Xankəndi "nə" yoxsa "Xankəndi "yə" ?

Xankəndi "nə" yoxsa "Xankəndi "yə" ?
16 oktyabr 2023
# 17:30

Kulis.az Nadir Yalçının yeni yazısını təqdim edir.

Azərbaycan dilində sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçilər artırılanda, uyğun olaraq, “s”, “n”, “y” bitişdirici samitləri iki sait arasına əlavə olunur. Nümunə:

su”y”a - su+a
alma”n”ı - alma+ı
ana”s”ı - ana+ı

Sual doğur: Hansı xüsusiyyətlərə görə bitişdirici samitlər müxtəliflik təşkil edir?

Bir çox məqamlarda səs uyuşması prosesdə böyük rol oynayır. Hətta sözlərin yaranma, formalaşma prosesində də bu özünü göstərir. Məsələn, bəzi saitlər var ki, özündən sonra küylü samit (kar), bəzi saitlər var ki, avazlı (cingiltili) samit tələb edirlər. Bunu məhsuldar (ahəng qanununa tabe olan) şəkilçilərin söz kökünə uyuşması ilə də müqayisə etmək olar. Məsələn, “bugünkü” sözündə “kü” şəkilçisindəki “ü” saiti sözün son hecasındakı “ü” saitinə uyğundur. Biz “bugünki” də deyə bilərdik, amma ən uyğun və diləyatımlı versiya “bugünkü”dür. “Çəmənlik” sözünün kökündəki son sait incə olduğundan kökə “lıq”, “lük”, “luq” yox, məhz “lik” artırılıb.

Sual doğur: “lük” də incə sait tərkiblidi, niyə bəs “lik”? Çünki “ə” daha çox “i” ilə uyuşur və ağız aparatımız bunu tələb edir. Səslərin uyuşması prosesi bizim fizioloji quruluşumuzla bağlıdır.

Burada bir məqam da var: niyə “liq” yox, “lik” ?(çəmənlik, gözəllik, səfillik, dəcəllik)

Yenə də həmin uyuşma hadisəsi buna başlıca səbəbdir.

Zəruri və çox vacib qeyd:

Dildə hansısa qaydanın bütün sözlərə və bütün hallara aidliyi barədə mütləq hökm yoxdur. Dəqiq elmlərdən fərqli olaraq, dildə istisnalıq qaçılmazdır.

Çünki sözlərin yaranma və inkişaf yolları da olduqca müxtəlifdir.

Bitişdirici samitlərin müxtəliflik təşkil eləməsinin başqa səbəbləri də var.

Əgər artırılan hissəcik nəzərdə tutulan fikirdən əlavə ikinci məna çaları yaradırsa bacardığımız qədər fərqləndirici metodlardan istifadə edirik. Məsələn, uzanma, qısanma sözdə ayrı məna yaradırdısa apastrof yardımçı olurdu.

Başqa bir nümunə göstərim. Sonu eynicinsli qoşa samitlə bitən sözlərə şəkilçi artırılanda qoşa samirlərdən biri düşür: xətt, xətlər

Lakin iki söz istisnalıq təşkil edir. Çünki hiss sözündən “s” hərfini siləndə başqa mənalı söz yaranır: his (yanan bir şeydən çıxan tüstü, həmin tüstüdən əşyaların üstünə qonan qara çöküntü). Küll sözündən də eynilə “l” hərfini siləndə başqa mənalı söz yaranır: kül (yanmış şeylərdən qalan boz, qararəngli toz)

Məhz “n”, yoxsa “y” sualının kökünü bu qanunauyğunluqlarla araşdırmaq lazımdır.

Gəlin bir məqamı dəqiqləşdirək:

Əgər saitlə başlayan sözə təsirlik hal şəkilçisi ( ı, i, u, ü) və yiyəlik hal şəkilçisi ( ın, in, un, ün) artırılırsa “n” bitişdirici samiti körpü rolunu oynayır.

Nümunələr:
Xankəndi”n”in
Xankəndi”n”i
Alma”n”ı
Alma”n”ın
Yara”n”ın
Yara”n”ı
Lalə”n”i
Lalə”n”in
Nənə”n”i
Nənə”n”in

Sual doğur, bəs niyə su”y”u, su”y”un sözlərində “n” yox, “y” bitişdirici samiti əlavə olunur? Bu, bayaq qeyd etdiyim səslərin uyuşma hadisəsi ilə bağlıdır.

Burada “Sənin nənənin 80 yaşı var” cümləsindəki “nənənin” sözü ilə “Nənənin saçı ağardı” cümləsindəki “nənənin” sözü ayrı tərkibdədir.

Birinci cümlədəki “nənənin” sözündəki 3-cü samit mənsubiyyət şəkilçisidir - ikinci şəxsin təki.

İkinci cümlədəki “nənənin” sözündəki 3-cü “n” isə bitişdirici samitdir.

Bunlar cümlədə danışıq zamanı fərqlənir. İnsanların bunu bilməyi şərt deyil, mütəxəssislər bilsə kifayətdi.

Bəs nə vaxt “s” bitişdici samiti istifadə olunur?

Saitlə bitən sözlərə üçüncü şəxsin təki mənsubiyyət şəkilçisi artırılanda:

Məsələn, Cəlilabadın da “Gülkəndi” (şərti ad) kəndi var, Sabirabadın da. Deyilir:
Mən Cəlilabadın Gülkəndi”s”inə getmirəm, Sabirabadın Gülkəndi”s”inə gedirəm.
Qubanın alma”s”ı dadlıdır.
Onun yara”s”ı sağalmaz.
Gəncənin lalə”s”i qıpqırmızıdır.
Cavidin nənə”s”i yaşlanıb.
Bəs nə vaxt “y” bitişdirici samiti işlənir?
Saitlə bitən sözlərə yönlük şəkilşisi (a,ə) artırılanda:
Nənə”y”ə pay ver.
Lalə”y”ə bax!
Yara”y”a dəymə...
Alma”y”a dad verən zəhmətkeş əlləridir.
Nəhayət, Xankəndi”y”ə gedirəm!
Daha dəqiq:
Azərbaycan, sənin Xankəndi”n”ə gedirəm! (oxu: xitablı cümlə)
Mən Xankəndi”y”ə gedirəm.
Azərbaycanın Xankəndi”s”i çox gözəldir.

Baxın, əgər Xankəndi sözünə “a”, “ə” artıranda “y” bitişdirici samitindən yox, “n” samitindən istifadə edirsizsə, həmin “n” bitişdici samit funksiyasını itirərək ikinci şəxsin təki mənsubiyyət şəkilçisinin funksiyasını daşıyır.
Sənin alma”n”a qurd düşüb
Sənin yara”n”a məlhəm olaram.
Sənin lalə”n”ə su tökdüm.
Eynilə də, Xankəndi:
Ay Azər, sənin Xankəndi”n”ə qayıdacağıq.

Burdakı “n” hərfləri bitişdirici samit deyil, ikinci şəxsin təki mənsubiyyət şəkilçisidir.

Yuxarılarda qeyd etdiyim məna müxtəlifliyinin qarşısını almaq üçün bu, zəruridir.

Xankəndi, Pirallahı adlarının mürəkkəb söz olmağı sizi çaşdırmasın. Bunlar kök sözlərdir, birləşmə bir yerdə, bir vurğu altında vahid kökdür. Həm hərflərin uyuşması, həm də qayda-qanuna əsasən, məna fərqliliyinin olmamağından ötrü düzgün variant belədir:
Xankəndiyə, Pirallahıya

Amma qeyd etdiyim kimi dildə müxtəliflik çoxdur, mütləq hökm çox zaman keçərli deyil.

Məsələn, əgər bir kəndin adı “Durnagölü” (şərti addır) olsaydı, onda deyərdik:
Durnagölü”n”ə gedirəm.

Niyə?

Çünki səs uyuşmasına görə, dodaqlanan saitlər yönlük halda “n” qəbul edir, dodaqlanmayanlar “y”.

Artıq dodaqlanan saitlərdə məna müxtəlifliyinin qarşısını almaq olmur. Çünki uyuşma hadisəsi başlıcadır, əsasdır, qaçılmazdır.

Növbəti qaydanı da bildik.
Xankəndiyə
Durnagölünə
kitabüzünə
balıqqulağıya
Niyə?
Çünki Xankəndinin, balıqqulağının son saiti dodaqlanmayandır. Ona görə “y” qəbul edir.

Kitabüzü, Durnagölü sözlərinin son saiti dodaqlanandır deyə “n” qəbul edir.

# 5503 dəfə oxunub

Müəllifin son yazıları

# # #