Ağamalı Sadiqin erməni əsiri

Ağamalı Sadiqin erməni əsiri
15 mart 2013
# 15:00

1-ci hissə

Qazax rayonunun Kəmərli, Qaymaqlı və Asdanbəyli kəndlərinin üçü bir yerdə “İncə dərəsi” adlanır. Bakıda və Sumqayıtda məskunlaşmış incəlilərin hansını tanımışamsa dərhal dostlaşmışam. Dəmirçioğlu Məmməd də İncədəndi, ancaq bu üç kəndin hansındandı, onu heç soruşmamışam.

Bildiyiniz kimi, Koroğlunun dəlilərindən biri olmuş Dəmirçioğlu təxəllüsünü ona böyük şairimiz, milli azadlıq hərəkatının öncüllərindən biri, mübariz insan Ağamalı Sadiq verib.

Məmməd Dəmirçioğlunu çoxdan tanıyıram, elə tanış olandan da onunla dostuq. Ümumiyyətlə, Məmməd bəyin elə bir xarakteri var ki, tanıyanların hamısı onu özünə dost bilir. Dəmirçioğlu qədər çoxlu dostu olan ikinci bir adam ağlıma gəlmir.

Mən indiyə qədər Dəmirçioğlunu əsəbiləşən, kiməsə acıqlanan görməmişəm. Adam onunla özünü çox rahat, azad, xoş hiss eləyir. Onunla söhbətə girişi 90-cı illərdə olmuş maraqlı bir əhvalatla açmaq istəyirəm. Dəmirçioğlu bu əhvalatı Ağamalı Sadiqin anım günündən dönüb rəssam Qafar Sarvəllinin emalatxanasında keçirdiyimiz məclisdə söyləmişdi.

Demək, 90-cı illər, Göyçəlilərin sürgün olunan, Bakının çalxalanan, ermənilərin və rusların Azərbaycandan qaçhaqaç vaxtlarıdı. 8-ci mikrorayonda yaşayan Ağamalı Sadiq gecənin bir vaxtı Məmməd Dəmirçioğluya zəng eləyib deyir, təcili bizə gəl, erməni tutmuşam.

Dəmirçioğlu deyir, tez bir taksiyə oturub Ağamalıgilə gəldim. İçəri girəndə gördüm, əlində tapança tutan Ağamalı, təxminən 40-43 yaşlarında olan bir erməni kişisini stula bağlayıb, stolun üstündə də araq, yemək-içmək! Məni içəri alan kimi qolu bağlı ermənini göstərib dedi, bu oğraşı şəhərdən tutmuşam, Bakı ermənisinə oxşamır, deyəsən, kəşfiyyatçıdı.

Dəmirçioğlu deyir, erməni məni görən kimi yalvardı ki, ara, qardaş, noolar, bu dostuna de, məni buraxsın, balalarım var, yazığam, öldürməsin. Düzü, qarşımdakı nə qədər düşmən olsa da bu adama yazığım gəldi. Ancaq Ağamalının qəzəbindən, sifətindəki nifrətdən, tapançadan hiss edirdim ki, vəziyyət çox ciddidi. Ağamalı dedi, otur, yüz-yüz vuraq. Mən stol arxasına keçdim, ancaq bir gözüm bu yazıq ermənidə qalmışdı. Biz içəndən sonra Ağamalı yenə ayağa durub, tapança əlində otaqda var-gəl eləyərək erməniyə meydan oxudu:

- Ayə, bu kopayuşağı sazımızı da əlimizdən alıb. Bayaq saz çalıram, bu oğraş deyir, ara, qardaş, nolar, ver, o sazı mən də çalım. Dedim, əə, sən saz da çala bilirsən? Demək, sən Bakı ermənisi deyilsən, şpionsan! Əə, oğraş, bakılı havaxdan saz çalıb? Sən Göyçə ermənisisən, burda təxribat törətməyə gəlmisən!

Erməni bu yerdə səhvini düzəltməyə çalışdı. Dedi, ara, qardaş, mənim atam Göyçədəndi, evimizdə həmişə saz olub, atam yaxşı saz çalan idi, vallax, mən sazı ondan öyrənmişəm. Erməni bir az da yaltaqlanıb, saz mənim canım-ciyərimdi, dedi.

Ağamalı üzünü mənə tutub:

- Gördün, gördün bunların oğraşlığını? Sazı da əlimizdən almaq istəyirlər, gördün?

Dəmirçioğlu deyir, mən bu dəfə cəsarət eləyib dedim, a bəy, erməninin saz çalmağının nəyi pisdi ki, çalırlar, daha yaxşı.

Ağamalı üstümə təpindi:

-Ayə, qandığın elə budumu? Göyçəni aldılar, indi də gözləri Qarabağdadı! Bir azdan bütün dünyaya səs salacaqlar ki, saz da erməninindi, onda neyləyəcəksən, haaııyy?

Mən başımı aşağı salıb heç nə demədim. Ağamalı tapançanı erməninin gicgahına dirəyib soruşdu: “Əə, oğraş, de görüm, Bakıya nəyə gəlmişdin?” Qolubağlı erməni yenə yalvardı: “Ara, qardaş, vallah-billah, mən Bakı ermənisiyəm, burda doğulmuşam, burda yaşamışam, Azərbaycan da mənim vətənimdi, noolar, buraxın məni çıxım gedim o xaraba Ermənistana, sizə söz verirəm, bir də buralara qayıtmayacam”.

Dəmirçoğlu deyir, açığı, erməniyə yazığım gəlirdi, fikirləşirdim, bu yazığın nə günahı var, ruslar iki qonşu milləti bir-birinə qırdırır, sən bax ki, Ağamalı kimi bir şairi də qaniçənə döndəriblər.

Bu arada baxdıq ki, şüşənin dibində bir az araq qalıb. Ağamalı tapançanı dabana çəkib mənə uzadaraq:

- Tut bunu, mən aşağı düşüb araq alıram, bu oğraş oyan buyan eləsə düz kəlləsinə atarsan!”- dedi və evdən çıxdı.

Dəmirçioğlu deyir, ömrümdə ilk dəfə idi əlimdə tapança tuturdum. Bu zalım oğlu da silahı dabana qoymuşdu. Ağamalı otaqdan çıxan kimi, tapançanın əlimdə açılmağından qorxub, silahı ustufca stolun üstünə qoydum. Erməni mənim humanist olduğumu duyduğundan stolda çırpınaraq yalvardı ki, ara, qadan alım, o gələnə qədər məni aç, burax! Erməniyə dedim, qorxma, öldürməyə qoymaram, ancaq o gəlməmiş səni buraxa da bilmərəm. Erməni əlacsız halda dedi, onda mənə yüz qram araq ver. Mən şüşənin dibindəki arağın hamısını stəkana süzüb öz əlimlə qolubağlı erməniyə içirtdim, üstündən də ona bir dilim xiyar turşusu verdim. Arağı içəndən sonra erməni yenə yalvardı ki, ara, qardaş, dostun gələndə deyərsən əl-qolumu açsın, heç olmasa ölüm ayağında bir saz çalım. Dedim, narahat olma, heç olmasa bu arzunu yerinə yetirərəm.

Bir azdan Ağamalı qoltuğunda iki butulka araq içəri girdi. Mən tez tapançanı əlimə götürdüm. Ağamalı soruşdu ki, mən olmayanda oğraş sənə nə deyirdi? Dedim, Ağamalı, səndən bir xahiş eləmək istəyirəm, bu bayaqdan mənə deyir, saz çalmaq istəyirəm, qaçası deyil ki. Gəl bunun əl-ayağını açaq, görək saz çala bilirmi. Ağamalı əvvəlcə mənə bozardı: “Ayə, sən bu ermənilərin şirin dilinə inanma, bunlar belədi, dara düşəndə yalvarır, özbaşına olanda qatilə dönürlər!” Dedim, Ağamalı, bu, o dediyin ermənilərə oxşamır, vallah. Ağamalı dedi, Məmməd, erməninin ağına da lənət, qarasına da!

Axırda Ağamalını yola gətirdim. Dedi, yaxşı, aç onun qolunu, görək, nə çalacaq.

Mən tez erməninin əl-qolunu açdım. Qolları kəndirdən azad olan erməni mənim əllərimi öpəndən sonra sazı götürüb köklədi. O, sazı köklədikcə Ağamalı mənə göz-qaş eləyib: “Gör, oğraşlar hər şeyimizi necə bilir!”- dedi. Nəhayət erməni sazı kökləyib bir “Divani” havası çaldı. Mən onun bu ifasından qəribə hislər keçirdirdim, ilahi, bu nədi, düşmənim mənim ruhumu necə tərpədir?! Mən bu vəziyyətdə ikən, birdən Ağamalını dəli bir gülmək tutdu və əlini erməni tərəfə uzadıb: ”Məmməd, tanış ol, bu mənim kənddə yaşayan kiçik qardaşım Alxandı!”- dedi.

Çaşqınlıq içində məni də gülmək apardı. Həm də sevindim ki, nə yaxşı bir erməninin xilası belə rahat həll olundu. Bir xeyli deyib-güləndən sonra dedim, ayə, Ağamalı, araq dalınca gedəndə, bəs demirdinmi, bunu vurub öldürərəm? Ağamalı gülüb dedi, Məmməd, mən bilirəm ki, sən nəinki elə-belə adamı, heç qatı düşməni də öldürə bilməzsən.

Bax, Ağamalı qardaşı ilə məni belə tanış eləyib. Sonralar Alxanla yaxın dost olduq.

Dəmirçioğlu bu əhvalatı danışdığı məclisdə Alxan da iştirak eləyirdi. Ondan xahiş elədik ki, “əsirlikdə” çaldığı “Divani”ni burada da ifa etsin. Alxan qalxıb sazı kökləyərək bir “Divani” çaldı. Həmin məclisdə bəlli oldu ki, Alxan komik bir aktyor imiş. O, kənddəki bütün adamların roluna girib xeyli kənd əhvalatı danışdı...

(ardı gələn yazıda)

# 4917 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #