Qürbətdə yaşayan şair: “Məni Sara xala şair elədi”-MÜSAHİBƏ

Qürbətdə yaşayan şair: “Məni Sara xala şair elədi”-<span style="color:red;">MÜSAHİBƏ
10 sentyabr 2014
# 10:29

Məmməd Həsənli ötən əsrin 70-ci illərinin sonu-80-ci illərində ən çox çap olunan, şeirləri ədəbi mühitdə müzakirə olunan söz adamlarından biri idi. Quruluş dəyişən vaxtlarda bir çoxları kimi o da “itdi”, uzun müddət sorağını ala bilmədim. Sonra Məmməd Həsənlinin səsi Belorusun Bobruysk şəhərindən gəldi. Tapışdıq, imkan olanda zəngləşdik, uzun illər Məmməd söz yanğısını o zənglər vasitəsilə söndürməyə çalışdı. Qismət oldu, ötən ay Rusiyaya gedəndə Belorusa – Bobruyska da baş çəkdim, təxminən 30 ildən sonra Məmməd Həsənliylə təzədən görüşdük. Qonağı olduğun üç gün ərzindəki bitib-tükənməyən söhbətlərimizdən birini də oxuculara təqdim eləmək istədim.

- Məmməd, Sözlə nə vaxtdan tanışsan?

- Bilmirəm, neçə yaşım olardı. Qonşumuz Sara xala gözəl nağıllar danışırdı. Bəlkə elə onun nağıllarını eşitdiyim məqamdan. Atam Qasım kişi aşıq poeziyasını ağlagəlməz dərəcədə sevirdi, həm də gözəl bilirdi. Ola bilsin, ondan şeirlər və dastanlar eşitdiyim gündən.

- Belə demək olarmı ki, sən poeziyaya folklordan gəlmisən?

- Tam da elə demək olmaz. Düzdü, aşıq poeziyasının vurğunu idim, “Yanıq Kərəmi”yə heyran olmuşdum, hətta, rəssam dostum Tariyelin qulağını o qədər doldurmuşdum ki, o Əsli və Kərəm mövzusunda gözəl bir qrafik əsər işləmişdi, Abbas Abdulla da bu barədə “Ədəbiyyat və incəsənət” qəzetində məqalə yazmışdı. O da düzdü ki, Tufarqanlı Abbasın şeirlərini oxuyanda tüküm ürpəşirdi. Amma böyüdükcə hər şey insanın gözündə rəngini, mənasını dəyişir, mən də başa düşürdüm ki, Sara xalanın nağıllarından, anamın layla və bayatılarından, atamın şeir və dastanlarından kənarda da ədəbiyyat var.

- ...Və beləcə, çağdaş poeziyaya üz tutdun...

- Hə, ona görə də “Od haqqında nağıl” şeirini Tariyelə həsr elədim, sonra Rəsul Rzanın, Əli Kərimin, İsa İsmayılzadənin, Arif Mustafazadənin, Ramiz Rövşənin, Vaqif Cəbrayılzadənin poeziyasına meyl saldım, İsa Hüseynovun, Əkrəm Əylislinin, Anarın, Mövlud Süleymanlının, Şahmarın nəsrini oxudum, dərk elədim ki, nə yazıram yazım, gərək özümü ifadə eləyim, heç kəsin paltarını geyinməyə cəhd eləməyim.

- Həm də dünya ədəbiyyatı ilə tanış olmağa başladın...

- Frans Kafkanın, Alber Kamünün, Çingiz Aytmatovun, Qabriel Qarsia Markesin əsərlərini o vaxt oxumuşam. Onu da deyim ki, Əkrəm Əylislinin “Azərbaycan” jurnalının baş redaktoru olduğu vaxtlar mənim ədəbi zövqümün formalaşmağına çox kömək elədi. Bir də İsa İsmayızadə və Arif Mustafazadə kimi söz adamları ilə ünsiyyətim mənə çox şey verdi...

- O vaxt Gürcüstanda qaynar ədəbi mühit də vardı...

- Hə də, sən də o mühitdəydin. Səməd Qaraçöp, Lətif Mustafağolu, Eyvaz Əlləzoğlu, Allaverdi Təhləli, Xaqani Qayıblı, Rafiq Hümmət sonralar ədəbiyyatda tanınmış imzalara çevrildilər.

- Həmin vaxt – 70-ci illərin sonu-80-ci illərin əvvəllərində Gürcüstanla yanaşı Azərbaycan mətbuatında da şeirlərin kifayət qədər tez-tez çap olunurdu...

- İnan ki, buna qətiyyən can atmırdım, amma “Ədəbiyyat və incəsənət” qəzeti də, “Ulduz” və “Azərbaycan” jurnalları da, ədəbi almanaxlar da şeirlərimi çap eləyirdilər. Bakıda texnikumda oxuyanda da qaynar ədəbi mühitə düşmüşdüm, dərnəklərə gedirdim. 80-ci illərin axırlarında ümidvardım ki, ilk kitabım işıq üzü görəcək.

- Bəs necə oldu ki, o kitab çap olunmadı?

- Nə deyim, bəlkə, günah daha çox özümdə oldu ki, qovluğu nəşriyyata vaxtında vermədim. Sonra hər şey göz qabağındaca dağıldı, imkan olmadı. Yazıçı Saday Budaqlı onda mən bilən Yazıçılar Birliyinin Qazax filialının rəhbəri idi, dedi, qovluğunu ver, “Sınıq körpü” jurnalında çap eləyək, kitabının çıxmağına da kömək eləyərəm. Ancaq artıq əvvəlki sistem dağılmışdı, bu arzumuz da baş tutmadı. Yazıçı dostum, mərhum Eyvaz Əlləzoğlu da bu barədə fikirləşirdi, qovluğumun birini də ona vermişdim. Ancaq Eyvaz dünyasını dəyişəndən sonra qovluq tapılmadı.

- Belorusa, Bobruyska necə gəlib çıxdın?

- 90-cı ilin əvvəllərində Azərbaycanda, eləcə də Gürcüstanda yaranmış vəziyyət yəqin, yadında olar. Hamı bir parça çörəyin dalınca düşmüşdü. Mən də, taleyin işidi, 1993-cü ildə gəlib Bobruyska çıxdım. Artıq 21 ildi ki, burda yaşayır, işləyirəm.

- Çörək bir yana, bura gələndə öz içində Sözü də gətirmişdinmi?

- Gətirmişdim. Gurultulu çıxmasın, Söz məndən ötrü Çörəyə bərabər bir nemətdi. Hətta, ən ağır məqamlarımda, çapına zərrə qədər də umudum olmadığı vaxtlarımda da yazdım. Düzdü, qürbət şeirlərimin sayı o qədər də çox deyil, amma, hər halda Sözlə bağım heç vaxt qırılmadı.

- Yəqin, qürbət şeirlərində yaşam ağrıların var...

- Şübhəsiz, poeziya ovqatın məhsuludu, qürbət ağrıları da şeirlərimdə açıq duyulur. Ötən il yazdığım “Bir qərib mahnıyam bu qürbət eldə” şeirimi oxuyanda bunu daha da dərindən duymaq olur. Artıq 63 yaşındayam. Düzdü, elə böyük maddi imkan sahibi olmasam da, ailəmin ehtiyaclarını ödəyirəm, yaşamağa evim var. Amma, elə bil, ayağım torpağa dəymir, doğulduğum yerin şəhdi-şəkərini duya bilmirəm.

- Məncə, şeirlərin havası da dəyişməyə bilməz...

- Deyəsən, Vaqif Səmədoğlunun belə bir şeiri var: “Mühit içindəyəm”. Qürbətin ən böyük ağrısı mühitsizlikdi. Qürbət əsasən dolanışıq qayğıları ilə məşğul olan adamların yığışdığı yerdi. Yəni, qürbətdə ruhunun ehtiyacını ödəməyə bir könül əhli tapmağa çətinlik çəkirsən. Uzun illər ancaq özüm yazıb, özüm oxumuşam, içim olub, bir də mən olmuşam. Həm də ancaq yaza bilməyəndə yazmışam. Bu da bir taledi, mənim ömrümə biçilib.

- Ailəndə yaradıcılığa yaxın olan varmı?

- Oğlum Xəyyam ticarətlə məşğuldu. Təkcə nəvəm Rasim yaradıcılığa yaxındı, gözəl rəsmlər çəkir. Amma o da peşəkar təhsil almaq istəmir.

- Yaşadığın şəhərə münasibətin necədi?

- Belorus sakit, stabil dövlətdi. Qədimdən əsasən yəhudilərin yaşadığı şəhəri olan Bobruysk isə son dərəcə sakit, qayda-qanunun hökm sürdüyü, yaşamaq üçün rahat yerdi. Amma bütün bunlar mənim qürbət ağrımı ovutmur. Şəhərdə 150-yəcən Azərbaycan türkü ailəsi yaşayır, diaspor cəmiyyətimiz var, bununla belə, ruhunla doğulduğun yerlərə bağlı olduğunu hər an duyursan.

- Qürbətdə yaşadığın müddətdə Azərbaycan ədəbi mühitilə əlaqələrin hansı vəziyyətdə olub?

- Düzünü deyim, o əlaqələr epizodik olub. Bu 20 il ərzində Bakıda cəmi bir-iki dəfə olmuşam. Onda da Eyvaz Əlləzoğlu, Adil Mirseyid, Rafiq Hümmət kimi qələm dostlarımla görüşmüşəm. Neçə illər əvvəl sənin yazdığın “Gecə zəngləri” yazısı məni silkələdi. Sonra Eyvaz Əlləzoğlunun və sənin ara-sıra göndərdiyiniz kitablar vasitəsilə ədəbiyyatımızla tanış oluram. Aradabir Nurafiz zəng vurur. Mənim zəifliyim ondadı ki, kompüterlə işləməyi bacarmıram, internetlə tanış deyiləm. Həm də mənə belə gəlir, Ədəbi Söz ancaq kağız üzərində yazıla bilər.

- İndi “Açın bu qapını” adlı şeirlər kitabın çapa hazırlanır. Hansı hissləri keçirirsən?

- Bildiyimə görə, gec doğulan övladlar daha şirin olurlar. Ümidvaram ki, bu yeganə bəlkə də yeganə kitabım sığındığım Sözə münasibətimi üzə çıxaracaq. Zəhmət çəkənlər sağ olsunlar, ən sanballı rəyi də oxuyanlar deyər.

Belorus, Bobruysk,

avqust 2014

Söhbətləşdi Nəriman Əbdülrəmanlı

ETÜD

Bu gecə sakitcə, səssizcə endi,

Endi ağacların qolları üstə.

Sonra da bir qara kəlağayı kimi

Düşdü çığırların, yolların üstə.

Bu gecə göy üzü çiçəklənməsə,

Bu qaranlıq gecə, bu səssiz yollar

Ulduz yağışında işıqlanmasa,

Bu qəmli yollardan keçməkmi olar?

Tutaq ki, mən sənin baxışlarının

Düşüb işığına getdim birtəhər.

Bəs necə çıxsınlar nəhəng qovaqlar

Bu qəmli gecədən nurlu səhərə?

İndi hara gedək, necə eyləyək,

Bu qədər işığı biz hardan alaq?

Gəl şirin yuxulu mələk qızları

Səsləyib yuxudan yollara salaq!

Məleykə qızları, ağ xanımları

Mavi köynəkdəcə bu gecə yarı,

Didib-dağıtsınlar qara gecəni

Qara çarşabları, kəlağayıları.

1974

BİR DƏ...

Bir də o günlərə enəm xəbərsiz,

Bir də o yerlərə düşəm birtəhər.

Bostanda bir gecə qoruqçu qalıb

Bir şirin yuxudan oyanam səhər.

Bir şirin yuxudan – kirpiyi şehli,

Mürgülü çöllərdə şellənə işıq.

Mürgülü çöllərdə, şehli çöllərdə

Bir Günəş tellənə ümidqarışıq.

Araba səsindən diksinə yollar,

Qızıl it hirsindən zəncir çeynəyə.

Əl-ayağa düşə qoruqçu Namaz

“Bu gecə yananca yatmışam!” deyə.

Yenə talvarların həndəvərində

Burula-burula tüstü ucala.

O bir atım çaya, qəndə, çörəyə

Yenə təmanasız əllər açıla.

Sonra da qovağın qolları altda

Sərə ağ süfrəni qoruqçu Namaz.

Şorba qoxusundan məst olaq yenə:

“Əşşi, bu şorbaya kabab da çatmaz”.

O yonca qoxulu, kalış qoxulu

Təmanasız günlər, qayğılı günlər.

Bir “yanıq Kərəmi” üstə köklənə

Beləcə, əriyə saatlar, anlar.

Bir payız havalı külək yellənə,

Yenə qübarlana bir kövrək qoca.

Hardansa, hardansa süzülüb bu an

Yuxala-yuxala mahnı dil aça:

“Dərildi bostanlar, boş qaldı tağlar”.

Bir də o günlərə enəm xəbərsiz,

Bir də o yerlərə düşəm birtəhər

Bostanda bir gecə qoruqçu qalıb

Bir şirin yuxudan oyanam səhər.

1976

BİR QATAR QIŞQIRIB KEÇDİ GECƏDƏN

Bir qatar qışqırıb keçdi gecədən,

Bir ümid havadan asılı qaldı.

Oğlunu görürdü nənəm yuxuda -

Bu səsdən diksinib yerə atıldı.

Yuxulu-yuxulu qolunu açıb,

Oğul deyə-deyə yolları aşıb,

O səsin səmtinə yüyürdü nənəm,

İllərdən içinə sıxılıb qalan,

Sıxılıb, sıxılıb, yığılıb qalan,

Bir dəli qışqırıq tutdu gecəni,

Aşdı döngələri, keçdi küçəni.

Bir dəli qışqırıq o gecəyarı

O gedən qatara çatmaq istədi.

O uzaq elləri, uzaq yolları,

Yolundan izindən etmək istədi.

Tutub yaxasından, qara gecəni

Doğramaq istədi, didmək istədi.

...Bir qatar qışqırıb keçmişdi çoxdan,

Yenə qərib-qərib sökülürdü dan.

Əlləri qoynunda, gözləri yolda,

Gümüşü saçları pərən-pərişan

Həsrət heykəlinə dönmüşdü nənəm.

1977

ADSIZ ŞEİR

Nələrdən, nələrdən bezmədim, Allah,

Nələr doydurmadı, yormadı məni.

Nələrə, nələrə dözmədim, Allah,

Nələr sındırmadı, qırmadı məni.

Zalım kürəyimi nişana alıb,

İllərdən bəridi fürsət axtarır.

Bu da bir oyundu, qismətim olub

Həm öznü yorur, həm məni yorur.

Ölüm deyilən şey o Haqdan gəlir,

Haqdan gələn şeyə kim boyun əyməz?!

Mərd arxadan vurmaz, uşaq da bilir,

Namərd gülləsindən ölməyə dəyməz!

Allah, yordu məni dedi-qodular,

Arvadağız oldu kişilər çoxu.

Hər yerdə, hər yanda tələ qurdular,

Hər yerdən, hər yandan kəsdilər arxı.

Allah, məmləkətəm, talanıb getdim,

Hanı mavi qazın, qara qızılın?

Çıxdım yaddaşlardan, gözlərdən itdim

Hanı sərvboyu gəlinlm-qızım?

Budumu qismətim, qismətə baxın,

Zalıma dərd olub mənim varlığım.

Onun varlığına hörmətim olub

Mənim varlığıma onun darlığı.

1980

AÇIN BU QAPINI

Dünyanın qapısı yoxdu, qardaşım,

Dünyada qapıları çoxdu, qardaşım.

Bir qapı var idi, atdım əlimi,

Çəkdim dəstəyini, girdim içəri

İçəri anam oldu,

Qaragöz sonam oldu,

İçəri içimdən oynatdı məni,

İçəri yeriyib içimə doldu.

Bir gün içəridən darıxdım, qardaş,

Eşikdə vurnuxan səsdən, yerişdən

Özümü itirib karıxdım, qardaş.

Eşikdə bir tabut – gözüm qarası,

Eşikdə bir ağrı - sinəm yarası,

Bir ölüm sarısı, sükut sarısı

Sarıldı ömrümə, düşdüm içəri.

Ömrümün yarısı – iyirmi səkkiz,

Ömrümün yarısı – iki dolu göz,

Bir tabut dalınca yüyürüb gedər.

Bu tabutun sonu qaya parçası,

Bu qaya parçası olub başdaşı,

Başdaşı dediyin içi göz yaşı -

Elə ki, üz tutdum, gözüm dolacaq.

Gözüm dola-dola doldum dünyada,

İçim dola-dola qaldım dünyada,

Saraldım dünyada soldum dünyada -

Göylə yer arası bir tabut gəzər.

Göylə yer arası qaldım içimdə,

Qaldım içəridə, açın qapını...

Açın bu qapını, çıxım eşiyə,

Açın bu tabutu, girim içinə.

Bu ölüm deyilən, bu son deyilən,

Bir dəli göynəyin düşün köçünə.

1980

ÖLÜM

Mən də var idim bir vaxt,

Dənizdə bir gəmiydim.

Dəniz uddu gəmini,

Eh, nə bilim kim idim?

Dəniz unutdu məni,

Məni unutdu səhər.

Səhər məni neyləyir,

Məni unutdu şəhər.

Şəhər məni neyləyir,

Şəhərlə dolu adam.

Ruhumu qovdu külək,

Daha hamıya yadam.

2001

AYRILIĞIN ƏLİNDƏ

Ayrılığın əlində

Çırpınmaqda ürəyim.

Yerə gəlməzdi bir vaxt,

Yerə gəldi kürəyim.

Dağdan-dərədən uzaq,

Mən bir çayam bu yerdə.

Qərib-qərib axıram,

Bu yabançı şəhərdə.

Əriyir məndə nə var,

Məndə nə var, tükənir.

Söykənməyə bir yer yox,

Dərdlər mənə söykənir.

Uzanır uzun gecə,

Sərxoş küləklər əsir,

Dağ hara, dərə hara,

Yollarımı qar kəsir.

Getməyə bir yerim yox,

Ayrılıq gecəsindən.

Qulaqlarım tutulur

Tənhalığın səsindən.

Ayrılığın əlində

Çırpınmaqda ürəyim.

Yerə gəlməzdi bir vaxt,

Yerə gəldi kürəyim.

2001

ADSIZ ŞEİR

Yorur məni boz küçələr, boz şəhər

Yaşayıram ölüm-zülüm, birtəhər.

Bə bircə gün üzünüzdə dərd-kədər

Deyərsizmi, hayıf sənə, ay Arif.

Arif Mustafazadə

Görəsən məni, Allah,

Kimin qarğışı tutdu,

Məni yadlar bir yana,

Doğmalarım unutdu.

Nə baxmağa pəncərə,

Nə çıxmağa qapı var.

Köhnə sinə daşıdı,

Qarşımda soyuq divar.

Divarlar arasında,

İnildəyən kamanam.

Gözü göylərdə qalan

Təsəllisiz gümanam.

Nə göylər yerə enir,

Nə göyə çatır ahım.

Çətin ki, tapılacaq,

Bu qürbətdə pənahım.

Yenə soyuq divarı,

Döyür payız yağışı,

Və divarın içindən,

Çıxır şeytan baxışı.

Bu baxışlar altında

Məndə mənim dağlanır.

Bütün açıq qapılar,

Günü-gündən bağlanır.

Görəsən, məni Allah,

Kimin qarğışı tutdu.

Məni yadlar bir yana,

Doğmalarım unutdu.

2012

# 2704 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #