Sükutun dili - Nəriman Əbdülrəhmanlı

Sükutun dili - Nəriman Əbdülrəhmanlı
12 dekabr 2023
# 17:00

Kulis.az Yun Fossenin "Sükutun dili" adlı Nobel mühazirəsini təqdim edir.

Orta məktəbdə oxuyanda heç gözləmədiyim bir hadisə baş verdi. Müəllimim mətni ucadan oxumağımı tələb elədi. Qəfildən də məni sarsıdıcı qorxu bürüdü. Sanki o duyğunun içində qeyb oldum və yalnız həmin qorxudan ibarət nəsnəyə çevrildim. Qalxıb qaça-qaça sinifdən çıxdım. Şagirdlərin və müəllimlərin gözlərini bərəldib hərəkətimi izlədiklərini sezdim. Sonra o qətibə davranışımı tualetə getmək istəməyimlə izah eləməyə çalışdım. Eşidənlərin mənə inanmadıqlarını sifətlərindəki ifadədən oxuyurdum. Həm də yəqin, ağlımı itirdiyimi güman eləyirdilər. Bəli, deyəsən, dəli olmaq ərəfəsindəydim.

O ucadanoxu qorxusu yaxamdan əl çəkmədi. Sonralar özümdə cəsarət tapıb müəlimlərdən xahiş elədim ki, daha mənə belə bir tapşırıq verməsinlər. Elə qorxurdum ki, bəziləri buna inandı və bir daha ucadan oxumağımı tələb eləmədi, bəziləri də, deyəsən, onlarla məzələndiyimi düşündü. Bu təcrübəmdən insanlarla bağlı vacib bir şey öyrəndim, üstəlik, bir çox başqa həqiqətlərə də vaqif oldum. Bəli, çox ehtimal ki, indi bu kürsüdə dayanıb dinləyici qarşısında ucadan oxuya biləcəyimə imkan verən həqiqəti də dərk elədim.

İlk baxışdan, dilimin tutulmasına səbəb olan nəsnə qorxu idi, belə demək mümkünsə, dilimi geri qaytarmalıydım. Bu addımı da başqaları deyil, özüm irəli sürdüyüm şərtlər əsasında atmalıydım. Ona görə də qısa hekayələr şəklində öz mətnlərimi yazmağa başladım. Həm də hiss elədim ki, işim mənə qorxu deyil, əksinə, inam hissi təlqin eləyir. Bu mənada qəlbimdə yalnız mənə məxsus olan bir guşə kəşf elədim, həmin guşədən də yalnız özümlə bağlı məqamları qələmə almaq iqtidarındaydım.

İndi, təxminən əlli il sonra hələ də yazır, hələ də qəlbimdəki o gizli guşəni təsvir eləyir, düzünü söyləmək lazımdısa, o guşə haqqında mövcudluğundan başqa bir şey bilmirəm. Norveçli şair Olav H.Hauge yazdığı bir şeirində yazıçılıq işini meşədə yarpaqdan daxma tikən, iməkləyə-iməkləyə o daxmaya girən, qaranlıq payız axşamlarında şam yandırıb özünü əmin-amanlıqda hiss eləyən uşaq olmağa bənzədib. Fikrimcə, bu, mənim üçün də yazıçılıq peşəsini sınaqdan keçirməyin məqbul formuludu. İndi də hər şey əlli il əvvəl olduğu kimidi. Hətta ötən illər ərzində daha çox şeylər öyrəndim; öyrəndim ki, ən azı, məndən ötrü şifahi və yazılı dil, yaxud danışıq dili və ədəbi dil arasında böyük fərq var. Danışıq dili - əsasən, müəyyən bir şeyin o cür, yaxud bu cür ola biləcəyi ilə bağlı mesajın monoloqla çatdırılması, ya da müəyyən bir rəydən, yaxud qənaətdən ibarət mesajın ritorik şəkildə bildirilməsidi. Ədəbi dil isə qətiyyən belə deyil – bilgi vermir, əlaqədən daha çox anlamdı, öz varlığına sahibdi. Bu mənada da yaxşı yazı və hər cür nitq – dini, siyasi, ya da hansı nitq olur-olsun - şübhəsiz ki, bir-birinə ziddi.

Beləliklə, ucadanoxu qorxusu üzündən yazan bir insanın təxmini həyatı olan tənhalığa qədəm qoydum, həmin vaxtdan da orda qaldım. Bir çox nəsr əsərləri və pyeslər qələmə aldım. Bir də ki, əlbəttə, dramların başlıca xarakterik xüsusiyyəti yazılı, daim xəyali bir aləmə ünvanlanmış dialoqdu, danışıq, yaxud daimi ünsiyyət cəhdi və monoloqlar bilgi verməyən, amma özünəməxsus varlığı, mövcudluğu olan müəyyən bir şeyin parçasıdı.
Nəsrə gəldikdə isə, Mixail Baxtin ifadə formasının, hekayət tərzinin öz içində iki səs gizlədiyini iddiaq eləməkdə haqlıdı. Sadə şəkildə söyləmək lazım gəlirsə, danışan, yazan adamın və haqqında söz açılan adamın səsləri nəzərdə tutulur. Bu səslər çox vaxt bir-biriylə elə çulğaşır ki, hansının kimə məxsus olduğunu söyləmək mümkün deyil. Yazı, az qala, qoşasəsli olur. Həm də, bu, əlbəttə ki, yazı aləminin və onun daxilindəki məntiqin bir parçasıdı.
Qələmə aldığım hər bir əsərimin, necə deyərlər, özünəxas qurama aləmi, öz dünyası var. Hər bir pyesdə, hər bir romanda yeni dünya qurulur. Ancaq yaxşı şeirin – çünki eyni zamanda xeyli şeir yazdım – də öz aləmi var, həmin aləm isə, əsasən, şeirin özüylə bağlıdı. Sonra isə oxuyan adam həmin şeirin aləminə daxil ola bilər ki, bu da əlaqədən daha çox iştirakı xatırladır. Əslində, bunun, ehtimal ki, yazdığım bütün əsərlərə aid oluğunu söyləmək mümkündü.

Bircə şey gün kimi aydındı: hamının dediyi kimi, heç vaxt özümü ifadə eləmək üçün deyil, əksinə, özümdən uzaqlaşmaq üçün yazmışam. Beləcə də dramaturq olmuşam. Bununla bağlı nə deyə bilərəm axı?

Romanlar, şeirlər qələmə aldım, teatr üçün yazmağa isə qətiyyən maraq göstərmirdim, amma sonralar bu addımı atdım, çünki – daha çox yeni Norveç pyesləri yazılmasına dəstək üçün yaradılmış ümumxalq fondunun yadımıyla irəli sürülən təşəbbüsün iştirakçısı kimi – bir tamaşanın başlanğıc səhnəsini qələmə almaq məqsədiylə o vaxtlar kasıb yazıçı olan adama, yəni, mənə sanballı saydığım məbləğdə pul təklif elədilər, axırda da birinci, həm də hələ ən çox tamaşaya qoyulan “Kim isə gələcək” pyesimi əvvəldən-axıracan yazmalı oldum. İlk dəfə pyes qələmə almağım bütün yazıçılıq həyatımdakı ən böyük sürprizdi. Çünki nəsrdə və poeziyada adi danışıq sözləriylə ifadə eləmək mümkün olmayan şeyləri qələmə almağa can atırdım. Bəli, dilə gətirməyin mümkünsüz sayıldığı mətləbləri qələmə almağa çalışdım, Nobel mükafatına layiq görülməyimin səbəbi kimi də məhz bu göstərildi.
Jak Derridanın məşhur bir kəlamını dəyişidirilmiş şəkildə söyləyim: həyatdakı ən vacib şeyləri dilə gətirmək mümkün deyil, onları yalnız yazmaq olar. Buna görə də sükutu ifadə eləmək üçün sözlər tapmağa çalışıram. Dram əsərləri qələmə alanda səssiz dialoqları, sükuta dalmış adamları nəsr və poeziyada olduğundan daha fərqli şəkildə təsvir eləyə bilirəm. Yalnız “pauza” yazmalıydım, səssiz danışıq da, bax, ordaydı! Pyeslərimdə də “pauza” kəlməsi ən vacib və ən çox istifadə edilən – uzun pauza, qısa pauza, yaxud da yalnız pauza – sözdü. Həmin pauzalarda çox şey baş verə, ya da baş verməyə bilər. Bir söz deyilməyə, kimsə dillənin danışmaq həvəs göstərməyə, yaxud ən yaxşısı, hər şey sözsüz-sovsuz söylənə bilər. Bununla belə, o pauzalar sayəsində sükutun daha çox danışdığına əminəm.

Nəsr əsərlərimdə, bəlkə, pyeslərimdə daim təkrarlanan pauzalara oxşar məqamlar var. Yaxud, tutaq ki, bu barədə belə düşünürəm: pyeslərimdə səssiz dialoq ola-ola romanlarımda yazılı dil arxasında səssiz dil mövcuddu, buna görə də yaxşı əsər yazacağamsa, o səssiz dialoqlar da ifadə edilməlidi. Bir neçə sadə və dəlil-sübutlu örnəkdən yararlanmaqla ifadə eləmək lazım gəlirsə, belə deyə bilərəm ki, məsələn, “Septologiya” əsərimdə həmin sükut dili birinci Asle və digər Aslenin, ehtimal ki, eyni adam ola biləcəyindən xəbər verir; təxminən 1200 səhifəlik roman bəlkə də, yalnız həmin ehtimalın təsvirindən ibarətdi. Ancaq səssiz xitab, ya da sükut dili, əsasən, əsərin bütövlüyündən xəbər verir. Roman, pyes, yaxud hər hansı bir səhnə əsəri olsun, fərqi yoxdu, başlıca məqam ayrı-ayrı parçalar deyil, bütövlükdü ki, bu da, eyni zamanda, hər bir detalda his olunmalıdı; yaxud bəlkə də, bütövlük ruhundan, müəyyən şəkildə həm yaxından, həm də uzaqdan danışan bir ruhdan söz açmağa cəsarət eləyə bilərəm. Aləmi çox diqqətlə dinləyəndə nə eşidərsiniz? Sükutu duyarsınız. Həm də ehtimal edildiyi kimi, Allahın səsini bəlkə də yalnız sükutda eşidə bilərsiniz.

Yer üzünə qayıtsaq, teatr üçün əsər yazmağın məndə doğuduğu başqa bir cəhətdən söz açmaq istəyirəm. Dediyim kimi, yazmaq – peşədi, Olav H.Haugenin başqa bir şeirindən iqtibas eləməli olsam, belə deyə bilərəm: nə qədər ki, başqalarının yanına qayıtmağa imkan verən yol açıqdı, tənhalıq gözəl şeydi. Yazdığım ilk pyesin tamaşaya qoyulduğunu görəndə mənə təsir eləyən başlıca məqam tənhalığın tamamilə əksi olan vəhdət duyğusuydu; bəli, sənəti bölüşə-bölüşə sənət əsəri yaratmaq qəlbimdə böyük xoşbəxtlik və inam hissi oyatdı. O vaxtdan da həmin duyğu məni tərk eləmədi və inanıram ki, gördüyüm bu iş yalnız dinclik içində davam etdirməyimdə deyil, eyni zamanda, pyeslərim uğursuz təfsirindən belə, müəyyən qədər xoşbəxtlik duymağımda xüsusi rol oynadı.

Teatr, əsasən, dinləmə prosesidi: rejissor mətni dinləməli, ən azı, dinləməyə cəhd göstərməlidi, ifaçılar mətni, bir-birilərini və mətni dinləyirlər, tamaşaçı bütün tamaşanı dinləyir. Yazı prosesi də mənim üçün dinləməkdi. Yazmağa başlayanda qətiyyən hazırlıq görmürəm, müəyyən bir tutmuram, aləmi dinləyə-dinləyə işləyirəm. Buna görə də yazı prosesi ilə bağlı hər hansı bənzətmədən istifadə eləməli olsam, ağlıma dinləmədən başqa bir şey gəlməz. Nəticədə yazı prosesinin musiqini xatırlatdığını söyləməyə ehtiyac belə, yoxdu. Bir vaxtlar, yeniyetməlik çağlarımda da yalnız musiqiylə məşğul olmaqdan birbaşa yazmağa keçdiyimi söyləyə bilərəm. Hətta musiqiyə meylin və musiqi dinləməyin başını tamam buraxıb yazmağa, yazı prosesində də ifaçılıq təcrübəmi xatırladan üsuldan istifadə eləməyə başladım. O vaxtdan bəri də həmin üsuldan faydalanıram.

Bir məqamı da unutmayım - bəlkə də, sizə bir qədər qəribə gələcək, amma müəyyən nöqtəyə çatanda daim eyni hissi keçirirəm: mətn onsuz da yazılıb, o mətnin harasındasa bəzi şeylər çatışmır, yaşadığım duyğuları isə qeyb olmamış qələmə almalıyam. Bəzən bunun öhdəsindən mətnə heç bir düzəliş eləmədən gəlirəm, bəzən də yenidən yazır, kəsib-tökür, düzəldir, mətni cilalayır, yazdığımı səliqəli şəkildə ortaya çıxarmağa çalışıram. Həm də pyes qələmə almaq istəməsəm də, on beş il ərzində ancaq bu işi görürəm. Üstəlik, yazdığım pyeslər səhnəyə qoyuldu, sonralar o əsərlərə bir çox ölkələrdə dəfələrlə quruluş verildi. Hələ də buna inana bilmirəm. Həyat, həqiqətən, möcüzədi.

Eynilə bunun kimi, ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməyimlə əlaqədar olaraq, bu gün bu kürsüyə çıxıb yazıçılıq barədə az-çox anlamlı şeylər söyləməyə çalışdığıma da inana bilmirəm. Həm də başa düşdüyüm qədər mükafat mənə həm pyeslərimə, həm də nəsr əsərlərimə görə verilib. Az qala, illər boyu pyeslər qələmə alandan sonra qəfildən öz-özümə dedim ki, daha bəsdi, - bəli, elə bu cür də dedim, - sonra da daha pyes yazmamaq qərarına gəldim. Amma artıq yazmaq vərdiş halını alımışdı, onsuz da bundan əl çəkə bilməzdim – bəlkə də Marqareta Dürasın təbirincə, bunu xəstəlik adlandıra bilərsiniz, - ona görə də hər şeyin başlandığı nöqtəyə qayıtmağı, dramaturgiyaya keçməzdən əvvəl on il ərzində gördüyüm işi, yəni nəsr sahəsində və digər sahələrdə yazıb-yaratmağı qərara aldım.

Son on beş ildi ki, bununla məşğulam. Yenidən ciddi şəkildə nəsr əsərləri qələmə almağa başlayanda hələ bu işin öhdəsindən gələ biləcəyinə şübhəm vardı. Əvvəlcə “Trilogiya”nı yazdım, həmin romana görə Şimal İttifaqının Ədəbiyyat mükafatına layiq görüləndə, bunu nasir kimi də ortaya çıxara biləcəyim müəyyən əsərlərim olduğu ilə bağlı sanballı təkan kimi yozdum. Sonra “Septologiya”nı qələmə aldım. Həm də o romanı yazdığım müddətdə - məsələn, bir Asle digər Asleni qar içində yıxılmış vəziyyətdə tapıb həyatını xilas eləyəndə, yaxud axırda, əsas obraz olan birinci Asle köhnə balıqçı qayığında yeganə və ən yaxşı dostu Ösleik və Ösleikin bacısı ilə birgə Milad bayramı keçirmək üçün son səfərinə çıxanda - yazıçı kimi, ömrümün ən xoşbəxt anlarını yaşadım. İrihəcmli roman qələmə almaq fikrində deyildim, amma əsər, necə deyərlər, öz-özünə yazıldı, ortaya uzun hekayət çıxdı, həm də bir çox fəsillərini elə rahat, elə rəvan şəkildə qələmə aldım ki, az qala, hər şey təbii alındı. Güman eləyirəm ki, xoşbəxtlik adlandırıla biləcək məqama həmin anlarda daha çox yaxınlaşmışdım. “Septologiya” əvvəldən-axıracan yazdığım bir çox əsərlərimdəki xatirələri əks etdirir, amma həmin yaşantıları fərqli nəzər nöqtəsindən təqdim eləyir. Bütün roman boyu bircə nöqtənin belə, olmamasını tapıntı saymıram. Amma romanı o cür, şüur axını üslubunda, nöqtəylə dayandırılmasını tələb eləməyən vahid hərəkət tərzində qələmə almışam.

Bir dəfə müsahibələrimin birində dedim ki, yazmaq da müəyyən mənada dua eləməkdi. Fikrimin elə bu cür də dərc olunduğunu görəndə utandım. Sonralar Frans Kafkanın da eyni fikir söylədiyini oxuyanda isə təsəlli tapdım. Yəni, bəlkə, elə bu iddiamız həqiqətdi.
İlk kitablarım xoşagəlməz tənqidə məruz qalmışdı, amma qərara gəldim ki, tənqidçilərə fikir verməyim, yalnız özümə güvənim, bir də yazdıqlarıma sadiq qalım. Üstəlik, bu addımı atmasaydım, şübhəsiz ki, qırx il əvvəl qələmə aldığım ilk romanım “Qırmızı. Qara” nəşr olunandan sonra yazmaqdan əl çəkərdim. Sonra da əsərlərim haqqında, əsasən, yaxşı fikirlər yazmağa başladılar, hətta mükafatlar aldım, həmin məqamlarda da bu qərara gəldim ki, yoluma eyni məntiqlə davam eləməliyəm: xoşagəlməz tənqidləri qulaqardına vurmuşdumsa, uğurun da məni yoldan çıxarmasına imkan verməyəcək, yazdıqlarımdan bərk-bərk yapışacaq, əl çəkməyəcək, yaratdıqlarıma sadiq qalacaqdım. Güman eləyirəm ki, bunun öhdəsindən gəldim, Nobel mükafatına layiq görüləndən sonra belə, özümə sadiq qalacağıma, həqiqətən, inanıram.

Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldüyüm elan olunanda çoxlu elektron məktublar və təbriklər aldım, əlbəttə ki, çox razı qaldım. Təbriklərin əksəriyyəti sadə və nəşəylə doluydu, amma onları yazan adamların bəziləri sevincdən qışqırdıqlarını, bəzilərisə göz yaşları axıtdıqlarını bildirdilər. Bu, məni əməlli-başlı kövrəltdi. Yazdığım əsərlərdə xeyli, yada salmaq istəmədiyim qədər intihar halları var. Buna görə də qorxurdum ki, ola bilsin, intiharı qanuniləşdirməyə xidmət göstərmişəm. Yazdığım əsərlərin həyatlarını xilas elədiyindən səmimiyyətlə söz açan adamlar məndə dərin təəssürat oyatdılar. Müəyyən mənada, yazıçılığın insan həyatını, bəlkə, elə öz həyatımı da xilas eləmək iqtidarında olduğunu həmişə bilirdim. Yazdıqlarım başqalarının da həyatını qurtarmağa yardım eləyirsə, heç nə məni bundan artıq xoşbəxt eləyə bilməz.

Məni ədəbiyyat üzrə Nobel mükafatına layiq gördüyü üçün İsveç Akademiyasına təşəkkürümü bildirirəm. Bir də, İlahi, Sənə minnətdaram!

Tərcümə: Nəriman Əbdülrəhmanlı

# 1544 dəfə oxunub

Müəllifin son yazıları

# # #