Eşqdən şərqi deməyin - Nazilə Gültac

Nazilə Gültac

Nazilə Gültac

27 noyabr 2022
# 12:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nazilə Gültacın "Eşqdən şərqi deməyin" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


Eşqdən şərqi deməyin

Ayrılanda vidalaşmamışdılar...

Şəhidlər Xiyabanında sıralanan qəbirlər əmr gözləyən əsgərlərə bənzəyirdi, elə bil indicə yürüş edib yenidən cəbhəyə gedəcəkdilər. Qara mərmərlərə həkk olunan şəkillər sanki indicə dil açıb danışıcaqdı. Nəzrinin qəlbi göynədi. Minlərlə şəhid versək də, Qarabağ hələ də düşmən tapdağında idi. Balaca Elsevər qaşlarını çatıb, iti nəzərlərlə daşların üstündəki adları oxuyur, sonra əlindəki qərənfilləri bir-bir qəbirlərin üstünə düzürdü. Oğluna demişdi ki, bu xiyabanda qəhrəmanlar uyuyur. Demişdi ki, Vətənsiz insan, yuvasız quşa bənzəyir. Bütün bunları fikrində dolaşdıran Elsevər qəfil dilləndi;

– Ana, mən də, vətənimi qoruyacam!

Nəzrin fəxrlə oğluna baxdı, əyilib onun sarışın, qıvırcıq telləri tökülən ağappaq alnından öpdü. Elsevərin ağıllı, gülümsər baxışları onun ürəyini riqqətə gətirdi;

– Mənim ağıllı balam!!!

O, əlindəki qərənfilləri oğlu ilə bərabər qəbirlərin üstünə düzə-düzə irəlilədi. Qəhərlənmişdi. Birdən gözləri mərmər lövhə üstündə bir şəklə sataşdı.
İlahi, bu, doğrudanmı o idi?!

Sarsıntı içində şəklə bir də, bir də baxdı. Şəklin altındakı adı dönə-dönə oxudu. Yox, nə qədər acı da olsa, zənni onu aldatmırdı! Bu o idi! Xəyallarının bəzəyi, neçə illik həsrətinin əlçatmaz ünvanı! Nəcəf!!! Deməli, o da şəhid olubmuş! İçindən qopan inilti bütün bədənini titrətdi! Nəsə demək istəsə də, sözlər yumrulanıb boğazına tıxandı. Bir anlığa sanki yer ayağı alından qaçdı, dərindən dərin bir quyu açıldı və o, sürətlə quyunun dibinə enməyə başladı. Bir də onu hiss etdi ki, quyunun dibinə çatıb və taqətsiz halda, asta-asta yerə çökdü...
Nə qədər vaxt keçməsindən xəbəri yox idi. Yerində donmuş halda başdaşındakı şəklə baxırdı. İxtiyarsız göz yaşları yanağında cığır açmışdı, səssiz, yana-yana ağlayırdı.

***

Universitetin üçüncü kursunda oxuyurdu. Sonuncu imtahanı bu gün səhər vermiş, bir ay çəkən imtahanların yorğunluğu hələ canından çıxmamışdı. Axşamüstü olsa da, hava bürkü idi. Şəhərin cansıxıcı bürküsündən tez üzaqlaşmaq üçün kirayə qaldığı evdə bir az yır-yığış edib, dəmiryol vağzalına gəldi və axşam qatarına bilet aldı. Qatarın vaxtına hələ bir saat qalırdı. Bileti ümumi vaqona, üst qata almışdı. Dispetçerin deməsinə görə, aşağı yerlər bir neçə gün öncədən satılıb qurtarmışdı.

Vaqonun pəncərəsini açıq qoysalar da, içəridə hava elə ağır idi ki, nəfəs almaq olmurdu. O, içəridəkilərə salam verərək, keçib boş bir yerdə əyləşdi. Orta yaşlı, qarayanız bir qadınla yorğun sifətli, ağ saçlı bir kişi küncdə oturub, nə barədəsə söhbət edirdilər. Qadın astadan danışır, kimdənsə narazılıq edir, kişi ona dinməzcə qulaq asır, hərdən razılıq əlaməti olaraq başını yelləyirdi. Onların ər-arvad olduqlarını sonradan bildi. Vaxt keçsin deyə vağzal köşkündən aldığı qəzetləri açıb xala-xətrin qalmasın vərəqləməyə başlamışdı ki, bir neçə gənc oğlan hay-küylə vaqona girib, qarşıdakı arakəsməyə keçdilər...

Axır ki, qatar yırğalana-yırğalana, ləngər vura-vura yerindən tərpəndi. Təkərlər öz aramsız səs-küyü ilə elə bil ki, uzun, bitib-tükənmək bilməyən bir nağıl danışır, getdikcə sürəti artan qatarın gözqamaşdıran işıqları qaranlığa meydan oxuyur, qabağına çıxan nə varsa, açılacaq sabaha doğru qovurdu.

Ər-arvad çox söhbətcil, canayaxın adamlar idi. Qərbi Azərbaycandan - öz dədə-baba yurdlarından didərgin düşmüş bu adamların üzündə dərin bir iztirab, sarsıntı izləri görünürdü. Yanlarında oturmuş bir kişiylə dərdləşməyə başlamışdılar. Əsəbi danışan qadın qəfildən kövrəldi. Göyçə həsrəti qadını göynətmişdi. O, ermənilərə lənətlər yağdırmağa başladı...

...Nəzrinin gözləri önündə gözəl, axarlı-baxarlı kəndləri canlanmışdı. Axı, onun da əsli Göyçə mahalından idi. Uşaqlığının qayğılı-qayğısız illəri o səfalı yaylaqlar, geniş düzlərdə keçmişdi. Novlu bulağın həzin nəğməsi gəldi qulaqlarına. Qəhərləndi. Düşündü ki, bax, yay tətilidir, gedib kəndimizdə dincələr, şəhərin tozlu havasından bir az uzaq olardım. Amma hanı? El-obasının başına gətirilən amansızlıq qızı sarsıtmışdı...
Onu xiffət dolu bu kövrək duyğulardan ayıran arakəsmənin o üzündə nəsə qızğın söhbət edən gənclərin hay-küyü oldu. Azərbaycanın başıbəlalı taleyindən, torpaqlarımızın erməni vəhşilərinin hücumuna məruz qalmasından qəzəblə danışan gənclər necə oldusa, arakəsmənin arxasından çıxıb, yandakı boş yerlərdə oturdular. Nəzrin indi onların üzlərini də görə bilirdi. Gənclərdən biri daha çılğın idi. Nəzrin istər-istəməz bu alagöz gəncin dediklərinə qulaq asmağa başladı. O, ermənilərin Azərbaycan torpaqlarına rus imperiyası tərəfindən köçürülməsindən danışır, deyirdi ki, dünyada, bəlkə, yeganə xalqıq ki, heç bir millətin torpağında gözümüz olmayıb, öz torpaqlarımız bizə bəs edib. Göyçəni, Zəngəzuru, İrəvanı himayədarlarının əliylə mənimsəyən ermənilərin dişində şirə qalıb, indi də vətənimizin ürəyi olan Qarabağa diş qıcayırlar. Biz Vətənə onun bu günündə lazımıq! Əl-ələ verməli, unutmamalıyıq ki, ulu bir xalqın övladlarıyıq!

Birdən gəncin iti nəzərləri Nəzrinin üzünə sancıldı və baxışları anidən toqquşdu. Qızın ürəyi bərk çırpındı!!! Tez gözlərini oğlandan yayındırdı. Siqaret çəkmək üçün çıxan kişinin boş qalmış yerinə kecdi ki, bir də oğlanla göz-gözə gəlməsin. ..

Bayaqdan səs-küylə dolu vaqona qəfil sükut çökdü. Oğlanlar söhbəti dayandırmışdılar. Alagöz oğlan yerindən qalxıb, o tərəf bu tərəfə gəzişməyə başlamışdı. O, hər dəfə Nəzringilin oturduğu yerdən keçəndə gözaltı qızı süzürdü. Nəzrin özünü məşğul kimi göstərməyə nə qədər çalışsa da, bütün fikri bu yaraşıqlı, dilli-dilavər oğlanda qalmışdı. Hər dəfə oğlanı qarşısında görəndə həyəcanlanır, nə qədər eləsə də, ona gözucu baxmaqdan özünü saxlaya bilmirdi. Oğlanın baxışlarındakı qeyri-adi qətiyyət iradəsi əleyhinə olaraq, onu bir maqnit kimi özünə çəkirdi.

Nəhayət, hər kəs yerini rahatlayıb yatmağa hazırlaşdı. Nəzrin də yerinə uzanıb gözlərini yumdu. ..

- Deyəsən, yeriniz yuxarıdadır, mənim yerim aşağıdadır, istəsəz, dəyişə bilərik. Sizə əziyyət olar, yıxılarsınız!

Bu səs necə mehriban, necə mülayim idi! İlk dəfə gördüyü qızla əziz, məhrəm bir adamı kimi davranırdı. Başını qaldıranda gördü ki, ucaboy, ağbəniz, alagöz, qıvrım saçlı həmin gənc xoş nəzərlərlə ona baxır. Özünü nə qədər ciddi tutmağa çalışa da, qeyri-ixtiyari gülümsəyərək, - “Sağ olun, yuxarı xoşuma gəlir!”, - dedi və öz səsi özünə yad gəldi.
- Nə deyirəm ki, - deyə oğlan məyus halda yerinə qayıtdı. Xala aşağıdan pıçıldadı:
- Sabahdan fikir verirəm, a bala, deyəsən, o dilli-dilavər oğlanın yaman xoşuna gəlirsən. Amma, insafən, heç pis oğlana oxşamır.

Nəzrin dinmədi, utanıb başını aşağı saldı.

Artıq hamı öz yerində rahatlanmışdı, Nəzrinsə, əksinə, çox narahat idi. Öz yerini yandakı sərnişinlə dəyişən oğlan gözlərini ondan bir an belə çəkmir, bu gözlərdən yağan ulduz-ulduz iynələr qızın bədəninə min yerdən sancılırdı. Yaxşı ki, açıq pəncərədən sərin hava gəlirdi, yoxsa, istidən, həyəcandan az qala boğulacaqdı! Əllərini bayıra çıxardı, sanki sərin havanı ovuclayıb içəri dolduracaqdı. Hiss edirdi ki, oğlan sözlü adama oxşayır, ona nəsə demək istəyir, nigarançılıq içində vurnuxur. Guya yatmaq istəyirmiş kimi gözlərini yumdu və şirin xəyallar içində nə vaxt yuxuya getməsindən xəbəri olmadı...

-Bura nə yaxşı sərin imiş.

Gözlərini bu qəfil pıçıltıya açdı. O idi! Əllərini açıq pəncərədən bayıra uzadaraq, üzünü qıza tutub danışır, danışdıqca da bütün bədəni titrəyirdi:

- Gəlin, tanış olaq! Mənim adım Nəcəfdir!

Təəccübdən, həyəcandan dili tutulan qız susurdu. Nəcəf ondan harda oxumasını soruşur, kim olması ilə maraqlanır, bir cavab almadıqda özü haqda danışırdı. O, Universitetin tarix fakültəsində oxuyur, həm də radiozavodda işləyirdi. Atasının vəfatından sonra evin bütün ağırlığı onun üstünə düşmüşdü. Anasıgilə hər ay pul göndərirdi. Çünki onların başqa güman yerləri yox idi, anası xəstə olduğuna görə işləyə bilmirdi.

Oğlanın üzündəki ciddi və qətiyyətli ifadə Nəzrində ona qarşı rəğbət oyatmışdı. Qız onun qaygılı üzünə baxaraq, tez mövzunu dəyişdirmiş, soruşmuşdu ki, tarixi yenə köhnə dərsliklərdənmi oxuyurlar? Sonra da demişdi ki, yazıq tarix, sən necə varsan, o cür də yaşayıb gedirsən, lakin hərə səni öz bildiyi kimi yazır.

Nəcəf isə heyrət dolu baxışları ilə ona baxaraq, - “Sən nə sevimli qızsan!”, - deyə pıçıldamışdı. Demişdi ki, xalqımızın keçmişini varaq-varaq öyrənib, yeni tarix kitabı yazmaq arzusundadır. Bunları deyəndə üzü elə nurlanmışdı ki!

Bu fikrinə görə qızın ona rəğbəti bir az da çoxalmış, bayaq erməni faşistlərindən, onların xalqımızın başına açdığı oyunlardan nifrətlə danışanda onun gözlərinin qəzəbdən necə alışıb yandığını xatırlamışdı. Belə oğullarımız olduğuna görə düşmən üzərində qələbəyə inamı güclənən qız əmin lmuşdu ki, o çox ləyaqətli və nəcib insandır...


***

İndi, neçə il sonra Nəzrin qara mərmərdən boylanan oğlanın tanış çöhrəsinə baxa-baxa özünü qınayırdı: - Mən niyə sənin cəbhəyə gedəcəyini düşünmədim? Axı, sən vətənin dar günündə kənarda qala bilməzdin! İlahi, niyə tamaşa olan bu həyatda faciələr daha çoxdur, axı?

***
...Gecənin bir aləmi, hansısa bir stansiyada nəfəsini içinə çəkən qatar qəfil dayandı, hardasa itlər bərkdən hürüşdülər. Uzaqda qatı qaranlığın qoynunda ara-sıra közərən işıqlar yaxınlıqdakı hansısa kiçik bir dağ kəndinin varlığından xəbər verir, bu işıqlar ayrı-ayrı evlərdən boylanıb, sanki bir-biri ilə danışırdılar. O işıqların hər biri bir ailə, neçə-neçə ömür, arzu, istək demək idi. Bax, görəsən, o bir kənarda işığı gələn evdə kimlər yaşayır, bir-biriylə necə yola gedirlər? Bax, indi bu dəqiqə, bu an neyləyrilər? Yatıblarmı, oyaqdırlarmı? Kaş, bir quş olub o işıq gələn pəncərəyə qonaydım, o evdəki həyatı heç kəsin xəbəri olmadan kənardan seyr edəydim. Niyə, axı, insanlar bir-birinə belə yad, belə uzaqdır?!

Onu bu ani fikirlərdən Nəcəfin sualı ayırdı:

-Nə fikirləşirsən?

Tamam fərqli cavab verdi:

-Nədənsə axşamlar itlər hürüşəndə içimə bir qəriblik dolur, sanki əziz bir adamımın yoxluğunu hiss edirəm. Elə bil ki, uzaq bir obada dəyədə oturub, ovdan qayıdacaq əzizimi gözləyirəm. O isə gəlmək bilmir ki, bilmir.

Nəcəf astadan güldü. Ay allah, elə şirin-şirin güldü ki, qaygıkeş baxışları qızın bütün vucudunu dolaşdı. O, həyatında özünə qarşı bu cür doğma baxışlar görməmişdi. Nəcəf:
-Aşağı düşə bilərsən? Sənə sözüm var, - deyə pıçıldadı.

Qız mat-məəttəl qalmışdı. Əvvəl istədi getməyə. Xala da deyəsən, yatmamışdı. Amma özü də fərqinə varmadan, hansısa bir hiss onu uzandığı yerdən qalxmağa sövq etdi, aşağı enib Nəcəfin dediyi yerə gəldi. Oğlan gözə dəymirdi. Pəncərədən bayıra boylandı. Bütün gücünü yığmış qatar irəli şütüdükcə amansız bir inadkarlıqla işıqları da oğurlayıb özü ilə aparırdı. Birdən hiss etdi ki, Nəcəf arxasında dayanıb, ona baxır. Geri dönüb oğlanla üz-üzə dayandı. Nəcəfin sinəsi həyəcandan qalxıb enir, bütün bədəni titrəyir, bu həyəcan qıza təsir eləyirdi.
Özünü ələ alıb sakit səslə soruşdu:

– Nə deyəcəkdin mənə?

Oğlan bir anlığa susdu. Elə bil ki, bayaqdan dil-dil ötən o deyilmiş. Qısaqol köynəyinin qolunu qatlayıb, qolundakı qız şəklini ona göstərdi.

– Bax, sənin rəsmindi.

Nəzrin özünün tuşla çəkilmiş rəsmini oğlanın qolunda görəndə öncə heyrətdən dili tutuldu, nə deyəcəyini bilmədi! Sonra elə bil ki, bu alagöz oğlan bir andaca həm doğma, həm də sirli, əsrarəngiz görünməyə başladı. Bu, nə sirr idi?! İlk dəfə cəmi bir-iki saat qabaq gördüyü bu oğlan niyə ona bu qədər doğma gəlirdi?! Elə bil ki, onu lap uşaqlıqdan, bəlkə, hələ dünyaya gəlməmiş tanıyırmış!
– Mənim şəklimi sənin qoluna kim çəkib?!
Nəcəf rəsmin onun qoluna bir əsgər yoldaşı tərəfindən döyüldüyünü dedi. Sən demə, nağıllar röyalar aləmindən gəlmiş bu oğlanın səkkiz il qabaq qoluna döydürdüyü qız rəsmindən elə xoşu gəlib ki, bu illər ərzində gözləri hər yerdə rəsmdəki qızı axtarırımış və budur, axır ki, axtardığını tapmışdı!..

***
Nəzrin onun soyuq başdaşını qucaqladı:
– Nəcəf, illərlə, ömür boyu mən səni axtarmışam. Heç bilməmişəm ki, sən burda, lap yaxınımdasan! Müharibə çıxaranın evi yıxılsın! Axı, sənin nə qədər işıqlı arzuların vardı, Nəcəf! Nəcəf! – qadının ürəyindən qopan ah bütün vücudunu yandırdı...

***

Nəcəf az qalırdı qızı bağrına bassın.Titrəyə-titrəyə adını soruşdu.

– Nəzrin?! Nə gözəl adın var? Mən səni hec vaxt itirmək istəməzdim. Sən ağıllı qıza bənzəyirsən. Xahiş edirəm, unutma məni, sən mənim xəyallarımın pərisisən, mənim tale payımsan! Nə uğurlu oldu bu səfər! Şəmkirə dostumgilə qonaq gedirəm!

Dəqiqələr bir-birini əvəz edir, qatar bir an belə nəfəsini dərmədən irəli cumur, onlar bir- birləri ilə söhbət etməkdən doymurdular. Ikisinin də ürəyindən idi ki, bu aylı-ulduzlu yay gecəsi uzandıqca uzansın, bu tale qatarı dayanmadan yüz il beləcə yol getsin və onları arzuların hansısa əlçatmaz, naməlum, məchul ünvanına aparsın...
Hər şey elə anidən, qəfil oldu ki, qız əvvəlcə nə baş verdiyini anlamadı. İsti yağış damlaları boyun-boğazı, yanaqları, üz-gözünə tökülürdü. Ağlı başından çıxmış, bu qatarı da, gecəni də, oğlanı da, özünü də unutmuşdu! Nə qədər belə çəkdiyini billmədi! Zaman durmuşdu sanki! Qatar yuxudan ayılmış adam kimi anidən nəfəsini çəkib qəfil dayandı və dayanmasıyla da hər şeyi öz axarına qaytardı. Bu nə idi? Bu nə vaxt baş vermiş, niyə buna razı olmuşdu?! Dəmir kimi güclü, əzələli qollarını qızın belinə dolayan oğlan onu öpüşlərə qərq eləyirdi! Burax!, - deyə çabalayıb, oğlanın qolları arasından çıxdı və yerinə sarı qaçdı...

Yerinə uzanıb gözlərini yummuşdu. Quş kimi çırpınan ürəyi elə bil indicə sinəsini yarıb çıxacaqdı! Bütün olanları bir-bir yada salır, hadisəni anbaban yenidən yaşayır, gözlənilmədən baş verənlərə izah tapmağa çalışır, özünü danlayırdı. Necə oldu ki, belə zəiflik göstərdi? Yol yoldaşları, alt qatda yatan mehriban, çoxdanışan qadın bilsə, onun haqqında nə düşünəcək? Yəqin deyəcək ki, qıza bax, bir-iki saat bundan qabaq tanıdığı oğlanla gör nə oyunlardan çıxır?! Zavallı qadın hardan bilsin ki, bu gənc onu səkkiz ildir ki, tanıyır, qız da onu xəyallarında yaşatdığı ən əziz adamı sanır!
Xəyaldan ayrılıb gözünü açanda Nəcəfi yenə öz yerində oturmuş gördü. Göz qırpmadan qıza baxırdı. Onun baxışları qızı bu dəfə daha çox həyəcanlandırır, kövrəldirdi, az qalırdı yalvara, deyə ki, nə olar, mənə belə baxma! Yuxusu ərşə çəkilmişdi, yaman istilənirdi. Dəsmalıyla üzünü yelləməyə başladı. Nəcəf qalxıb ona qəzet verdi.

- Al, Nəzrin - necə də nəvazişlə çəkdi adını. Evdə atasının, qardaşlarının onu necə kobudluqla çağırmaları yadına düşdü. Bu nə idi, nə baş verirdi? Heç biri yata bilmirdi, sanki nağıllar aləmindəydilər...

Qız boyun-boğazında, sir-sifətində ilk öpüşlərin hərarəti nə vaxt yuxuya getməsindən xəbəri olmadı. Yuxuda özünü lələk kimi yüngülləşib havada süzən gördü. Süzür, süzür, amma heç bir yerə gedib çıxa bilmirdi. Elə bil ki, onu ağuşuna almış mələklər göy üzündə yırğalayır, səssiz ninni deyirdilər. Birdən yerin dərinliyindənmi, yoxsa göylərin doqquzuncu qatındanmı gələn bir səslə kimsə onu çağırmağa başladı: Nəzriiin! Nəzriiin! Öz adını eşidib, gözlərini açdı: - Nəzrin, - bir azdan mənim stansiyamdır, düşürəm, - deyən Nəcəf onun qolunu sığallayırdı.
Əlinin hərarəti qızın bütün bədənini yandırdı. Qolunu yavaşca çəkdi.

– Yat-yat, - deyə Nəcəf mehribanlıqla gülümsədi. Elə bil körpə uşağa laylay çalırdı. Sakitcə ah çəkdi. - Mənə təəcüblənmə. Axı, əslində, mən səni çoxdan tanıyıram. Sən mənim ürəyimin bir parçasısan, yarımsan!

Qatar Gəncəyə çatdı. Nəcəfin düşməsinə az qalmışdı. Oğlan ondan qələm istədi, bir vərəq parçası çıxarıb, ora nəsə yazdı, qıza uzatdı. Telefon nömrəsi idi.

– Dostum Tahirin ev nömrəsidir. Xahiş edirəm, ona zəng elə, nə vaxt gələcəyini xəbər ver, şəhərdə səni qarşılayaram. Nəsə göruşə bilməyəcəyimizdən yaman narahatam. Mənə bir telefon nömrəsi ver. Çox xahiş edirəm, gəl, görüşək. Əgər səni itirsəm, bunu hec vaxt özümə bağışlamayacam. Görəsən, bu bir ayı sənsiz necə dayanacam?
Nəhayət, Nəcəfin enəcəyi stansiyanın yaxınlaşdığını elan etdilər. Nəzrin ev telefonlarının nömrəsini, evlərinin ünvanını qardaşlarının qorxusundan oğlana verə bilməsə də, telefon edib, onu tapacağına söz verdi.

Nəcəf ani tərəddüddən sonra sanki ürəyində ağır yük ayağa qalxdı. Əlindəki qəzeti ona uzatdı.

– Burda bir şeir var, oxuyarsan.

Qızı başdan ayağa elə süzdü ki, sanki onun bütün vücudunu gözlərinə köçürüb özüylə aparacaqdı. Qızın əlini hərarətli bir nəvazişlə sıxıb ayrıldı...
Oğlan qızın ürəyini də özüylə götürüb getmişdi. Qız fikrini dağıtmaq üçün guya ki, qəzet oxumağa başladı. Gözünə bir şeir sataşdı. Müəllifi yadından çıxsa da, şeirin axırıncı misraları indiyə qədər yadındaydı. Nəcəf bu iki misranın altındasn göy rəngli qələmlə qoşa xətt çəkmişdi:

Eşqdən şərqi deməyin.
Eşq şərqisi məndə.

***

Yayın son ayını böyük səbirsizliklə başa vurdu. Amma anası bərk xəstələndiyindən rayonda bir həftə artıq qalası oldu. İşin tərsliyindən Nəcəfin verdiyi telefon nömrəsi də dəftərin arasından yoxa çıxdı.
Bakıya qayıdanda düz bir həftə vədələşdikləri yerə baş çəkdi, amma o yox idi. Nəzrin özünü vədinə xilaf adam kimi hiss elədiyi üçün üzüntüdən xəstələndi. Dəfələrlə Nəcəfin iş yerinə və oxuduğu universitetetə getsə də, utandığından heç kəsdən onu soruşa bilmədi. Ümidini təsadüfə bağladı...
**
Bir ovuc işıq hardansa süzülüb, Nəzrinin qəlbinə dolur, ona elə gəlirdi ki, bu, Nəcəfin dinclik tapan ruhudur. Başını qaldırıb əlçatmaz göylərə baxdı. Gömgöy səmada iki ağappaq bulud sevgililər kimi qucaqlaşmışdı. Nəzrin əminiydi ki, bu onların əbədi vüsala çatan ruhlarıdır...Nəzrini özünə qaytaran “Ana!, Ana!”, - deyə ona sığınan oğlunun ilıq nəfəsi oldu.

# 2465 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
#
#
# # #