Şərif Ağayarı təhdid edən qəhrəmanları

Şərif Ağayarı təhdid edən qəhrəmanları
25 aprel 2016
# 13:29

Adətən təzə tanış olduğun adamlar bu cür edir. Yazıçı olduğunu bilən kimi sual verirlər: “Həyatımı danışsam roman yaza bilərsən?”, “Mənim həyatım elə romandı, danışım yaz.” Dünyanın elə bir ölkəsi olmaz ki, yazıçıya belə sual verilməsin. Hətta uzaq Cibutidə də belə yazıçılar tez-tez bu cür suallarla qarşılaşırlar.

Əlbəttə elə insanlar var ki, onların həyatı həqiqətən roman olmağa layiqdir. Burası şəksizdir. Amma şəxsi müşahidəmə əsaslanaraq deyə bilərəm ki, o məlum sualı yazıçılara verənlərin bir çoxunun həyatı o qədər maraqsız, məzmunsuzdur ki, onlardan yazmaq istəsən iki cümləni keçməz: Doğuldu (filan tarix) – öldü (filan tarix).

Bəlkə özləri də bu həqiqəti bilirlər, ona görə bir az da yazıçı təxəyyülünə güvənərək həyatlarının roman olmasını istəyirlər. Yəqin bu da bir cür “zamana qalib gəlmək” cəhdidir.

Amma bəzən bu addım əks effekt verir. Hansısa real qəhrəman haqqında əsər yazırsan, ya da əsərində kimsə özünü görür, sonra buna etiraz edir, ondan bəhs etdiyin üçün narahat olur. Hətta məhkəməyə müraciət edənlər də olur.

Əsərin əvvəlinə “təxəyyül məhsuludur” yazsan belə keçmir.

Bu yaxında dostumuz Şərif Ağayarla bağlı oxşar hadisə oldu. Yeni çıxmış “Gülüstan” romanına görə yazıçının yerliləri, yaxın qohumları zəng edərək təhdid edirlər ki, nə üçün bizdən yazmısan? Halbuki, “Gülüstan” əsərində məkan şərtidir. Ola bilsin ki, Şərifin qəhrəmanları onun yerlilərinin, qohumlarının prototipləridir və ya aralarında bənzərlik var. Bu səbəbdən də ona etiraz edirlər. İnsanlar özləri haqqında mədhiyyə görəndə sevinirlər, mənfi cəhətlərinin yazıldığını görəndə isə dözümsüzlük nümayiş etdirirlər.

Ədəbiyyat tarixində bu cür hadisələr az deyil. Hardasa 6-7 il əvvəl “Gözlənilən bir qətlin tarixçəsi” əsərinə görə Qabriel Qarsiya Markes məhkəməyə verilmişdi. İddiaçılar da bilirsiniz kim idi? Santyaqo Nasarın, yəni baş qəhrəmanının prototipi Kayetananın qohumları.

Kayetana Markesin ailəsinin olduğu şəhərdə yaşayan cavan oğlan imiş. Barrankilya şəhərində oxuyan və “El Heraldo” qəzetində müxbir işləyən Markes gələcək həyat yoldaşı Mersedesdən bir cümləlik məktub alır: “Kayetana öldürüldü.”

Markes dərhal ailəsinə teleqram yazaraq hadisəni öyrənir: Kayetananı sevdiyi müəllimə qızın qardaşları bıçaqlamışdı. Qəzet üçün reportaj hazırlamaq məqsədilə öz şəhərinə gəlmək istəyən Markesə anasının reaksiyası sərt olur: “Bu hadisəni yazmayacaqsan. Ən azından Kayetananın anası Dona Julyeta ölənə qədər.” Çünki Dona Juliyeta Markesin qardaşlarından birinin xaç anası idi.

Anasının bu qadağası Markesi lap körükləyir. Üstəlik, Heminqueyin “Paris Revyu”ya müsahibəsində dediyi bir fikir onu cəsarətləndirmişdi. Jurnalistin “Real insanları roman qəhrəmanlarına necə çevirirsiz?” sualına Heminquey belə demişdi: “Bunu necə bacardığımı açıqlasam iftira işlərində vəkillər stolüstü kitab kimi istifadə edərlər.”

Yazıçı xatirələrində yazır ki, Kayetananın ölüm hekayəsini yazmasa heç vaxt sakit yaşaya bilməzdi. Amma anası icazə vermir.

Markesin anasının icazəsi 30 il sonra gəlir. Barselonaya zəng edib Qabitoya Dona Juliyetanın oğlunun itkisinə dözə bilməyib öldüyünü deyən anası bir şərtlə oğluna o hadisəni yazmağa icazə verib: “Kayetana mənim öz oğlummuş kimi davran”.

Bu hadisədən iki il sonra Markes nəhayət Kayetana haqqında olan əsəri tamamlayır: “Gözlənilən bir qətlin qısa tarixçəsi.” Yazıçının anası oğlunun o əsərini heç vaxt oxumur və bunu belə əsaslandırır: “Həyatda bu qədər pis olan bir hadisə kitabda heç vaxt yaxşı ola bilməz.”

Bundan sonrası da məlumdur. Kayetananın qohumları Markesi məhkəməyə verirlər.

Görünür, Markes real insanları roman qəhrəmanına çevirmək işində Heminquey kimi usta olmayıb.

Heç Şərif də...

# 1624 dəfə oxunub

Müəllifin son yazıları

# # #