Skeletdən gözlər sallanırdı

Skeletdən gözlər sallanırdı
29 aprel 2014
# 08:00

Yuxularım-2

Gördüm, harasa bir çöllükdü, otlar təzəcə göyərməyə başlayıb, deyəsən dağətəyi bir yerdəyəm. Baxdım ki, yanımda bir qarışqa yuvası var, yuvanın ətrafına yumşaq un kimi torpaq səpələnib. Fikirləşdim ki, yaz gəlib, günəş yeri qızdırıb, yəqin qarışqalar təzəcə çölə çıxır. Gördüm, qarışqalar yuvanın çölündə qaynaşıb çalışır, nəsə iş görürlər. Gördüm, bu kövrək yuvanın üstündən hərdən adamlar gəlib keçir. Bilmirəm mən haradayam, hansı formadayam, ancaq gördüm, gəlib keçən adamların ayaqqabılarının altı görsənir mənə. Adamlar yuvanın üstündən keçdikcə həyəcanlanıram, deyirəm, vay-vay-vay, indicə ayaqlayıb yuvanı dağıdacaqlar, bu yazıqların əməyi bircə andaca puça çıxacaq. Bilmirəm, adamlar mənə niyə bu qədər nəhəng görünür, elə bil mən də qarışqa kimi aşağıdan baxıram.

Gördüm, yuvanın ətrafını hamarlayan iki qarışqa söhbət eləyir. Biri o birisinə deyir:

“Bu adamlar niyə bizim yuvamızı ayaqlayıb uçurur, daha yuva düzəltməkdən bezmişik. O gün də neçə qarışqanı qəsdən ayaqlayıb öldürüblər. Bu nadanlar deyəsən, özlərini çox güclü sanırlar. Elə bilirlər bunlara heç kimin gücü çatmaz. Xəbərləri yoxdu ki, bizim onlara yazığımız gəlir”.

Qarışqaların bu söhbətinə qəlbim ağrıdı. Fikirləşirdim ki, gör bunlara nə qədər zülm edirlər ki, acıqca “insanlara yazığımız gəlir” deyirlər. Bu sözlər vəhşi insanların əlində əlacsız qalan balaca canlıların son çarəsizliyinin ifadəsi idi.

Bu zaman o biri qarışqa həmsöhbətinə belə dedi:

“Hə, artıq bunların əlindən boğaza yığılmışıq, dünən məsləhət oldu ki, böyüklərdən çağıraq.”

Bu biri qarışqa təlaşla: “Doğrudan? Nə pis oldu bu! Gəlib yazıq nadanları qırıb tökəcəklər ki!” - dedi.

O birisi həvəslə əlavə elədi:

“Artıq dünən başçımız internetlə məlumat verib. Nəhənglərin inboksuna da yazdı vəziyyəti. Dedilər, bu gün axşamüstü ikisi gələcək!”

Məni maraq bürüdü, görəsən, bunlar nə sayıqlayır. İstədim yuxudan oyanıb qarışqaların bu miskinliyini eşitməkdən və görməkdən canımı qurtarım. Birdən fikrimi duyan qarışqalardan biri mənə:

“A kişi, sən nə fikirləşirsən, oyanmaq-zad nədi? Uzan arxasına bax ee, bu yuxunun! Gör hələ nələr olacaq!”

Məni maraq bürüdü və yatmağa davam elədim.

Gördüm, qarışqalardan soruşuram: “Necə olacaq ki, guya bunun axırı? Kiminiz var, kim gələcək?”

Qarışqanın məlumatlı tayı dedi:

“Artıq vaxtdı, indi başqa planetdən iki nəhəng qarışqa gələcək, heç yana getmə, oyanma, uzan bax!”

Mən onların bu gopuna qulaq asmaq istəmirdim, ancaq nə qədər çalışsam da oyana bilmədim. Bir də gördüm gurultu ilə yuxarıdan dalbadal nəhəng aparata bənzəyən iki canlı endi. Eynən fantastik kinolardakı kimi, ətrafı toz-duman bürüdü. Baxdım, bunlar nəhəng təyyarə böyüklüyündə qarışqalardı. Mən onların barmaqlarından da balacayam.

Gördüm, nəhəng qarışqalardan biri düşən kimi dərhal ətrafdakı adamlardan birini tutdu, bircə saniyə ərzində ətini sorub yedi və sümüyünü salamatca yerə qoydu. Adamın yalnız skeleti, bir də gözləri qaldı. Dəhşətlisi də bu idi ki, əti sorulan adamın heç qışqırtısını da eşitmədim.

Yuxuda mənə məlum oldu ki, sən demə, gələnlər adamın ətini sormazdan əvvəl onun üstünə keyləşdirici ağız suyu püskürdürlərmiş.

Gördüm, nəhənglər qarşısına keçən adamların ətini sümürüb gözü üstündə skeletlərini yan-yana düzür. Onlar irəlilədikcə mənzərədən dəhşətə gəlmiş adamlar bağırışaraq ora-bura qaçırdılar. Gəlmələr bəzən qaçanları soraraq özlərinə dartır və ətlərini sümüklərindən ayırıb ləzzətlə sümürürlər.

Mən bu dəhşətin davamına baxmamaq üçün yuxudan ayılmaq istəyirdim, ancaq ayıla bilmirdim.

Qorxunc skeletlərin üstündəki gözlərin arxası daha qorxunc görünürdü. Müxtəlif rənglərdə olan qanlı damarlarla qafa sümüyündəki yalaqlara bağlanmış qorxunc gözlər sağa-sola boylanırdı. Bu hadisədə bir qəribə işin də şahidi oldum. Bu nəhəng qarışqalar ətini sümürdüyü insanların bədənindəki nakolka yerlərinə də dəymirdilər. Bəzi skeletlərin üstündə bərəlmiş gözlərlə bərabər biləklərində, sinələrində, yaxud çiyinlərində müxtəlif nakolkalı ət tikələri qalırdı. Gördüyüm nakolkalarda əsasən, “ana”, “ata”, “Qafqaz” sözləri, ortasından ox keçmiş ürək şəkilləri vardı. Bu ət tikələri səyriyərək tərpənir, üstündəki şəkil və yazıları canlandırırdı.


Maraqlı idi, nəhəng qarışqalar məni niyə yemirdilər. Bilmirəm, kimdən soruşdum, hardan bildim ki, sən demə, onlar yalnız balaca qarışqaları incidənləri seçib yeyirmiş. Gördüm, fikirləşirəm, görəsən, mən ömrümdə heç qarışqa öldürmüşəmmi? Canıma bir qorxu düşdü, əlbəttə öldürmüş olaram. Bu zaman mənə haradansa agah oldu ki, bu nəhənglər bilərəkdən, qəsdən qarışqa öldürənləri sümürürlər. Mənə bu fikir çatdıqdan sonra sakitləşdim.

Birdən yuxunun ən dəhşətli yeri başladı. Gördüm, kəllə sümüyündə gözləri sallanan, üstündə nakolkalı ət parçaları səyriyən skeletlər bağırmağa başladılar. Gördüm, müxtəlif qadın, kişi səsləri, tükürpədici ah-nalələr biri-birinə qarışıb.

Mən dəhşətli yuxudan canımı qurtarıb ayılmaq istəyirdim. Ancaq fikirləşirdim, bəlkə bu heç yuxu deyil, həqiqətdi. Onda necə ayıla bilərəm? Sonra gördüm ki, bu yuxu deyilmiş, həqiqət imiş. Fikirləşirdim, bu nə dəhşətdi, insanların ah-naləsinə nə qədər qulaq asacam? Nolaydı, gördüklərim yuxu olaydı, kaş yuxu olaydı! Ayılaydım, sevinəydim ki, gördüklərim yuxu imiş. Əzab çəkən insanların səsini eşitməmək üçün qulaqlarımı tutub su altına girdim.

Bir də gördüm, nənəm məni silkələyib oyadır: “Dur-dur, gör, nə gözəl qar yağıb!”

# 2995 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #