Dörd nöqtə - Xəzər Əlizadə

Xəzər Əlizadə

Xəzər Əlizadə

15 dekabr 2021
# 17:42

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Xəzər Əlizadənin “Dörd nöqtə” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Niyə görüşürük? Nə olsun ilk dəvətindəcə gəldim. Heç gecikmədim də, baxmayaraq ki, əvvəllər bütün görüşlərə gecikirdim, – gülümsəyir, – ancaq bu, nə səni bağışlamağım, nə də hər şeyi unutmağım anlamına gəlir...

Yanımda əyləşən kimi verdiyi sualın cavabı bəlli idi. Metroya yaxınlaşanda başlamışdı hər şey. Əlsində, başlamırdı, sona çatırdı. Dalana çəkib əvvəlcə özümə bərk sıxdım, sonra itaətinə əmin olub səssizcə öpdüm. Dodağımı çəkəndə isə gözlərindən yaş gəlirdi. Məğlubiyyətinə ağlayırdı. Əlləri boşalmışdı. Bəlkə də, ürəyimdə heç vaxt hiss etmədiyim bir rəhm vicdanımı qarşısına qoyub danlayırdı. Silahsız rəqibin üzərində qazandığın zəfərin qüruru da kövrək olur çünki.

Yola düzələndə addımlarını itiləşdirdi ki, məndən uzaqlaşsın, əlindən yapışdım. Anlamışdı ki, bu, həmişəki əl sıxmaq deyil və yüz dəfə də cəhd etsə, qopa bilməyəcək. İçkinin təsirindən ikimiz də hərəkətlərimizin fərqinə varmadan tələm-tələsik qərar verib gecəni başa vurmağa çalışırdıq.

Əlimin qanadığını ağrısından deyil, paltarımın üstünə düşən qan ləkəsindən anlamışdım həmin gecə. Biləyimdən qurtulmağa gücü çatmayınca, köməyə vəfalı dişlərini çağırmışdı. Ancaq sonuncu dəfə təslim olduğunu qəbul etmişdi. Ümidlər tükənəndə məğlubiyyət bəzən zövq verir, işgəncələr şirin olur.

Sabah oyananda telefona baxdım ki, əslində, ilk üzrxahlığımı etmişəm. Gecə nə qədər sərxoş olsam da, nə qədər nəzakətsiz davranıb insanların içində onu öpsəm də, evə çatar-çatmaz “centlemen paltarı”mı geyinib bağışlanmağımçün dəridən-qabıqdan çıxmışam. Arxası ilə də köhnə esselərimdən əzbər yadımda saxladığım cümlələrə biraz da bəzək-düzək vurub bakirə qızlar kimi sırımışdım bədəninə. Gözəlliyindən tutmuş özəlliyinə qədər etdiyim vəsflərin bəziləri əyinə gen qalsa da, etiraf edim, əksəriyyəti dar olurdu.

- Çox içmişdim. Davranışlarımın kobudluğunu anlayıram, ona görə də...

- Amma bu sənə, ümumiyyətlə heç kimə haqq qazandıra bilməz. Nəzərə alsan ki, mən səndən də çox içmişdim və hərəkətlərinə müqavimət göstərə bilməyəcək qədər aciz idim.

Nitqimi yarımçıq dayandırmasından vəziyyətin nə qədər mürəkəb olduğunu başa düşmüşdüm. Səhvi düzəltməyə çalışmaq, onu dərk etmək qədər ağırmış.

- Həmin gün əhvalım da yerində deyildi, bilirsən.

- Bildiyim tək şey axmaqlığındır.

Sonra susdu. Soyuqqanlılığını qorumağa çalışdığını anlayırdım. Həm də anlayırdım ki, insan nə qədər soyuqqanlı döyüşsə, o qədər az qan itirər. Bir də onu başa düşürdüm ki, qisas hisslərlə deyil, ağılla alınar. O isə bir qucaq soyuq silahla gəlmişdi həmin axşamkı məğlubiyyətin əvəzini çıxmağa.

- Bəlkə də, ən böyük axmaqlığı elə mən etdim, sən deyil. Sənə güvəndiyimə görə məğlub oldum, bu gün qarşında nə qədər qürurla dayansam da, o gecəni əynimdən soyunub atmaq üçün hələ illərimi xərcləməli olacam.

- Hə, axmaqsan, çünki, bir öpüşə görə özünü bu qədər ittiham, məni isə məzəmmət edirsən.

- Bir öpüşə?!

- Bəli, bir öpüşə. Hansı ki, bu dəfələrlə aramızda olub.

- Bilirsən, istəmədiyin zövqü əynimə toxuya bilməzsən. Bunu hələ də anlamadın sən. Heç sabah da anlamayacaqsan.

- Səni başa düşmək istəyərdim, inan. Ancaq...

- Ancaq nə? Hə?! Ancaq nə?! Zorla məni küçənin ortasında, insanların içində tutub öpən kişiyə sabah ərə getməliyəm? Yoxsa ömürlük fahişən olmalıyam sənin? Əlbəttə, indi deyəcəksən, üzr də istədim, həm də dəfələrlə. Mən isə ürəyimə daş bağlayıb dərdlərinə qəhqəhə ilə gülmüşəm. Bəli, qadınam və hər qadın kimi öpülməyi, əzizlənməyi sevirəm, ancaq zorlanmağı, əzilməyi, alçalmağı deyil.

- Mən səni zorlamadım. Bu sadəcə bir istək idi və hardan biləydim ki, sərxoş olanda istəklərimiz bu qədər iyrənc görünərmiş.

- Sən indi də hərəkətlərinə bəraət qazandırmaq üçün özünü zorlayırsan. Bu həyatda barı bir şeyi, bircə şeyi də qolunun gücüylə deyil, ağlınla qazan!

Narahatlığı artmışdı. Emosiyaların bu qədər artmasından razı qalmamışdı.

- Getsəm yaxşıdı daha. Özünə bəraət qazandırmağa çalışan insanın karına heç bir hikmət yetişməz.

- Elə bilirsən, sən qüsursuzsan? Düşündürsən ki, sənə etdiklərim səni alçaltmaq üçün idi və bütün bu davranışlar zorakılıqdan, təhqirdən başqa bir şey deyil? Anlayıram səni. Özünü qurban kimi görənlərin düşüncəsi qurbanlıqlardan fərqlənməz. Bir dön özünə bax. Səhvlərin olmadı heç? Bağışlanmadın guya? Yoxsa üzr istəməyibsən bircə kərə? Əlbəttə, günahların da saysız-hesabsızdır, əminəm. Heç kim Allah deyil və hər kəs ittiham etdiyi qədər günaha sahibdir. Mən bütün hərəkətlərimdə dürüst oldum, hətta səhv edərkən də səmimiyyətimi gizlətmədim. Ancaq sən həmişə nələrinsə üstünü örtdün. Sirlərin o qədər çox idi, böyük idi, elə möhkəm mühafizə olunurdu ki, yaxınlaşmağa cəsarətim çatmadı, öyrənməyə bacarığım. Zəif tərəflərimi gözəl bildiyin halda, özünü bu zəifliklərin qarşısında qurban kimi göstərməyinin hikmətini necə anlayım bəs?

- Mən məhz qurban olmamaq üçün səndən uzaqlaşdım.

- Necə uzaqlaşdın? Hər gecə xatirələrini üstünə sərib rəsmimi çəkərəkmi? Yoxsa eyvana çıxıb yandırdığın siqaretin tüstüsündə mənim nəfəsimi axtarmaqlamı? Sənin qoxun mənim burnumdan, mənim nəfəsim sənin ciyərlərindən qopmadan uzaqlaşa bilmərik biz. Yoxsa sabah ərinin qoynuna sarılarkən duyğularında ona etdiyin xəyanətdən yorulacaqsan. Nəhayət, bir gün şəhərin dar küçələrində sərxoş, əlimizdə boş pivə butulkası gəzərkən qarşılaşanda həmin öpüşün borcunu qaytarmaqdan özünü saxlaya bilməyəcəksən. Ancaq cəsarətli ol, çəkdiyin rəsmdə heç nəyi gizlətmə, sonuncu öpüşümüzü də.

- Buraya nəyə gəldik biz, hə? Sənin söz oyununa qulaq asmağamı, yoxsa rəssamlıq utopiyalarına keşik çəkməyəmi? Anlamırsan ki, bu həyatda əgər bircə dəfə rəsm çəksəm, o tabloda sən olmayacaqsan. Sənə aid nə varsa, hamısını süpürüb atmışam zibilliyimə. Həmin axşamın divanını isə cəhənnəmdə quracam. Heç vaxt, bundan sonra saxta səmimiyyətlərinlə heç vaxt heç bir qadının hisslərinə toxuna bilməyəcəksən. Arzuladığın tablon isə...

Susdu. Sonra düz gözlərimin içinə baxdı:

- Onu bircə dəfə çəkəcəklər - məzarının üstünə…

Ayağa qalmışdı. Qara, vücudu boyu topuğuna qədər axıb tökülən don bədəninə çox gözəl biçilmişdi. Dalğalı, qıvırcıq saçlarını isə külək tərpətdikcə dünyada tək bir gözəlliyin mövcudluğuna inanmağa başlayırdım. Bütün inancların bir toxumu var axı.

Son sığınacağıma “yaxşı yol” deməyin zamanı yetişmişdi. İndi əlini sıxmağa güc, “əlivda” deməyə cəsarət lazım idi.

- Daha gəlməyəcəm. Zənglərinə də cavab verməyəcəm. Özünə təzə sığınacaq axtar. Zövqlərin onsuz da bəsitdir, şəhərdə ehtiyaclarına yetəcək kifayət qədər fahişə var.

“Getdi... Yox, getmədi, sadəcə uzaqlaşırdı. Qayıdacaq axı, o gedə bilməzdi”...

“Bəli, gedirəm. Təsəvvürünə gətirməzdin, belə bir addım ataram, hə? Necə ki gələrkən gedəcəyimi fikirləşməmişdim, indi də gedirəm və qayıtmayacağıma sirrlərim qədər əminəm. Hər şeyin sonuna “üç nöqtə” qoymağa vərdiş etmisən sən, ancaq mənim qərarlarım işarələrdən daha qətiyyətlidir”.

Oktyabr, 2021-ci il

# 2467 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #