Onu Dirçəliş Günü dəfn etdilər... - Bu dünyada hüzur tapmayan narahat vətəndaş

Onu Dirçəliş Günü dəfn etdilər... - Bu dünyada hüzur tapmayan narahat vətəndaş
20 noyabr 2023
# 17:00

Kulis.az Nəriman Əbdülrəhmanlının ötən həftə yol qəzasında vəfat etmiş türkoloq, semiotik, İstanbul Mərmərə Universtitetinin müəllimi Arif Acaloğlu haqqında yazdığı "Uzaq yolların adamı" yazısını təqdim edir.

1. Vaxt tapsam...


…Güman ki, rəsmi tədbirlərdən, işgüzar görüşlərdən, dost məclislərindən başı açılanda zəng vuracaqdı: “Qardaş, nətərisən, vaxt tapsan, görüşüb dərdləşərdik...”
Dostlardan bir neçəsini də çağırıb gözdən iraq guşələrin birinə çəkiləcəkdik, söhbətimiz uzandıqca uzanacaqdı, yurd yerindən milli məsələlərə, ordan ədəbiyyata keçəcəkdi, axırda da bitib-tükənməyən planlarından söz açacaqdı...
Ya da yalnız səs-sorağını alacaqdım, bir müddət sonra da zəngi İstanbuldan gələcəkdi: “Qardaş, üzrlü hesab elə, vaxt tapmadım görüşməyə, borc olsun, gələn dəfə əvəzini çıxaram...”
Amma bunların heç biri olmadı. Əvəzində dostumuz Bədirxan Əhmədlinin zəngi gəldi, içimi payız günündə qış şaxtasıyla üşütdü: “Arif türkçülük forumuna gəlmişdi, yolu keçəndə...”
Onsuz da işi yol keçmək idi Arif Acaloğlunun: düz əlli iliydi ki, ruhumuzun yollarını əriş-arğac eləyirdi, o yol da bu yaşında, həm də belə kəmfürsətcəsinə qırılmamalıydı...
Hələ görüləsi çox işləri vardı, ideyalar irəli sürürdü, planlar qururdu, Lətif Mustafaoğlu demiş, “ruhunun və xəyallarının ardınca koşmaqdan” yorulmurdu...
Qismətə bax ki, bütün şüurlu ömrünü milli düşüncəyə həsr eləmiş Arif Acaloğlu türkçülüyə xidmət adına gəldiyi vətənində, həm də Milli Dirçəliş Günündə torpağa tapşırıldı...
Dəfnində də yas mərasimizndə onu yaxından tanıyanlar yana-yana bu itkinin miqyasını xatırlatdılar, amma o sözlərin heç biri Fələyin kar qulağına çatmayacaq...

2. Qarşıda görünən yol


İlk dəfə qədəm basdığım Bakıda ədəbi aləmə məndən iki kurs qabaq oxuyan ağqulalı və kəpənəkçili iki Arifin (Məmmədov və Acalovun) və molloğlulu Lətif Ənnağıyevin vasitəsilə ayaq açmışam...
Onda hər üçü artıq ədəbi mühitdə tanınırdılar, qəzetlərdə hekayələri, şeirləri, məqalələri çap olunmuşdu, canlı, həm də adlı-sanlı qələm adamlarıyla tanış idilər, bir çoxlarıyla yaxın ünsiyyətləri vardı. Günlərin birində də dolaşıq salmamaq üçün eləcə “Acal” çağırdığımız Arifin dayısı, müqtədir şairimiz Abbas Abdullayla üz-üzə gələndə sanki sirli-sehirli Söz qapısının açıldığını hiss eləmişdim. Sonra indi Haqq dünyasında olan qələm adamları İsmayılzadə və Zəlimxan Yaqubla tanışlıq sayəsində ədəbiyyat havasını canımda duymağa başlamışdım.
Sabir Bəşirov, Nadir Məmmədov, Məmmədəli Qıpçaq, Əlabbas Bağırovla... eyni kursda olan Arif Əmrahoğlu çiddiyyəti, nizam-intizamı, dəqiqliyiylə, Arif Acaloğlu dərvişanə-filosofanə, Lətif Mustafaoğlu inqilabi-üsyankar xarakterləriylə fərqlənirdilər. Acal canına cəfa basıb oxuyanlardan deyildi, dərslərə davamiyyəti də kefindən asılıydı, üstəlik, dinlədiyi mühazirəyə və oxuduğu əsərə mütləq öz mülahizələrini əlavə eləyir, şəxsi dəlil-sübutlarını gətirir, mübahisələrdən çəkinmirdi...
Bu da azmış kimi, Arif Acaloğlu uzaq yollar adamıydı, tez-tez dərvişlər sayaq, öz təbirincə desək, “heybəsini çiyninə salıb” qeyb olur, sorağı Qazağıstandan, Qırğızıstandan, Özbəkistandan... gəlirdi. Dostların dediyinə görə, yazıçı Dilsuzun “Yol” povestinin qəhrəmanı məhz Arifin prototipidi. Hətta bu iddia güman olsa belə, o obrazda yol adamı Arif Acaloğludan çox şeylər var...
Bəlkə, elə bu səbəbdən, universiteti bir neçə il gec, 1982-ci ildə bitirəndən sonra işə düzəldiyi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mifologiya şöbəsində heç bir il də duruş gətirmədi, o biri ilin də, az qala yarısını, səfərlərdə, ekspedisiyalarda keçirdi, “Azərbaycan filoloji məsələləri” toplusunda “Dəli Domrul boyunun kökləri və mifoloji simvolizmi” məqaləsi dərc olunandan sonra “heybəsini götürüb” Estoniyaya, Tartu Universitetinə getdi, orda aspiranturanı semiologiya üzrə, həm də məşhur semiotik, Britaniya Akademiyasının üzvü professor Yuri Lotmanın rəhbərliyi altında başa vurdu, o üç-dörd il ərzində tam bir məktəb keçdi.
Arif Acaloğlu o illərdə Kırım, Qafqaz, Volqaboyu, Sibir və Orta Asya türkləri arasında uzunmüddətli müstəqil elmi ekspedisiyada oldu, kitabxanalarda, arxivlərdə çalışdı, Azərbaycan, Qazaxstan, Özbəkistan, Ukrayna, Estoniya və Rusiyada elmi konfranslarda iştirak elədi, elmi məqalələr yazdı. Hər tətilə gələndə müəllimindən, semiotikanın gizlinlərindən, universitetdəki elmi mühitdən, Sibir səfərindən saatlarla danışırdı, Arif Əmrahoğlu da ərklə deyirdi, sənin dilini kəsib, başını saxlayasan ki, oturub bütün bunları kağıza köçürəsən. Acal da adəti üzrə söz verirdi, başı açılan kimi, mütləq yazacağını vəd eləyirdi, amma vədinə əməl eləməyə vaxt tapmırdı. Bununla belə, müəlliminin təkidilə universitetin semiotika toplusunda aspirantlar konfransında məruzə kimi hazırladığı ““Dədə Qorqud” dastanında “biz” və “başqası” ziddiyətinin etno-konfensional məzmunu” adlı sanballı məqaləsi dərc olunmuşdu.
Arif məşhur semiotik Vyaçeslav İvanovla da elə o illərdə ünsiyyət qurmuş, sonra bir müddət Leninqradda (S.-Peterburqda) böyük tarixçi, yazıçı və tərcüməçi Lev Qumilyovun yanında çalışmışdı...

3.


Arif Acaloğlunun Bakıya, Ədəbiyyat İnstitutunun folklor şöbəsinə (həmin vaxt mifologiya şöbəsi artıq balanmışdı) qayıdışı, təxminən, Ermənistanın torpaq iddiaları və Azərbaycanda Milli Dirçəliş hərəkatının başlanmasıyla eyni vaxta düşdü. O da düşünüb-daşınmadan hərəkatın sıra nəfərlərindən biri oldu...
Arif tərtib eləyib, sanballı ön söz yazdığı “Azərbaycan mifoloji mətnləri” (1988) kitabı işıq üzü görəndən sonra Bakı Dövlət Universitetində dərs deməyə başladı, amma milli hərəkatdan da uzqlaşmadı. Milli düşüncə kimi, türkologiyanın da dirçəldiyi o illərdə Aydın Məmmədov, Firudin Cəlilov, Aydın Balayev, Kamal Abdulla, Nəsib Nəsibli... kimi ziyalılarımızı məhz Arif Acaloğlunun təqdimatında tanımışam. Həmişə milli düşüncəylə bağlı dəqiq dövlət konsepsiyasına ehtiyac duyulduğunu söyləyirdi, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri olanda da bunun gerçəkləşdirilməsi üçün çalışırdı...
Amma Arif Acaloğlu 1993-cü ildən taleyini Türkiyəylə bağlamalı oldu, uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında çalışdı, Türkiyə və Ukraynada “Türk dastanlarının köklərinə dair”, “Enokultural bağlamda Avrasya mifologiyası” kimi sanballı məqalələr dərc etdirdi, “Ərazidə folklor toplama bələdçisi” (1998, kitab 2014-cü ildə İranda Azərbaycan türkcəsində nəşr edilib) hazırladı. O, 2002-2004-ci illərdə Ulusal Kanalda “Dədəm Qorqud Dünyası” adlı elmi-kütləvi proqramı yaratdı və apardı, “Əsatirlər, əfsanələr, rəvayətlər” (Cəlal Bəydili ilə birgə, 2005) toplusunu üzə çıxardı, eyni zamanda, “Tərcüman”, “Günaydın”, “Ortadoğu” gəzetlərinə məqalələr yazdı.
2008-ci ildə uzun illər təxirə saldığı elmi işini Kamal Abdullanın və Asif Hacılının davamlı israrları nəticəsində, nəhayət, müdafiə eləyəndən sonra isə Arif Yedditəpə Universitetinin antropologiya kafedrasında işləməyə başladı, folklorşünaslıq tədqiqatlarında din və inanc antropologiyası ilə məşğul oldu, üstəlik, dil antropologiyası və sənət antropologiyası kimi istiqamətlərlə yaxından maraqlandı. 2019-cu ildən isə Mərmərə universitetinddə Qafqaz, Orta Asiya və Sibirdə türklərin tarixini araşdırırdı, həm də Türkiyə, Qazaxstan və Qırğızstan universitetlərində də sosial antropologiya, semiotika, folklorşünaslıq və türkologiya sahələri üzrə mühazirələr oxuyur, dissertasiyalara elmi rəhbərlik eləyirdi. Bunlarla yanaşı, “Qarabağ: Başlanğıcdan günümüzə sorunlar və çözümlər” adlı monoqrafiya qələmə almışdı, məqalələri, müsahibələri, televiziya proqramlarıyla türklük düşüncəsinin daha dərin qatlarına enməyə çalışırdı...

4.


Arif Acaloğlunun bir missiyası da Azərbaycanı, mədəniyyətimizi, ədəbiyyatımızı və mənəviyyatımızı Türkiyədə ləyaqətlə təmsil eləmək idi…
Əsərlərinin Türkiyə türkcəsinə çevrilib nəşr olunmasını istəyən adlı-sanlı qələm adamları Arifdən umub-küsür, müxtəlif yollarla qılığına girməyə çalışırdılar. Amma şahidəm ki, Arif maddi cəhətdən sıxıntı çəkdiyi vaxtlarda belə, elmi, ədəbi və bədii səviyyəsinə bel bağlamadığı əsərlərin Türkiyəyə ayaq açmasında vasitəçiyə çevrilmədi, bu cür təkliflərdən hətta yaxşı qonorar müqabilində belə, qətiyyətlə boyun qaçırdı…
Əvəzində o, qardaş ölkədə Azərbaycan ədəbiyyatını üzünü ağardan əsərləri, Vaqif Səmədoğlunun “Mən buradayım, İlahi” (2005) şeirlər toplusunu, Kamal Abdullanın “Yarımçıq əlyazma” (2006), “Sehrbazlar dərəsi” (2010), “Unutmağa kimsə yox...” (2016) romanlarını, Əli Kərimin “Seçmə şeirlər”ini (2021) tanıtdı və sevdirdi. Tirajı tükəndiyinə görə, bu kitabların bəziləri yenidən, hətta pirat yolla da nəşr edilib, satışa buraxılıb…
O, Asif Hacılının “Rus ədəbiyyatında Qurani-Kərim” (2012), Anarın “Azərbaycan türkcəsinin söz varlığı (2018) kitablarını çevirib nəşr etdirdi, bu işə sərf elədiyi vaxtına qətiyyən qızırğalanmadı…
Hər səfərində Mayis Əlizadənin də yana-yana söz açdığı bir paroblemdən – Türkiyədə müxtəlif yollarla nəşr olunmuş, rəflərdə anbarlarda yatıb qalan, oxucunun diqqətini çəkməyən bəzi müəlliflərin kitablarından – söz açırdı, amma söz azadlığı kriteriyasıyla yanaşanda bunun qarşısını almağın mümkün omadığını da dərk eləyirdi…
Hər səfərində ədəbiyyatımızı hərşeyşünas tənqidçilərin korladığından da danışırdı: “Avropada filan tənqidçinin strukturalist, o birinin, post-strukturalist, digərinin postmodernist olduğu aydın görünür, - deyirdi, - yəni, onlar nə təhər gəldi yox, müəyyən bazadan, təməldən, özüldən çıxış edirlər. Mən uzun illərdi əsərin içiylə məşğul olmaq istəmirəm, onun yarandığı mədəniyyətin toxumasına necə yerləşməsinə diqqət yetirirəm. Çünki, məncə, həmin toxumaya yerləşmirsə, nə qədər gözəl əsər olur-olsun, üç-beş adam oxuyacaq, vəssalam, sonra marginallaşacaq. Məni maraqlandıran oxucu, cəmiyyət və əsər arasındakı əlaqə, sadə həyatımıza, gündəlik yaşantımıza bağlayan kodlar, bağlardı”.
Kamal Abdullanın əsərlərinə yazdığı ön sözdə Arif Acaloğlu mətnlərə məhz mifoloq və semiotik kimi yanaşır...

5. Sərhədsiz ruhumuzun yolçusu


Arif Acaloğlu təkcə Azərbaycan türkologiyasında yox, ümumiyyətlə, türkolgiyasında tanınmış simaydı. Onun araşdırmalarından faydalanır, türkoloji forumlara, simpoziumlara, konfranslara dəvət eləyirdilər, özü də rus dilinin mükəmməl bilicisi kimi, sanballı ədıbi abidələri Türkiyə türkcəsini çevirməyi başlıca vəzifələrindən biri sayırdı...
Heç təsadüfi deyil ki, Arifin bu yönümdə ilk sanballı işi böyük dostu Oljas Süleymenovla bağlıdı. 2000-ci ildə Türkiyə türkcəsində işıq üzü görən, etimologiya və dilçiliyin ustalıqla sintez olunduğu “Yazının dili” kitabı elmi cameəyə iki nəhəng təfəkkür adamını təqdim elədi.
Sonra məşhur özbək şairi və milliyyətçisi, Ərk Partiyasının rəhbəri, Türkiyədə mühacir həyatı yaşayan yaxın dostu Mühamməd Salihin “Dövlət sirləri” (2000) kitabını çevirib nəşr etdirdi.
Arif Acaloğlu V.Seroşevskinin “Saka Yakutlar” (2018), R.Kuzeyevin “İtil-Ural Türkləri” (2020), Turar Rıskulov, Mustafa Kara və digər həmmüəlliflərin “Oyanan Türkistan” (2020) kitablarını çevirməklə bu coğrafiyanı daha da genişləndirdi...
Xivə xanı, tarixçi, şair. Əbülgazi Bahadır Xanın “Şəcəre-i Türk və “Şəcəre-i Tərakimə” (2020) əsərlərinin tərcüməsi Arifin son sanballı işlərindən biriydi. Bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumatları, həmçinin, əfsanələri, rəvayətləri, atalar sözlərini əks etdirən iki möhtəşəm ədəbi abidə üzərində işindən hər görüşümüzdə, yaxud telefon danışığımızda söz açırdı.
Bu yönümdə həvəslə söz açdığı başqa planları da vardı, “vaxt tapanda” onları da gerçəkləşdirəcəkdi...

6. Ömrünün başlıca missiyası


Amma Arif Acaloğlunun elə tələbəlik illərindən həyatının başlıca missiyası milli kimlik, türklük, milli düşüncəydi. Həm də o, bir çoxlarından fərqli olaraq türklüyə, türkçülük düşüncəsinə praqmatik, pafosdan uzaq münasibət bəsləyirdi…
Arif milli hərəkata da bu qayəylə qoşulmuşdu, Türkiyədə yaşayıb-işləyəndə belə, şüurlu ömrünü həsr elədiyi missiyadan əl çəkmədi, tapındığı ideyanı söhbətləriylə, araşdırmalarıyla, çevirdiyi kitablarla yaymağa can atdı, az iş də görmədi...
O, 2004-cü ildə Türkiyədə erməni iddialarına qarşı mübarizə məqsədilə təşkil olunmuş “Talat Paşa Komitəsi”nin yaradılmasında fəallıq göstərmişdi, Rauf Dənktaşın rəhbərlik elədiyi Bilim Kurulunun üzvüydü. Erməni iddialarının uydurma olduğunu isbat edən müxtəlif tarixi mənbələri - Rem Kazançyanın “Bolşevik-Kamalist-İttihadçı İlişkiləri” (2000), Erol Cihangirin “Sultan Qaliyevin mübarizəsi” (2006), A.B.Karinyanın “Erməni milliyyətçi cərəyanları” (2006), Karibinin “Gürcü dövlətinin qırmızı kitabı” (2007), Ovanes Kaçaznuninin “Daşnak Partiyasının görməli bir işi yoxdur” (2008) və s. kimi kitabları məhz türkçülüyə imkanı çatan xidməti göstərmək, toplumu maarifləndirmək məqsədiylə çevirmişdi.
Arif Acaloğlu Azərbaycanda milli düşüncəyə, türklüyə xidmət eləyən bütün aydınlar və qurumlarla yaxın münasibətdəydi, Milli Hərəkatçılar Birliyi (MHB) yaratmışdı, tədbirlər keçirirdi, məmləkətin və türk dünyasının gələcəyini o quruma yığışmış gənclərdə görürdü.
Həmfikri və dava yoldaşı professor Nəsib Nəsibli onun bu xarakter cizgisini dəqiq ifadə eləyib: “Arif Acaloğlunun kimliyini müəyyən edən onun görkəmli Türkçü alim olması idi. Ömrü boyu Türklüyündən sapmadı. Çox təəssüf ki, həyatı boyu topladığı Türklük sərvətini özüylə apardı, millətin malına çevirə bilmədi”.

7.


…Son ildə xüsusilə tez-tez zəngləşirdik…
Zənglərimizin də səbəbkarı çox vaxt ortaq dostumuz, görkəmli qazax yazıçısı Rollan Seysenbayev olurdu: Arif onun əsərlərini türkcəyə çevirmişdi, “Qaçış” romanı 2016-cı ildə nəşr olunmuşdu, “Şeytan taxtı” romanı isə hansı nəşriyyatdasa işıq üzü görməliydi, amma tərcüməçidən asılı olmayan səbəblərə görə gecikirdi. Rollan ağa da Arifə əli çatmayanda mənə zəng vururdu, aralarında rabitə yaradırdım…
O səbəb üzündən də yenə yarımçıq işimizin üzərinə qayıtmaq üçün vəd verirdi: nə vaxtdı ki, “Acaloğlular” ensiklopedik toplusu tərtib eləmək ideyası üzərində çalışırdıq, hətta görəcəyimiz işin planını da tutmuşduq, topluda Acaloğlular şəcərəsi, Emin Ağa, Alxas Ağa, Abbas Abdullayla… yanaşı, bir çox başqa aydınların da ömür yolu əks olunacaqdı…
Türkiyə türkcəsində Borçalı folkloru toplusu nəşr etdirmək istəyirdi, ərkyana istəyinə görə, mən də yardım eləməliydim. Təbii ki, boyun qaçırmamışdım, əlimdə olan folklore materiallarını ayrıca bir qovluğa yığırdım ki, Arif “vaxt tapanda” saf-çürük eləyək…
Son dəfə zəngləşəndə 2025-ci ildə böyük mütəfəkkir Şəms Təbrizinin anadan olmasının 840 illiyini xatırlayıb “Şəms” romanımın Türkiyə türkcəsinə çevrilməsi və nəşri ideyasını ortaya atmış, nəşriyyatlardan biriylə danışacağını vəd eləmişdi…
Daha Arifsiz bu ideyaların gerçəkləşməsi Allahın ümidinə qaldı…
Uzun illərin dostu akademik Muxtar Kazımoğlunun dediklərinə də əlavə eləməli bir şey yoxdu: “Arif Acaloğlu nəhəng təfəkkür adamı, işıqlı ziyalıydı. Onun yeri təkcə türk mifologiyasında yox, bütövlükdə türk mədəniyyətində də görünəcək…”
Nəsib Nəsiblinin bir fikri də dəqiqdi ki, Arif Acaloğlu “…əsl alim olduğuna görə, həyatımızdakı əksikləri görürdü, narahat vətəndaş idi. Bu dünyada heç hüzur tapmadı. Kaş ki, o biri dünyada hüzuruna qovuşa”.



18-19 noyabr 2023

# 3359 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #