"Söz verirəm ki, onun məzarının üstünə bir ovuc torpaq səpəcəm" - Xalq artistinin ölüm səbəbi nə idi?

"Söz verirəm ki, onun məzarının üstünə bir ovuc torpaq  səpəcəm" - Xalq artistinin ölüm səbəbi nə idi?
26 yanvar 2024
# 12:00

Bu gün Xalq artisti İslam Rzayevin anım günüdür.
Kulis.az bu münasibətlə Nadir Yalçının "Sənətkar" adlı yazısını təqdim edir.


Bəxt insan həyatında mühüm rol oynayır. Elə insanlar var, bacarığı, istedadı az olsa da, parlaya bilir və ya elə insanlar olur ki, böyük istedad sahibi olsalar da, bəxtləri üzlərinə gülmür.

Elə şəxsiyyətlər də var ki, istedadı, zəhməti və hünəri, əsrarəngiz istedadı ilə öz gələcək taleyini özləri yazır və öz istiqamətini müəyyənləşdirə bilir. Ancaq həm də bəxtləri onlara yar olur, tale üzünə gülür. Bax, belə istedad fitri istedaddır və cəmiyyətdə bu fitri istedada sahib olan insanların sayı çox olmur. Onun səsi sanki Tanrının Azərbaycan xalqına bir hədiyyəsi idi. Şadyanalıq da, vətənpərvərlik də, sevgi də, kədər də bu səsdə olduğu kimi ifadə oluna bilirdi. Səslə sözün mükəmməl vəhdəti deyəndə İslam Rzayevin bulaq kimi çağlayan səsi yada düşür. İslam Rzayevin ifası büllur kimi axan şərbətdir, hər zənguləsindən, hər avazından sanki bal damır. Sənətdə hər cəhətdən bütövləşmiş, püxtələşmiş sənətkar obrazı yaratmaq hər məşhur xanəndəyə qismət olmayıb. İslam Rzayev bu cəhətdən hamıdan fərqlənirdi. Sənətkara şöhrət qazandıran əsas məqam isə, özünəməxsus ifa tərzi idi. Sənət aləmində bəxtəvər olan İslam Rzayevi sonralar dərindən sarsıdan Füzuli ağrısı onun xəstəliyinə də, ölümünə səbəb oldu.

Azərbaycanın böyük sənətkarı, möhtəşəm səs sahibi, unudulmaz xanəndə, pedaqoq, Xalq artisti İslam Rzayevi hər zaman hörmətlə anırıq və belə də olmalıdır.

İslam Rzayevin atası II Dünya müharibəsindən qayıtmamışdı, həlak olduğu bildirilmişdi. Ancaq o, həmişə xarici səfərlər zamanı atasının sorağında olub, Moskvada qastrol səfərlərində dövlət orqanlarına müraciət edib ki, bəlkə, sağdır? Təsəvvür edin ki, üzünü görmədiyi atasının uzun illər xiffətini çəkən belə həssas insanı doğulub boya-başa çatdığı yurdun həsrəti nə hala salıb. Özünün də oxuduğu kimi: "Uzalı qalıbdır əl səndən ötrü, dönübdür qürbətə yüz ilim mənim..." Kaş yurdunun müjdəsini özü eşidə biləydi...

***

Rzayev İslam Tapdıq oğlu 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olub. Kiçik yaşlarından istedadı üzə çıxan balaca İslam Əbülfət Əliyevin ifasında "Tel nazik" mahnısını çox sevirmiş. Bibisi Nisə xanım İslamın istedadından xəbərdar olandan sonra onu hər yay Qoçəhmədli kəndinə istirahətə gələn, dövrünün məşhur xanəndəsi Seyid Şuşinskinin yanına aparır. İslam Rzayev həmin "Tel nazik" mahnısından bir ağız oxuyan kimi Seyid deyir ki, bu uşaq mütləq Bakıya gəlməlidir. Elə həmin ilin payızı Bakıya yollanan İslam Rzayev 1951-1956-cı illərdə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil almış, Seyid Şuşinski, Həqiqət Rzayeva, Zülfi Adıgözəlovdan muğamın sirlərini öyrənmişdi. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən İslam Rzayev lap gənc vaxtlarından etibarən öz üzərində işlədi, məhsuldar fəaliyyət göstərərək xalqın sevimlisinə çevrildi.

İslam Rzayevi digər sənətkarlardan fərqləndirən ən ümdə xüsusiyyət o idi ki, o, həm xalq mahnılarını, həm muğam dəsgahlarını, həm də bəstəkar mahnılarını xüsusi məharətlə ifa edirdi. Hətta dövrünün çox məşhur bəstəkarları simfonik əsərlərin də solo hissəsini ifa etmək üçün İslam Rzayev ifasını uyğun görürdülər. İslam Rzayevin yaradıcılığında heç bir istiqamət digərinin üzərinə kölgə salmayıb. "Rast", "Mahur", "Zabul-Segah", "Bayatı-Kürd" muğamlarını lentə yazdıran sənətkar ən çox "Çahargah"ı sevib və buna görə də 3 dəfə bu muğamı dəstgah şəklində lentə yazdırıb.

Səhnə mədəniyyəti çox yüksək səviyyədə olan İslam Rzayev söz seçiminə də xüsusi diqqət yetirib. Əliağa Vahidlə dostluq əlaqələri olan İslam Rzayev xatirələrində qeyd edir ki, "Vahidin elə qəzəlləri var ki, heç yerdə çap olunmayıb, şəxsən özü mənə təqdim edib, oxumuşam və bu gün də mənim arxivimdədir". İslam Rzayev həmişə fəxrlə qeyd edirdi ki, Hacı Mailin ilk dəfə qəzəlini mən ifa eləmişəm. İslam Rzayevin ifalarında eşidilən qəzəllərin, şeirlərin əksəriyyətinə digər xanəndələrin ifasında rast gəlinmir. Müasirlərlə yanaşı, klassiklərin də qəzəllərinə müraciət edən xanəndə ifa zamanı sözləri olduqca aydın ifa edirdi. Elə ifa ki, oxunanları asanlıqla vərəqə köçürmək mümkün olur.

İslam Rzayevin püxtələşməyində fəaliyyət göstərdiyi ansamblların rolu çox böyükdür. Tələbəlik illərindən etibarən Filormaniyanın nəzdindəki "Azkonsert"də fəaliyyət göstərən xanəndə İslam Rzayev Ağası Məşədibəyovun müşayiəti ilə zənginləşmişdi. Əhməd Bakıxanovun ansamblı ilə bir neçə mahnını lentə yazdırsa da, əsasən, Əliağa Quliyevin və Əhsən Dadaşovun ansamblı ilə şöhrət qazanıb. İslam Rzayevin səs yazılarını çoxu bu iki ansamblla tarixin yaddaşına köçüb. Amma danılmaz faktdır ki, İslam Rzayevlə Əhsən Dadaşovun işbirliyi elə bir qeyri-adi möhtəşəmlik yaradıb ki, bunu sözlə ifadə etmək mümkünsüzdür. Əhsən Dadaşovun rəhbərlik etdiyi "Xatirə" ansamblı tək İslam Rzayevi yox, dövrünün əksər məşhur xanəndələrini yüksək səviyyədə püxtələşdirmişdi. Əhsən müəllimin müstəsna xidməti ilə "Məhəbbət nəğmələri", "Biri sənsən, biri mən" adlı mahnılar öz dövründə yaxşı mənada çox böyük səs-küyə səbəb olub və təsadüfi deyil ki, bu gün də həmin ifalar sevə-sevə dinlənilir, onlara yenidən qayıdılır. Vaxtilə həmin ansamblın üzvü olan dəyərli kaman ifaçısı Şəfiqə Eyvazova öz xatirələrində bildirir: "İslam Rzayevlə işləmək, məşqlər etmək, Əhsən müəllimə və digər ansambl üzvlərinə xüsusi zövq verirdi, yəni əsl sənət məşqləri gedirdi". İslam Rzayevin özünün yaratdığı ansambl isə dövrünün bu cür kollektivlərindən xüsusi seçilirdi. Bu ansambl böyük bir müğənni ordusu yetişdirdi. Ansambl yaranandan sonra işıq üzü görən kasetlərin, valların əskəriyyətinin üzərində belə yazılırdı: İslam Rzayevin rəhbərliyi altında xalq çalğı alətləri ansamblı. Bu ansamblın fəaliyyətində İslam Rzayevin illərdi topladığı təcrübə, peşəkarlıq cəmləşmişdi.

Dünyanın yarıdan çoxunu sənəti, ansamblı ilə gəzib, Azərbaycan musiqisini layiqincə təbliğ edib. Türkiyə, Rusiya, Hindistan, Əlcəzair, İran, İraq, Fransa, İngiltərə, Kolumbiya, İsrail, Kuba, Peru, Yaponiya və digər ölkələrdə Azərbaycan dilini bilməyən əcnəbilər də bu səsin qarşısında dəqiqələrlə dayanmadan əl çalıb, riqqətə gəliblər. Yaponiya və Fransa konsertlərinin səs yazıları bu baxımdan insanı çox heyrətləndirir. Hətta Bakıda Muğam Teatrının yaranması da xarici səfərlərin biri ilə bağlıdır. İslam Rzayev Bağdadda olarkən onu Bağdad Muğam Teatrına aparırlar. Orada "Şur" oxuyan xanəndə yarıya qədər oxuyub dayanır. İslam Rzayev tez iradını bildirərək hələ 5 guşənin oxunmadığını deyir. Bağdad xanəndələri təəccüblənərək bu 5 guşəni İslam Rzayevin ifasında dinləyirlər və xahiş edirlər ki, Bağdadda qalıb onlara bütün muğamları öyrətsin. İslam Rzayev bunun mümkün olmadığını deyib vətənə qayıdır. Gələn kimi Ramiz Mirişli və Arif Qazıyevlə görüşərək bu təşəbbüsü irəli sürür, 1989-cu ildə Bakıda Muğam Teatrı yaradılır və İslam Rzayev ömrünün sonuna qədər Muğam teatrının bədii rəhbəri vəzifəsində çalışır.

O, Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Ramiz Mirişli, Ramiz Mustafayev, Tofiq Quliyev, Adil Bəbirov, Ələkbər Tağıyev, Elza İbrahimova, Ağabacı Rzayeva və digər görkəmli bəstəkarların bir çox mahnılarının ilk ifaçısıdır. Bəstəkarların İslam Rzayev sənətinə rəğbəti əbəs yerə deyildi. Çünki İslam Rzayev bəstəkarın mahnıda qoyduğu bütün tələblərə cavab verməyə qadir sənətkar idi. Həm geniş səs diapazonu, həm səsdə olan zəngin xırdalıqlar, həm də çox yüksək qavrama qabiliyyəti imkan verirdi ki, İslam Rzayev mahnını möhtəşəm əsər kimi ifa edə bilsin. Cahangir Cahangirovun "Aşıq Alı", "Nəsimi" kontatalarının solo hissəsini İslam Rzayev ifa edib. Bu, İslam Rzayevin vokal sənətinə böyük rəğbət bəslədiyindən xəbər verirdi. O, öz xatirələrində qeyd edir ki, "Mənim vokal sənətinə çox böyük marağım olub. Asəf Zeynallı adına musiqi texnikumunda oxuyan vaxtlarda Lütfiyar İmanov və Mobil Əhmədovun bir vokal müəllimi var idi. Tez-tez onun dərsinə gedib qulaq asırdım. Mən orda "Balaşın ariyası"nı, "Koroğlunun ariyası"nı öyrənmişəm. Tiflisdə toyda idim. Gəlib mənə "Koroğlunun ariyası"nı sifariş elədilər. Bax orda öyrəndiyim mənim imdadıma çatdı". Təsadüfi deyil ki, İslam Rzayev həmişə Filarmoniyada Niyazinin məşqlərinə gedib gizlin-gizlin məşq prosesini izləyirmiş. Fikrət Əmirovun "Sevil" operası əsasında film çəkilən zaman dahi bəstəkar əsərin proloqunun ifasını məhz İslam Rzayevə həvalə edir. Moskvada Niyazinin başçılığı altında məşq zamanı İslam Rzayev proloqu oxuyub bitirəndə hamısı ruslardan təşkil olunmuş simfonik orkestrın üzvləri bu ifanı heyrətlə qarşılayıb və yüksək şövqlə əl çalıblar.

İslam Rzayev həm də çox böyük pedaqoq idi. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycan incəsənətinin ən görkəmli nümayəndələridir. İstər Bülbül adına orta ixtisas musiqi məktəbində, istərsə də, Azərbaycan Dövlət Mədəniyyət və İncənət Universitetində fəaliyyəti zamanı İslam Rzayev gənclərə düzgün şəkildə muğamın sirlərini öyrətməklə yanaşı, hamısını öz ansamblına dəvət edir, təhsildən sonrakı illərdə də püxtələşməklərinə şərait yaradırdı. Dahi bəstəkar Süleyman Ələsgərov öz xatirələrində danışır: "Müğənni İslam Rzayevin yaradıcılığından danışarkən onu sənət sevərlərə təkcə ifaçı kimi təqdim etmək doğru olmaz. O, həm də bacarıqlı musiqi təşkilatçısı, musiqi xadimidir. Onlarla gənc istedadlı müğənni bilavasitə onun təmənnasız zəhməti və qayğısı ilə yetişib formalaşmışdır. Bir sözlə, İslam Rzayev Azərbaycan musiqi sənətində öz yeri olan sənətkardır. Biz bunu tədricən daha yaxşı görüb hiss edirik".

***


Kaş İslam Rzayev hələ həyatda olaydı və bu möhtəşəm Qarabağ zəfərimizə, böyük qələbəmizə şahidlik edəydi. Onu yaxından tanıyan insanlar deyirlər ki, İslam Rzayevin səhhətini vaxtsız pozan məhz doğma həsrəti, Qarabağ nisgili oldu. İnanırıq ki, unudulmaz sənətkarın 90 illik yubileyi layiqincə, yüksək səviyyədə qeyd olunacaq. Öz adımdan söz verirəm ki, doğma Sərdarlı kəndindən bir ovuc torpaq gətirərək sənətkarın Fəxri xiyabandakı məzarının üstünə səpəcəm. Yəqin, o zaman narahat ruhu dinclik tapar. Allah rəhmət eləsin musiqi sənətimizin sönməyən ulduzu İslam Rzayevə! Onun adı, imzası sənət tariximizdə əbədi qalacaq!

# 1734 dəfə oxunub

Müəllifin son yazıları

# # #