Selincer: "Özünə hörmət edən yazıçı kitab imzalamaz!" - Müsahibə

Selincer:  "Özünə hörmət edən yazıçı kitab imzalamaz!" - Müsahibə
14 may 2024
# 09:00

Kulis.az görkəmli yazıçı Cerom Devid Selincerin müsahibəsini təqdim edir.

O, yalnız hiddətlənəndə dilə gəldi. Yaradıcılığının erkən dövründə qələmə aldığı hekayələr toplusunun nəşr olunduğundan xəbər tutanda da hiddətləndi, sükutu pozub əsərlərinin öz sağlığında çap edilməsini hansı səbəb üzündən istəmədiyi barədə müsahibə verdi.

2 noyabr 1974-cü il. San-Fransisko. “The New York Times” həftəlik nəşrinin redaksiyasına zəng. 20 illik sükut və qəfildən 55 yaşlı nasir telefonda deyir:

“Nəşr məsələsi mənim şəxsi həyatıma qorxunc təcavüzdür. Bəli, yazmaq xoşuma gəlir, yazmağı sevirəm. Amma yalnız özüm, öz zövqüm üçün yazıram...”

Cerom Selincer xəbərdarlıq etdi ki, bir dəqiqəliyə zəng vurur, amma söhbət yarım saat çəkdi. “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin müəllifi öz işi, mətbuatın qarayaxa münasibəti və nəşriyyatların onun şəxsi həyatına müdaxiləsi barədə danışdı... Dedi ki, erkən illərdə yazdığı hekayələrinin toplu halda nəşr olunmasından hiddətlənib. Toplunun 25 min nüsxədən ibarət tirajı isə nüsxəsi 3-5 dollara San-Fransiasko, Nyu-York, Çikaqo və digər şəhərlərdə satılırdı.

“Şəxsi mülkiyyətim sayılan bəzi hekayələr mənim icazəm olmadan nəşr edilib. O əsərləri, sözün əsil mənasında, oğurlayıblar. Bu, qanunusuzluq, ədalətsizlikdir. Bu, ona oxşayır ki, sevdiyiniz paltonuzu şkafdan asmısınız, amma kimsə həmin paltonu geyinib və çıxıb gedib, siz də sevdiyiniz əşyadan məhrum olmusunuz. İndi, bax, buna oxşar hiss keçirirəm. Təəccüblüdür ki, hüquq-mühafizə idarəsi bunun qarşısını ala bilmir. Mən yalnız şəxsi həyatımın olub-qalan hissəsini qorumağa çalışıram”.

J. D. Salinger. Uncollected Writings, Terebess Asia Online (TAO)

Selincer izah elədi ki, qələmə aldığı nəsr əsərləri yalnız şəxsi sərvəti kimi qalmalıdır:

“O hekayələri çoxdan yazmış, heç vaxt çap etdirmək fikrinə düşməmişdim. Onlar mənimlə birgə axirətə köçməli idilər. Bunun səbəbi ilk illərdə yazdığım əsərləri gizlətmək istəməyim deyil. Sadəcə, həmin hekayələr dərc olunmağa layiq deyil”. Sonra əlavə elədi: “Öz əsərlərini çap etdirməmək çox gözəl şeydir, bütöv bir aləmdir. Onların nəşri şəxsi həyatıma yolverilməz müdaxilədir. Peşəmə bu cür münasibətə görə məyusam. Bəli, mən cəmiyyətdən gizlənən adam kimi ad çıxarmışam. Amma öz əsərlərimi qorumaqdan başqa bir niyyətim yoxdur. İstəyirəm ki, hər şeyə son qoyulsun, həyatıma müdaxilə edilməsin. Mən hər gün və yalnız özüm üçün yazıram. Həm də daha heç bir əsər çap etdirmək istəmirəm. Bəlkə, mən öləndən sonra bəzi şeylər üzə çıxacaq...”

“Baton Rouge Advocate” nəşrinin reportyoru Betti Epps isə yazıçının “Qayıqda” hekayəsi ilə bağlı düşüncələrini “Harper” jurnalının 1949-cu il aprel sayında dərc etdirmişdi:

“On ildən artıqdır ki, yaradıcılıqla ciddi şəkildə məşğul oluram. Həddən artıq təvazökarlıq göstərib yazıçı doğulduğumu söyləməsəm də, peşəkar kimi formalaşdığımı iddia eləyə bilərəm. Məncə, yazıçılıq peşəsini özüm seçməmişəm. Sadəcə, on səkkiz yaşına çatanda yazmağa başladım, o vaxtdan da fasiləsiz bununla məşğulam. (Ola bilsin, bu tam həqiqət deyil. Ola bilsin, hər halda, yazıçılıq peşəsini özüm seçmişəm. Dəqiq yadımda deyil, çünki lap qısa müddətdə əməlli-başlı yazıçıya çevrildim)”.

J. D. Salinger. Uncollected Writings, Terebess Asia Online (TAO)

***

29 il guşənişin həyat sürən Cerom David Selincerlə tərki-dünyalığının 17-ci ilində bircə müsahibə verib. Müsahibə “Windsor”da kafedə götürülüb. “Paris Review” jurnalının 1981-ci il yay buraxılışında Betti “Keçən yay nə etdim” adlı bir yazı yazmışdı. Məqalə, əfsanəvi bir müsahibdən bəhs edirdi.

Betti Eppes o zaman “Baton Rouge Advocate” qəzetinin müxbiri idi. 1980-ci ilin yazında həm “Advocate”, həm də “State Times”in səhər və günortadan sonrakı buraxılışlarında əyləncəli yazılar qələmə alırdı.

O yaz Eppes qərara alır ki, yay tətilini tənhalığa qapılan məşhur yazıçı Selincer ilə müsahibə almağa həsr etsin. Bu haqda ilk dəfə “Sunday Advocate”ın 29 İyun 1980-ci il tarixli maqazin səhifələrində məlumat verilib. Daha sonra aralarında “The Boston Globen”in də olduğu başqa qəzetlər məqaləni satın alaraq oxucularıyla paylaşıblar.

“Paris Review”in yazarı və redaktoru Corc A. Plimpton, Eppesdən reportajın necə baş tutduğunu soruşub. Bundan sonra Plimptonun redaktorluğu ilə “Paris Review”in 1981-ci il tarixli yay sayında “Keçən yay nə etdim” adlı məqalə işıq üzü görüb.

Eppes Selincerə yazdığı məktubunda bütün yayı onu tapmağa sərf etdiyini, dolanışığını yazıçılıqdan çıxaran bir şəxs olduğunu bildirib, müxbirliyini gizlədib, deyib ki, otaqlarında telefon olmayan bir hoteldə qaldığı üçün sabah “Windsor”da xüsusi bir yerdə saat 9:30-dan etibarən yarım saat ərzində onu gözləyəcək. Əgər gəlməsə, sonrakı gün “Baton Rougey”ə qayıtmazdan əvvəl yenə eyni saatda və eyni yerdə onun yolunu gözləyəcək.

Selincer də gəlib… Söhbət baş tutub.

Adama elə gəlirdi ki, Selincer həddən artıq incik, mübahisə etməyi sevən insandır. Amma mən təəccüblənmişdim. Axı yetkinləşmiş Holdenlə üz-üzə gələcəyimi düşünür, o səmimi oğlanın peyda olacağını, hətta bir-iki dəfə də ürəkdən güləcəyini gözləyirdim. Amma belə bir hadisə baş vermədi. Selincer çox gərgin idi. Bu da məni ondan bir, bəlkə də, iki addım aralanmağa məcbur edirdi. Selincer kimi insanlar özlərinin haqlı olduqlarını sübuta yetirmək üçün hər şeyi üzə söyləməyi sevirlər. O, boyca çox uca idi, qəsdən hər şeyə yuxarıdan-aşağı, həm də çox diqqətlə baxırdı.

Əvvəlcə çox səfeh həvəsə düşmüşdüm, elə bilirdim ki, Selincer mənimlə söhbət edəcək, müsahibəmiz də baş tutacaq. O, söhbətə girişmək əvəzinə mənə qısa mühazirələr oxumağa başladı. Yazıçı ilə görüşdən müəyyən bir sensasiya yaradacağıma, yazdığı əsərlər, gördüyü işlər barədə ümumi, anlaşılmaz deyil, konkret məlumat verəcəyinə ümid bəsləyirdim. Kifayət qədər də israr etmişdim: əgər bir şey yazırsa, qoy məhz nə üzərində işlədiyi barədə danışsın. Holden haqqında yazmırsa, onda nə barədə yazır axı? Əgər üzərində işlədiyi əsər “Çovdarlıqda uçurumdan qoruyan” romanının davamı deyilsə, bəlkə, elə Qlasslar ailəsi barədə hekayətin davamıdır. Bütün suallarıma bircə cavabı vardı:

“Yox, yox. Yox”.

Axırda qeyd dəftərçəsini və qələmi kənara qoydum, gözlərinin içinə baxıb dedim: “Bəs mənimlə görüşməyə niyə razılıq verdiniz? Nəyə görə dağlardakı evinizdən çıxdınız? Nəyə görə məktubuma rədd cavabı vermədiniz?”

O, dilləndi;

“Mən də yazıram, siz də yazırsınız. Hesab edin ki, bir yazçı digər yazıçının yanına gəlib”.

O, roman yazıb-yazmadığımı öyrənmək istəyirdi. Aman Allah, C.D.Selincer Betti Eppsin yazı-pozusuyla maraqlanır! Dedim ki, yazmışam, o da romanımı çap etdirmək barədə düşünüb-düşünmədimi soruşdu. Cavab verdim ki, müqavilə bağlamışam, amma naşirlə aramızda fikir ayrılığı yarandığına, mən də həddən artıq inadkar olduğuma görə əlyazmamı nəşriyyatdan geri almışam. O, bu hərəkətimi tamamilə düzgün hesab edib dedi, yazmaq istəyirsinizsə, yazmalı, sonra qələmə aldığınızı yazı masasının siyirməsində gizlətməlisiniz. Onun fikrincə, yazmaq – yeganə dəyərli məşğuliyyətdir.

sud most Crveni datum jd salinger - tarannamataro.com

– Heç ssenari yazıbsınız? Gələcəkdə yazacağınızı düşünürsünüz?

– Başqa bir mövzudan danışa bilərikmi?

– Əlbəttə. Lakin maraq üçün soruşuram, səhnə adamı kimi çalışdığınız gəminin adını xatırlayırsınızmı?

– Bəli, xatırlayıram -“The Kungsholm” idi.

– Ailənizin keçmişinə baxanda “niyə yazmaq istədiniz?” soruşmaq istəyirəm.

– Dəqiq səbəbini bilmirəm. Hər hansı bir yazıçının da bu barədə dəqiq nəsə deyəcəyindən əmin deyiləm. Bu, hər bir insan üçün fərqlidir. Yazmaq son dərəcə fərdi bir işdir, hər yazıçının müxtəlif səbəbləri ola bilər.

– İstəyib yazıçılıq kariyerasına başladınız, yoxsa özünüzü bu dünyanın içində tapdınız?

– Bilmirəm. Həqiqətən, bilmirəm. Bu barədə düşünməmişəm.

– Evinizin arxasındakı beton atelyedə yazdığınızı eşitdim.

– Yazdığım yer istədiyim kimi qurulub, buna görə də çox rahatdır. Lakin bu barədə danışmaq istəmirəm. İnsanların bura yığışıb divarlara çıxmağını, ya da pəncərələrdən içəri baxmaqlarını istəmirəm. Mən belə rahatam, bu da məni qane edir.

– Yazılarınızın dərc olunması nə qədər əhəmiyyətlidir?

– Çox asan sual olduğu üçün çox qısa cavab verəcəyəm. Yazdqlarımı dərc etməyi heç düşünmürəm. Mənim üçün əhəmiyyətli olan yazmaq, yazmaq üçün də vacib olan tənhalıqdır. Tənha olmaq istəyirəm. İbtidai məktəbdə də özümü belə hiss edirdim, akademiyada oxuyanda da, əsgərlik xidmətindən əvvəl də, sonra da. İndi də belə hiss edirəm.

– Onda niyə yazılarınızı dərc etdirdiniz?

– Nələr baş verəcəyinə hesablaya bilmədim. Belə olacağını gözləmirdim, belə olmasını da heç istəmirdim. Çünki bu artıq o demək idi ki, normal həyat sürə bilməyəcəyəm. Evimin yaxınındakı yollara mühafizəçilər qoymağa məcbur oldum. Övladlarım da çox çətinlik çəkirdi. Niyə öz həyatım mənə aid olmamalıdır?

– Onda mənimlə görüşü niyə qəbul etdiniz? Məktubumu nəzərə almaya da bilərdiniz.

– Sən yazırsan. Mən də yazıram. Yazıçı kimi başqa bir yazıçı ilə görüşmək lazımdır. Heç kitabınız nəşr olunub? Tirajlanmaq qorxunc və bərbad bir şeydir. Əsərini nəşr etdiyin zaman çox qorxulu şeylər olur. Heç çap etməsəniz, böyük ehtimalla daha xoşbəxt olarsınız.

Jerome David Salinger

Yazıçı kitab imzalamaz

– Niyə kitablarınızı imzalamağa nifrət edirsiniz?

