Giləxanım və Qardaşxan dastanı - Afaq Yusifli

Afaq Yusifli

Afaq Yusifli

2 dekabr 2022
# 21:20

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Afaq Yusiflinin "Giləxanım və Qardaşxan dastanı " hekayəsini təqdim edir.

O ki hər həyətə bir əzazil xanım düşər a, bizim bəxtimizə də Giləxanım düşmüşdü. Giləxanım elə bir qadın idi ki, gözündəki qayğını səsindəki nərilti məhv edərdi. Üzündə nadir hallarda görünən gülüşün cəlladı qulaqbatırıcı qışqırığı olardı. İnsanın onda həsrətlə bir xanımlıq nişanəsi görmək arzusunu çomağını yerə çırpmaqla qətlə yetirərdi. Ən baş evdən boylanıb bütün həyətə “xanımlıq edərdi”. Giləxanım həyətdə oynayan uşaqların qənimi idi. Onun qartal baxışlarını görən uşaqlar oyunu unudub girməyə deşik axtaran siçana dönərdilər. Həyətin hər evində eşidilə bilən Giləxanım ariyası bitən kimi fəzaya yayılan sakitlik onun da evinin içinə qəbiristanlıq sükutu gətirirdi. İndi düşünürəm ki, bəlkə də onun qışqırıqları məhz bu sükuta üsyan idi – xanımlar xanımı Giləxanımın uşağı olmamışdı. Odur ki, onun üsyanının əvvəli də, sonu da saitləri sonsuzluğa qədər uzanan bir ada dəyib quyuya düşərdi.

- Qaaaardaaaaşxaaaaan! Ayyyy Qaaaardaaaşxaaan!

Hər Allahın verdiyi gün səssiz, anlaşılmaz, qapalı, “sonsuz” damğası yediyi yaşamının ifadəsi idi bu ad. Fəsillər aylarda yaşarkən, aylar il olub keçirdi. Məhəllədə rəng rəngi əvəz edirdi. Balacalar böyüyürdü. Hər şey dəyişirdi, sonsuz xanım və onun xitabından başqa. Təzad, ziddiyyət və tərslik bu xanım və onun üsyankar xitabında cəmləşmişdi. Fərasətsiz, yaşı-başı bilinməyən, quşbaz, həyatdan bezəndə özünü içkiyə verən sısqa bir adam idi onun üsyanının ünvanı.

Xanım gün keçdikcə şişirdisə, Qardaşxan ildən-ilə daha da arıqlayırdı. Həyətin arkası – bizim qaranlıq tunelimiz işıqlanardı sanki Giləxanım xala və Qardaşxan əmi oradan keçəndə. Bu təzadlı cütlüyü bütün həyət maraqla izləyərdi. Onlar öz sükutlarından çıxıb harasa gedəndə biz uşaqlar tamaşasına durardıq. Bir dəri, 2 bir sümük, səssiz, sərxoş

Qardaşxan və hündür, kötük formasında kök, çomaqla birtəhər yeriyən, hər addımda təngnəfəs olan Giləxanım xala mənim üçün uyğunsuzluğun, “niyə”lərin, “bəlkə”lərin, “axı necə”lərin, “yəni”lərin, anlamsızlığın tablosu idi. Qardaşxanın tunelin ağzında özündən yaşca kiçiklərlə oturub-durmaq kimi bir vərdişi vardı. Gənclər də onu həmişə məsxərəyə qoyardular. Bu tuneldə gecəyarıya qədər davam edən söhbətlər çox vaxt davayla nəticələnərdi. Səhər bir də baxardın kiminsə burnu qırılıb, kiminsə gözünün altı göyərib. Bir-iki gün sonra hər şey unudular, həyətin camaatı yenidən qaynayıb-qarışardı. Hər şey bu minvalla sonsuzluğa qədər davam edə bilərdi. Amma bir gün...

Araq qoxulu darıxdırıcı gecələrin birində arvadının əlindən tunelə qaçan Qardaşxan böyük bir davanın içinə düşdü. Gündüz bizim uşaqlar məktəbin həyətində qonşu məhəllənin uşaqları ilə dalaşıbmışlar. Onlar da böyükləri götürüb haqq-hesab çürütməyə gəlmişdilər. Uşaqları müdafiə məqsədilə iki həyətin gəncləri bir-birlərinə cumdular. Fağır Qardaşxan da guya ağsaqqal statusundan istifadə edib davanı yatışdırmaq üçün bunların arasına girdi.

Eyvanlar, pəncərələr qadın qışqırığı ilə dolmuşdu. Təbii ki, ən güclü səs Giləxanımın səsi idi. O, yenə Qardaşxanı evə çağırırdı. Bu dava polis gələnə qədər davam etdi. Hamı sakitləşib dağılışandan sonra ortada bir adam qalmışdı – yazıq Qardaşxan huşsuz halda tunelin ortasına sərilmişdi. Giləxanım çəkisinə rəğmən çox sürətlə gəlib onun başı üstündə durdu və qışqırmağa başladı:

– Qaaaardaaaşxaaan! Ayyy Qaaardaaaşxaaan! Ayağa duuuur!

Bu dəfə onun səsi Qardaşxanı qorxutmadı. Qardaşxan artıq heç nədən qorxmurdu. Giləxanımın tez-tez: “Yekə kişisən, özünə hörmət elə! Tuneldə uşaq-muşaqla az otur!” dediyi Qardaşxan onu, bizi, bu həyəti və sevimli tunelini tərk edib getmişdi. Davanın ortasında hər iki tərəfdən aldığı yumruq-təpik zərbələri nəticəsində sərxoş Qardaşxan əbədi yuxuya getmişdi. 3 Dava iştirakçılarından sutkalıq cəza alanlar oldu. Cərimələr yazıldı. Qardaşxana görə heç kim tutulmadı. Giləxanım da şikayətçi olmadı heç. Bir ay sonra əhvalat unuduldu, hamı sakitləşdi. Sadəcə həyətin başındakı kiçik aynabənddən Güləxanımın səsi gələrdi səhər-axşam. Bu dəfə pəsdən ağı oxuyardı:

– Qardaşxan, ay Qardaşxan, çöldə nökər, evdə xan... dur ayağa, dur ayağa... – Bir müddət sonra onun da səsi kəsildi.

# 1387 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #