Diş ağrısı - Vüsal Əhmədov

Vüsal Əhmədov

Vüsal Əhmədov

25 noyabr 2022
# 20:45

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Vüsal Əhmədovun "Diş ağrısı" hekayəsini təqdim edir.

Dişimin çəkiləndən sonra bir neçə gün evdə qalmalı olmuşdum. Evdə, onsuz da, tək yaşayırdım. Üstəlik, indi bütün günü evdə oturmalı, saatbaşı da duzlu su ilə ağzımı yaxalamalı idim. Yediyim, daha doğrusu, yeyə bildiyim heç nəyin dadını hiss etmirdim. Bir müddət sonra əli-qolu və təbii ki, ağzı bağlı oturmaqdan əsəblərim indi gözümü zilləyib baxdığım paltar ipi kimi gərilmişdi.

Az adam tapılar ki, dumanlı, çiskin havadan zövq alsın. Mən belələrindənəm. İndi də çöldə əsl mən istəyən, boz hava vardı, gül kimi… Amma küçəyə çıxa bilməzdim, dişimə hava da daxil, sərin heç nə dəyməməli idi. Mənsə indi küçədə dost-tanışla görüşüb, dayanmadan, ağzımı ayıra-ayıra söhbət eləmək istəyirdim. Çənəmi hər tərpədəndə hiss elədiyim ağrı bu həvəsi bircə saniyənin içində məhv edə bilirdi. İlahi, insan heç kimlə bircə kəlmə də kəsmədən necə yaşaya bilər?

Heç olmasa, rəhmətlik nənəm sağ olaydı, indi mənimlə yaşayaydı. Umac şorbasından, hörrədən-zaddan bişirəydi, bişirə-bişirə də, o ki var, danışardı. Heç olmasa, mənim yerimə də danışaydı. Amma o da yox idi… Qəsəbənin ən gözdən-nəzərdən uzaq yerində, dost-tanışların hamısından uzaq bu evdə indi bir mən vardım, bir də məhəllənin kirimək bilməyən, bağırmaqdan boğazları az qala cırılan uşaqları. Gün uzunu qışqırmaq olar? Bəlkə də, mənim vəziyyətimdən xəbər tutub, acığıma belə edirdilər.

Evin ən səssiz küncünə keçib, xaricdə yaşayan dostumla Facetimeda danışacaqdım. Dəhlizdəki güzgüyə baxmağımla, görüntülü zəng fikrindən vaz keçməyim bir oldu. Əclaf aynalar… Guya mən bilmirdim dişimin ucbatından üzümün bir tərəfinin şişib əyildiyini. Hirsimi telefondan çıxdım. Söhbət proqramlarını sildim. Sonra gözüm axana qədər mukbang videolarına baxdım. Bu vloggerlər heç olmasa, nəsə çeynəyirlər.

Əsəbim hələ də soyumurdu.

Sosial şəbəkələrdən birində insanların gündəlik hadisələr haqqında əttökən rəylərini, statuslarını oxumağa başladım. Xoşuma gəlməyənlərə sataşırdım.
Məşhurlardan kimsə bir qrup insanı xarici görünüşünə görə mühakimə edən status paylaşmışdı. Kimsə də onun insanları xarici görünüşünə görə mühakimə etdiyini qınayan bir şərh yazıb, eyni mətndə bu məşhurun özünün xarici görünüşünə lağ eləmişdi. Tətbiqi silib, telefonu bağladım.

Təkliyimə və darıxmağıma heç cürə çarə tapmırdım. Özümə kənar gözlə baxıb, vəziyyətimə bir ad tapmağa çalışdım. Ən uyğun gələni yarsız-yoldaşsız oldu. Yoldaş demişkən, bəlkə zəng vurub, köhnə sinif yoldaşlarımdan biri ilə danışım. Onları axırıncı dəfə görməyimin üstündən nə qədər keçib, o vaxtdan bu yana 180 dərəcə olmasa da, 150 dərəcə dəyişmişdim. Həm onları, həm olanları yada salmış olaram, həm də baxma, insanın arada onu daha az tanıyan kimsələrlə danışmağa ehtiyacı olur.

Əvvəlcədən məşq elədim. Alınmadı. Dilim uyuşurdu deyə, heç səsləri normal tələffüz eləyə bilmirdim. Yoldaşlarımın mənim haqqımda indidən dişləri tökülmüş, ağzı söz tutmayan biri olduğumu fikirləşmələrini istəmədim. Çoxdandır, yarsız qalmışdım, indi yoldaşsız da qaldım.

Susadığımı hiss elədim. Zirzəmidəki kompotlardan birini gətirib, açmaq qərarına gəldim. Tələsik zirzəmiyə düşdüm. Kompotları ora öz əlimlə düzmüşdüm deyə, içəri qaranlıq olsa da, bankaları əl havasına tapdım. İndi geri çıxmalı idim. Başımı sola çevirəndə tavandan asılan beysbol bitası düz sifətimə dəydi. Üzümdəki dəhşətli ağrı, vəhşi kimi bağırmağım, əl-qolumun boşalması və kompot bankasının əlimdən düşüb, çilik-çilik olması - hamısı eyni anda baş verdi. Beynimə qan vurdu.

Kinolarda sınıq şüşə yığanda əlini qanadan qəhrəmanları yadıma salıb, çiliklənmiş bankanın qırıntılarını toplamqdan vaz keçdim. Nə qədər ki, sağ-salamat idim, hadisə yerindən uzaqlaşdım. Özümü, beysbol zopasını, kompot bankasını - hamısını çoxmərtəbəli söyüşlərlə söydüm. Ən çox da, zirzəmidəki elektrik lampasının sıradan çıxdığını bildiyim halda, neçə vaxtdır o xarabaya bir lampa taxmağa həvəsi olmayan özümü...

Sonuncu zərbədən sonra üzüm bir az da şişdi. Gərək, soyuq nəsə tapıb, sifətimə tutaydım ki, havası bir az alınaydı. Soyuducunu açıb, sərinlənsin deyə qoyduğum su butulkasını götürdüm. Soyuducunun qapısını örtəndə, içəriyə nəsə aşdı. Qapını təzədən açanda, aylardır əl dəymədən qalan mürəbbə bankasının aşdığını gördüm. Mürəbbə ordan da axıb, evin köhnə, parket döşəməsinə yayıldı. O dəqiqə mənə elə gəlirdi ki, elə indicə infarktdan öləcəm, heç kim də ölümümə bir səbəb tapa bilməyəcək.

Cəld bir dəsmal götürüb yer yapış-yapış olmadan təmizləmək üçün hamama keçdim. Qayıdanda ayağım mətbəx qapısının yerinə asılmış pərdəyə ilişdi, karniz var gücüylə başıma düşdü. Birtəhər ayağa qalxıb, dişimin göynəyə-göynəyə mətbəxə keçdim. Mürəbbə çoxdan yerə yayılmışdı. Silməyə çalışanda, ayağım şirəyə batdı, sürüşüb yerə yıxıldım. Bütün bunlar necə baş verdi bilmirəm. Deyəsən, bu evin başqa insanları var idi və indi hamısı birləşib, məni təkləmişdilər.

Hər şeyin başını buraxıb, dincəlmək və dişimin sızıltısının azalmasını gözləmək lazım idi. Otağa keçib, uzandım. Çöldən yenə səslər gəlməyə başladı. Bu dəfə daha yaxından gəlirdi, elə bil, qışqıranlar evin içində idilər. Aynabəndə çıxıb, aşağı baxdım. Aşağıda iki oğlan uşağı vardı. Sakitcə pəncərədən onları pusmağa başladım. Evin yanındakı balaca bağçaya düşən pilləkanda, qəribə pozalarda dayanır, dəqiqələrlə bu vəziyyətdə qalırdılar. Mənə maraqlı gəldi, axı bu yaşda uşaqların indi top arxasında təngnəfəs qaçmaq, bir-biri ilə əlbəyaxa olmaq, qışqır-bağır salmaq vaxtları idi.

Bəs, bunlar niyə burda durmuşdular. Marağımı cilovlaya bilmədim.

– Ay bala, ay uşaq! - deyə çağırdım.
İş üstündə tutulmuş kimi qorxdular.

– Əmi, bu dəmir pilləkənlərə görə gəlmişik. Şəkil çəkdirib, İnstagrama qoyacayıq.

Bu cavabı gözləmirdim. Amma xoşuma gəlmişdi. Həm evim gözümdə hörmətə minmişdi, həm də məni darıxmaqdan xilas edən iki dost tapmışdım. Onları evə çağırıb, qəşəng şəkil pozaları, maraqlı foto hiylələri öyrətdim, bağçadakı gizlin fotogenik yerləri də nişan verib, yola saldım. Uşaqlığım yadıma düşmüşdü, kövrəlmişdim.

O günü birtəhər yola verdim. Gecə atdığım ağrıkəsicinin təsirindən ağrılarım yoxa çıxmış, dincələn orqanizm dərin yuxuya dalmışdı. Düz günortaya qədər yatmışdım. Səsə oyandım. Çöldən gələn səslər həmişəkindən daha gur idi. Hirslə yerimdən qalxıb, pəncərəyə getdim.
Həmin iki uşaq. Arxalarınca həyətdə kim var, kim yox, oğlanlı-qızlı hamısını gətirmişdilər. Artıq bütün məhəllənin çığırtısı evin içində idi. Canımı qurtara bilmirdim bu köpək uşaqlarından.
Andıra qalmış ağıl dişi.

# 1252 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #