Ev - Azad Qaradərəlinin yeni hekayəsi

Ev - Azad Qaradərəlinin yeni hekayəsi
21 may 2024
# 17:30

Kulis.az Azad Qaradərəlinin "Ev" hekayəsini təqdim edir.

Bu günlərdə doğma Zəngilana, kəndim Qaradərəyə səfər etdim. Düşmənin xaraba qoyduğu məktəbimə, yandırılmış evimə baxıb çox kövrəldim. Axşamüstü Zəngilanın mərkəzi Pirçivana gəldik ki, oradakı yeməkxanada bir tikə çörək yeyib, Bakıya qayıdaq. Burada çalışan insanlar eşidəndə ki, rayonlarından olan yazıçı gəlib, yaxınlaşır, görüşür, hal-əhval tuturdular. Belələrindən biri də Sahib adlı bir boy-buxunlu gənc idi. Bilmirəm, yorğunluqdan idimi ya səhər Ağalıda yediyimiz bir qismət çörəyin üstündə olmağımızdanmıydı, oğlanla layiqli söhbət edə bilmədim... Hiss etdim ki, narazı qaldı...

Bakıya qayıdandan sonra bir sıra yarımçıq işlərimlə ilgilənərkən bu yarımçıq hekayəni də tamamladım və üstündə çalışarkən Sahib yadıma düşdü. Mənim ilk evimi erməni vandalları yandırmışdı... Sonra Bakıda pis-yaxşı ev tikmiş, yurd-yuva salmışdım...

Bilmirəm, o gəncin evi varmı? Yoxdursa, tezliklə ona və bütün gənclərə ev arzulayıram..

Və bu hekayəni həmin gəncə - Zəngilanda görüşdüyüm Sahibə həsr edirəm...

Müəllif

Dörd divar. Yox, üstü hökmən bağlı olmalıdır. Qapı və pəncərə mütləqdir. Yoxsa ev olmaz...

Oldumu? Ay-hay. Ev olması üçün içinin istisi, hərarəti lazım...

O isti yox, ay xanə-xərab! Od-ocağı sən yaradacaqsan, soba qalayacaqsan, evin yanında bir mətbəx də tikəcəksən, hələ bir hamam-tualet də. Amma ki, üstündən bir mərtəbə də tiksən, hətta onun üstündən birini də tikib üçmərtəbə, beşmərtəbə etsən, ev olmaz; olar e, istisi-tüstüsü olsa belə, hərarət yenə olmaz... O hərarət qadındı, sevgilidi, xanımdı, uşaq doğacaq anadı... Biz tərəfdə ona arvad desələr də, sən onu o gözlə görmə heç... Elə ürəyində od, de, atəş de, hərarət de...

Yetim Əhməd ürəyində götür-qoy edə-edə qırmızı dəmir almaq üçün Dərnəgül yolundakı satış bazasına gedirdi...

Eeeeeeee... Bunacan Yetim Əhmədin başı daşdan-daşa dəymişdi. Gözü nələr görməmişdi? Əli neçə dəfə boşa çıxmışdı? Oxu, nənəm demiş, dəfən-dəfən daşa dəymişdi?

(Yatmışdım. Ha eləsəm də ayıla bilmirdim. Ölmüş kimi. Hə, min ilin ölüsüydüm. Gah uşaq olurdum bu qəm yuxusunda, gah telli-toqqalı oğlan, gah da indiki kimi zəlil olmuş Yetim Əhməd... Xüləs, gördüm ki, uşağam. Bir qurquru – biz tərəflərdə buna belə deyirlər, Bakıda isə qumrudu – gördüm yuva qurub balkonumuzda. Elə də balkonumuz deyirəm ki, guya ev-eşiyim, hətta balkonum da olub... Genə xüləs... Hə... Gördüm, qurquru gəlib qonur yuvasına – yuva da deyirəm, yuva tikəmməz ki, bı binavalar, beş-altı çör-çöp, vəssalam, yuva hazırdı – yumurtlayır, sonra da mənə baxıb gülür. Atana lənət, yalan deyən, quş adam kimi gülür. Əlimi atıram ki, bu quşu tutam, əlim boşa şıxır. Uçur gedir, sonra yenə gəlir, birini də yumurtlayır, mənə baxıb yenə gülür. Bu dəfə özümü toplayıb bəbir kimi atılıram quşun üstünə, əlim nəinki boşa çıxır, tappıltı ilə yerə dayirəm və ayılıram. Baxıb görürəm ki, köhnə, paslı kravatdan yerə düşmüşəm. Başım pola dəyib, zoqq-zoqq zoqqulduyır... Quş da ki yenə mənə baxıb... Əşşi, quş nə atdırır, yuxuymuş zəhrimar...)

***

7-də Əhməd ayağını dirədi ki, Bakıya gedirəm, burda sovxoz işinnən bir fayda yoxdu, həm də söz gəzir ki, kolxoz-sovxozları dağıdırlar, fermer təsərrafatı olacaq, nə bilim nə nəmənə olacaq, nənəm demişkən... Mən day burda bir gün də qalmaram. Gedirəm Bakıya, bir zavodda, fabrikdə işə girəm, pul qazanam, özümə bir gün ağlayam.

Ata əvəzi əmisi dedi, a bala, pul qazanan burda da qazanar, get bizim uşaqlar kimi dəmiryolunda işə gir, aybaay maaşını al, gəl evinə. Nənə dedi, a bala, orda sənin kimin var axı, qərib eldi, şəhər küncüdü, əl-ayaq altda qalarsan, itərsən, allah eləməmiş, başına bir iş gələr... Ana gözünün yaşını tökdü, a bala, doğru deyillər, gəl bı daşı ətəyinnən tök dedi, dədən məni tək-təkana qoydu, barı sən belə eləmə, gör iyirmi ilin dul zənəniyəm, adıma söz-sov çıxmıyıb... innən belə...

Arvad sözünü tamamlaya bilməmiş, eləcənə ağlamışdı...

Hə, Əhmədin, dədəsi, yəni atası (bunlar ataya dədə, anaya nənə deyərlər) Əhmədin beş yaşı olanda qonşu kənddə bir evin damına şifer vurarkən yıxılmış, beli qırılmış, bir ayın tamamında ölmüşdü. (Kişi usta idi. O çay-paranın kənd evlərinin divarını qoyar, damının örtüyünü şiferləyər, evin döşəməsini vurar, hətta suvaq işini də görərdi. Lap elə adlı-sanlı usta olmasa da, çay daşından divar hörməkdə, ucuzvari dam şiferləməkdə, malakeşlikdə buralarda qabağına çıxan yox idi. Amma adam hamıya ev tiksə də, özünə bir əməlli-başlı bina qurmağa vaxt edə bilməmiş, atadanqalma tək otaqlı evin yanından bir üçdivar çəkməklə işini bitmiş saymışdı. Düzdür, iki maşın qum, beş maşın da daş gətirib həyətə tökmüşdü ki, allah qoysa, özünə də bir ev qaralasın, amma olmamışdı. Allah qoymamışdı, nənəsi Güşvər arvad demişkən. “Ağızlara söz olmuşdu, pulunu balta kəsməz bilmişdilər, kəndə Moskiviç sürən ilk adamıydı derdilər, arvadbazdı, yeyib-içəndi, geyinib-keçinəndi... Balamı dilə-dişə salıb göz-görəti öldüdülər...”)

Əhmədin atasının “Moskviç”i həyətlərində çürüdü, qapısın açmağa qoymadı anası – dədənə qismət olmadı o maşın, qoymaram içinə minəsən - dedi. Əlinə mala alanda arvad qiyyə çəkdi ki, dədəni mala öldüdü, çəkic öldüdü, qoymaram usta olasan...

Belə-belə, Əhməd axırda Bakıya yol aldı ki, birincisi kənddə adına ayama kimi yapışdırılan Yetim Əhməd adından qurtulsun. İkincisi, Əhmədin orta məktəbdən gözaltısı vardı; Dilnavaz adında forslu-poslu bu qızdan ötrü oğlan dəli-divanaydı, amma Dilnavaz bunu eşidəndə “hı, elə Yetim Əhmədimiz çatışmırdı” deyib kəndin zootexniki Danaqovalayan Zeynala ərə getmişdi. Və Əhməd daha özünə söz vermişdi ki, bu xarabada bir gün də durnayacaq. Elə durmadı da. Gəldi Bakıya, Şinzavodda işə düzəldi... Allah adama bəxt yazanda gərək xoş saatda yazsın. İşə bax ki, Şinzavod o dönəmdə Şinzavodluqdan çıxıb dönmüşdü kəndçiləri, əmisi nəvəsi Kamandar demişkən, Cinzavoda. Həftənin o başı da, bu başı da mitinq, tətil olurdu, ayın başında da düzəməlli maaş ala bilmirdi Əhməd. Bir dəfə hətta zavodun tətil komitəsinin qərarını pozub işə çıxdığına görə, yığışıb eşşək sudan gəlincəyə qədər çırpmışdılar yazığı... Axırda bezdi, getdi başqa bir qohumunun köməyi ilə gəmidə işə düzəldi. Yenə bura şükürlü idi. İş ağır olsa da, aybaay maaşını alırdı, tətilə, mitinqə aparan olmurdu... Bu da o vaxtacan çəkdi ki, 20 Yanvar qırğını oldu və onların gəmisi o biri gəmilər kimi SOS siqnalı ilə Xəzərdə haray-həşir qopardı, Bakı qırğınını dünyaya yaydı. Onda rus hərbi gəmiləri onların gəmisini atəşə tutmuş, az qala gəmini yandırmışdılar. Güc-bəla ilə söndürə bilmişdilər...

Burdan da əli boşa çıxan Əhməd əlacsız qalıb, tikintiyə işə düşəldi. Düzəlməyəydi kaş. SSRİ dağılan kimi zavod-fabrikləri talayanlar tikintini də ələ keçirdilər. Yetim Əhmədin qara günləri başladı. Az-maz öyrəndiyi divar qoymaq, malakeşlik işi bir gün olurdu, beş gün olmurdu. “Maştağa kruqu”, “Sabunçu stansiyası” deyilən yerlərdə sabahdan axşamacan ev tikdirən, təmir elətdirən müştəri gözləməkdən üzünün suyu töküldü.

Bir də başını qaldırdı ki, yaşı qırxı haqlayıb. Günü Bakının zirzəmi evlərində kirayə yaşamaqla, bəlli yerlərdə müştəri gözləməklə keçən Yetim Əhmədin suyumu heç düzəlmədi. Ta o vaxtacan ki, bir həyətdə ev tikəndə ev sahibinin totux-motux qızına aşiq oldu. İnsafən bu qız şəhər qızları kimi göynən gedənlərdən deyildi. Yaşı iyirmi altı olsa da, heç verməzdin. Şirin danışığı, həmişə gülən gözləri, bir də Əhmədi adam yerinə qoyan adamlığı vardı. Əhməd qızdan arxayın olandan sonra dərdini baş ustaya danışdı. O da ev sahibiynən məsləhətləşdi və məlum oldu ki, kişi də ifallı adammış, Əhmədin oturuşuğu-duruşuğu xoşuna gəlibmiş. Bircə onu deyib ki, yəyələri gəlib elçilik eləsinlər, qalanını həll eləmək olar. “Dost-düşman var, qonum-qonşu var, bilsinlər ki, elçi gəldilər, nişan gətirdilər, maşın bəzəyib toy elədilər, qalanını xırda-xırda yoluna qoyarıq... Mən də qızımı bir halal süd əmmişə vermək istəyirdim... İndi pis zamanadı, oğluna qız, qızına oğul tapmaq müşkülə dönüb...”

Əmisi, anası və nənəsi Bakıya gələndə yolda Güşvər arvadın dili dinc durmadı, soruşdu ki, ə gədə, bə bı qızın adı nədi?

Əhmədi elə bil elektrik vurdu. O “totux-motux, həmişə gülən, adamı adam yerinə qoyan” qızın adını soruşmağa imkanı olmamışdı. Tək bircə dəfə “ay allah bəndəsi, maa bir istəka su qıyarsanmı?” demiş, qız da “o nə sözüdü, allaha da qurban olub, suyuna da” deyib, Əhmədə əli titrəyə-titrəyə su gətirmiş, sonra da oğlanın suyu içməsinə heyran-heyran baxıban yuvada gülən qurquru kimi qağıldamış və “nuş olsun” deyib getmişdi... Vəssalam, şüttamam. Qalanı uzaqdan-uzağa baxışmaq, qız tərəfə baxmaqdan boynu əyri bitmək-zad idi ki, bunların içində “adın nədi, a gözəl” soruşması ya olmamış, ya da buna Yetim Əhməd ürək eləməmişdi...

- Bilmirəm, ay qoja, bilmirəm... Maa heç heylə imkan düşmədi axı, soruşam qızın adın?

- Bıy, baban Haxverdi ordan da oyna getsin!.. Nə təhər yanı, əəəə?! Sən adını bilmədiyin qızamı elçi aparırsan bizi?! Ə, bəlkə heş irazı dəyillər... Bıy sənin...

Əhmədin anası siqaretinə dəm verən qayınını göstərib qarının böyründən bir burmac götrüdü, yaşı səksəni haxlamış arvad böyrünü qopardan qızına həttənməyə də macal tapmadı. Sürücü dedi ki, düşün, çatmışıq...

Beləcə, Bakının Binə qəsəbəsi tərəfdə, Güşvər arvad demişkən, Əli düzündə yurd salan qızın atası onları özü qarşılamış, xoşgəldin eləmişdi. Uzun söz-söhbətdən sonra Xoşnavazın “hə”sini almışdılar.

(Elçilər yer-yurd olanacan Güşvər arvad qızın anasından qaş-göznən gələcək gəlinin adını soruşub Xoşnavaz olduğunu bilin kimi bayaq yanını qopardan qızına qaş-göz eləmişdi:”Gördün, yalan deyir gədən, bilirmiş adın, bizə demirmiş... Gedib qəsdən elə qız seçib ki, köhnə istəhlisinin adınnan baş olsun adı... Dilnavaz, Xoşnavaz...”

Amma allah şahiddir ki, bu tam bir təsadüf idi. Yazıq Əhmədin sadəcə, bu dəfə naxışı gətirmişdi.)

Bir ay sonra nişan, iki ay sonra da toy olmuşdu. Xoşnavazın atası qızının şəhərdəki ər evinə - Əhmədin kirayə qaldığı bir otaqlı mənzilə gəlin köçməsinə razı olsa da, bircə ayın tamamında təzə ailəni evinin yanında qaraladığı kiçik daxmaya yığmış, sonra gənc ailənin qonşuluqda sahibi qəfil ölmüş və əlacsız qalan oğlunun çox ucuz qiymətə satdığı 10 sot torpağı almalarına yardımçı olmuşdu. Düz beş ilə o torpağın pulunu hissə-hissə ödəyən Əhməd, nəhayət, daş-qum, sement almış, öz əlləri ilə özünə iki otaqlı ev başlamışdı...

***

Elə evin özülünü töküb, iki ip divar qoymuşdu ki, səhər polisdən sahə rəisi gəlmiş, pulunu alıb getmişdi. Onun dalıncan icra nümayəndəsi gəlmişdi. Düz iki min istəmişdi. Əks təqdirdə divarı uçuracağı ilə hədələmişdi. Qaynatası gedib bankdan kredit götürmüş, icradan gələni yola salmışdı. Sonra da demişdi ki, yavaş-yavaş ödəyərsiniz...

Divar işi dayanmışdı, ondan ki, hələ işləyib borcları ödəməliydi.

Düz beş ilin tamamında Əhmdin divarı qalxmış, uzaqdan evi evə oxşamışdı. Amma ev olması üçün gərək üstünün damı olaydı. Yazıq Əhmədin dam söhbəti də bir ilini apardı.

Xülasə, nə başınızı ağrıdım, beş baş külfətin (özü, arvadı, üç balası) qarnını doyuzdura-doyuzdura evin əvvəl damını vurdu, sonra da suvağını başlamışdı ki, Güşvər arvadın ölüm xəbəri gəldi.

Arvadıyla, qayınatasıyla yığışıb rayona getdilər, nənəsini dəfn etdilər, ehsan verdilər. Geri dönəndə Əhməd baxıb gördü ki, anası həyətdə ozalana-ozalana qalıb. Tək-təkana arvad burda necə yaşayacaqdı axı?

Anasını da götürüb, Bakıya gətirdi. Bu da bir ayrı dərd oldu. Otaq bir idi, heç uşaqları düz-əməlli yerləşə bilmirdi, indi də anası gəlib...

O gecə Əhmədə Ölüm fərz oldu, rəhmətlik Güşvər arvad demişkən. Həmişə gülən Xoşnavaz (ada bax səni allah, hər dəfə arvadın adını ağzına alanda Dilnavaz yadına düşürdü, içini yeyə-yeyə qalırdı) indi donquldana-donquldana qalmışdı. Əlacı kəsildi, təzə evin qapı pəncərəsinə pərdə-mərdə tutub, anasını ora yığıdı. Soyuqlar düşməmiş, evə qapı salmaq lazım idi ki, arvadı soyuq tutmasın. Onu birtəhər yoluna qoydu; işlənmiş bir dəmir qapı tapıb, rənglədi, evin giriş qpısına bənd elədi. Sonra bir az pul tapıb bir otağa pəncərə saldı, şüşələdi və ora qaz da çəkdirdi. Haradansa bir köhnə “ceyran peçi” dedikləri qaz sobası tapıb gətirdi və soyuqlar düçməmiş evi qızdırdı...

***

Əhməd ömrü boyu borc ödəmişdi. İndi evinin təmir işləri sona çatmaq üzrə idi və buna sevinmək əvəzinə, borclarını ödəyib qurtardığına sevinirdi...

Elə bu sevinməkdəykən, Güşvər arvadın sözü, anası xapdan durduğu yerdəcə yıxılıb öldü.

(Əhməd sonralar yana-yana deyirmiş ki, mən gərək arvadı yer-yurdunnan avara salmıyaydım. Bakıya gələnnən heç üzü gülmədi. Yeri bellədi ki, nəsə əkə, amma əkdiyi bu qumluxda bitərmi heç? Bitdi, amma övc eləmədi, günün istisində ütülüb getdi. Lobya əkdi, xiyar saldı civələrə, qarpızacan bitirdi, amma heç nə ələ gəlmədi... Bu qumluxda, bu şoranda nə olasıydı ki? Arvadı torpax dərdi öldürdü... Allah mənim kimi oğulun başına daş salsın ki, o yazığı bu səhrada çərrədib öldürdüm...)

Yenə borca düşdü. Arvadın dəfni üçün torpaq aldı, məsçiddə yumaq xərci, sidri-kafir, xələt pulu, mollaya Yasin oxuması, meyidi götürməsi üçün pul, hələ bir mərasim evində üç, qırx vermək, ucuzvari də olsa, qəbir götürmək vardı ki, bunlar da filan qədər pul-para edirdi...

(Gərək bunu ayrıca yazım. Anasını dəfn etmək üçün qəbir yeri almağa gedəndə qəfil ağlına belə bir fikir gəldi: “Ay dadi-bidad! Nənəmi rayonumuza aparmadım ki, day olduq bakili, ona görə arvadı burda basıracıyıq... Yaxşı, indi pis-yaxşı, mən varam, onu bir təhər yerbəyer edəcəyik... Bəs birdən səhər mən yıxılıb ölsəm, məni kim dəfn-kəfən eliyəcək? Yazıq Xoşavazmı? Ya hələ yıxılıb-durmuyan biçarə balalarımmı? Bakidə torpaq qanı qiymətinədi... Bəlkə, arvada yer alanda onun yanında özümə də yer alım? Xərcə-xəsarətə düşürəm düşməyinə...”

Və Əhməd ağlına gələn bu fikri öz aləmində bəyəndi və iki qəbir yerinin pulunu vürib ağ mişar daşıynan hasarlatdırdı...)

Anasının ölümündən iki il sonra Əhmədin böyük qızı instituta girdi və qonum-qonşu gözaydınlığı verəndə söz vermişdi ki, bir məclis də quracaq. Buna da xeyli pul lazımdı...

***

Qonaqlara təzə evin həyətində məclis qurdular, yaxşı yeyib-içmək verdilər.

Yazıq Əhməd yenə borca düşüd və evə bu il də köçə bilmədilər. Arvad dedi ki, ayrı çarə yoxdu, get bir beş min kredit götür ki, evin ağzını-burnunu düzəldək, köçək bu il, ayıbdı axı...

...Təzə evə köçən axşamı gecə yenə o qurquru yuxusuna girdi. Bu dəfə quş gəlib yuva qursa da, yuvasına otursa da, hər ayağa qalxanda altı boş olurdu. Kənddə buna nənəsi “yel yumurtlamaq” deyərdi. İndi quşun belə yel yumurtlamasına nə təhər əsəbləşdi ki, əl atıb onun qanadından tutdu, yuvadan bayıra vızıldatmaq istəyəndə başı hələ mala çəkilməmiş divarın ağ mişar daşına dəydi və Əhmədi qan apardı...

Düz üç günün tamamında adam canını tapşırdı. Həkim baxıb, deyibmiş ki, qanı yoxmuş. Elə baş daşa dəyməyiynən olub-qalan qanı da gedib, ürəyi partlayıb...

Təzə evdən Əhmədin meyidi çıxdı.

Təzə ali məktəbə qəbul olunan qızı ağı deyib ağlayırdı:”Ay ata, heç tikdiyin evdə ayağını uzadıb, rahat yata bilmədin axı... heyyyyyyyy”

Xoşnavaz isə ürəyində ağı deyirdi:”Ay Əhməd, bəs beş minnik krediti kim verəcəy, heyyyyy...”

***

Əhmədin qızı elə ikinci kursdaykən, atasının ili çıxmamış universitetdə dərs deyən bir oğlana nişanlandı. Oğlan anası ilə qız evinə qonaq gəldi. Həyət-bacanı gəzdi və Xoşnavaza dedi:

- Torpaq sahəniz böyükdür. Təklif edirəm ki, bunun tən yarısını, yəni beş sotunu sataq (elə sataq dedi ki, elə bil təzə nişanlanan deyildi), həm evinizin kəm-kəsirini düzəldin, həm başqa vacib işlərinizi həll edin (bu “başqa vacib işlərin içində heç şübhəsiz, istədiyi qızın cehizini də nəzərdə tuturdu), həm krediti bağlayın... həm də... bildiyim qədərilə, hələ ili çıxmamış ərinizin məzarını da götürə bilməmisiniz, onu da adınıza layiq götürün...

Oğlanın belə yerli-yataqlı danışığı Xoşnavaza elə xoş gəldi ki, az qaldı oğlanı qucaqlayıb öpə... (“Ki, ay bala, səni allah göndərib, biz bu pis günün daşın atax. Allaha da qurban olub, göndərdiyinə də...”)

Xülasə, torpağın sotunu altı mindən satdılar. Elə o günü krediti bağlayıb rahatladılar.

Sonra nişanlı qızın cehizinin pulunu ayırıb bir kənara qoydular. Və Əhmədə qara mərmərdən qəbir götürtdülər – baş daşında həm üzdə, həm arxada şəkli bərq vururdu...

Xoşnavaz qəbirə qərənfil düzə-düzə ağı deyirdi aşkar qürrələnərək:

“Ay Əhməd, sənin təzə evin mübarəkdi, heyyyyyyy.........................”

Qızları, Xoşnavazın anası, qonşular da ona səs verdilər:

“Heyyyyyyyyyy........................................”

***

Təzə evdə təmir işləri başa çatmış, Əhmədin qızının toyuna cidi hazırlıqlar başlamışdı. Evin qabağındakı üzüm çardağında bir qumru quşu yuva qurmuş, bir cüt də yumurta yumurtlamışdı...

29.04.2024

# 1480 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #