Çirkin qız və qara xoşbəxtlik – Müşfiq Şükürlünün hekayəsi

 Çirkin qız və qara xoşbəxtlik – Müşfiq Şükürlünün hekayəsi
13 yanvar 2020
# 12:53

Kulis.az Müşfiq Şükürlünün “Çirkin qız və qara xoşbəxtlik” hekayəsini təqdim edir.

Gözləri qamaşır və günəşin yerini dəqiqləşdirə bilmir. Hə, bu baş gicəllənməsidir. Amma tez də keçib gedir. Hava o qədər də isti deyil, hətta sərindir, lap cənnətdir bura. Günəş də səma kimi açıqdır, bir az da ağarıb, açıq yumurta sarısı kimi. Günəş göyün ortasından üfüqə sarı sürüşüb və ona diqqətlə baxanda - gözlərini qıyıb səmanın bağrına işıqlı, soluxmuş ləkə kimi yapışan balaca kürənin içində itib-batanda, elə bil, yerini dəyişir; gah aşağı düşür, gah yuxarı qalxır, sənlə şirin-şirin oynayır. Başı gicəllənir, deyəsən. Arxası üstə yerə sərili olmasa, yəqin, gözlərini göyə zilləməz. Onları bağlayıb, tez də açır. Bu dəfə günəşin dayandığı, durduğu yeri müəyyənləşdirib rahatlayır. Günəş gül buketinə bənzəyən bir parça dolğun, qara buludun üzərində soluxub durur. Qıza baxır. Elə bil, səmaya qarışıb. Amma itmir. Qız göz qapaqlarının arasından bir az çətinliklə izləməyə çalışsa da (başı gicəllənir axı), günəş rahat- rahat süzür, saralır, işıldayır.

Yox, bugün o xəstələnib. Rəngi heç yaxşı görünmür. Qızın da başı gicəllənir. Çox güman, rəngi də saralıb. Qaşlarını yuxarı çəkib kirpiklərinin arasından məhzun- məhzun baxır. Ürəyinin quruyub yapıxmış dodaqlarını güclə bir- birindən qopardıb köksünün altındaca danışır.

- Günəşim! Mənim vəfalı günəşim! Bu gün niyə bu qədər yorğunsan? Ürəyim titrəyir. Məni isidəcək bir kəlmə söz de.

Günəşin düz xətt kimi sarımtıl çıxıntıları onun kirpiklərinin ucunda qızılı bərq vurur. Amma bu da ürəyini isitmir. Günəş danışmaq istəmir. Yenə göyün his bulaşmış bozumtul buludlarına qarışıb gözlərini qızın üzündən çəkməyə çalışır. Yox. Onun gözləri yoxdur axı. Bu, iri, nəhəng, sarı bir göz bəbəyidir.


- Günəşim, bax çirkinləşirəm günü-gündən. - Əllərini yamyaşıl yoncanın üzərində gəzdirə-gəzdirə onun köklərinə, diblərinə toxunub barmaqlarını torpağa keçirir. Bir az da soyuqluq hiss etsin, günəş ona acısın deyə. – Bilirsən. Mənim üzüm həmişə çirkin olub. Oğlanlar baxmayıb üzümə. Bilirsən, danışmışam sənə. Görmüsən həmişə. Mən gülümsəmişəm sənin kimi, diqqətlə baxmışam onların gözlərinə. Heç nə tapmayıblar məndə. Gözlərimdə mənalı heç nə tapmayıblar, günəşim. “Bəbəklərinin işığı rəngsiz olsa da, güzgü kimi təmizdir” – demisən mənə. Heç kəs görməyib axı bunları, heç kəs xəbərdar deyil. Mənim bədənim həmişə bir dəri, bir sümük olub, həmişə də belə arıq, tifil, çəlimsiz olacam. Nə ələ, nə bədənə, nə ürəyə yatmayacam. Heç kəs də baxmayacaq mənə, günəşim. Üzüm əcaib, çirkin olacaq həmişə. Sevməyəcəklər məni. Bax, bircə saçlarım sevindirir məni. Qalın, qara, uzun saçlarım. Onlar işıldayır axı. Od yağır onlardan. Qara, işıqlı, ehtiraslı od! Bircə onlar ürək oynada bilər, isidə bilər kiminsə könlünü. Amma ehtirasla, vəhşiliklə baxan gözlər də tapa bilmirəm. Sevgidən ümidimi üzmüşəm. Axı mənim yaşım da az deyil, iyirmi beşi yeni adlamışam. Qoy lap əfəl olsun, amma atılsın üstümə, bax elə indicə yesin, parçalasın məni. Xəyala bax, mənim günəşim. Yorğunam, görürsən? Ürəyim yorulub artıq hər şeydən. Məni qınayırsan, hə? Niyə axı? Heç vaxt sevgisiz heç nə istəməmişəm, bilirsən. Amma artıq içim də eybəcərləşib. Axı neynirəm bu bədəni, nəyimə lazımdı?! Nə edim ürəyimi?

Günəş buludaların arasında bir balaca itir. Gizlənib çıxır. Sonra yavaş-yavaş qızarır.

- Danışmaq istəyirsən mənlə, hə? De görüm, qadınlar gözəl olanda necə olur, necə yaşayırlar? Onlar da sevilmək istəyir, bilirəm. Amma mənim kimi yox. Mənim kimi yoxluğa, heçliyə ümidi qalmayan, xəyalı çəkilib gedən qadın tapa bilərsənmi, günəşim? Yorğunam, sarı bəbəyim. Mənim kimi əzab çəkən qadın tapa bilərsənmi?

Yəqin ki, bayılır. Qəfildən başı möhkəmdən gicəllənir. Günəş də, göy də, yer də yerini dəyişir. Əlləri yaş torpağın içində yerə basdırılmış quru budaq kimi əyilib qalır. O, indi tamam başqa yerdədir. Hər şey ağappaqdı. Sonra həmin işıqlı, ağappaq heçliyi də keçib gedir...

İndi, yəqin ki, o xəyal qurur. Buna yuxu da demək olar. O hardadır? Bunu demək isə çətindir. Hələ ki ətrafında heç nə yoxdur. Bu çirkin qız nə qədər şirinləşib. Üzündə bir cizgi də dəyişməyib: həmin dik, bir az da donqar burun, tarıma çəkilmiş seyrək qaşlar, üzüm yarpağının ayası kimi nazik dodaqlar və üzünün sümüyünə yapışmış dərisi. Bu dəri necə də şirinləşib. Elə bil, aydınlanıb, onlara işıq gəlib. Uzun saçları belinə yaslanıb durur və bir az da dolğunlaşıb.

Budur, bir meşə görünür. Onun saçları kimi qalın, isti meşə. Bu hansı fəsildir? Yəqin ki, yaz da deyil. Amma hər şey qızın gözlərindəki güzgü təmizliyini andıran işıq kimi təravətli və ifadəsizdir.

Meşənin dərinliyinə üz tutub gedir. Əynindəki paltar (bu, çəhrayı don da ola bilər, ağ rəngdə ipək köynək və şalvar da) elə də gözəgəlimli deyil, amma hər şey kimi bu paltar da ürək oxşayacaq qədər şirindir.

- Ey... Günəşim, hardasan? Sarı bəbəyim, mən çatmışam, burdayam.

Ağacların yarpaqları ona toxunmur, onlar nə qədər yüksəkdədir. Yəqin, uçsa da çata bilməz bu ağaclara. Və budur, açıq, geniş bir düzənliyə çıxır. Günəş apaydın görünür. Hər yer sapsarı otdur. Kənarda, lap təpəyə çataçatda qurumuş, palçıq göl var. Qızın meşəlikdən çıxdığı tərəfdə isə açıq düzənin ortasına sarımtıl-yaşıl yonca gömgöy göyərir. Həmin yerdə alçaq, balaca, kövrək bir ağac qanadlarını açıb səmaya yüksələcəkmiş kimi durur. Yarpaqları, budaqları enli və dolğundur.

Qəfil yalın, kəhər at ağacın dibində burnunu yerə dirəyib fınxırır.

- Günəşim, çatmışam. Hardasan? Bax gəlmişəm. Eyyy... Sarı bəbəyim, burdayam!

Qız var gücüylə bağırır. Səsi gölü də, dik, enli təpəni də adlayıb keçir. Ona elə gəlir ki, sarı çəmənliyin içinə atılsa, birdəfəlik yoxa çıxar, üzüb sonsuzluğa qovuşar. Qız yeridikcə ot qurşağına qədər gəlib çatır. Başqa nə cür düşünə bilər ki!

Günəş axır ki dillənir.

- Burdayam. Gölün yanına gəl.

Bu səs, elə bil, quyunun dibindən çıxır. Amma göy də, yer də danışır bu vaxt və “burdayam” sözü otların üzəriylə addımlayan qüvvətli küləyi ehtirasla qabardır. At bir də fınxırır. Bu dəfə iri, gözəl başı səmaya baxır.

Qız, sanki, uçur, qanadlanıb uçur. Sevinc üzünü bürüyür. Gözləri su kimi durulur. İndi, baxan deyər, bəbəkəri qapqaradır və günəş onları oxşayıb öpür. Ətrafa lap uzaqdan da seçilən qəribə parıltı yayılır. Külək isə saçlarında oynayır, nəfəsini dərib qızın yatımlı beli və qəşəng çiyinləri ilə saçları arasında zərif boşluq yaradır. Qız ağaca yanaşır. Və o getdikcə at da tərpənir. Kəhər at gölə doğru gedir. Qız şıltaq bədəniylə ağacı salamlayıb atın arxasınca qaçır. Sevinc, xoşbəxtlik üzündən niyə çəkilmir, görəsən? Onun saçları atın boynunda qanadlanan qara xoşbəxtlik kimi küləyin əksinə doğru havada uçuşur və elə dərinliyə, boşluğa sarı qaçır ki, onları görməmək mümkün deyil...

Lilli, palçıqlı gölün kənarında sükut saçan ağappaq bir at görünürdü.

# 6171 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #