Məmməd İsmayıl: "Həmin qanla Yazıçılar Birliyinə savaş açdım" - Müsahibə

Məmməd İsmayıl:  "Həmin qanla Yazıçılar Birliyinə savaş açdım" - Müsahibə
11 sentyabr 2024
# 12:00


Yol azıbsan bu payızın çәnindә,
Ağacdәlәn, ağlın azıb sәnin dә,

Dәn gәzirsәn saçlarımın dәnindә,
Atamoğlu, az qapımı döy görüm...

Yaşca bizdən xeyli böyük olsa da, təvazökarlığı ilə gənclərin simsarına çevrilmiş qələm dostum Ehtiram İlhamla Fikrət Əmirovun heykəlinin yanında görüşüb Azərbaycanın görkəmli şairi, professor, AzTV-nin keçmiş sədri Məmməd İsmayılın yaşadığı məhəlləyə qədəm basanda onun yuxarıda qeyd etdiyim bəndi yadıma düşdü. Ehtiram müəllimə dedim ki, Məmməd İsmayılın qapısını ağacdələn kimi döyəcəm, onun qapısı indi “Yer üzünün qapısı”dı...

Şair səhhətində yaranan problemlərlə əlaqədar bir müddət Türkiyədə müalicə alsa da, müsbətə doğru heç bir irəliləyiş olmamışdı. Bakıya gələndən sonra vəziyyəti daha da kritikləşdi. Bir qrup ziyalının müraciətindən sonra Heydər Əliyev Fondu onun sağlamlığını nəzarətə götürdü və şair “Bona Dea” Hospitalına yerləşdirildi. Əməliyyat olunduqdan sonra evə buraxılsa da, müalicələri davam etdirildi.

Bir neçə gün əvvəl şairin qızı İntizar xanımla əlaqə saxlayanda dedi ki, atasının vəziyyəti yaxşı deyil, ayaqlarında şiddətli ağrılar yaranıb, yeriyə bilmir. Bu səbəbdən Məmməd İsmayıla baş çəkmək qərarına gəldik. Sözün düzü, niyyətimiz müsahibə yox, şairi yoluxmaq idi. Lakin... Bizim bu söhbətin-müsahibənin taleyi də qəribə oldu. Elə Məmməd İsmayılın taleyi kimi.

Kulis.az Şair Məmməd İsmayılın APA-ya müsahibəsini təqdim edir.

– Məmməd müəllim, indi necəsiniz? Eşitdik, sağlamlığınızda yenidən problemlər yaranıb...

– Son əməliyyatdan sonra yaxşılaşmışdım. Üç aydır ayaqlarımda şiddətli ağrılar başlayıb, heç ayağa qalxa bilmirəm.

– Bu ağrılar belinizdə olan problemlə bağlıdır?

– Yox, əməliyyat olunan hissə narahatlıq yaratmır, ən böyük problemlərim ayaqlarım, dizlərimlə bağlıdır. Hərdən ağrılar dözülməz həddə çatır... Əslində, mənə iki əməliyyat lazım idi. Birini elədilər, digəri mümkün olmadı. İkinci əməliyyatdan sonra belimin düzəlməmək ehtimalı var idi deyə, həkimlər münasib görmədilər. Yaş sözünü deyir. Nadir insanlar var ki, 80-90 yaşa çatır, kiminsə dəstəyi olmadan yeriyir. Məntiq budur ki, 80-dən sonra insanın vəziyyəti pisə doğru gedir.

Deməli, yenidən səhhətinizə həkim müdaxiləsi lazımdı...

– Əlbəttə... Ümid hər şeydən sonda ölür deyirlər. Düzdür, yaşım keçib, amma nisbətən, yaxşılaşma ehtimalım var. Sözün açığı, “mən xəstəyəm, hardasız?” demək istəmədim. Desəm, mütləq dəstək olardılar. Günü günə satıb bu vəziyyətə çatdım. Çox sağ olsunlar, Heydər Əliyev Fondunun dəstəyi ilə əməliyyat olundum... İndi ayaqlarımın ağrısı bütün digər problemlərimi unutdurub.

– Heç olmasa evin içində bir-iki addım atırsınız, yoxsa...?

– Qəti ayağa qalxa bilmirəm.

Məmməd İsmayılla söhbətimi bu məqamda yekunlaşdırıb redaksiyaya qayıtmağı planlaşdırırdım. Məqsəd son vəziyyətini öyrənib səhhətində yeni yaranmış problemlərini mətbuatda işıqlandırmaq idi... Sözün düzü, Məmməd İsmayılgilə gedəndə redaksiyada fotoqrafa ehtiyac olmadığını demişdim. İstəmirdim kimsə onu əldən düşmüş halda görsün... Gördüm, çöhrəsi açıqdı, üzünün nuru həminkidi, danışmağa da halı var. Tez redaksiya ilə əlaqə saxlayıb fotoqraf göndərmələrini xahiş etdim. Fotoqraf gələnə qədər isə...

Sabir Rüstəmxanlı ilə video-söhbətinizdə daha xəstəhal görünürdünüz. İndi, nisbətən, yaxşısız.

– Ola bilər. Bircə ayaqlarımın ağrısı azalsaydı... Onda, bəlkə, daha yaxşı olardım.

Mən istəmərəm siz yorulasız... Əgər halınız varsa, bir az danışaq...

– Nadir, rast ki, danışmağa başlamışıq, davam edək, sən necə istəyirsən.

Xəstəliyin yazı-pozuya təsiri oldu, yoxsa “bəla şair üçün nemətdi?”

– Desəm ki, xəstəliyimin yaradıcılığıma təsiri olmadı, yalan olar. Əslində, yazı-pozu ağrının məhsuludur. Amma istədiyim kimi yaza bilmərəm. Bədənim dayanmadan sızıldayır. O sızıltının səsini təkcə qulağım deyil, ilhamım da eşidir. Öz-özlüyümdə bilirəm ki, əvvəlki şövqlə heç nə yaza bilmərəm. Heç buna can atmıram da. Bədən deyir ki, yekə adamsan, mən burda ağrılar içində qovuruluram, sən şeir yazırsan.

Yenə də çox təmkinli görünürsüz...

– Çünki bu xəstəliklərə təbii baxıram. Yaş sərhədini keçmişəm. Xeyli yaşamışam. Bura qədər gəlib çıxmağım heyrətli məsələdir. Sonum da nə zaman gələcək, bilmirəm. Pisi odur ki, birdən-birə vərdişlərin yox olub gedir. İşlək relsin üzərindən depoya dirənən relsin üzərinə atılırsan. Bu da məni narahat eləmir. Sən gəlib 80-ə, 90-a çıxacaqsan, cavan oğlan kimi olacaqsan? Harda görünüb bu?

Yanınıza gəlib-gedən olurmu?

– Ara-sıra olur. Bəzən heç tanımadığım adamlar gəlir.

Məmməd müəllim, gözünüzü yolda qoyan oldu? Kiminsə gəlişini gözlədinizmi?

– Səmimi deyirəm, yox. Gələni xoş qarşılayıram, gəlməyəni heç xatırlamıram. Hərdən kimsə yadıma düşür. Tez fikirləşirəm ki, filankəs xəstəxanada olanda heç mən getmişəm? Türkiyədə yaşadığıma görə camaatın xeyrindən, şərindən uzaq düşdüm. Ona görə də kimdənsə umacağım yoxdur.

Bu müddət ərzində nəyə təəccübləndiniz?

– Ən çox gözlədiyim tərəfdən yox, gözləmədiyim tərəfdən diqqət, qayğı gördüm.

Ürəyiniz kimi istəyirsə, deyin, gələn dəfə onu da özümüzlə gətirək...

– Bir adam sifarişlə gəlirsə, heç gəlməsin, ehtiyac yoxdur. Baxın, pəncərəmdən Xəzər dənizi necə aydın görünür. Hər gün onunla üz-üzəyəm. Mən Xəzərə dərdimi deyirəm, o da dalğaları ilə mənə nəsə pıçıldayır.

Yəqin, Xəzərə məhəbbətiniz AzTV-də fəaliyyətə başladığınız illərdən yaranıb...

– Çox dəqiq dedin.

Bioqrafiyanızın böyük hissəsini AzTV təşkil edir. Ümumiyyətlə, Bakıya gəlişinizi necə xatırlayırsınız?

– AzTV-də böyük bir yol keçmişəm. Ömrümün birinci AzTV dövrü 23-30 yaşıma təsadüf edirdi. O vaxtlar Nəbi Xəzrinin yaradıcılığı çox ürəyimcə olub. Onun şeirlərində başqa şairlərdə rast gəlmədiyim qəribə obrazlılıq, deyimlər var idi. Allah qəni-qəni rəhmət eləsin, çox mübarək adam idi. Kənddə çıxılmaz bir vəziyyətdə idim. Yazıçılar İttifaqında nəsə tədbir olanda Bakıya gəlib çıxış edirdim, şeir deyirdim, sonra geri qayıdırdım. Şeirlərim haqqında bəh-bəhlə danışsalar da, bir nəfər yaxın dayanmırdı ki, gəl, səni harasa işə düzəldək. Kənddən Nəbi Xəzriyə məktub yazdım. Cavab yazdı ki, mən işdən çıxmışam, imkanım yoxdur, işlər düzələn kimi sənə kömək edəcəyəm.

Bu ona ilk məktubunuz idi?

– Yox, əvvəllər də məktub yazmışdım. Şeirlərini sevdiyimi demişdim. O da yazmışdı ki, tərcümeyi-halını yolla, görüm kimsən. 20-21 yaşım var idi. Özüm barədə yazanda işlə bağlı köməklik göstərməyini xahiş etmişdim. Ağasəfa var idi, şair. Yaşayırmı?

Bəli, Xızıda yaşayır.

– Çox yaxşı oğlan idi. “8-ci kilometr”də yataqxanada idi, orda tərbiyəçi işləyirdi. Bir dəfə nəyəsə görə Bakıya gəlmişdim. Ağasəfanın da xəbəri var idi. Bir də gördüm, qaça-qaça gəlib ki, Nəbi müəllim sabah səni görüşə çağırıb. Getdim, görüşüb danışdıq. “Proqram” redaksiyasının baş redaktoru Ələkbər Abbasovu yanına çağırıb dedi ki, şair Məmməd İsmayıldı, get, onun ərizəsini al, ştata götür. Ələkbərlə getdik, ordan-burdan danışdıq. Bu mənlə rusca danışmağa başladı. Mən də kənddən gəlmiş uşaq... O vaxt rus dilini bilmirdim. Ələkbər gedib Nəbi müəllimə dedi ki, mən bunu işə götürə bilmərəm, savadsızın biridir, rusca bilmir. Nəbi Xəzri əlini stola möhkəm vurdu. Dedi, Ələkbər, mən səni məsləhətləşməyə çağırmamışam, sənə dedim ki, əmrini hazırla, işləyəcək, vəssalam, bu oğlan jurnalist Məmməd İsmayıl deyil, şair Məmməd İsmayıldı... Ərizəmi yazdım, işə başladım. Sonradan rəhmətlik Namiq Abdullayev məni öz şöbəsinə keçirdi.

– Sonralar da AzTv ilə yollarınızı ayırdınız.

– Hə, o da uzun məsələdir... Öz-özümə fikirləşdim, AzTv-nin sədri olmağımın mənə təsiri nədir? Deyəcəklər ki, Məmməd İsmayıl televiziya sədridir? Yəni, şair Məmməd İsmayıl televiziya sədri Məmməd İsmayıldan aşağı səviyyədir? Fikrimi qətiləşdirdim, beləcə, AzTv ilə yollarımız ayrıldı.

– Ondan sonra da işsiz qaldınız?

– Cəmi, beş ay. Şələ-küləmi yığıb Türkiyəyə getdim.

Türkiyədə necə qarşıladılar? Azərbaycandakı hörmət-izzəti orda da gördünüzmü?

– Mən Türkiyəyə gedəndə universitetdə dərs deyən müəllimlərin atası-babası yaşında idim. Çox hörmət edirdilər. O yerlərdə şeirə-sənətə dəyər yüksək səviyyədədir. Ciddi ədəbiyyat adamı təqdir olunur...

Maraqlıdır ki, Azərbaycanda elmi fəaliyyətlə məşğul olmamısınız. Gedən kimi universitetdə dərs demək necə mümkün oldu?

– Əslində, mənim orda işləməyim taleyin bir şansı idi. Elmi dərəcəsi olmayanları universitetə müəllim kimi götürmürdülər. Türkiyəyə köçəndən sonra bir müddət heç yerdə işləmədim. Həmin günlərin birində Kayseridə keçirilən konfransa getdim. Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru da orda imiş. Onu tanımırdım. Mən də heç bir məruzə yazıb aparmamışdım. Amma mütləq məruzə etməli idim. Fikirləşdim, nədən danışa bilərəm? “Dədə Qorqud” dastanı barədə məruzə etməyə qərar verdim... Sizin yaşıdlarınız mənim dərs prosesimi, çıxışlarımı, nitqlərimi görməyiblər...

Videolentləri izləmişik...

– Həəə... Bəzən ekspromt nitqlər çox yaxşı alınırdı. Konfrans bitdikdən sonra Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru mənlə salamlaşdı. Ona edilən müraciətlərdən kim olduğunu təxmin etdim, Abdurrahman Güzel idi. Dedi ki, konfransda ən yaxşı siz çıxış etdiniz. Xeyli söhbətdən sonra: “Dəvət etsək, bizim universitetə gələrsinizmi?” – dedi. Sonra soruşdu ki, siz elmi iş müdafiə etmisiniz? Məndən “yox” cavabı eşidən kimi dedi ki, sabah gəlin universitetə. Getdim, görüşdük, məsləhətləşdik. Dedi, bir şərtlə sizi müəllim kimi işə götürəcəm ki, qısa zamanda dissertasiya müdafiə edəsiniz. Bax beləcə Türkiyədə pedaqoji fəaliyyətim başladı. Cəmi, üç-dörd aya elmi işimi yazıb bitirdim.

Məmməd müəllim, Sabir Rüstəmxanlı ilə videosöhbətinizdə bəzi keçmiş məsələləri xatırlamısınız, həmişəkindən daha ötkəm danışmısınız, bir vaxtlar haqqında kəskin danışdığınız nəsnələrdən daha mülayim bəhs etmisiniz, Azərbaycan Yazıçılar Birliyi (AYB) barədə mövqeyiniz də ötən illərdən fərqlənib. Bu da bəziləri tərəfindən birmənalı qarşılanmadı...

– Söyəndə, tənqid edəndə, eyham vuranda yaxşı olur, bir dəfə xoş söz deyəndə pis olur? Həqiqətən də, mənim Azərbaycan Yazıçılar Birliyindən heç bir gözləntim yoxdur. Gözləntilərimin heç biri mənə verilməyib. Məndən birbaşa aşağılara verilib, amma mənə verilməyib. Mənim Yazıçılar Birliyinə tərif deyib nəsə ummağım ağlasığandırmı? Ənənəvi olaraq hər dəfə tənqid etmək çox asan işdir. Sabirlə söhbət zamanı ağlıma gəldi ki, bir dəfə də belə demək olar, burda nə var ki? Xarakterimə bələd olanlar bilirlər ki, boğazıma diri ilan salsalar da, bildiyimi heç kimə vermərəm. Bu, kimdənsə tərif, yaxud tənqid gözləmək üçün deyil, mənim xarakterimdir.

Noyabrın 2-i 85 yaşınız tamam olur. Bəlkə, Xalq yazıçısı Anar yubileyinizlə bağlı təqdimat verəcək?

– Hardan bu fikrə gəlmisən?

Videosöhbətinizdən sonra Anar müəllimin “Ədəbiyyat qəzeti”ndə sizinlə bağlı yazısı çap olunmuşdu. Düşündük, buzlar əriyib...

– Əgər sənin İlahi təqdirdən gələn bir şeirin belə varsa, dərd ediləsi heç bir bəhanən yoxdu. O şeir səni bütün adlardan yuxarı tutacaq. Bu, bir təsəlli deyil. Bizim ədəbi nəsildən “Komsomol” mükafatını heç kimə verməmişdilər. Bir dəfə Yazıçılar İttifaqının qarşısında rəhmətlik İsaq İbrahimovla qarşılaşdıq. Soruşdu ki, Məmməd, sənə Dövlət Mükafatı veriblər? Dedim, yox. Dedi, heç “Komsomol” da verməyiblər? Dedim, yox... Bir həftə keçmədi, Mustafa İsgəndərzadə, əmim oğlu və mən görüşdük. Mustafa əmim oğlunun üstünə düşdü ki, siz Məmmədin qədrini bilmirsiniz. Pencəyinin döş cibindən “Komsomol” mükafatı alanların siyahısı dərc olunan qəzeti çıxarıb stolun üstünə atdı. Dedi, sən necə əmioğlusan ki, Məmməd o boyda “Komsomol” mükafatı alıb, sənin xəbərin yoxdu. “Komsomol” mükafatı alanların siyahısında birinci mənim adım gəlirdi. Nə minnət oldu, nə xahiş.

Bu prinsipiallığınızda genetik faktor güclü rol oynayıb, ya sonradan şahidi olduğunuz hadisələr sizin xarakterinizi formalaşdırıb?

– Bizim kəndimiz çox böyük kənddir. Yaşıdlarım da müharibə illərində doğulanlar idi. Analar uşaqlarını mənlə oynamağa qoymazdılar. Deyirdilər, onunla işiniz olmasın, o, qızıl ilan balasıdır. Bunu deməyim, bəlkə də, doğru deyil. Amma mən də deməsəm, bəs kim deyəcək?

Deməli, əvvəldən belə olmusuz...

– Mən bütün kəndi lərzəyə salan kişinin oğluyam. Qanın çox böyük əhəmiyyəti var. Atamın yox, onun damarındakı qanın oğluyam. Mən həmin qanla Yazıçılar Birliyinin Natəvan klubundan kükrədim. O qan mənim damarımda olmasaydı, elə hərəkətlər eləməzdim. Vaxtilə mən həmin qanla Yazıçılar Birliyinə qarşı savaş açdım. Soruşurdular, o kimdir elə, kimin adamıdır ki, belə danışır? Başa düşmürdülər ki, mənim adamım damarımdakı qandır. Bu, çox vacib məsələdir.

Səhv etmirəmsə, atanızın üzünü görməmisiz. Bəlkə, bu ruh daha çox ananızdan keçib sizə?

– Nə olsun atamın üzün görməmişəm? Düzdür, mənim xəyalımda ata obrazı yoxdur, amma mən onun oğluyam, damarımda ki onun qanı axır...

Poeziyanızın əsas mövzularından biri anadır, ananızın həsrətini ara-sıra nəzmə çəkmisiz...

– 1969-cu ildə, 30 yaşım olanda anamı itirmişəm. Bu mövzu mənim üçün çox ağrılıdır. Yetimliyi o gündən hiss eləmişəm... Allahın birliyinə and olsun, atam-anam kənddə hamıya nümunə göstəriləcək adam idi. Anam biş-düşündə, gözəlliyində kənddə hamıdan seçilirdi... Belə də ki, kim anasını, atasını pisləyər?

Bu yaxınlarda doğulub boya-başa çatdığınız ünvana – Tovuzun Əsrik kəndinə getmisiz...

– Hə, getmişdim.

Çox qaldınız?

– Bir-iki gün qalıb geri qayıtdım. Sonra yenə getmək istəyirdim, ağrılarım çox oldu, gedə bilmədim. Bizim kəndimiz yaşanılası yerdir. Mənim evimin arxası da, qarşısı da dağlardır. İmkan tapan kimi gedəcəyəm.

Bu ağrının-acının içində sizi Əsriyə çəkən nədir?

– Anamın məzarı... Mənim ondan başqa kimim var idi ki? Yatırdım, gecənin bir aləmi ayılıb görürdüm ki, başıma dolanır. Başıma dolanır ki, bütün ağırlığımı alsın.

Özünüzdən əvvəlki ədəbi nəsillə münasibətləriniz necə olub?

– Özümdən əvvəlki nəsil mənə problem yaratmayıb. Bəlkə də, bilmədiyim hansısa məqam olub. Amma mən hiss eləməmişəm. Məsələn, Cabir Novruz var idi. İstedada necə qiymət verirdi... “Ulduz” jurnalının baş redaktoru olanda daim məndən yazı, şeir istəyirdi. Təkcə mənə yox, özündə sonrakıların, demək olar ki, hamısına qayğı ilə yanaşırdı. Məmməd Arazın özü də çox mübarək insan idi... Bizdən əvvəlkilər arasında mərdimazarlar da olub.

Məsələn, kimlər?

– Onlardan biri indi də həyatdadır. Adını çəkmək istəmirəm.

Nə edirdi ki?

– Şeirlərimin çapına mane olurdu. Yaşlı adamdı, adını çəkmək yaxşı düşməz.

Sizdən əvvəlki nəsildən kimsə həyatdadır ki?

– Bəli, bəli...

Məmməd İsmayılı xoşbəxt şair adlandıra bilərik?

– İndiyə qədər nə yazıbsa, onun məzmunudur Məmməd İsmayıl. Amma o yazılanlar Məmməd İsmayılı əbədi yaşatmaq gücünə sahibdirmi? Şair özü bunu hiss edirmi? Şair özünün zəif yerini hamıdan çox hiss edə bilir. Əgər hiss edirsə, deməli, xoşbəxtdir.

Çox vaxt şairlərin ailə həyatı keşməkeşli yollardan keçir. Məmməd İsmayıl ailə başçısı kimi özündən tam razıdır?

– Sənin sualına tamamilə müsbət cavab vermək mümkün deyil. Çünki sənətlə məşğul olan adam ürəyi istədiyi kimi ailəsinə xidmət etməyi bacarmır. Ya gərək ailəyə bağlanasan, ya da özünü ədəbiyyata həsr edəsən. Ailəyə də gücün yetdiyi qədər dəstək olasan. Yox, əgər sən bütün gücünü ailəni dolandırmağa həsr etsən, şair-yazıçı ola bilməyəcəksən. Mümkün deyil e... Son damlana qədər özünü yaradıcılığa həsr etməyi bacarmalısan. Yoxsa, ay ilham, ay təb, sən burda dur, oğlumun, qızımın, yoldaşımın dərdi ilə məşğul olum, bir azdan gəlirəm. Ömrünün nə qədərini ailənə, nə qədərini ədəbiyyata vermisən? Ədəbiyyatda qazandığın uğurun miqyası ailəndən kəsdiyin vaxtdan asılıdır. Bəzən ciddi sənətlə məşğul olanlar deyir ki, biz ailəmizə həddindən artıq vaxt ayırırıq. Bu, qeyri-səmimilikdən başqa bir şey deyil.

Cavanlardan kimləri oxumusuz? Kim diqqətinizi çəkib? Ümumiyyətlə, yeni dövr ədəbiyyatımız barədə nə düşünürsüz?

– Cavanlar məndən inciməsin, konkret ad çəkə bilməyəcəm. Xeyli vaxtdır, mətbuatı davamlı izləyə bilmirəm. Bu isə hansısa nəticəyə gəlməyə imkan vermir. Amma belə olmamalıdır. Yaşlı nəsil qələm adamlarının boynunun borcudur ki, ən gənc nəsli belə oxusun. Xaricdə yaşamağım, sonra xəstəliyim, bu baxımdan, həyat ritmimi pozdu.

Təsəvvür edin, böyük auditoriyadasınız və gənc yazıçı-şairlər sizi dinləyir. Nə sözünüz var?

– Özümün bacarmadığım şeyləri gənclərə tövsiyə edərdim.

Məmməd İsmayıl nələri bacarmadı?

– Məmməd İsmayıl çox şeyi bacarmadı. Təsəvvür elə, bir şairin yaradıcılıq diapazonu geniş ola, amma bəşəri ifadə üçün, miqyaslı yaradıcılıq üçün dil bilgiləri az ola, dünya poeziyasına inteqrasiya edə bilməyə.

Bəs bunun üçün nə lazımdır?

– Nəyin hesabına olur-olsun, mütləq xarici dil öyrənmək lazımdır. Bu gün bir azərbaycanlı gənc şairin dünya poeziya ilə, nisbətən, ayaqlaşması üçün dil biliyi olmalıdır. Uzun müddət bunun ağrısını çəkmişəm. Bax, sənin şeirin xarici dillərə çevrilib almanaxlarda dərc olunur. Yazdıqların diqqət çəkir və səninlə əlaqə yaratmaq istəyirlər. O səninlə ingiliscə danışmaq istəyir, sən isə dil bilmirsən. Necə olacaq? Bu bizim üçün çox ağrılı bir şeydir. Azərbaycan ədəbi mühitində xarici dil bilənlərin sayı azdır.

Bu sualı başqa adama vermək olmazdı. Amma sizin realistliyinizə bələdəm. Hələ Ankarada Qazi xəstəxanasında sizə baş çəkəndə buna əmin olmuşdum... Məmməd müəllim, əcəl qapını ağacdələn misalı taqqıldadır. İçinizdə təlatüm varmı?

– Qəti... Nəyi bacarmışamsa, eləmişəm. Ədəbi taleyim də yaşamaq üçün etibarlı oldu... Düşünürsən ki, Allahdan bir dəqiqə də möhlət ala bilmərsən, hər şey ölçülüb-biçilib. Bu yaşa gəlib çıxmışam. Bundan sonra ölüm qorxusu canımı bürüsə, deməli, indiyə qədər boş yaşamışam. Heç kəs ölümdən yan qaça bilmir. Ölüm gəlişini heç kəsə xəbər vermirsə, ondan qorxmaq olmaz.

Ölüm, hədələmə məni ölümlə,

Ölərəm, sənin də sirrin açılar.

– Məmməd müəllim, sizə cansağlığı arzulayıram... Bağışlayın, sizi yordum.

Uğurlar, Nadir. Bayaq sual verdin ki, kimisə görməyi arzulayırsınız? Elə səni də, Ehtiramı da görmək istəyərdim. Çox sağ olun. Yaxşı ki, gəldiz...

Sağollaşanda ikimiz də qəhərləndik. Üzü Xəzərə tərəf oturmuşdu, qapıya sarı çevrilmədi. Yəqin, mənə danışmadıqlarını Xəzərə danışacaqdı. Bizim söhbətimiz bitdi, onların isə söhbəti hələ təzə başlayırdı...

...bu vaxt fotoqrafımız da gəlib çıxdı...

Foto - İlkin Nəbiyev

©️ APA GROUP

# 2487 dəfə oxunub

Müəllifin son yazıları

# # #