Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam
2 oktyabr 2024
# 09:00

Bu gün bənzərsiz gürcü yazıçı və rejissor Qoderzi Çoxelinin (1954-2007) anadan olmasından 70 il ötür.

Kulis.az bu münasibətlə Nəriman Əbdülrəhmanlının "Qoderzi Çoxeli: Ruhun uçuşu" yazısını təqdim edir.

Xəbəri Azərbaycandan və Gürcüstandan uzaqda – Ankarada dostumuz, TRT-nin gürcü dilində verilişlər redaksiyasında çalışan Tofiq Mirzədən aldım. Təəccüblənib-eləmədim, əslində, bunu çoxdan gözləyirdim, çünki başına gələnlərdən sonra arın-arxayın yaşayacağına ümid bəsləmirdim, amma içimdə dözülməz ağrı duydum.

Bakıya qayıdandan sonra xəbərin təfərrüatını internetdə axtardım: “Tanınmış gürcü yazıçı Qoderzi Çoxeli uzun sürən xəstəlikdən sonra 2007-ci il noyabrın 16-da…” Sonra filmoqrafiyası, təltifləri… Vəssalam.

Bir müddət özümə gələ bilmədim, az qala, iki il əvvəl dünyasını dəyişən qələm dostumdan xəbər tuta bilməməyim özümə də ağır gəlirdi. Axtarmış, soraqlamış, amma kimsədən doğru-dürüst cavab ala bilməmişdim. Haqqında yeni nə yaza bilərdim? Əlacı vaxtilə “Rezonans” qəzetində dərc elətdiyim, sonra işləyib “Küknarlara məktub” kitabına ön söz kimi verdiyim yazını sözardıyla oxuculara çatdırmaqda gördüm.

...“Tanışlığımız” xeyli əvvəl olmuşdu. “Tanışlıq” deyəndə ki, onun hələ mənim varlığımdan xəbəri yoxudu. 1983-cü ildə əlimə “Molodaya qvardiya” nəşriyyatında rusca çap olunmuş “Küknarlara məktub” adlı hekayələr toplusu keçmişdi. Elə-belə, təzə nəsə tapmaq həvəsiylə vərəqləmişdim və ... o vaxtacan tanımadığım bənzərsiz söz adamlarından birini kəşf eləmişdim.

Sonra qələm dostum Tofiq Mirzəylə gürcü dilində nəşr olunmuş “Toran rəngli vadi”, “Qartalla uçuş”, “Canavar” kitablarını tapdıq. Əsərlərindəki mikroaləm, doğulduğu Qudamağari vadisinin sadəlövh-müdrik adamları, İnsan və Təbiətin vəhdəti bizi o qədər aludə elədi ki, onları Azərbaycan oxucusuna tanıtmaqdan özümüzü saxlaya bilmədik. Beləcə, irili-xırdalı 20-dən çox əsərini dilimizə çevirdik, ekran yaradıcılığını izlədik, uğurlarına sevindik...

1. 1986-cı ilin ayaqüstü söhbəti

...1986-cı ildə özüylə görüşəndə də “əsl yazıçı”dan çox yazıçı-rejissora qətiyyən oxşamayan, cılız vücudlu, qaradinməz, üz-gözündən tənhalıq əzabı tökülən bir adama ürcah olduq. İçində yaşadığı dünyanın dərdi-azarı, zövqü-səfası, irili-xırdalı qayğıları onun böyür-başından ötüb-keçirdi, Qoderzi Çoxelisə özünü büsbütün Qudamağari vadisiylə, uşaqlıq-yeniyetməlik çağlarıyla bağlı yaşantıların ixtiyarına vermişdi: gəzirdi, yaşayırdı, işləyirdi, amma bunları candərdi, dadını-tamını duymadan, hissiz-duyğusuz mexanizm kimi yerinə yetirirdi. Yazı masasının arxasına keçəndə, çəkiliş meydançasına çıxandasa tamam başqalaşır, bu dünyada, olsa-olsa, ruh kimi yaşadığını isbat eləyirdi...

Nədənsə çevirməyə “Küknarlara məktub” hekayəsindən başlamışdıq. Sonra bildik ki, həmin hekayə artıq nəinki gürcü, hətta bütövlükdə çağdaş sovet nəsrinin klassik əsərləri sırasına daxil edilib. Bu da təsadüfüydümü, nəydi, hekayənin ilk naşiri şair Vaqif Bayatlı Odər oldu. Onda redaktoru olduğu “Xəzər” dərgisinin ilk nömrəsini hazırlayırdı. Qoderziylə söhbətimi və hekayəni elə sahildəki çayxanadaca oxudu, üçcə kəlmə söz dedi: “Bu kimdisə, fenomendi!”

O, “Fenomen kimsə”nin əsərlərində təsvir elədiyi Qudamağari vadisinin Çoxi kəndində doğulduğunu, Şota Rustaveli adına Tbilisi Dövlət Teatr İnstitutunun kinorejissorluq fakültəsini, məşhur sənətçi Lana Qoqoberidzenin emalatxanasını bitirdiyini, iki kitabın müəllifi, bir neçə qısametrajlı bədii filmin rejissoru olduğunu oxuculara çatdırmağı da lazım bildi.

***

...Qoderzi Çoxeli biləndə ki, hekayələrini dilimizə çeviririk, uşaq kimi sevindi, uzun müddət təşəkkür eləməkdən ötrü söz də tapmadı. Söhbətimizin elə başlanğıcındaca hiss eləmədən bir-birimizə “sən” dedik:

- Qoderzi, necə oldu ki, yazmağa başladın?

Üz-gözündə təəccüb ifadəsi dolaşır, başını bulayıb, astadan gülür:

- Sən, qardaş, görünür, Qudamağari vadisində, bizim tərəflərdə olmamısan, yoxsa bu sualı verməzdin. Sözün düzü, nə vaxt yazmağa başladığımı, məni yazı-pozuya sarı nə dartdığını indi düz-əməlli xatırlamıram. Uşaqlıqdan kəndimizdə, gözümün qabağında elə əhvalatlar baş verirdi ki, gördüm, kağıza köçürməsəm olmaz. Əvvəllər yazdığım mənasız görünürdü, öz-özümdən utanır, əlyazmalarımı ağlagəlməz yerlərdə gizlədirdim. Sonra baxdım ki, o əhvalatlar, hadisələr məni gecə-gündüz rahat buraxmır, yazmasam, boğazımdan çörək-su keçmir.

- İlk hekayən çap olunanda ağlına gələn ilk fikir nə oldu?

- Jurnalı əlimə götürəndə ürəyim qəfəsə salınmış quş kimi çırpınırdı. Fikirləşməyə halımmı qalmışdı?! Yəqin, həyəcanım soyuyanda düşündüm ki, vəssalam, daha geriyə yol yoxdu, yazmalıyam, həm də yaxşı yazmalıyam. Axı yazıçılığın yolu gedər-gəlməz yoldu, bilmirsən, taleyin necə olacaq, oxucu səni qəbul eləyəcək, ya yox.

- Bəs, ilk kitabın – “Küknarlara məktub” hekayələr topsulu “Nakaduli” nəşriyyatında çap olunanda hansı hissləri keçirdin?

- Yorğunluq hissi. Onda cəmi 26 yaşım vardı, institutu yenicə bitirmişdim. Uzaq yola çıxmaq üçün əvvəlcə oturub nəfəsini dərməli, gücünü toplamalısan. Məndə də uzaq səfərə çıxan yolçu qayğısı vardı. Bir də narahatlıq hissi keçirirdim: görəsən, oxucu bu yazıları səmimiyyətlə qəbul eləyəcək, ya yox?

- Sənin hekayələrinin qəhrəmanları qeyri-adi adamlardı, oxucunun alışdığı obrazlara heç oxşamırlar: birinin çiynində küknar bitir, o biri marala, digəri balığa çevrilir, dördüncüsü qartalın caynağında uçur...

- Yəqin, sən də çoxları kimi burda mifoloji köklərdən söhbət açacaqsan. Nə bilim, bəlkə də bu, adamları o cür görmək arzumdan irəli gəlib. Amma məndə bir inam var ki, insanla təbiət ayrılmazdı, insan özünə təlqin eləsə, marala da, balığa da, hətta küknara da çevrilə bilər. İnsanı insan, balığı balıq eləyən ruhdu.

-Fikrimi davam elətdirim: sənin qəhrəmanlarının əksəriyyəti qəribə adamlardı, hətta adicə dəli təsiri bağışlayanı da var: biri “Vətən dardadı” qışqırır, qoşun toplayıb, Tbilisiyə hücum eləmək istəyir...

- Elə bayaq onu dedim, Qudamağari vadisinin adamlarını tanımırsan, onların öz aləmləri, düşüncə tərzləri, qayğıları var. Elə hesab eləmə ki, çoxunu özümdən toqquşdurmuşam. Yox, olan şeyləri bəzəksiz-düzəksiz yazdığımın üstündə başım çox bəlalar çəkib.

- Yaradıcılıq ruhuyla sənə ən yaxın olan yazıçı kimdi?

Diqqətlə üzümə baxır, sualımın məqsədini başa düşürmüş kimi gülür:

- Yəqin, bu sualı yazı-pozuma kimin təsir elədiyini bilmək məqsədiylə verirsən. Yox, qardaş, mən özümü, öz içimi yazıram. Amma Vaja Pşavelanı çox sevirəm, böyük yazıçıdı, mənim üçün sənətdə əlçatmazlıqdı.

- Hekayələrinin dili kino dilinə çox yaxındı. Bu da, yəqin, rejissorluğundan irəli gəlir. Onları yazanda qarşına məqsəd qoyursan ki, ekranlaşdıracaqsan?

- Dəqiq deyə bilmərəm. Bir onu bilirəm ki, başqa cür yazmağı bacarmıram. Bu da, yəqin, ondan irəli gəlir ki, mənimçün obrazlı deyim yox, fikir, yığcamlıq əsasdı. Bəlkə də bu, refissorluq sənətindən doğan tələbatdı. Həm də yazanda hadisələri, obrazları təsəvvür eləmirəm, görürəm.

- Qısametrajlı filmlərin başqa söhbətin mövzusudu. Ötən il də “Gəlin arxasınca böyük yürüş” tammetrajlı bədii filmin ekranlara çıxdı. Nə çəkibsən, hamısı kino tənqidində böyük mübahisələrə səbəb olub. Bu mübahisələrə münasibətin necədi?

- Məndən ötrü öz kinogörümümü lentə almaq başlıca məqsəddi. Çəkdiyim mübahisələrə səbəb olursa, deməli, nəsə eləmişəm.

- Moskvada, Berlində, Tbilisidə 7 kitabın çap olunub. Tərcüməyə münasibətin necədi?

- Yazanların çoxu kimi, başqa yerlərdə, başqa dillərdə də oxucularımın olacağı fikri məni sevindirir. Sənə qəribə gəlməsin, tərcümənin səviyyəsindən də qorxum yoxdu. Çünki, yazdıqlarım başqa dilə asanlıqla çevrilir. Tərcümə bilirsən, nəyə oxşayır? Özgə uşağına. Xoşun gəlir, amma sevə bilmirsən, çünki səninlə ünsiyyət bağlamır.

- Qoderzi, gürcü nəsrində özünü tənha hiss eləmirsən ki? Axı bu nəsrə obrazlı deyim tərzi xarakterikdi.

- Hamıya oxşamaqdansa, tənha olmaq daha yaxşıdı. Düz deyil?

- Düzdü. Bəs, tənqidə münasibətin necədi?

- Hərənin öz işi var, mənim peşəm yazmaq, lentə almaq, tənqidinki də saf-çürük eləməkdi. Tərifləyirlər, tənqid də eləyirlər. Ancaq nahaq hücumlar olanda kədərlənirəm.

- Azərbaycan ədəbiyyatına nə dərəcədə bələdsən?

Susub çiyinlərini çəkir. Sonra deyir:

- Klassiklərə az-çox bələdəm. Müasir nəsrinizdən ancaq İsi Məlikzadənin bir hekayəsini oxumuşam. “Lideraduruli Sakartvelo” qəzetində rast gəlmişdim.

- Təzə nə yazırsan?

- Üzə çıxaranacan deyə bilmərəm. Bəlkə, bir şey alınmadı. Hələ yeni film çəkirəm.

Daha sual vermək istəmirəm. Bunu duyur, vidalaşanda dillənir.

- İşdi, hekayəm çap olunsa, jurnaldan mənə də çatdır. Hər halda, başqa dildə çap olunmaq adama ləzzət eləyir.

2. Festival havası, içki dumanı

...Hekayə də, söhbət də “Xəzər” toplusunun 1990-cı il 2-ci sayında çap olundu və... az qala, ilin ədəbi hadisəsi kimi qarşılandı. Oxucular bu vaxtacan tanımadıqları yazıçını ilk təmasdanca sevdilər, başqa əsərlərini intizarla gözlədilər.

O vaxtdan bəri Qoderzi Çoxelinin “Yoxuş”, “Balığın məktubları”, “İnsan niyə ağlayır?”, “Qəribə əhvalat”, “Sağ qol”, “Yabanı gül dəstəsi”, “Salome"” və başqa hekayələri qəzet-jurnallarda, ədəbi-bədii toplularda işıq üzü gördü, Qoderzininsə, bütün bunlardan xəbəri yoxudu - yazırdı, çəkirdi, çap olunurdu, festivallara gedirdi...

Axır illər yolum Tbilisiyə düşəndə onu soraqlayırdım, amma “yaxasını ələ vermirdi”, ustad sənətçi Revaz Çxeidze demişdi ki, İranda film çəkir, kinooperator dostum Qiya Kusraşvili iki lent tamamladığını danışmışdı, Odessada – “Zolotoy Dyuk” kinolfestivalında “Qran-Pri” aldığından mətbuat vasitəsiylə xəbər tutmuşdum. Sonralar axırıncı filmi “Lukanın İncili” də beynəlxalq kinofestivalda mükafata layiq görüldü...

1997-ci ildə keçirilən IX “Şərq-Qərb” festivalı”nın proqramına “Cənnət quşları” filminin salınmasından, özünün də Bakıya qonaq gələcəyindən xəbər tutanda axır ki, əməlli-başlı söhbət eləyəcəyimə, yaradıcılıq əlaqələrimizin perspektivlərini çözəcəyimizə ümidliydim. Bu görüşə, az qala, yarım ay qabaq hazırlaşmağa başlasam da, xeyli gecikmişdim: Qoderzi hələ Tbilisidəykən, özü demiş, “atın cilovunu buraxmış”, ilk addımdanca “dumana düşmüşdü”. Festival sahiblərinin qonaqpərvərliyi, süfrənin bolluğu bu “dumanı” daha da qatılaşdırmışdı: həmin “qatı duman” içində uzun müddət məni tanımaması, harda olduğunu belə anışdıra bilməməsi təbiiydi...

3. Dəniz havası, bir də pivə ayazı...

O, yatıb-ayılanacan “Azərbaycan” otelinin hollunda oturub gözləməli oluram. Qonşuları - tanınmış sənətçilər Oleq Yankovski, Lyudmila Fedoseyeva-Şukşina, görkəmli rejissor, köhnə tanınmış Xocaqulu Nərliyev festival proqramında iştirak eləmək üçün tələsirlər, Qoderzisə yatır.

...Ayılanda məni tanımır, gözlərini üzümə dikib, uzun müddət maddım-maddım baxır, alnını ovuşdurub olub-keçənləri xatırlamağa çalışır, sonra günahkar-günahkar gülümsünür:

- Bağışla, qardaş, dumana düşmüşəm, hər şey duman içindədi.

Qalxıb bir balaca özünə gəlmək, “dumanı” dağıtmaq üçün başını suyun altına tutur, elə bil, canına gənə kimi yapışmış ağırlıqdan, dolaşıq fikirlərdən, sonsuz qüssədən xilas olmağa can atır. Ruhunda baş verən sarsıntılar üz-gözündən aydın göründüyündən, halını yüngülləşdirməyə cəhd eləyirəm:

- Qoderzi, dəniz qırağına, təmiz havaya çıxaq, köməyi dəyər.

Gürcücə bildiyimi unudub pozuq rus dilində nəyisə başa salmağa çalışır, bundan bir şey çıxmayanda hirslə əlini yelləyir:

- Eh, unutmuşam, hər şeyi unutmuşam!..

- Sakit ol, - onun çiyinlərini qucaqlayıb silkələyirəm, - yaxşısı budu, gürcücə danış.

Bir müddət sözsüz-sovsuz üzümə baxıb, qəfildən boynumu qucaqlayır:

- Çox sağ ol, qardaş! Səni mənə Allah yetirib. Bilsən, necə darıxırdım? Kədərdən ürəyim parçalanırdı!

...Oteldən çıxanda qəfildən ayaq saxlayıb geri dönür, get-gedə ağaran rəngindən, gözlərinin yaşla dolmasından, dodaqlarının titrəməsindən tüküm biz-biz olur:

- Pencəyimi itirdim, - ağlar səslə deyir, - dostum bağışlamışdı, onun da adı Qoderzidi. Çempion pencəyiydi, yaxasında da nişanı vardı. Keçən il xaricdən gətirmişdi, özü geyinmədi, mənə verdi, mən də... itirdim... - səsi qırılır.

- İtməz, narahat olma, - əlimdən ürək-dirək verməkdən özgə bir şey gəlmir, - yəqin, otaqdadı.

Başını aşağı salıb, dinməz-söyləməz gedir, küçəni keçib, dənizin qırağına çatanda, utana-utana üzümə baxır:

- Bir az pivə olsa, düzələrəm. Amma... bütün pulumu dünən hardasa itirmişəm. - Xəcalətdən qızarır.

Qabağa düşüb balaca köşkdən pivə alıram, yaxınlıqdakı ağacların kölgəsində otururuq. Qoderzi bankanı yarılayandan sonra gözgörəti yüngülləşir, rəngi də, baxışlarının ifadəsi də durulur:

- Deyəsən, dumandan çıxıram, - deyir, nədənsə başını bulayır. - Qardaşımsan, Qoderzini bağışla.

4. “Yazıb-boşalmasam, çətin bu durumdan çıxa bilim...”

- Festival filmlərinə baxmırsan? - Söhbətə körpü salmaqdan ötrü soruşuram.

- Baxılası nə var ki? - Əlini yelləyir. - Pavel Çuxrayın da, Vadim Abdraşitovun da filmlərini görmüşəm. Bu qədər qəddarlığı, nifrəti, çarpışmanı ekrana gətirmək lazımdı? Tolomuş Okeyevin “Vəhşi”si yaxşı olsa da... 25 il qabaq çəkilib axı!

Söhbəti dəyişmək məqsədilə qəzetlərdə çap elətdirdiyim hekayələrini göstərirəm, uzun-uzadı baxır, sonra barmağını öz şəklinin üstünə qoyur:

- Çoxeli Qoderzidi! - Səsində açıq-aşkar qürur duyulur. - Bilməzdim ki, Azərbaycanda məni bu qədər oxuyan, tanıyan var. Günahımdan keç! Qələm adamına bundan artıq nə lazımdı ki?! İlahi, özün kömək ol!

İyirmidən çox hekayəsini çevirdiyimizi, indi kitabını çap etdirmək barədə fikirləşdiyimizi danışıram. Yerində qurcuxur:

- “Balığın məktubları”nı da çevirmisiniz? - heyrətlə soruşur. - Bilirsən ki, ordakı o balıq olmaq istəyən Luka özüməm? “Yaddaş çayı” xoşuna gəldi? Ən yaxşı hekayələrimdən biridi. “Qartalla uçuş” çox gözəldi, yox? Qartal “əsir götürdüyü” adamı yedirtməkdən ötrü öz yumurtalarını sındırır. Mən də elə o qartalın günündəyəm. - Dözə bilməyib ayağa qalxır, pivə bankasını yuxarı qaldırır. - Adətən, pivəylə yaxşı adamların sağlığına içmirlər, amma nədənsə bizim Çoxidə tərsinədi. Gəl çiyinlərində küknar ağacı bitən insanların sağlığına içək!

Məqamı əldən verməmək ümidiylə sualı-suala calayıram:

- Qoderzi, rusca variantına baxdığım “Gəlin arxasınca böyük yürüş” filmindən sonra çəkdiyin lentləri görməmişəm. Son on ildə hansı filmləri çəkmisən?

- Bundan sarsaq ad ağlına gəlməsin, - ikrahla üz-gözünü qırışdırır, - “Gəlin arxasınca böyük yürüş”, yox... Lap ucuz komediyaların adına oxşayır. Filmin adı orijinalda “Adamianta sevda”dı...

- Yəni, “İnsanların sevdası”. Elə biz də belə çevirmişik. Sualıma cavab vermədin...

- Hə, bağışla. Televiziyada bir neçə qısametrajlı film çəkdim, sonra “Cənnət quşları”na başladım. Bir ara İranda da işlədim, nəsə, çəkdiyimin adı yadımda qalmayıb. Bu yaxınlardasa “Lukanın İncili” filmini tamamlamışam, premyerası Moskvada olacaq.

- Çox qəribədi, - təəccübümü gizlədə bilmirəm, - vəsait çatışmazlığı üzündən Revaz Çxeidze, Eldar Şengelaya, Georgi Şengelaya kimi adlı-sanlı sənətçilər, az qala, on ildi film üzü görmürlər, Qoderzi Çoxelisə bir-birinin ardınca çəkir.

- Doğrudan da, möcüzədi, - təsdiqləyir, - pul üçün özümü oda-közə vurmuram. Elə bil, Allah göydən tökür. Badono Rezo böyük insandı, əvəzsiz ağsaqqaldı, həmişə cavanlara yol verib. Tengiz Abuladze rəhmətə gedənə yaxın vəsiyyət eləmişdi ki, Qoderziyə dəyməyin, imkan verin, çəksin. Eldarsa, dostumdu, çox istədiyim adamdı. “Lukanın İncili”ndə böyük oğlumu çəkmişəm. Onun da adı Lukadı. Əvvəlcə çəkilməyə qorxurdu. Dedim, Luka, sən Çoxeli Qoderzinin oğlusan, oynamalısan, həm də yaxşı oynamalısan. Görərsən, bu film böyük səs-küyə səbəb olacaq.

- Planında daha nə var?

- Bir-iki aydan sonra yeni filmə başlamalıyam. Hələlik adı “Zəncirlənmiş cəngavərlər”di...

- Yeni nə yazıb-pozursan?

- “Canavar” və “İnsanların sevdası” romanlarım çap olunub. İndi içimdə bütöv bir roman hazırdı, kağıza köçürməyə nə macalım, nə də müvazinətim var. Ona görə ölümqabağı hal keçirirəm. Elə ən yaxşı əsərlərimi də belə situasiyalarda yaradıram. Bircə həftə gözdən-könüldən uzaq yerdə tək-tənha qalmaqdan ötrü hər şeydən keçərəm. Qısası, yazıb-boşalmasam, çətin ki, bu durumdan çıxa bilim...

5. “Heç bilmirəm Bakıya niyə gəldim...”

...Yenə kədərlənir, büzüşüb, yumağa dönür, qəfildən ayağa qalxır:

- Gedək, deyəsən, yenə halım yaxşı deyil.

- Çoxdan bu vəziyyətdəsən? - Bu sualı ehtiyatla verirəm.

- Xeyli vaxtdı. - Az qala, ağlar səslə deyir. - Kəndə getdim, gördüm, atam yaman qocalıb. Ona hələ düz-əməlli bir köməyim dəyməyib. Kənd adamıdı, mənim yazı-pozum, kinom, şöhrətim-filanım onu zərrə qədər də maraqlandırmır. Şəhərə qayıtdım, dinclik tapa bilmədim. Bakıya dəvət alanda sevindim ki, bir balaca özümdən uzaqlaşaram. Nino duymuşdu ki, müvazinətimi saxlaya bilməyəcəyəm. Yalvardı ki, getmə. Sözünə baxmadım, hələ xətrinə də dəydim. Mənim Ninom çox gözəl qadındı, amma ona çox əzab vermişəm. Lukadan kiçik bir oğlum da var, adı Nikodu. Beşinci sinifdə oxuyur, özü də futbolçu olmaq istəyir, köpəyoğlu! - Bura çatanda səsi bir qədər yumşalır.

- Sənə sakitləşmək lazımdı, - ürək-dirək verirəm, - görərsən, hər şey yaxşı olacaq. Sabah Ninoya zəng vurarsan, qurtarıb gedər.

Deyəsən, həqiqətən, hər şeyin yaxşı olacağına, çətinliklə də olsa, özünü inandırmağa çalışır, kirimişcə otelə sarı addımlayır. Otağa girəndə asılqandakı pencəyini göstərirəm. Ən qiymətli itiyini tapmış adam kimi, cəld qapıb əyninə keçirir, sevincindən uçuna-uçuna otaqda gəzişir:

- Görürsən, tapıldı! İlahi, yaxşı ki, itirməmişəm! Çox sağ ol, qardaş! - Qürurla yaxasındakı üzərinə “Sofiya-95” yazılmış döş nişanını göstərir. - Bir bura bax!

...O axşam Qoderzinin canını sıxıntıdan qurtarmaq, başını qatmaq üçün onun şəhərin o başına, kinooperator dostum Nizami Abbasın evinə aparıram. Gözləmədiyi səmimi məclis, qonaqpərvərlik və hörmət qırışığını açır, əsərlərinin qəhrəmanları sayaq ara vermədən ailənin, ocağın, insanlığın sağlığına badə qaldırır. Qayıdanda da yolboyu festivalın filmlər proqramının kasadlığından, “konyunktur filmlər”in ayaq tutub yeriməsindən danışır. Ayrılandasa qəfildən kimsəsizləşir, acizləşmiş adam görkəmində Federiko Fellinin “Amarkord” filminin qəhrəmanının məşhur kəlamını dilinə gətirir.

6. Pyer Rişarın gəlişi və Qoderzi Çoxelinin gedişi

Sonrakı günlər festival öz axarıyla gedirdi, qonaqlar gəzir, çıxış eləyir, müsahibə verir, vaxtdan “səmərəli” istifadə eləyirdilər. “Ulduz” ovuna çıxmış jurnalistləri də, tamaşaçıları da Qoderzi Çoxelinin Bakıda olması qətiyyən maraqlandırmırdı: onların böyük bir qismi Pyer Rişarın məmləkətimizə gəlişini səbirsizliklə gözləyirdi. Üstəlik, “Oskar” mükafatçıları Nikita Mixalkov və Reje Varnyenin gəlişi də hədsiz marağa səbəb olmuşdu. Festivalın sədası çıxandan əksəriyyət bu havayla yaşayırdı.

Qoderzi Çoxelisə nə ulduzuydu, nə də “Oskar” mükafatçısı. Onun harda olmasıyla maraqlanan beş-üç nəfər vardı, onlar da “duman”ın ağrı-acısını dadmış dost-tanışlarıydı.

Festivalın beşinci günü “Cənnət quşları” filmi göstərilməliydi. Taleyin istehzasıydımı, nəydisə, Pyer Rişar, Nikita Mikalkov və Reje Varnyenin təşrifi məhz həmin günə təsadüf eləmişdi, tədbirin sahibləri də millətə onları göstərməyi daha önəmli saymışdılar. Bundan xəbərsiz “Nizami” kino-teatrına üz tutanda ayrı aləmlə rastlaşdım: camaat çalır, oynayır, böyük intizarla ali qonaqların gəlişini gözləyirdilər.

Hətta “təbii fəlakət” belə (şadyanalığın zərbindən divarın bir parça suvağı qopub, yazıq kamançaçı qızın başına düşmüşdü, onu təcili xəstəxanaya aparmalı olmuşdular) bu bayrama xələl gətirmək gücündə deyildi. Bir müddət keçmişdi ki, yığışanlar “Gəldilər! Gəldilər!” - deyib vəcdlə qışqırdılar, hamı bir himə bəndmiş kimi, irəli cumdu.

Aralanıb üzüaşağı, “Azərbaycan” otelinə sarı yollandım. İçimdəki rahatsızlıq anbaan artırdı, intuitiv olaraq nəsə xoşagəlməz bir şeylə üzləşəcəyimi duyurdum. Bu təlatümlü halla da on ikinci qata qalxdım, növbətçidən Çoxelinin otaqda olub-olmadığını soruşdum.

- Onu dünən axşam aparıb yola saldılar, - növbətçi, deyəsən, bu sözləri gülə-gülə dedi.

- Necə yəni, “aparıb yola saldılar?” - Onun dediyi mənə çatmadı.

- Belə də, aparıb, əyləşdirdilər qatara, yola saldılar Tbilisiyə. - Qadın indi tamam anlaşıqlı danışırdı.

- Bəlkə, sizə bir söz demiş ola? - Əməlli-başlı kədərlənmişdim.

- Vidalaşanda, dedi ki, mən Çoxeli Qoderziyəm, qardaşım soruşsa, deyərsiniz ki, bağışlasın məni. Sonra nəsə izah eləməyə çalışdı, başa düşmədim...

7. Alqışlar, ruh kimi yaşayan adam...

...Sonrakı gün Qoderzi Çoxelinin “Cənnət quşları” filminin təqdimi də festival ovqatından tamam uzağıydı. Bir neçə ümumi kəlmədən sonra rejissorun “müəyyən səbəblərə görə” salonda olmadığını dedilər. Vəssalam!

Salonsa tamaşaçılarla doluydu. Qısametrajlı film bir neçə dəfə onları alqışlamaq zorunda qoydu. Qoderzinin görümündə Qudamağari vadisinin adamları hamının xoşuna gəlmişdi. Heyf, o, bu alqışları eşitmədi. Həmin anlarda, yəqin, Tbilisidə də darıxa-darıxa ruh kimi yaşamağında davam eləyirdi...

...2003-cü ilin nə vaxtıydısa, Ankarada, TRT-nin gürcü dilində verilişlər bölümündə çalışan Tofiq Mirzə zəng elədi, internetdə Qoderzi Çoxelinin intihara cəhd göstərdiyi barədə məlumata rast gəldiyini deyəndə eşitdiyimə təəccüblənmədim, dərin ağrı hissi keçirdim. Elə həmin ruhi durumunda. Şərqi Gürcüstanda, Duşetidəki monastrların birində guşənişin həyat keçirən, axırda mənəvi sarsıntılara dözməyib, özünə əl qaldıran Qoderzini təsadüf nəticəsində xilas eləmiş, xəstəxanaya çatdırmışdılar. İnformasiya agentlikləri yazıçı, ssenariçi, rejissor Qoderzi Çoxelinin… intihar cəhdi barədə məlumat yaydılar. Onda ha çalışdım, hansı xəstəxanada olduğunu müəyyənləşdirə bilmədim.

...Yəqin, Tofiq Mirzəylə çevirdiyimiz, həmin vaxtlar çap olunan “Küknarlara məkrub” kitabı nə vaxtsa müəllifin özünə də yetişəcək, hələ də xatırlandığına, əsərlərinin xəbəri olmadan çap edildiyinə uşaqsayaq heyrətlənəcək, sonra da bu gen dünyada darıxa-darıxa yaşamağına davam eləyəcəkdi...

Onda soruşmaq istəyirdim, indi hardasan, Qoderzi? Dumandan çıxdınmı, ruh kimi yaşayan Adam? Təzə nə var, nə yox?

***

…Sonra, deyəsən, dumandan bir balaca çıxmışdı: adına Gürcüstan Yaşıllar Partiyasının sıralarında rast gələndə əməlli-başlı heyrətləndim - həmin partiyadan parlamentə namizədlərin siyahısından ön sıralardaydı. Qoderzi Çoxelinin siyasətdə nə işi vardı? Deputat seçilsəydi, parlamentdə özünü necə aparacaqdı, nədən danışacaqdı? Görünür, o partiyaya Qoderzinin sənətçi adı-sanı lazım idi, bəs Qoderzi niyə razılaşmışdı, bunu deyə bilmərəm. Amma bəxtindən “məxməri inqilab” baş verdi, hər şey baş-ayaq oldu. O vaxtdan yenə sorağını ala bilmədik, izini itirdik. Amma Tofiq Mirzə bir qədər sonra Ankaradan ortaq tanışları vasitəsilə “Küknarlara məktub” kitabını, bir qədər də maddi yardım göndərmişdi – bunu çox-çox sonralar bildim…

Görünür, ruhunu qaplamış duman o qədər qayıtmışdı ki, müvazinətini düzəltmək iqtidarında olmamışdı. Yaza bilmədiyi əsərlərin, çəkə bilmədiyi filmlərin ağırlığını içində uzun müddət daşıya bilməzdi… Ölümünü kiçicik bir xəbərlə bildirmişdilər. O xəbər olmasaydı, ölümündən heç Tofiq Mirzə də xəbər tutmaz, az qala, iki ildən sonra mən də bilməzdim…

Qoderzi Çoxeli ruhdan çox yazırdı. Günlərin birində özü də ruh kimi uçub getdi…

Yazdıqları, bir də çəkdikləri qaldı…

Ba­kı, 1998-2024

# 2004 dəfə oxunub

Müəllifin son yazıları

# # #