– Bu ritualı qəbul edə bilmirəm. Mənasız işdir. Kimçünsə adını yazırsan, imzalayırsan. Aktyorların avtoqraf vermələri qəbulolunandır, çünki onların verə biləcəyi yeganə şey sifətləri və adlarıdır. Lakin yazıçılarda vəziyyət tam fərqlidir. Onlar əsər yazırlar. Bu səbəbdən də düşünürəm ki, imza əsərlə müqayisədə çox cılız görünür. Heç vaxt belə şeyə getmə! Özünə hörmət edən heç bir yazıçı bunu yazın buraxmamalıdır.

– Yazı intizamınız necədir?

– İntizam problem deyil. Ya yazmaq istəyirsən, ya da istəmirsən.

– Siyasətlə aranız necədir?

– Siyasətçilər heç vecimə də deyil. Onlarla ortaq heç bir nöqtəm yoxdur. Siyasətçilər çərçivəmizi məhdudlaşdırmağa çalışırlar, mənsə həmin çərçivəni genişləndirməyə can atıram. Elə bir siyasətçi ağlıma gəlmir ki, onun haqqında danışa bilim. İnflyasiya, işsizlik, enerji - bunların heç biri mənə fərdi olaraq təsir etmir. Mənim sahəm deyil. Onlar barədə heç bir şey bilmirəm.

– “Amerikan röyası”na inanırsınız?

– Öz versiyama inanıram, bəli.

– Bunu bir az izah edərsiniz?

– Yox, etmərəm.

– Yəni, Konstitusiya kişilər tərəfindən kişilər üçün yazılıb, bu səbəbdən də qadınlar üçün düşünülməyib?..

– Heç vaxt belə şeyi qəbul etmə! Bunu iddia edənlərə qulaq asma. Kim deyir, sənin “Amerikan röyası”na haqqın yoxdur, kim deyir?! Bu qorxuducudur. Qorxuncdur! Heç vaxt bunu qəbul etmə. “Amerikan röya”sı bütün amerikalılar üçündür. Qadınlar da amerikalıdır. O, sənin üçün də eynidir. İstədiyin budursa, haqqını tələb etməlisən.

Özgələrlə danışmaq istəmirəm…

Betti Eppes Selincerlə görüşdə onun cəmi iki dəfə gülümsədiyini deyir. Biri Eppesin yanağından axan yaşları silərkən, biri isə “Əgər, həqiqətən, hər gün yazırsınızsa, indi hansı əsər üzərində çalışırsınız?” sualına “Bunu söyləyə bilmərəm” cavabını verəndə.

Sonra Selincer məktublarını götürmək üçün poçta gedib. Qayıdanda Eppes bir nəfərin yazıçının qolundan tutduğunu görür. Böyük ehtimalla əlini sıxmaq istəyib. Bu, Selinceri çox əsəbiləşdirib.

“Yolu keçib maşınımın yanına gəldi, pəncərəyə söykəndi və məni danlamağa başladı. Eynilə belə dedi:

- Sənin ucbatından tanımadığım, daha əvvəl heç görmədiyim bir adam üstümə gəldi, qolumdan tutub danışmağa başladı. Bundan heç xoşum gəlmir. Sənə görə qonşularıma zənglər gəlir. Qonşularımın narahat edilməsindən zəhləm gedir. Tək qalmaq istəyirəm. Buna görə bura köçmüşəm. Məhrəmimi axtardığım üçün bura gəldim, normal həyat sürə biləcəyim, yazı yaza biləcəyim bir yer olduğu üçün bura gəldim. Lakin sənin kimi adamlar məni izləyirlər. Kobudluq etmək istəmirəm. Mən təmkinli adamam. Narahatlıqdan xoşum gəlmir. Suallardan xoşum gəlmir. Özgələrlə danışmaq istəmirəm. Heç kəslə məxsusi danışmaqdan xoşum gəlmir. Mən yazıçıyam. İstəsən, mənə məktub yaza bilərsən. Lakin lütfən, bir də görüşməyə çalışma”.

J.D. Salinger: Outgrowing J.D. Salinger - Los Angeles Times


Bəs, həqiqətən, yazırdı?

Betti Epps: Bir neçə dəfə ondan yazıb-yazmadığını soruşdum. Hər dəfə iddia edirdi ki, yazır. Amma öz planlarının təfərrüatlarını açıqlamır, hekayələr kitablar, kinossenarilər yazıb-yazmadığı, filmlərdə çalışıb-çalışmadığı barədə söz açmırdı. Sadəcə, bu haqda bir kəlmə də danışmırdı. Suallar verirdim, o isə həmin sualları bu cür cavablandırırdı:

“Bu haradan çıxdı? Bu sualları mənə niyə verirsiniz? Gəlin yazıçılıq barədə söhbət eləyək”.

O, daim yazıçı peşəsi barədə danışmaq istəyirdi.

Selincer Qlasslar ailəsi haqda başqa əsərlər yazıb-yazmadığını dilinə gətirmədi. Elə hey deyirdi ki, daha vacib şeylər barədə yazmaq lazımdır. O, Qlasslar ailəsi barədə yeni əsər qələmə almaq istəmirdi.

C.D.Selincer: “İndi yazdığım əsər Holden barədə yazdığımdan daha sanballıdır. Yeni yaradıcılıq layihələrimdə, həqiqətən, ciddi məsələlər üzərində çalışıram”.

Ondan məhz hansı məsələlər üzərində baş sındırdığını öyrənmək istəyirdim. Sualım həmsöhbətimin qızğın etirazına səbəb oldu:

“Adamların liftdə yaxamdan yapışmaları, küçədə saxlayıb söhbətə tutmaları, şəxsi həyatıma soxulmaları məni cana doydurub. Otuz il əvvəl öz mövqeyimi açıq-aydın ortaya qoymuşam... İstəyirəm ki, məndən əl çəksinlər, tənhalığımı pozmasınlar. Niyə şəxsi həyatımı yaşaya bilməyim axı?”

Soruşdum ki, “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin davamı olacaq, ya yox. Kəskin tərzdə “yox” dedi, sonra hiddətləndi, vəcdə gəldi, dedi ki, Holden obrazını yaratmaqda səhv eləyib, onunla bağlı başqa şeylər öyrənmək istəyirəmsə, romanı bir də oxumalıyam. Qəti surətdə bildirdi ki, daha Holden barədə yazmayacaq.

Və Eppes Selincer dönüb gedəndə dillənir: “Sizi narahat etdiyim üçün çox üzr istəyirəm. Cənab Selincer, lütfən gözləyin. Xahiş edirəm, deyin, həqiqətən, yazırsınız?” Cavab isə belə olub:

“Həqiqətən, yazıram. Sizə dedim axı, yazmağı sevirəm, sizi əmin edirəm ki, mən davamlı yazıram. Yalnız yazdıqlarımı çapa vermirəm. Özüm üçün, öz zövqüm üçün yazıram. Bunun üçün də tək qalmaq istəyirəm. Xahiş edirəm, bir daha bu niyyətlə bura gəlməyin.”

Biz yazıçılıq peşəsi barədə danışanda həmsöhbətim daha səmimi olur, az qala, hər şeyə etiraz etməkdən əl çəkirdi. O, açıq-aydın yazıçılığın dəyəri barədə düşünür, amma yazıçı mülkü kimi, şəxsi həyatına açılan qapını daim qoruyurdu. Dedi ki, “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin heç vaxt çap olunmamasını istəyərdi. Roman həyatına həddən artıq qorxunc təsir göstərdiyinə görə, ümumiyyətlə, o əsəri yazmasaydı, daha yaxşı olardı. Belə məqamlarda məndə belə bir hiss yaranırdı ki, həqiqərən, səmimi bir insanla söhbət edirəm. Həmin anlarda onun suallara səmimi-qəlbdən cavab verdiyinə, hisslərini və düşüncələrini olduğu kimi dilinə gətirdiyinə şübhə duymurdum. Hətta cismani gərginliyi də bir qədər azalırdı. Hətta bir neçə dəfə sinəsinə çarpazladığı əllərini yanına saldı, amma bir dəfə də olsun, sözə özü başlamadı. Ömrümdə bu cür gərgin hisslər keçirən, həmsöhbətini diqqətlə süzən kəslə rastlaşmamışdım. Bu da əsəblərimə toxunurdu. O, hətta gözlərini tez-tez qırpmırdı, bəlkə də, heç kirpikləri bir-birinə dəymirdi, buna görə də özümü lap itirirdim.

Həmsöhbətim yazdığını israrla iddia edirdi. Deyirdi ki, özü üçün işləyir, yazıçılıq da elə bu cür olmalıdır. Yazıçılar yalnız özlərinə məlum olan səbəblər üzündən qələm götürürlər, ona görə də yalnız özləri üçün yazmalıdırlar. Onun dediyinə görə, yazıçılıq yeganə gərəkli işdir.

“Paris Review”,

1981-ci ilin yayı

Tərcümə: Nəriman Əbdülrəhmanlı

# 1912 dəfə oxunub

Müəllifin son yazıları

# # #