İçib özünü “Ostankino”dan atmaq istəyirdi

İçib özünü “Ostankino”dan atmaq istəyirdi
1 may 2013
# 11:32

Layihə-“Başıma gələnlər”

Yeseninin anadan olduğu Ryazan şəhərinin Konstantinov kəndindən Vladimir (Volodya) adlı bir şair də bizimlə birlikdə oxuyurdu. Bu sarışın, yaraşıqlı oğlan gözəl şeirlər yazırdı. Ancaq Volodya araq içib dəmlənəndə intihara meylli olurdu. Bir dəfə institutun rəhbərliyi tərəfindən təşkil olunmuş gəmi gəzintisində Volodya özünü suya atdı. Xilasedicilər onu sudan birtəhər dartıb çıxartdılar.

Bir dəfə də sevdiyi qızla (Volodya tələbə yoldaşımız Sveta ilə birgə yaşayırdı) mübahisə edərkən yataqxananın dördüncü mərtəbəsindən özünü aşağı atmışdı. Xoşbəxtlikdən ağacın budaqları onun yerə bütün sürəti ilə düşməsinin qabağını almışdı. Volodya möhkəm əzilsə də sağ qalmışdı. Bu hərəkətlərinə görə ləzgi Əbdül onun adını “Prıqun” (“Tullanan”) qoymuşdu.

Yataqxanamız, yuxarı mərtəbəsində restoran olan məşhur Ostankino teleqülləsinin yaxınlığında yerləşirdi. Günlərin bir günü yığılıb bir yerdə yeyib-içəndə Volodya əlini teleqülləyə tərəf uzadıb dedi ki, gəlin, yığışıb bir dəfə də oranın restoranına gedək. Birinci Əbdülü gülmək tutdu. Əbdülün nəyə görə güldüyünü anlayıb hamımız güldük. Volodya çaşıb qalmışdı: yəni gülməli nə var ki?!

Əbdül dedi, oğlan, daha belə nömrən keçməz, gedib orda yeyib-içərik, axırda özünü qüllədən yerə tullayarsan. Volodya da bizə qoşulub güldü. “Yaxşı, məni dolamayın”-dedi. Əbdül zarafatını davam eləyib dedi ki, sənə orada qonaqlıq verərəm, ancaq belim səndən bərk deyil, birdən beynin qızdı, özünü atdın aşağı, Svetaya nə cavab verərik? Volodya dedi, Əbdül, təki sən orda qonaqlıq ver, söz verirəm, özümü atmayacam. Sveta yanımda olmasa, mən özümü heç yerə atmaram.

Sonra mən soruşdum ki, Volodya, doğrudan bu nə adətdi, hardan gəldi özünü atırsan, ölməkdən qorxmursanmı? Volodya gülüb dedi, doğrudan da deyəsən, bu, məndə adət halını alıb. Orta məktəbdə (orta məktəb deyən kimi mən Əbdüllə qarnımızı tutub gülməkdən yıxıldıq, deməli, onun tullanmağının “qədim” tarixçəsi varmış) İra adlı bir qızı sevirdim, ancaq kopaqqızı məni sevmirdi. Ona şeirlər yazıb göndərirdim, heç birini oxumurdu. İranı başqa bir kəndçimiz də sevirdi. Bir dəfə rəqibimlə dalaşdım, o da məni döydü. Məni pisikdirmişdilər, ancaq yenə İraya şeirlər həsr eləyib gitarada oxuyurdum. Bəstələdiyim mahnıları kənddə uşaqlar da gitarada oxuyurdular.

Bir gün İranın qarşısını kəsib dedim, o heyvərə kimdi, onu sevirsən, məni niyə sevmirsən. İra məni sinəmdən itələyib evlərinə tərəf qaçdı. Onda 9-cu sinifdə oxuyurdum. İranın bu hərəkətindən təsirlənərək məktəb binasının damına çıxıb oradan qışqırdım, əgər İra məni sevməsə, özümü burdan atacam.

Məktəbin bütün müəllim-şagirdi yığılışıb aşağıdan mənə baxırdılar. Məktəbin direktoru qadın idi, aşağıdan bar-bar bağırıb əmr edirdi ki, tezcə aşağı düşüm. Baxdım ki, toplaşanların arasında İra yoxdu. Gözlərimi yumub özümü aşağı tulladım. Ayağımın biri sındı. Müəllimlər yığıncaq keçirib mənə töhmət verdilər.

Ayağım gipsdə olduğuna görə evdə yatır, məktəbə gedə bilmirdim. Bir gün qəfildən İra bizə gəldi, saçımı sığallayıb dedi ki, mən səni sevirdim, ancaq dilimə gətirib deyə bilmirdim.

Volodya bunu danışanda Əbdülü yenə gülmək apardı. Ancaq mən Volodyanın bu uşaqlıq xatirəsindən çox təsirləndim, gülə bilmədim...

# 3259 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #