#

Dayanacaq pişiyi - Nəriman Əbdülrəhmanlının yeni hekayəsi

Dayanacaq pişiyi - Nəriman Əbdülrəhmanlının yeni hekayəsi
25 sentyabr 2024
# 17:00

Kulis.az Nəriman Əbdülrəhmanlının "Dayanacaq pişiyi" adlı yeni hekayəsini təqdim edir.

...Qəfildən hiss elədim ki, otaqda kimsə var, bunu da, az qala, cismimlə duydum: kürəyimdən gizilti keçdi, tüklərim biz-biz oldu, o gizilti üzüaşağı axıb qıçlarıma çatanda dözülməz göynərtiyə çevrildi, üstəlik, masanın üstündəki əllərimin barmaqları ucunda xoşagəlməz soyuqluq duydum, elə qarşımdakı vərəqlərin üstünə əyilmiş vəziyyətdəcə donub qaldım. Geri çevrilməyə cəsarətim çatmadı, qorxurdum ki, ya dönüb kimsəni görmərəm, qara basdığına əmin olub, yaşlaşdıqca xəriflədiyimi dərk eləyərəm, ya da kiminləsə üz-üzə gəlib daha dolaşıq vəziyyətə düşərəm: istirahət günüydü, səhərin də gözü yenicə açılmışdı, üstəlik, arvadım ömrünü bizə bağışlayandan sonra oğlum ilin çoxunu ailəsiylə bağ evində keçirir, yaz girəndən ta payızın axırlarınacan həftədə bir dəfə, o da ayaqüstü baş çəkir, bişirtdirib, ya da alıb gətirdiklərini soyuducuya yığır, sonra iş otağıma girib kresloya çökür, məni də bağa aparmaq üçün əbəs yerə dil tökür, orda günlərimi daha yaxşı keçirəcəyimi, ürəyim istəyən kimi işləyəcəyimi sübuta yetirməyə çalışır, yola gətirə bilmədiyini görəndə incik halda çıxıb gedirdi. O gəlmiş olsaydı, əvvəlcə həyətdə maşının gurultusu eşidilər, sonra giriş qapısı şaqqıltıyla açılar, məbəxdə taqqıltı-guppultu qopar, artdınca iş otağıma doğru gələn addım səslərini eşidərdim, həm də kresloya çökməmiş, salam verər, hal-kefimi soruşardı. Belə bir vaxtda başqa bir kimsəni də gözləmirdim: yaxın qohum-qardaş, dost tanış günün birinci yarısının məndən ötrü nə demək olduğunu yaxşı bilir, hətta əlimyandıda lazım olanda belə, zəng eləməmiş gəlmirlər. Mənsə uzun illər ərzində iş günləri erkəndən işə getməyi, istirahət günləri də elə həmin vaxt qalxıb yazı masamın arxasına keçməyi vərdişdən çox dəyişməz həyat tərzimə çevirmişəm.

Otaqda kiminsə olduğunu hiss elədiyim məqamda düşüncələrimi kağıza köçürməklə (bu gündəlikfason qeydlərim də bir növ vərdişə çevrilmişdi) məşğuluydum, yazırdım ki, bəs, bu dünyada abırlı, başı dik yaşamaqdan gözəl şey yoxdu, mənfəət güdüb yuxarılara yarınmaq, aşağıdakılardan yararlanmaqla ucalmağa can atmaq insanı özündən uzaqlaşdırır, saxta, ləyaqət hissindən uzaq bir məxluqa çevirir. Fikrimi daha da genişləndirib-dolğunlaşdırmaq, fəlsəfi, müdrikanə bəzək-düzək verməyə başladığım məqamda da otaqda yad nəfəs olduğunu hiss eləmiş, çaşqın vəziyyətə düşmüşdüm. Duyumdan sonrakı tərəddüdün nə qədər davam elədiyini dəqiq deyə bilmərəm, amma güman ki, yetərincə çox sürmüş, o kimsə artıq öz varlığını cürbəcür səslərlə büruzə verməyə başlamışdı: əvvəlcə dərindən nəfəs oldu, sonra yüngülcə köks ötürdü, ardınca kresloda qurcalandı, deyəsən, hətta əlini qoltuqaltıya da vurdu – hər halda, o səslərdən sonra asta şappıltı da eşitdim. Əlbəttə, bütün bunlar diqqətimi çəkmək üçünüydü ki, bəs, ay zalım oğlu, başını o kağız-kuğazın üstündən qaldır, bir dön bax, gör kim gəlib, nə demək istəyir. Bəlkə, elə beynindən keçirir ki, binəva keçən əsrin adamıdı, camaat kompyuterdə, planşetdə yox, elə telefondaca yazıb-pozur, bu da gözlərinin qarasını apara-apara kağız-qələmlə əlləşir, əlləşə-əlləşə də qax-qurud olub.

Bir də hiss elədim ki, onun intizarıyla mənim tərəddüdüm aramızda qoç kimi kəllə-kəlləyə gəlib, hansının yenib, hansının yeniləcəyi bir an sonra aşkar olacaq. Amma marağım (sözün düzü, maraqdan çox diksintiyəoxşar bir şey duyurdum) dözülməz həddə çatdığına görə, öz yenilgimə şəkk-şübhəm yoxudu, duyğum da həmişə olduğu kimi, məni aldatmadı: dönüb baxdım, üzəbəüz kresloda oturmuş adamı gördüm. Qəribədi ki, həmin məqamda nə diksindim, nə də təəccbləndim, yəqin ki, görkəmindəki tanış cizgilər bu hisslərimi beşiyindəcə boğmuşdular: elə mənimlə yaşıd olardı, ortaboylu, arğaz, çalsaç kişiydi, qırışların doğram-doğram elədiyi alnı, kiçik qulaqları, nuru öləzimiş xırda gözləri vardı, dodaqları bir-birinə kip sıxılmışdı, sanki ağzından çıxacaq sözləri güclə saxlayırdı; qoltuqaltıların üstünə qoyduğu solğun dərili, göy damarlı əllərindən hiss olunurdu ki, çalıb-çapan, qamarlayan, didən adam olmayıb, ömrü boyu xırda-para qulluqlarda işləyib, abır, ləyaqət, comərdlik kimi ölçülərlə yaşayıb. Əynində tünd rəngli şalvar, sətin köynək, ayaqlarında açıq rəngli yay ayaqqabıları vardı, köynəyin üstündən yüngül gödəkçə geyinmişdi. Bütün bu görkəmi də mənə o qədər tanış gəlirdi ki, elə bil, illərlə yaxın ünsiyyətdə olmuş, tonlarla duz-çörək yemiş, həyatın yaxşı-pis günlərini bölüşmüşdüm. Amma onu hardan tanıdığını, bu məhrəmlik duyğusunun hardan qaynaqlandığını, görəndə heyrətlənmək bir yana, hətta təəccüblənmədiyimin səbəbini dərhal dərk eləmədim. Yəqin, o da bu məhrəmliyə yetərincə əminiydi, çünki təəccüblənməməyimi təbii qəbul elədi, üstəlik, sifətimdən səhərin erkən çağında gəlişinin doğurduğu narazılığı, bu görüşdən qaçmaq üçün hər şeyə hazır olduğunu oxudu: xırda gözlərini tənəylə qıydı, nazik dodaqlarını daha bərk sıxdı, sağ əlini kteslonun qoltuqaltısına şappıldadıb boğazını arıtladı, hə, dedi, noldu, üzünə açılan daha bir bir qapını da örtüb rahatlandınmı?

Əvvəlcə nədən söz açdığını, nəyə eyham vurduğunu başa düşmədim; lap başa düşsəm də, cavab vermək niyyətində deyildim. Bircə bu qalmışdı ki, hardansa tanıdığım, məhrəmliyini canımla-qanımla duysam belə, başqası olan bir kəs başıma ağıl qoysun, mənə həyat dərsi versin, tənəli baxışlarını gözlərimin içinə zilləyib bir batman balla yemək mümkün olmayan təhnizli sözlər desin. Artıq, necə deyərlər, hay-hayım gedib, vay-vayım qalıb, bəxtimə düşən, alnıma yazılan ömür möhlətimi yaxşı-pis yaşayıb axırına yaxınlaşmışam, təəssüflənməli bir ətək səhvlərə yol vermişəm, saysız-hesabsız fürsətləri əldən buraxmışam, bu adam demiş, üzümə açılan neçə-neçə qapıları örtmüşəm, amma bilirəm ki, dünyaya bir daha gəlsəm belə, yenə elə bu ömrün yiyəsi olacağam, yaşamımda heç nə dəyişməyəcək, həyatım da bundan fərqlənməyəcək. Yəqin, ona görə, indiyəcən kimsəni dəyişdirməyə cəhd göstərməmiş, hamını olduğu kimi qəbul eləmişəm, məni dəyişdirməyə cəhd göstərən kəslərə də təəssüf hissindən başqa bir şey duymamışam. İndi də bu adam izinsiz-filansız gəlib oturub düz burnumun ucunda, filosofanə-müdrikanə görkəmlə mənə yaşamağın qayda-qanununu başa salmaq istəyir. Əlbəttə ki, xasiyyətimi yaxşı bələddi, gəlişindən narazı olsam da, qovmayacağımı, söylədiklərini səbirlə dinləyəcəyimi, amma zərrə qədər də dərs almayacağımı, olan-qalan ömür möhlətimi elə bu cür də yaşayacağımı yaxşı bilir.

Qırımımdan onu aramızdakı məhrəmlik xətrinə dinlədiyimi, cavab vermək fikrində olmadığımı sezdi, başını buladı, dodaqlarını büzüb acı-acı gülümsədi, əlini bir də qoltuqaltıya şappıldadıb, dedi, dünən təklif olunan vəzifəni deyirəm, elə bir yüksək məqam olmasa da, bu yaşında xırda qulluqdan canın qurtaracaqdı: əlinin altında beş-üç nəfər çalışacaq, qapını açanlar, qulluq göstərməyə, ağzından çıxan sözlərə dəyər verməyə, işinə yaramağa çalışanlar tapılacaqdı, üstəlik, əlin pul görəcək, özünün idimin düzələcək, oğlunun ailəsinə də yardımın toxunacaqdı, buvaxtacan çəkdiyin əziyyətlərin əvəzini az-çox alacaqdın – bunların nəyi pisdi axı? Dedi, amma sən neylədin, özünü yenə güman elədiyin ucalıqdan endirmədib, artıq yaşının o yaş olmadığını, qalan beş-üç il ömrünü yarımçıq işlərini tamamlamağa sərf eləmək istədiyini bəhanə gətirib boyun qaçırdın, bununla da guya, halallığını. gözütoxluğunu, comərdliyini bir daha sübuta yetirdin. Dedi, amma bütün bunlar boş-boş bəhanələrdən başqa bir şey deyil, sənin qarnının əsl ağrısını yaxşı bilirəm: gözəl başa düşürsən ki, kiçik də olsa, o məqama çatanda oyun qaydalarını qəbul eləməli, özündən yuxarıdakılara qulluq göstərməli, dediklərini yerinə yetirməli, əməllərinə şərik çıxmalı, arabir payına düşən qəpik-quruşu minnətdarlıqla alıb sevinməli, Allahına şükür eləməli olacaqsan; bilirsən ki, məsələ bununla da bitməyəcək, o addımı atmaqla “günah keçiləri”nin siyahısına düşəcək, gözükölgəli məxluqa çevriləcəksən, iş bərkə düşəndəsə səni irəli verəcək, olub-olmayan səhvləri boyununa qoyacaq, ayağına yazacaqlar, buna görə də əməl şərikinə çevrilməkdən qorxdun. Dedi, hə. nə olsun (bu məqamda artıq səsində tənəylə birgə acı istehza da duydum), bəyəm, hamı bu cür yaşamır, bəyəm, hər kəs kiməsə qulluq göstərmir, bəyəm, bu, həyatın qanunu deyil? Dedi, sənin məntiqinlə özündən yuxarıdakılara qulluq göstərmək xoşagəlməz şey olsaydı, kimsə öz yerində tahat otura, əlində olanı xımır-xımır yeyə, əhli-əyalı bir yana, törəmələrinə belə. gün ağlaya, dəf-daraq düzəldə bilməzdi. Dedi, adamlar “Allahın nemətləri paylaşıldıqca artar” prinsipini bineyi-qədimdən xalqın, dövlətin malına da şamil eləyiblər, vəzifələrii, səlahiyyətləri müqabilində öhdələrinə düşəndən az-çox aşağıdakılara, lazım olan qədər də yuxarıdakılara verirlər, artanı da özlərinə qalır, beləcə, hamı – aşağıdakılar da, yuxarıdakılar da – dolanır, bu bölgü pozulandasa, əməlli-başlı çaxnaşma başlayır. Dedi, nə isə, bütün bunları özün çox yaxşı bilirsən, buna görə də o mexanizmin vintciyi olmaqdan boyun qaçırmağın, fikrimcə, ağıl əlaməti deyil, üstəlik də olub-keçəni orda-burda açıb-ağartmasan yaxşıdı, elə bilərlər, ağlın çaşıb, başına hava gəlib...
Axır ki, monoloquna ara verdi, amma gözlərini üzümə dikib, bayaqdan bəri hüdüləyib tökdüyü ittihamlarına cavab gözləmədi, çünki məni yaxşı tanıyırdısa, dinib-danışmayacağımı bilir, üstəlik, bu cür vəziyyət ikimizin də işimizə yarayırdı: mən onsuz da özümə gün kimi aydın olan mətləblər ətrafında çənə-boğaz eləmək, opponentimə daha dərin qatlara enmək, öz üstünlüyünü möhkəmləndirmək üçün ən yaralı yerlərimə toxunmaq, onsuz da güclə saxladığım müvazinətimi sarsıtmasına imkan vermək niyyətində deyildim; o da çək-çevir eləməyə, məndən sanballı dəlil-sübut eşitməyə, möhkəm mövqeyiylə bağlı tərəddüd keçirməyə, özünü açıq-aşkar qalib saydığı dueldən məğlub ayrılmağa həvəs göstərmirdi. Bu səbəbdən də görkəmimdəki ağrılı-qüssəli yenilgi nişanələrinin canına sarı yağ sayaq yayıldığını sezdim – aldığı zövqdən gözləri qıyıldı, bərk-bərk sıxdığı nazik dodaqları aralandı, künclərində qalibanə təbəssüm əlaməti sezildi, hətta bayaqdan yanaşı qoyduğu, heç tərpətmədiyi qıçlarını da qımıldatdı, bir qədər araladı, sağını solunun üstünə aşırdı, o məqamda sağ əlini şappılrıyla qoltuqaltıya çırpmağı belə, unutmadı. Mən də damarları şişmiş nazik boynuna, körpə yumruğu boyda hülqumuna, balaca qulaqlarına baxa-baxa beynimdə onu hardan tanıdığımı, nədən bu qədər məhrəm saydığımı, izinsiz-filansız yalnız mənə məxsus olan, özümü həm sultanı, həm də rəiyyəti hesab elədiyim səltənətimə soxulmuş bu adamı niyə bayıra atmadığımı çək-çevir eləsəm də ağlabatan bir nəticəyə gələ bilmədim. Əlbəttə, beynimdən bütün bunları onun özündən soruşmağı da keçirdim: amma dəvətsiz-filansız, evə də yox, düz otağıma girmiş, yanını arın-arxayın yumşaq kresloya qoymuş, məni bayaqdan bəri dədəm oğlu qardaşım kimi danlayan, üstəlik də yalnız özümə məlum olan çox məhrəm mətləblərə toxunan adamın kimliyiylə maraqlanmaqla gülünc vəziyyətə düşəcəyimi dərk eləyib fikrimdən vaz keçdim.

Görünür, elə bu cəsarətsizliyim də çağrılmamış qonağın iştahını artırdı, otağıma göz gəzdirə-gəzdirə tənəsini daha da tündləşdirib dedi, eni-uzunu beş addım olmayan, Allah bilir, nə vaxtdan bəri əl gəzdirilmədiyin, divarlarının çatları ürəyinin çarıları kimi get-gedə böyüyən, ömrün boyu kağız-kuğazla doldurduğun bu miskin otağına çəkilmisən, orda-burda dediyin kimi, sultanı da, məmuru da, əsgəri də özün olduğun bir səltənət yaratdığını iddia eləyirsən, o sltənətə də ən məhrəm adamlarını belə buraxmırsan, bununla da sən biçarəyə elə gəlir, guya, dünyanın ən böyük həqiqətinə çatmısan. Dedi, yaxşı, tutaq ki, haqlısan, hesab elədiyin kimi, abırlı, gözü-könlü tox, comərd olmaq ən ali insani xüsusiyyətlərdi, axirətə, cənnətə, cəhənnəmə inanmasan belə, bütün bunları da həyat amalın saymısan; amma ağıllı adamsan axı, bu fani dünyada həqiqətlə yanaşı, borc adlanan bir nəsnənin olduğunu da bilirsən: səni dünyaya gətirib böyüdən ata-anaya, canınla-qanınla bağlı olduğun bacı-qardaşa, yaxın qohumlara, ünsiyyət saxladığın dost-tanışa, evləndiyin qadına, həyat verdiyin övladlarına, ömrünün davamı olan nəvələrinə... borclusan. Dedi, sənin abrının, ləyaqətinin, halallığının, həqiqətinin, comərdliyinin onlara nə dəxli var axı, hamısı imkan, məqam yiyəsi olmağını istəyirlər ki, kölgənə sığınıb rahatca yaşasınlar, dara düşəndə üz tutsunlar, adını şəkib öz işlərini aşırsınlar, həyat güvəncələri olsun, amma sən öz prinsiplərinlə hamının ümidini buşa çıxarırsan. Dedi, düzdü, bu hərəkətindən xəbər tutsalar, yenə kəsib atmayacaq, üz döndərməyəcəklər, necə olsa da, canlarından-qanlarındansan, həm də bu cür əməllərinlə artıq çoxdan barışıblar, münasibətlərisə bir qədər də dəyişəcək, üzünə deməsələr, arada-bərədə “qəribə adam” adlandırsalar da, öz içlərində səni xəstəhal, yarımadam, bəlkə də başdanxarab sayacaqlar, bəziləri üzə vurmasa da hiddətlənəcək, bəziləri də aşıq-aşkar mərhəmətlə yanaşacaq, amma hamısı əini səndən birdəfəlik üzəcək, özünə başqa kölgəlik axtarmağa başlayacaq. Dedi, ailənə rahat həyat vermədinsə, balalarını yaxşı yerlərdə oxudub, sanballı, “çörəkli” vəzifələrə düzəldə, layiqli ev-eşik yiyəsi eləyə bilmədinsə, qohum-qardaşa, dost-tanışa qanad gərmədinsə, nə qədər abırlı, halal, comərd olursan-ol, heç vaxt əsl “yaxşı kişi” məqamına yetişə bilməzsən – bu, həyatın yazılmamış qanunudu!

Son kəlmələri söyləyəndə qaşlarını dartdı, gözlərini bərəltdi, arıq-quru şəhadət barmağını yuxarı qaldırdı, sol qıçının üstünə aşırdığı sağ qıçını tərpətdi, bir sözlə, bütün görkəmiylə, guya, müdrikliyini büruzə verən cizgiləri sezdirməyə çalışdı. Gülüşümü güclə boğdum – bu cür müdrikanə davranışı kefimi kökəltmişdi: başlıcası buydu ki, sual vermir, qırsaqqız olub yaxamdan yapışmır, cavab almağa çalışmırdı. Hətta beynimdən keçirdim ki, nə olur-olsun, ağıllı adamdı, ikimizin də bildiyimiz həqiqətləri niyə sual donuna bürüyüb üstümə yağdırsın axı: o məlum suallara cavab verəcək halda olsaydım, vəziyyəti bu həddə çatdırmaz, bayaq söylədiyi əməllərin çoxunu ayağıma yazdırmazdım, yəni, görünən dağa nə bələdçi?!. Nəsihətamiz danışıq tərzi döşümə yatmasa, hətta bir qədər sinirlərimi qıcıqlandırsa da, özümdən çıxmamağa, təmkinimi qorumağa çalışırdım, üstəlik də söylədiyi sözlərdəki həqiqət payının çoxluğu, deyəsən, qarşımı kəsir, məni ədalətli olmağa məcbur eləyirdi – hər halda, monoloqunun son parçasını dinləyəndə cəmi bir dəfə qımıldandım, əlimi atıb köynəyimin üst düyməsini açdım, havası çatışmayan adam kimi, ağzımı açıb-yumdum, sonra stulda bir qədər də balacalaşıb, gözlərimi ağzına dikdim.

Öz üstünlüyünün artıq zəfərə çevrildiyini açıq-aşkar duyub, deyəsən, ilham piyaləsini başına çəkdi, gözləri xumarlana-xumarlana dedi, əlbəttə, bilirəm ki, bayaqdan bəri söylədiklərimin səndən ötrü bir qara qəpiklik dəyəri yoxdu, bəlkə də ürəyində əsib-coşur, məni asıb-kəsir, hətta ələ də salırsan, amma həqiqəti demək borcumdu, bunu da sənə ürəyim yandığına görə eləyirəm. Dedi, görürəm, artıq bələni aşıb, qürub yerinə doğru yol alıbsan, bu qədər çalışıb-çabalasan da, necə deyərlər, bir həsir, bir də məmmədnəsirsən, həyatında yel vurub yengələr oynayır, amma özünü elə şax tutursan ki, guya, böyük qəhrəmanlıq eləmisən, sanballı vəzifələri, dəbdəbəli evləri, yetərincə imkanları olan adamların arasında da özünü dik saxlamağa çalışırsan, bununla belə, üzünə olmasa da, kürəyinə zillənən yarımərhəmət-yarıkinayə dolu baxışlardan, şair demiş, termos şüşəsitək sınıb öz içinə tökülürsən. Dedi, bütün bunların sənə nələrin bahasına başa gəldiyini, tək qalanda özünə necə divan tutduğunu, hətta zəmanə adamı olmadığına görə, nifrət bəslədiyini, beləcə, zahirinlə batinin arasında uzlaşma tapmaq üçün çırpındığını, qarşılarında borclu olduğun adamların açıq-gizli həmlələrinə tab gətirməkdən ötrü hansı məşəqqətlərə qatlandığını da çox yaxşı bilirəm. Dedi, bundan belə dəyişməyəcəyinə də əminəm, ona görə də sənə ikiqat yazığım gəlir: özünə sipər elədiyin o abrını-filanını, uzaqbaşı, öləndə üç-beş gün yada salacaqlar, bu barədə danışanların mütləq əksəriyyətinin dodaqları da gizlətməyə çalışdıqları istehzadan səyriyəcək, bəlkə də gülüşlərini gizlətmək üçün, guya, boğazını arıtlayacaq, ya da öskürəcək, sənsə o kəhiltinin-öhültünün nə demək olduğunu altıncı duyğunla elə indidən hiss eləyirsən, özünü nə qədər şax saxlamağa çalışsan da, sınıb öz içinə tökülən şüşələrin şaqqıltısı sinirlərinə işləyir, canın buza dönür, barmaqlarının ucunda ölüm giziltisi duyursan.

Hiss elədim ki, get-gedə qəddarlaşır, qaysaqlanmış yaralarımı qurdalayıb qanatmağa, ağrısını oyatmağa çalışır, üstəlik, bu məsələdə ağlagəlməz məharətini də büruzə verir: kobudluq eləmir, çığır-bağır salmır, kəskin hərəkətlərə yol vermir, neyrocərrah sayaq incə, həm də həddən artıq dəqiq işləyir, ən yaxşı bələd olduğu, ən zəif saydığı yerlərimə zərbə endirir. Amma bu hərəkətindən zövq-filan aldığını da sezmirdim, əksinə, söylədiklərində bəlkə də yalnız mənim ayırd eləyə biləcəyim (arada səsi titrəyir, qırılırdı) mübhəm qüssə vardı, sanki bütün bunlar öz əməlləriydi, özünü uçurumdan çəkindirməyə çalışırdı. Beynimdən keçirdim ki, ola bilsin, get-gedə qəddarlaşması da bundandı – doğma adamını yanlışdan çəkindirməyə çalışan kəs də bu cür çırpınır, əziz bir varlığı itirməyə başladığını, əlinin hər şeydən üzüldüyünü duyanda məhz bu cür qəddarlaşır. Elə bu məqamda da bir daha yadıma aramızdakı mübhəm doğmalıq düşdü, onu hardan tanıdığımı xatırladım: hər səhər işə gedəndə dayanacaqda rast gəldiyim, elə mən yaşlarında olan arğaz, qoltuğuqovluqlu kişiyə yaman oxşayırdı. İmanımı yandıra, şəkk-şübhəsiz həmin adam olduğuna zəmanət verə bilməzdim, amma aralarındakı bənzərlik heyrətamiziydi, elə bil, bir burunun iki deşiyindən düşmüşdülər. İlk dəfə rastlaşanda bir-birimizi öz oxşarıyla üz-üzə gələn adamlar kimi, təəccüblə, həm də uzun-uzadı süzmüşdük, dərhal da miskin surətlərinə nifrət bəsləyən adamlar kimi, aralanmış, hətta ona ad da qoymuşdum: Ddayanacaq Pişiyi. Elə dayanacaq pişiyi kimi də sakitcə, ləyaqətli görkəmini saxlaya-saxlaya durur, avtobusu gələndə bütün nəzakət qaydalarına əməl eləyə-eləyə minib uzaqlaşırdı. Fikirləşdim, tutaq ki, indi mənimlə üzbəüz oturub içinin zəhərini tökən məxluq həmin adamıydı, bəs, becə deyərlər, həyatımın anatomiyasına hardan bələdiydi? Bəlkə bir vaxtlar çox yaxın ünsiyyət saxladığım, sonralar get-gedə unutduğum adamdı? Bəs, evimin yolunu hardan bilirdi, yoxsa nəyisə unudub dayanacaqdan geri qayıtdığım günlərin birində dalımca düşüb bəlirləmişdi? Əlbəttə, bu, gümandan başqa bir şey olmasa da, ağlıma başqa bir variant gəlmədi, bu səbəbdən də özümü inandırmağa fəlsəfi ümumiləşdirməylə çalışdım: tamam qeyri-müəyyənlikdənsə, həqiqətəoxçar fərziyyənin mövcudluğu məsləhətdi.

Axır ki, ağır nəzərlərini üzümdən çəkdi, sağ əlinin arıq-quru barmaqlarını yenə kreslonun qoltuqaltısına döyəclədi, dodaqlarında istehzalı-qüssəli təbəssüm ağzını əydi, başını buladı, köks ötürdü, sonra qalxıb kitablarım, yazı-pozularım yığılmış şkafa sarı döndü, sifətində eyni ifadə rəfləri gözdən keçirməyə başladı. Həmin məqamda da Dayanacaq Pişiyinin bu darmacalda hardan yadıma düşdüyünü ayırd eləməyə çalışdım: hə, o pişiyi başqa dayanacaqda görmüşdüm, adamlardan qorxub-hürkmədən oturacağın altında oturmuşdu, gözlərini gedib-gələnlərə dikir, elə bil, tanışlarını axtarırdı. Belələri də arabir tapılırdı – arabir üzünə gülümsəyir, əyilib başını sığallayır, nəvaziş dolu sözlər söyləyirdilər, hətta sellofan torbasından yemək artığı çıxarıb qabağına qoyanlar da olurdu, o da miyoldayıb minnətdarlığını bildirir, payını iyləyəndən sonra yeməyə başlayırdı. Bir dəfə də yeməyini ləyaqətlə bitirəndən sonra ağzını yaladı, sonra asta-asta kolluğa sarı getdi, yeri iylədi, qabaq pəncələriylə qazdığı çalaya kiçik ehtiyacını ödəyib üstünü torpaqladı, ardınca yeri bir daha iyləyib yenə çala qazdı, bu dəfə böyük ehtiyacını ödəyib üstünü basdırdı, sonra da eyni ləyaqət dolu görkəmlə uzaqlaşdı. Yəqin, gəzib-dolaşacaq, məqamı çatanda yenə dayanacağa qayıdacaq, kiminsə yolunu gözləyəcək, o iman sahibinin gətirdiyini yeyəcək, ardınca da rahatlanıb növbəti gəzintisinə çıxacaqdı.

Dayanacaq pişiyiylə bir suyu mənə oxşayan o arğaz, qoltuğuqovuqlu kişi və səhərin erkən çağı otağıma soxulmuş bu məhrəm, həm də yad adam arasındakı anlaşılmaz bağlar barədə düşündüyüm məqamda o, şkafın qapısını açdı, kitablardan birini götürdü, boy-buxununa baxdı, üz qabığında yazılanları dinməzcə oxudu, qaşlarını çatıb dodaqlarını büzdü, ardınca açıb titul vərəqinə, sonrakı səhifələrinə göz gəzdirdi, axır ki, nəzərlərini səhifələrin birində ləngidib dodaqlarını qımıldada-qımıldada oxumağa başladı. Fəhmlə həmin parçanı yadıma saldım: “...sonra dedi, insan gərək yalnız öz sözlərini söyləsin, çünki hər kəlmə onun ruhundan doğulur, başqasının sözünü demək, özgə uşağını götürüb əzizləməyə oxşayır, nə qədər can yandırsan da, ruhi doğmalıq hiss eləməyəcəksən; dedi, ruh – Allahın hər bir bəndəsindən ötrü ancaq ona məxsus cəhətlərlə yaratdığı kod sistemidi, bunu yalnız özündən aralanıb çəkisizliyə, rəngsizliyə qovuşanda, nur topasından gözlərin qamaşanda duyursan, gerçəklikdəsə, hamı bir-birinin sözünü danışır...” Axıra çatanda mızıltısı mırıltıya, sonra da boğuq qaqqıltıya çevrildi, dönüb öldürücü kinayə dolu nəzərlərlə məni başdan-ayağa süzdü, bir daha başını buladı, sanki daha heç nəyə ümidi qalmamışdı. Ardınca kitabı yerinə qoydu, üst-üstə qalanmış vərəqlərdən birini götürüb yuxarısına-aşağısına baxdı, simasında anlaşılmaz ifadə peyda oldu, elə bil, çiyrənə-çiyrənə sir-sifətini turşudub vərəqi qalağın üstünə qoydu, şkafın qapısını şaqqıltıryla örtüb geri çəkildi. Deyəsən, ovqatı əməlli-başlı korlanmış, üstəlik də özünü yanımda naqolay hiss eləməyə başlamışdı, daha danışmaq fikrində də deyildi.
Mənə təsvirolunmaz işgəncə bahasına başa gələn görüşün başa çatdığını duyub bir qədər rahatlandım, hövsələsiz halda masamın üstündəki yarımçıq nəzər saldım: nagəhan qonaq xeyli vaxtımı almış, bu da azmış kimi, gün kimi aydın olan səfsəfələriylə düşüncələrimi qarışdırmışdı, araya düşən fasilədən sonra yenidən o havaya girmək, fikirlərimi nizama və axara salmaq çox çətin olacaqdı.

Başımı qaldıranda Dayanacaq Pişiyinin ancaq son cizgilərini sezə bildim: cismi ilğımtək çəkilir, get-gedə şəffaflaşır, otağın havasına qarışıb qeybə çəkilirdi, cəmi-cümlətanı bir neçə andan sonra da əriyib-itdi.

Çıxıb getdiyinə əmin olub dərindən nəfəs aldım, çiynimdəki yükün, üzərimdəki ağırlığın düşdüyünü hiss eləyib əlimi salavat çevirən kimi üzümdə gəzdirdim...

Elə bu məqamda da axşam qapını içəridən başğadığımı xatırlayıb çaşqınlıq içində xeyli qımıldanmadım...

Üzbəüz divardakı güzgüdə öz əksimə uzun-uzdı baxandan sonra yazı-pozuya həvəsim qalmadığını hiss eləyib siqaret şəkmək üçün bayıra çıxdım...

Sentyabr 2024

# 1454 dəfə oxunub

Oxşar xəbərlər

Sərçə - Samirə Əşrəfin hekayəsi

Sərçə - Samirə Əşrəfin hekayəsi

12:00 5 oktyabr 2024
Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

19:00 4 oktyabr 2024
Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

10:31 4 oktyabr 2024
Bitməyən həsrət - Hekayə

Bitməyən həsrət - Hekayə

17:55 3 oktyabr 2024
Evli kişini sevən qadın - Sülhiyyə Şirinovanın hekayəsi

Evli kişini sevən qadın - Sülhiyyə Şirinovanın hekayəsi

12:00 3 oktyabr 2024
Kürün itkin suları - Azad Qaradərəlinin yeni hekayəsi

Kürün itkin suları - Azad Qaradərəlinin yeni hekayəsi

12:00 2 oktyabr 2024
# # #