacağını da o bilir, necə lazımdırsa, elə də edəcək. Biz musiqiçilər isə öz borcumuzu, öz vəzifəmizi yerinə yetirməliyik: elə şey çalmalıyıq ki, hazırkı dövrdə hamının xoşuna gəlsin. Və bacardıqca da yaxşı, gözəl, həvəslə çalmalıyıq.

Kök ötürərək susdum. Bu adama heç nəyi başa salmaq mümkün deyildi. Bəzi anlarda köhnə ilə təzə, iztirabla nəşə, qorxu ilə sevinc çox qəribə tərzdə bir-birinə qarışırdı. Gah göylərdə süzür, gah da cəhənnəmə düşürdüm və çox vaxt da ikisində də birdən olurdum. Köhnə Harri ilə təzəsi gah mübahisə edir, gah da barışırdılar. Bəzən adama elə gəlirdi ki, köhnə Harri bu dünyadan köçüb, lap çoxdan ölüb, torpağa tapşırılıb, ancaq yenə haradansa qəfil peyda olur, əmr verməyə başlayır, müstəbidlik eləyir, dediyindən dönmürdü. Təzə, balaca, uşaq Harri də utana-utana susur, qısılırdı. Bəzən də təzə Harri cəsarətlə köhnənin boğazından yapışıb boğur və inilti-sızıltı, ölümdirim mübarizəsi başlayırdı, ülgüc məsələsi təzədən ortaya çıxırdı. Çox vaxt kədər və sevinc dalğası birləşib məni öz qoynuna alırdı.

Belə anlardan biri də restoranda rəqs eləyəndən iki-üç gün sonra oldu. Axşam evə qayıdıb yataq otağına girəndə gözəl Mariyanı yatağımda gördüm və təəccübdən, heyrətdən, qorxudan, sevincdən nə edəcəyimi bilmədim! Herminenin indiyəcən mənə hazırladığı töhfələrdən ən gözlənilməzi bu idi. Zərrə qədər də şübhə eləmirdim ki, bu cənnət quşunu mənə məhz o göndərib.

Həmin axşamı istisna kimi Herminedən ayrı keçirmiş, kafedral cameyə gedib qədim kilsə musiqisindən ibarət gözəl bir konsertə qulaq asmışdım. Bu, keçmiş həyatıma, gənclik oylağıma, ideal Harrinin dünyasına gözəl, kədərli bir səyahət idi. Kilsənin qotik üslubunda tikilmiş böyük zalında qəşəng, torşəkilli qübbələr adda-budda sayrışan işıqlarda ləngər vurur və mən də Bukstehodanın, Paxelbelin, Baxın, Haydının əsərlərinə qulaq asaasa öz keçmiş sevimli həyat yolumla təzədən addımlayır, bir vaxtlar tanış olub dostlaşdığım, qeyri-adi konsertlərdən ləzzət aldığım müğənninin – Baxın ifaçısının gözəl səsini dinləyirdim.

Qədim musiqinin ecazkar səsi, heç bir ölçüyəgəlməz ləyaqəti, müqəddəsliyi, cavanlıq çağlarımın coşğunluğunu, çılğınlığını, heyranlığını bir də oyatdı, qəm-kədər içində kilsənin hündür klerosunda oturub vaxtı ilə məskənim olan bu nəcib, müqəddəs dünyada bircə saatlığa qonaq qaldım. Haydının duetlərindən biri ifa olunanda isə qəflətən gözlərim yaşla doldu, konsertin axırını gözləmədim və həmin müğənni ilə də görüşmədən (ah, belə konsertlərdən sonra ifaçılarla nə gözəl gecələr keçirmişdim!) kilsəni tərk etdim, yorğun addımlarla qaranlıq döngələrdə dolaşmağa başladım. Bəzi restoranlarda caz kapellaları kimi mənim indiki həyatımın melodiyalarını çalırdılar. Eh, həyatım nə kədərli bir dolaşığa düşmüşdü!

Həmin gecə küçələrdə gəzə-gəzə musiqiyə olan qəribə münasibətim haqqında çox düşündüm və yenə də bu qənaətə gəldim ki, ona belə kövrək, belə uğursuz münasibət bütün alman ziyalılarının bədbəxt taleyidir. Hər bir alman ruhuna təbii bir hüquq – musiqinin hegemonluğu formasında təbiətə bağlılıq hakim kəsilib ki, bu da heç bir xalqda yoxdur. Biz ziyalılar da kişi kimi buna qarşı dayanıb əqlin, loqosun, sözün dediyinə qulaq asmaqdansa, onlara itaət etməkdənsə, dilə gəlməyənləri deyə bilən, ifadə olunmayanları ifadə edən sözsüz bir dil yaratmaq eşqinə düşmüşük.

Hər bir alman ziyalısı bacardığı alətdə bacardığı havanı çalmaq əvəzinə, həmişə sözün, əqlin əksinə getmiş, musiqi ilə məzələnmişdir. Alman ruhu həmişə musiqidən onun müqəddəs, ecazkar sehrindən, gerçəkliyə uzaq olan əsrarəngiz hisslərdən, ovqatlardan zövq almış və əsl vəzifələrinin çoxunu unutmuşdur. Biz ziyalıların heç biri heç vaxt gerçəkliyə tapınmamış, ona həmişə yad olmuş, düşmən kəsilmişik. Ona görə də bizim alman gerçəkliyində, tariximizdə, siyasətimizdə, ictimai fikrimizdə ziyalıların rolu çox az olmuşdur.

Əlbəttə, mən bu haqda çox düşünüb-daşınmış, hətta bəzən quru estetika ilə – mənəvi bir sahə kimi tətbiqi incəsənətlə məşğul olmaq əvəzinə – gerçəkliyə qayıtmaq, ciddi, məsuliyyətli bir işdən yapışmaq həvəsinə də düşmüşdüm. Ancaq həmişə ruhdan düşmüş, taleyimlə barışmışdım. Cənab generallar və ağır sənaye sahibləri düz deyirlərmiş: biz «ziyalı»lardan heç nə çıxmadı, hamımız lazımsız, gerçəklikdən uzaq, məsuliyyətsiz dil pəhləvanları idik. Tfu, lənət şeytana! Hanı o ülgüc?!

Beynimdə bu fikirlər, qulağımda musiqinin əks-sədası, qəlbimdə isə kədərli, ümidsiz bir həyat, həqiqət, məna, əbədi itkilər sorağı, həsrətilə evə qayıtdım. Pilləkənlərlə yuxarı qalxdım, işığı yandırdım, nəsə oxumaq istədim, ancaq alınmadı, verdiyim vəd yadıma düşdü: sabah axşam «Sesil» barında viski içməyə, rəqs etməyə getməliydim. Nəinki özümə, hətta Hermineyə də acığım tutdu. Bütün bunları açıq ürəklə eləsə də, özü lap ecazkar bir varlıq olsa da, gərək onda məni ölümün əlindən almayaydı, bu dolaşıq, bu qəribə, bu parıltılı oyuncaq dünyada istədiyi tərəfə sürüməyəydi, onsuz da heç cür ona uyğunlaşa bilmirdim. Daxilimdə yaxşı nə vardısa, hamısı məhv olub gedir, iztirab çəkirdi...

# 73 dəfə oxunub

Oxşar xəbərlər

Ev - Xulio Kortasarın hekayəsi

Ev - Xulio Kortasarın hekayəsi

13:30 9 avqust 2026
Yolüstü söhbət – Saday Budaqlının hekayəsi

Yolüstü söhbət – Saday Budaqlının hekayəsi

11:30 9 avqust 2026
"İlk dəfə öpüşəndə səbəb-nəticə qanunu haqqında düşünmürsünüz..."  - "Sofinin dünyası"ndan sitatlar

"İlk dəfə öpüşəndə səbəb-nəticə qanunu haqqında düşünmürsünüz..." - "Sofinin dünyası"ndan sitatlar

14:00 8 avqust 2026
​​​​​​​"Dünyanın bütün uşaqları eyni dildə ağlayır..." - Leonid Leonov

​​​​​​​"Dünyanın bütün uşaqları eyni dildə ağlayır..." - Leonid Leonov

11:30 8 avqust 2026
"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər

"İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?" - Rabindranat Taqorun "Fəlakət" romanından fəsillər

10:00 7 avqust 2026
"Ölənlərin üzündəki o dinc ifadə..."  -  "Buddist tabutçunun gündəliyi"ndən bir hissə

"Ölənlərin üzündəki o dinc ifadə..." - "Buddist tabutçunun gündəliyi"ndən bir hissə

17:00 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər