Dindarlar ədəbiyyatla məşğul olmasın

Dindarlar ədəbiyyatla məşğul olmasın
11 sentyabr 2019
# 11:24

Kulis.az Müşfiq Şükürlünün “Dindoş olmaq qorxusu” yazısını təqdim edir.

Bu yazı dostumun “biz dəmi qocaldıqca dindoş olacağıq?” sualına cavabdır.

Məhərrəmlik ayıdır. Lap yerinə düşdü. Göründüyü kimi, bu yazı insanların dini görüşlərini alçaltmaq, onlara sayğısızlıq etmək üçün deyil. Mövzu daha çox dindar ədəbiyyatçılara aiddir. Amma yeri gəlmişkən deyim ki, din əleyhində danışmağa pis baxmıram. Mənimçün hər iki hal, dindoşlar deməli, mübahdır. Necə yəni, Allaha inanıb onu təbliğ edirsən, mən inanmayıb, inancımı, inancsızlığımı, nəyimisə təbliğ edə bilmirəm? Xeyir ola?

Dindoş yazar-şair görəndə birmənalı rədd edirəm. Oxumuram. Ədəbi düşüncəyə dini bulaşdırmağı düzgün saymıram. Görürsən ədəbiyyat adamı keçir dini təbliğata. Ürək bulandırıcı deyilmi?

Mən özüm aqnostikəm. Bəlkə nə vaxtsa dinə münasibətim dəyişər. Amma ədəbiyyata münasibətdə belə olsun istəmirəm.

Dini inanclarımı Qərb romanları və ələlxüsus Sartrın “Sözlər” povesti ilə tanış olandan sonra itirdim. Sartr məni “böyük yuxu”dan oyadanım oldu.

Sartrın şah əsərlərindən sayılan povest avtobioqrafikdir. Üstəgəl, müəllif insan hisslərini elə ümumiləşdirib ki, əsər yazıçılığa marağı olan istənilən oxucuya bioqrafik təsir bağışlayardı. Bu təsirdən yayınmaq çətindir, fikrimcə. Bəs mənimçün illuziya harda başladı?

Təhkiyəçinin ətrafı ilə öz ətrafım arasında oxşarlıqlar tapdım. Balacaykən oxuduğu kitablar mənimkilərlə üst-üstə düşdü. Bir də öncəgörənlik etməzmi? Gələcəkdən danışdığı yer var. İl adı çəkir. İki min on neçə. Adamın dili tutular, gözü bağlanar. Özü də oxucuya bu cür səsləndiyi hissələr var: Sən!

Belə bədii manevrlərlə təzə tanış olan biri təsirlənməsin, neyləsin?

Bir sözlə, çox təəccüblənmişdim. Əsəri reallıq, Sartrı peyğəmbər kimi qəbul etmişdim. O, mənlə danışır, mesajlar verirdi.

Nəhayət, ayıldım! Özümü necə qapdırmışam.

Mən dini inanclarımı da bu cür analiz eləməyə başladım. Vaxt keçdikcə onların da illuziya və bədii atmosferdən fərqi olmadığı qənaətinə gəldim. Beləcə, bir zamanlar dinə yox, elə əfsanələrə, mifik mətnlərə, yəni ki, Sartrın əsərində olduğu kimi, yenə də ədəbiyyata aldanmışam. Xəyalı həqiqət sanmışam.

Amma daha fərqli bir nüans var. Hərdən əski dostlarla görüşlərdə eşidirəm, deyirlər, bir gün yuvana dönəcəksən. İnsan əvvələ qayıdır. Qaçışın yoxdur.

Geri dönməkdən qorxmuram. Ehtiyacım olanı axtarıb tapmaqda səmimiyəm. Amma dini inanclar nə qədər yetərlidir axı bu gün?

Dayaq nöqtəsi verin ki, dünyanı yerindən oynadım! Arximedin bu dayaq nöqtəsi mənəvi dayaq kimi simvolizə oluna bilər. Bizim bir mənəvi dayanacağımız, sığınacağımız olmalıdır. Bu mənada din yaxşı alternativ kimi görünür. Xüsusən, yaşı ötmüş adamlara.

Dostumun qorxusu budur ki, nə zamansa biz də zəif düşər, yenilərik, dini düşüncələr ya mistika qarşısında. Açığı, demək çətindir. Ola bilər. Amma beləsini arzu etməzdim.

İnsanın həyat şəraiti, psixoloji durumu və s. dini meyillərini formalaşdırır bəlkə? Məncə, əsas səbəb yaxşı yaşayıb-yaşamamaqdır. Düzdür, bəzi ənənələr var, onlar həmişə duracaq. Məhərrrəmlik, Qurban, Ramazan... Amma bir ədəbiyyatçıya əsla bulaşmamalıdır din. Çünki o, obyektivliyini itirə bilər. Sosrealist ədəbiyyat hara düşdü? Zibil qutusuna. Mən istəməzdim bizdə də xəstə düşüncəli adamlar ədəbiyyatla məşğul olsun.

İstanbulda keçirdiyim dörd gün məndə bir az köhnədən qalma, bir az da yeni, təptəzə bir arzu oyatmışdı: “Keşkə səhəri Avropada kilsə zənginə oyanaydım”. O qədər azan səsi eşitmişdim İstanbulda, dəli olmuşdum. Məndə belə bir duyğu da var. Bir az Qərb filmlərindən gəlir. Yəni, kilsə zınqorovu filan istəyirəm. Çünki azan səsi qulağımı yağır edib.

Bizdə dindən hekayələr yazan gənclər çoxdur. Biri elə özüm. Yazdığımı danmıram. Amma diqqət etsək, çoxumuz xristianlığa maraqlıyıq. Mən bunu belə başa düşürəm. Biz hər şeyi Qərbdən mənimsəyirik. Hüuquqlarımız, geyimlərimizdən tutmuş ədəbi düşüncəmizə qədər. Din istisna olsa, gülməli görünərdi.

Əziz dost! Məncə, başımız hələ ki, yerindədir. Ağla qaranı ayırmaq iqtidarındayıq. Ona görə narahat olmalı şey yoxdur. Onsuz da dinlə prinsipə girməmişik. Əgər bizimki saxta tamaşadırsa, dünəndən məğlubuq.

# 2514 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #