- İnsan nə üçün yaşayır?
- Elə bu haqda düşünmək üçün.
E. M. Remark
Onun əsl adı Lüdviq Frezenburqdur. Amma oxucular və 1930-cu illərin Fransası onu doktor Ravik kimi tanıyır. Söhbət 20-ci əsr alman yazıçısı Erix Mariya Remarkın “Zəfər tağı” əsərinin qəhrəmanından gedir.
Remark 1898-ci ildə Almaniyanın Osnobryuk şəhərində anadan olmuşdu. Atası cildçi idi və Sveyqin, Tomas Mannın, Dostoyevskinin, Prustun, Hötenin yaradıcılıqları ilə maraqlanırdı. Hötedən başqa qalanları onun müasirləri idi. Sözsüz ki, bu qədər geniş və dərin mütaliə arealı olan bir adamın oğlunun gələcəkdə məşhur yazıçı olması məntiqi sonluq idi.
Remark yazıçılığa qədər bir çox peşə ilə məşğul olmuşdu. 1916-cı ildə Birinci Dünya Müharibəsində iştirak etmiş və yaralanmışdı. Bəzi məlumatlara görə Remark və Hitler müharibə meydanında görüşüblər. Bu fakt tam sübuta yetirilməsə də sonralar Almaniyanın bu iki ünlü siması düşmən oldu. Müharibə əleyhdarı Remarkın əsərləri yandırıldı, o, 1939-cu ildə İsveçrəyə, ordan isə ABŞ-a köçəsi oldu. Remarkın Almaniyada qalan bacısını onun üzündən edam elədilər. Remark 1952-ci ildə yazdığı “Həyat qığılcımı” romanını bacısına həsr elədi, “Zəfər tağını” isə 1945-ci ildə yazmışdı. Roman mühacirlərin həyatından bəhs edirdi.
Ravik almandır, ixtisasca həkimdir, iki yəhudinin qaçmasına yardım etdiyi üçün gestapo zabiti Haake ona işgəncə verib. Ravikin işgəncələrə dözməyən həyat yoldaşı isə lagerdə intihar edib. Ravik lagerdən qaçıb və mühacirlərin ən sevimli ölkəsi Fransaya gəlib. Pasportu və şəxsiyyəti təsdiq edən başqa heç bir sənədi olmadığı üçün Parisdə gizli yaşayıb, dörd dəfə deportasiya edilib. Hər dəfə yeni adlarla Parisə qayıdıb.
Mahir cərrah olan Ravik burada gizli şəkildə həkimlik edir, ən çətin təşrihlərin öhdəsindən gəlir. Onun həyatdan umacağı bir şey yoxdur. Qazandıqlarını içkiyə və qadınlara xərcləyir. Qismət olarsa bəlkə gestapo zabiti Haakedən qadınının, özünün və neçə-neçə işgəncə qurbanlarının qisasını almaq istəyir. Bu vaxt onun həyatına Joan daxil olur.
Joan özünü körpüdən atmaq istəyəndə Ravik onu xilas edir. Böyük roman beləcə başlayır. Deyilənə görə Joan Madu obrazında alman aktrisası və müğənnisi Mariya Ditrixin prototipini yaradıb. Remark Parisdə yaşayarkən faşizm əleyhdarı bu qadınla sevgi macəraları yaşamışdı.
Birinci Dünya Müharibəsindən sonra sivilizasiyanın zirvəsində dayanmış Avropa dərin depressiyaya düşdü. Buna dünyanı bürüyən iqtisadi böhran da təsir elədi. Avropa özünə gəlməmiş ikinci və daha böyük, daha sarsıdıcı müharibənin astanasında idi, bu dəfə müharibənin baiskarı, düşmən cəbhəsinin başında dayanan şeytanın özü idi. Bu dəfə Avropanı daha böyük fəlakət gözləyirdi. İnsanlar artıq rahat şəkildə qocalıb öləcəklərinə inanmırlar, onları qabaqda aclıq, yoxsulluq, xəstəlik, qəfil ölüm gözləyir. Buna görə də həyatdan bacardıqca çox bəhrələnməyə, qoparmağa çalışırlar, Müşfiq demiş “həyatdan kam alırlar”. Bütün Avropa doktor Ravikin diaqnozunu dəqiq qoyduğu xəstəliyə-nigarançılıq xəstəliyinə yoluxub. Steven Sveyq də elə buna görə intihar etmədimi? Dahi mütəfəkkir Avropanın göz görəsi məhv olmasına dözə bilmədi.
İlk baxışda “Zəfər tağı” qadın-kişi münasibətlərindən bəhs edən sadə, bulvar romanı təsiri bağışlasa da əslində belə deyil. Düzdür Raviklə Joanın və onlara daima yoldaşlıq edən sevimli içkiləri kalvadosun timsalında kişi və qadın münasibətləri aydın şəkildə canlandırılıb. Amma onların arasında keçən dialoqlar təkcə iki şəxsin dillənməsi deyil, həm də onların üzvləri olduqları cinslərin əbədi və əzəli mübarizələrinin stenoqrafiyasıdır.
Ravik qadınlar haqqında dahiyanə, aforistik fikirlər söyləyir. Onlardan bəziləri:
- Adam onlara (qadınlara) baxanda fikirləşir ki, görəsən təbiət sonradan kobudlaşdıracağı, saxtalıq, çirkab dolu həyatda öz gözəlliklərini itirəcəklərini bilə-bilə, bunları niyə belə zərif xəlq eləyib?
- Məhəbbət qadını ağıllandırır, kişini isə dayazlaşdırır.
- Qadına ya səcdə eləmək, ya da onu biryolluq atmaq lazımdır.
Janno Ravikin pasientidir. 13 yaşı var oğlanın. Maşın vurub. Ayağı kəsilməlidir. Təşrihdən sonra ayağının kəsilməsi xəbərini eşidəndə çox sevinir, buna görə doktor Ravikə təşəkkürünü bildirir. İndi sığorta şirkətindən daha çox pul ala biləcək, onu vuran maşının nömrəsini də götürüb. Janno şirkətin verəcəyi bahalı, avtomatlaşdırılmış protezi də satıb yerinə ucuzunu alacaq, kəsmət pulu ilə onu cəmləyib anası ilə süd dükanı açacaq, nəhayət firavan dolana biləcəklər. Janno pula süd dükanı açır, dükanında işləri qaydasında gedir, hələ üstəlik doktora dükanın məhsullarından sovqat da gətirir. Bədbəxt çocuq elə zənn edir ki, Ravik onun xahişi ilə ayağını kəsib, özünə qalsaydı heç kəsməzdi. Bu yaxında bir əlil kişi radioya müsahibəsində ağır şəraitdə yaşadığından böyrəyinin birini satmağa hazırlaşdığını söylədi, bəlkə həmən pulla dolanışığını düzəldə bilə. Bəlkə də çətin şəraitdə böyrəyi satmaq olar, böyrək bədənimizin içində olan, bir ya iki olduğunu bilmədiyimiz orqandı. Onun itkisinə birtəhər dözmək olar. Ayaq isə gözümüzün önündədi, könüllü ayağın kəsilməsinə razılıq vermək gərək yakudza olasan. Ya da həyatın o qədər ağır, yoxsul, faciəvi olmalıdır ki, sol ayağını yaşatmaq naminə sağ ayağını qurban verəsən.
Ravik vicdanlı həkimdir. O heç vaxt ədalət hissini itirmir. İmkansız xəstələrinə kömək edir. Növbəti təşrih elədiyi xəstə mühacirlərin işlərinə baxan məmur Levaldir. O Ravikin bir çox mühacir yoldaşının ölkədən xaric edilməsinə imza atıb, bəzi dostları isə xaric olmaq qorxusundan intihar ediblər. Onun öd kisəsini kəsib çıxaran Ravik neştəri bir az dərinə salsa, Leval əməliyyat stolundan bir daha ayağa qalxmayacaq. Lakin Ravik bilir ki, bununla sistemə qarşı çıxa bilməyəcək, Leval olmayanda onun yerinə daha betəri gələcək. Ravik onu sağaldır. Ravik küçədə tikintidə çatıdan yığılmış yaralıya yardım edərkən polisə düşür. Leval onun ölkədən xaric olmasına qərar verir. Xəbəri yoxdur ki, onu yenidən həyata qaytaran qarşısındakı miskin mühacirdir.
“Zəfər tağı”nda da “Əlvida silah”da olduğu kimi içki əsərin əsas komponentlərindən biridir. Qəhrəmanlar elə hey içir, içirlər. “Absent”, “Perno”, kalvados, “mortel” konyakı, nanə arağı, “Zubrovka” və başqa içkilərin adları tez-tez xatırlanır. Raviklə gizli tapşırıqla Fransaya gəlmiş Haake arasında restoranda belə dialoq olur.
- Bu nədir?- Haake soruşdu.
-“Perno”. “Absent” əvəzi.
-“Absent” barədə eşitmişəm. Fransızları kişilikdən salan o deyil?-Haake irişdi.- Bağışlayın, sizi nəzərdə tutmuram.
- “Absent” qadağandır. Bu da onun əvəzinədir, ziyansızdır. “Absent” adamı kişilikdən salmır, ancaq nəsil artırmağa qoymur, ona görə də qadağan olunub.
19-cu əsrdə isə absent Fransada yayğın içki idi. Şairlər, yazıçılar çox vaxt absent içirdilər. Fransanın iki böyük şairi Pol Verlenlə Artur Rembonun eşqlərini alovlandıran da məhz absent olmuşdu.
Nəhayət Ravik Haakedən qisasını alır. Müharibə isə qapıdadır. Daha qaçmaq da mənasızdır. Avropa od içindədir, hara getsən, hara qaçsan müharibədən, od-alovdan yaxa qurtara bilməyəcəksən. Almaniyadan qalxmış qara buludlar qanadlarını gərərək bütün Avropanı zülmətə bürüməkdədir. Elə qaranlıq ki, heç “Zəfər tağı” da görünmür. Deməli, mühacirət polisindən adını gizlətməyin daha mənası yoxdur.