Tehran Əlişanoğlu: “Müharibə əsərlərində Tolstoy yoxdu”

Tehran Əlişanoğlu: “Müharibə əsərlərində Tolstoy yoxdu”
19 fevral 2013
# 12:04

“Yazıçı-tənqidçi söhbəti”- LAYİHƏ

Kulis.az-ın suallarını tənqidçi Tehran Əlişanoğlu cavablandırır. Bu layihədən digər müsahibələri aşağıdakı linklərdən oxuya bilərsiz.

Elnarə Akimovanın müsahibəsi

Cavanşir Yusiflinin müsahibəsi

- Müasir tənqidin səviyyəsi barədə nə deyə bilərsiz?

- Ümumiyyətlə tənqid əsərlərinə söykənmək məsələsi Azərbaycan ədəbiyyatı üçün qəliz məsələdi. Çünki milli tənqidin yaşı da nəsrlə bağlıdı. Axundovun tənqidi əsərlərini yada salaq. Ondan sonrakı tənqid məktəbini xatırlayaq. Daha sonra 30-40-ci illərdə sosialist realizminin də özünə məxsus, onun qaydalarına tabe olan tənqidi məktəb yarandı. Bunun ustalarından biri kimi Kamal Talıbzadənin adını qeyd etmək olar.

Sosialist realizmi tənqidi isə artıq 60-80-cı illərdə yoxdu. Bu barədə mənim tədqiqat işim də var; “XX əsr Azərbaycan nəsrinin poetikası”. Orda mən 60-80-cı illər nəsrinin tənqidindən danışanda deyirəm ki, bu nəzəriyyə artıq sosialist realizminin aparıcısı kimi çıxış edirdi. Abraham Tes adlı dissident bir yazıçı var. O 60-80-cı illər, sosializm realizmi barədə deyirdi: “Bu o dövr idi ki, artıq sosializm realizmi yox idi, biz ancaq sosializm realizminin adı ilə oynayırdıq.” Artıq 60-80-ci illərdə necə ki, ədəbiyyatımız qərbin modern ədəbiyyatını və əsrin əvvəllərindəki romantizm ənənələrini mənimsəyərək gəlişməyə çalışırdı, burda artıq bizim tənqidçilərin rolu vardı. Məsəl üçün Yaşar Qarayev tənqidi artıq məktəb şəklinə düşürdü. 60-80-ci illərin tənqidçiləri həm də janrlar üzrə bölünmüşdülər. Deyək ki, Şamil Salmanov poeziyanın tənqidindən yazırdı, Akif Hüseynov daha çox milli tənqiddə gəlişirdi, Gülrux Əlibəyova daha çox estetik tənqidin nümayəndəsi idi.

60-cı illərin fonunda artıq 70-80-cı illərin əvvəllərində tənqiddə üslubi fərqlər yaranmağa başladı. Rəngarənglik yarandı, dilçi tənqidçilər deyilən tənqidçilər nəsli yetişdi. Aydın Məmmədov, Tofiq Hacıyev, Kamal Abdullayev, Nizami Cəfərov kimi tənqidçilər daha çox Qərbdə strukturalizmin gətirdiklərini müasir ədəbi prosesə tətbiq etməyə çalışdılar.

- Dilçi tənqidçilərlə yanaşı Asif Ata timsalında bu məsələlərə fəlsəfi prizmadan yanaşanlar da var idi.

- Yaxşı yadıma saldız. Mənim belə bir məqaləm var: “Yaşar Qarayev tənqidinin dərsləri”. Gərək ki, 2004-cü ildə Yaşar Qarayevin ölümündən sonra yazılıb. Orda mən elə o paraleli gətirirəm ki, 60-80-cı illərdə milli tənqid üçün iki yol formalaşmışdı. Biri qəti inkar mövqeyi idi. Baxmayaraq ki, Asif Əfəndiyevin namizədlik dissertasiyası “Azərbaycan ədəbiyyatında sosializm realizminin tarixi və təşəkkülü” adlanırdı. Sonralar o sovet ədəbiyyatını inkara qədər gəlib çıxdı. O bütövlükdə sovet ədəbiyyatına qarşı çıxmışdı. Səlahəddin Xəlilovun gözəl bir məqaləsi var, o Asif Atanın fəlsəfəsini "İmtina fəlsəfəsi" adlandırır. Ona görə də rejim Asif Əfəndiyevə qarşı adekvat reaksiya verdi. Buna görə də Asif Ata təkləndi və nəticə də əlahiddə bir ocaq yaratmaqla nəticələndi.

- Onun Elçin və 60-cı illərin digər nümayəndələri ilə bağlı və sərt tənqidi məqalələri vardı.

- Onun əlbəttə 60-80-cı illərin ədəbiyyatının tənqidinə aid dəqiq, dürüst fikirləri var idi.

- O dövrdə milli tənqid təşəkkül tapmışdımı?

- Bəli. 60-80-ci illərdə bir də milli tənqid formalaşmışdı. Bu da sosialist tənqidini qəbul eləyən, lakin milli maraqları gözləyib, onu inkişaf etdirən liberal tənqid idi. Bu da öz ifadəsini ən yaxşı Yaşar Qarayevdə tapmışdı. Amma bu inkişafla bərabər 60-80-cı illər bizim ədəbiyyatla, ədəbiyyat elmi ilə, ədəbi tənqidlə Qərbi müqayisə eləsək görəcəyik ki, biz mövcud çərçivədə 20-ci əsr proseslərindən geri qalırdıq.

Rusiyada və Moskvada isə proses tamam başqa cür idi, rus tənqidçiləri Qərb məktəbini mənimsəmiş, onunla ayaqlaşırdılar. Məsələn, Rusiyada Baxtin kimi tənqidçi vardı və ya 20-30-cu illərdə Rusiyada mövcud olan formalist məktəbi indinin özündə də dünyada məşhurdu. XX əsrdə Qərbdə strukturalizm, ekzistensializm, modernizm və ya ondan sonrakı postmodernizm mərhələsi başlamışdı. Bizim tənqid bu sahədə gecikmişdi və yalnız 70-80-cı illərin tənqidində dilçi tənqidçilərin nümunəsində və yaxud ədəbiyyatşünaslıqdan gəlmə tənqidçilər Arif Əmrahoğlu, Asif Hacılının timsalında Qərblə ayaqlaşma başladı. Yəni, artıq 70-80-cı illərdən dünya ədəbi prosesi ilə ayaqlaşma başladı, mən bu illəri bizdə milli modernizmin yaranması kimi təqdim edirəm.

Sovet çərçivələrindən tamam kənar, onun təsirlərindən də kənar bir ədəbiyyat yaranmağa başladı. Bu proses də imperiyanın daxilindəki şəraitə köklənmişdi, birdən-birə imperiyanın dağılması, yeni tarixi situasiyaya düşməyimiz, müstəqilliyin əldə olunmasının çətinlikləri, savaş prosesi, cəmiyyət quruculuğu, elmi prosesləri yarımçıq qoydu.

Bu gün bizim tənqid 60-80-cı illərin pozitiv təcrübəsindən çıxış edir, bir də dünya kontekstində mövcud olan XX əsrin ikinci yarısının modernist, strukturalist, poststrukturalist və 2000-ci illərdən ədəbi təcrübə ilə gələn postmodernist tənqidi əxz edir.

- Bəs müasir tənqidlə necə ayaqlaşa bilirmi?

- Ədəbiyyatımız nə qədər ayaqlaşırsa, tənqidimiz də o qədər ayaqlaşır. Bu vahid bir prosesdir. Mən ədəbi tənqidə təkcə ədəbiyyatın bir sahəsi kimi yox, bir janrı kimi baxıram. Buna görə ədəbiyyat nə dərəcədə o üfüqləri əldə edə bilirsə, ədəbi tənqid də adekvat olaraq buna can atır. Məsələ bundan ibarətdir ki, bu təcrübəni ötürməyə potensial, kadr olsun.

Yəni səriştəlilik, peşəkarlıq baxımdan bir qədər kasadlıqdı. Müharibə illəri bizə böyük zərbə vurdu. Ədəbi tənqid bir tərəfdən təcrübə ilə ədəbiyyata bağlıdırsa digər tərəfdən də nəzəriyyə ilə elmə bağlıdı. Elm sınmalara dözmür. Elmdə sabitliyin böyük rolu var. Təəssüf ki, 90-cı illər ədəbiyyatın funksionallığı üçün çətin dövrlər idi, ədəbiyyat 2000-ci illərdən öz potensialını göstərməyə başladı. Tənqid də bu dövrdən dirçəlməyə başladı.

Mən “Müasir Azərbaycan ədəbiyyatı” adlı bir dərslik hazırlayıram. Bunun birinci hissəsi məhz 90-cı illərə həsr olunub.

- 2000-ci illərdə ədəbiyyatın inkişafında AYO-nun da müstəsna rolu oldu.

- Mən bunu yazılarımda da vurğulayıram. Azad Yazarlar Ocağının 2000-ci illər ədəbi proseslərinə böyük təsiri oldu. 70 il ərzində mövcud olan Azərbaycan Yazıçılar Birliyinin özünün də yeni tarixi şəraitə girməsi üçün sanki əks qütb lazım idi. Bu nöqteyi-nəzərdən AYO o qütb rolunu oynadı. AYB-nin tutduğu qatı mühafizəkar mövqenin tərpənməsində AYO-nun rolu böyük oldu. Düzdü, bu bir qədər radikal şəkildə baş verdi. Bunun da o dövrdə tarixi səbəbləri var idi. Bütövlükdə ədəbi gedişatın inkişafı üçün yeni dövrün özünün doğurduğu birliyin rolunu heç cür danmaq olmaz.

Ümumiyyətlə hər hansı bir yeni mədəni şəraitin doğurduğu bu hadisə həmən dövr üçün daha çox xarakterik olur, nəinki ənənəvi hadisə. AYB 2000-ci illərin əvvəllərinə qədər daha çox 60-80-cı illərin pozitiv dəyərlərinə söykənirdi və AYO bu pozitiv dəyərləri qiymətləndirmirdi. Radikal mövqe tuturdu. 60-cı illərin ədəbi prosesinə də baxsaq görərik ki, o özü müasir dövrün yetirməsi idi deyə 30-50-ci illərin ideoloji mühitinə qarşı eynilə AYO-nun tutduğu mövqeni tuturdu. Məhz həmin dövrü daha çox 60-cılar ifadə edirdi deyə onlarla 30-50-ci illərin ideoloji mühiti arasında mübarizə gedirdi.

- 60-cıların özlərindən əvvəlki nəslə müxalif olması artıq ədəbi faktdır. O dövrün nümayəndələrindən olan İsa Hüseynov, Anar, Əkrəm Əylisli, Elçin, İsi Məlikzadə kifayət qədər əsərlər yaradıb ortaya qoydular və sanki əvvəlki dövrə müxalifliklərini mükəmməl bədii əsərlərlə tutarlı elədilər. Bəs 2000-cilər necə - AYO da sanballı əsərlər yarada bildimi?

- AYO da kifayət qədər imzalar verdi. Mən bunu həmişə qeyd etmişəm. AYO da iki nəsillə təmsil olunur. Bunlardan biri AYO-nu yaradanlardır. Bunlar özləri də bəzən zarafatla deyirlər ki, əsl 60-cılar bizik. Əslində onlar 60-cı illərdə doğulanlardırlar və yaradıcılıqları da daha çox 80-ci illərə təsadüf edir. Bu imzalar - Rasim Qaraca, Murad Köhnəqala, Həmid Herisçi 2000-ci illərdə çox məhsuldar idilər. Bu illərdə yeni imzalar peyda oldular ki, bunlar da özlərini təsdiqlədilər.

- 60-cılardan, sonra 2000-cilərə toxunduq. Burda bir də aralıq period var ki, çox zaman adı unudulur. O nəslin bir nümayəndəsi olan rəhmətlik Şaiq Vəlini də bu günlərdə itirdik. Sanki bu nəslə qarşı bir ədalətsizlik var. İmzalar çoxdu, amma bunları oxucular tanımırlar, adları heç yerdə keçmir.

- Əslində biz istəyirik ki, ədəbiyyata lap sadə düsturlar gətirərk. Mənim “Tənqid” romanımın bir fəsli belə adlanırdı: “Ədəbiyyat sənaye kimi”. Ədəbiyyat özü industrial sahədi. Onun özünün kənarları, əyalətləri, periferiyası, mərkəzi var. Biz həmişə mərkəzə tuşlanırıq deyə o periferiyaları görmürük. Həmin o nöqteyi-nəzərdən tənqidin bir vəzifəsi də odur ki, bax industriyanın bu təcrübəsini ümumiləşdirərək təzədən ədəbi prosesə qaytarsın, təqdim etsin. Bu baxımdan tənqid bu nəslə kifayət qədər normal yanaşıb. Mən özüm də o nəsli yazılarımda qeyd eləmişəm. O nəslin milli modernizmin inkişafında kifayət qədər rolu var. 70-ci illərdə gələnlər artıq sovet ideologiyasından tam yaxasını qurtararaq modernizmi gətirmişdilər. Mən 60-cı illər nəslindən yazanda sübut etməyə çalışıram ki, bunlarda sosializm realizmi yoxdu, amma sosializm hələ var. Onlar sosializmin insanlarından yazırdılar. Ancaq 70-80-cı illər nəsli, misal üçün Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Mövlud Süleymanlı, Afaq Məsud bunların əsərlərində heç sosializm də yoxdu.

Modernizmin yetişməsi üçün bizdə 80-cı illərdə münbit şərait yaranmışdı. Bax o modernizmin gəlişməsində həmin bu nəslin müəyyən tarixi yeri var. Bu şairlərinin hərəsinin bir özünəməxsusluğu var. Mən dərslikdə də qeyd eləmişəm, 90-cı illər çox qarışıq mühit idi, konkret cərəyan göstərmək olmur. Amma bununla belə 80-lardan üzü bəri yazan Akif Səməd, Rüstəm Behrudi, Əlisəmid Kür, Əjdər bu kimi şairlərin hərəsinin kitablarının nümunəsində o şairlərin hər birinin modernizmə nə verdiklərini araşdırmışam.

- Zəlimxan Yaqub da bu nəslə aid edilirmi?

- O da Ramiz Rövşənin nəsli idi. O daha çox ənənə qanadında gəlirdi, onu modernizmə aid eləmək olmazdı.

- “Oxuzalı”nda bədii əsərlərin müzakirəsində iştirak edirsiz. Ədəbi müsabiqələrdə ekspert, münsif kimi çıxış edirsiz. Yeni bədii əsərlərin səviyyəsi sizi qane edirmi?

-Təxminən son 10 ilin ədəbi prosesini mən çox pozitiv qiymətləndirirəm. Ədəbiyyat yeni tarixi şəraitə uyğunlaşaraq öz dəyərlərini mətnlər vasitəsilə realizə eləməyə çalışır. Bu dövrün o yenilikçi ədəbi mətbuatına, yeni ədəbi prosesin təzahürlərinə, deyək ki müsahibələrdi, ənənəvi dərgilərlə yanaşı internetin gətirdiyi yeni vasitələrə nəzər saldıqda görürük ki, ədəbiyyat bu günün mətnlərini yaratmağa başlayıb.

- Bax bu prosesə hansı ədəbi dəyərlər işığında baş verir. Müasir Qərb, dünya ədəbiyyatı ilə ayaqlaşa bilirmi?

- Biz daha çox modernizm və postmodernizmin sərhədində baş verən təzahürləri görürük. Doğrudur, hər bir milli ədəbiyyatın ortaya qoya biləcəyi dəyər özünün milli təcrübəsi ilə dünya kontekstini qovuşduranda ortaya çıxır. Son on ilin hadisələri də məhz elə buna xidmət edir. Əslində Azərbaycan ədəbiyyatı da mətnlər sistemindən ibarətdir. Yəni yeni ədəbiyyat milli ədəbiyyatın özünün sisteminin oturaşacağı dəmdə dünya ədəbiyyatında görünür.

Əslində postmodernizmdən yararlanan yazıçılar çox oldu. Elə AYO yazarlarını deyək. Hətta onlar manifest kimi elan elədilər ki, postmodernizmi biz gətiririk. Amma postmodernizmdən danışanda “Yarımçıq əlyazma”nın adı daha çox çəkilir. Göründüyü kimi burda artıq məlum mətnlər postmodernizmin dəyərlər sisteminə cəlb olunur- “Dədə Qorqud”, orta əsrlər Şah İsmayıl haqqında bilgilər, mən buna 60-80-cı illərdə bu mətnlərə olan münasibəti də əlavə edirəm və bu mətnləri postmodernist modusda ironik çalarla görüntüsü.

Bu baxımdan bizim üçün bu mətnləri yeni açılışda görmək maraqlıdı, dünya üçün də ona görə maraqlıdır ki, onlar yeni mətnlər görürlər. Bu əsər bir neçə dilə də çevrilib. Əgər bizim əsər başqa dillərdə oxunursa bu postmodernizmin xidmətidir, bizim ədəbiyyatın o dəyərləri mənimsəyə bilməsinin nəticəsidir. Bax ayoçuların bəyanatları isə daha çox bəyanat şəklində qaldı. Həmid Herisçi “Nekroloq”da “Dəli Kür”ü təzədən yazmaq istədi. Sonra “Əli.Nino.Bakı”da “Əli və Nino”nu təzədən yazmaq istədi. O postmodernist baxışları gətirmək baxımından bizim auditoriya üçün müəyyən qədər öz işini gördü. Amma o ironik modus olmadı. O mətnlər özlərini yeni mətndə saxlamaqla təzə münasibət gətirə bilmədilər. Mən onun əsərlərində daha çox modernistik nöqteyi-nəzər kimi qəbul eləmişəm. Həmidin həmişə postmodernist bəyanatlar verməsinə baxmayaraq onda daha çox Qərb-Şərq modernizminin əlamətləri görünür.

- Deməli, yazıçının əsərini hansısa bir cərəyana, janra aid etməyi ilə deyil. Bunu tənqidçilər müəyyən edirlər. Son on ildə dərc olunan bəzi əsərləri müəlliflər özləri hansısa janrlara aid edirdilər.

- Buna mətn özü qiymət verir. Əgər mətn postmoderndirsə tədricən hamı onu postmodern əsər kimi qəbul edəcək, yox deyilsə də müəllifin “postmodern mətn yaradıram” deməyi ilə olmayacaq.

-Postmodern məntlərə nümunə kimi “Yarımçıq əlyazma”nın adını çəkdik. Nisbətən “Nekroloq”u aid etdik. Başqa nümunələr də varmı?

- Murad Köhnəqala sovet dövrü poeziyasını ironik modusda dekonsrtuksiya eləməyə çalışdı. Bəzən düzdü bayağılığa getsə də o şeirlərində həmin ironik çalar qorunurdu. Hətta milli şeirin vəznlərini, bayatıları, gəraylıları da dekonstruksiya eləmək istədi. Amma gücü çatmadı, o mənada ki, milli dəyərlərə ironik modus tapmaq çox çətindi. Sovet dövrünün mətnləri, xüsusən də ideoloji mətnlər asanlıqla ironik yanaşmaya tuş gələ bilirdi.

Nərmin Kamalın “Aç, mənəm” romanında çox yaxşı cəhətlər var idi. O əsəri də mən roman kimi bütöv hesab eləmirəm. Amma struktur baxımından maraqlı idi. Bəzən biz israrla hansısa bir əsərdə o “izm”ləri axtarmağa çalışırıq, bax, orda yanılırıq. Bu anlayışlar bizə harda ədəbiyyatı anlamağa açar kimi xidmət edirsə o yerdə qiymətlidir. Həmin “Yarımçıq əlyazma” yazılanda xeyli reaksiya doğurdu. Tənqid də elədilər, tərif də elədilər. Mən “Tənqid. net”in sonuncu sayında bu yazılara müəyyən yer vermişdim. Onların bəzilərində, misal üçün Tofiq Hacıyevin məqaləsində o heç romanı postmodern mətn kimi tənqid etməyib. Əsərə elə yanaşıb ki, heç əsəri postmodern əsər kimi təqdim etməyə hacət qalmır. O yerdəki nəzəri anlayışlar, təhlil mexanizmləri bizə mətni açmağa xidmət edir, o yerdə bunlar bizə lazımdı, yoxsa bir əsərin romantik, modernist, postmodern olmağı onun dəyər ölçüsü deyil. Onun dəyər ölçüsü onun sənət əsəri olmağıdı.

- Belə bir təəssürat var: tənqidçi istədiyi əsəri tərifləyib göyə də qaldıra da bilər, istədiyi əsəri də məhv edə bilər. Bu nədən asılıdır? Həqiqətən bədii mətnə qarşı bu cür ikili standartlar mövcuddurmu?

- Yazıçı kimi tənqidçi də mətn yaradır. O mətn nə dərəcədə ədəbiyyatdırsa, ədəbi dəyəri ifadə edirsə, o dərəcədə də həqiqətə xidmət edəcək. Yəni orda siz deyən kimi yalnız nöqteyi-nəzərlər, bu günə, dəbə köklənmiş, şişirdilmiş subyektiv nöqteyi-nəzərlər varsa o zəif mətnlər kimi onun tənqidi də müəyyən bir müddət üçün gündəmdə qalacaq. Həmin halda tənqidçi mətnin yanlış obrazını yaradır. Yanlışın dalıyca ədəbi mühit, oxucu nə qədər gedir ki. Tənqidçi də yazar olduğundan zəif əsərlər də ortaya qoya bilər, yanlış əsərlər də yaza bilər. Mənim gözümdə tənqidçi oxucunun gözündə qabartdığı mətnə nə qədər uyğun gələ bilirsə o qədər ədəbiyyata xidmət edir. Sovet dövründə ideoloji cəhətdən o qədər şişirdilmiş əsər olub ki. Bu gün də hansısa konyuktur nöqteyi-nəzərdən şişirdilmiş əsərlər var. Amma mətn özü bu sınaqlardan necə çıxacaq? Söhbət ondan gedir.

- Bəyəndiyiniz tənqidçilər kimlərdir?

- Rüstəm Kamalın bir şifahi fikrini mən yazıya gətirmişəm. O deyirdi ki, şairlərə deyirəm baxın görün siz nə qədər çoxsuz, biz isə tək-təkik, bizim qədrimizi bilin. Yəni tənqidlə məşğul olan ədəbiyyatçılar çox deyil ki, onları bizi dəyər nöqteyi-nəzərindən qiymətləndirək. Bu qədər şairin, yazıçının yanında biz nə qədərik ki. Hər birinin yeri var. Bayaq dediyim kimi hər bir yazıçı ağır industriya ilə məşğul ola bilməz, amma ağır industriya ilə məşğul olan da yüngül sənaye ilə də məşğul ola bilməz. Mən bu barədə bir neçə məqalə də yazmışam. Orda da yazıçılara üzümü tutub deyirəm ki, tənqidçilərin sizi tənqid etməyinin özü də bir reklamdı. Yəni tənqidçilərin qədrini bilmək lazımdı, o sənin əsərini bəyənməyəndə də artıq səni ədəbiyyata aid etmiş olur. Bu baxımdan mən bu gün gündəmdə olan bütün tənqidçiləri çox yüksək qiymətləndirirəm. Hər bir tənqidçinin yanlış-doğru özünün rakursu var. Əgər bu rakurs olmasa, deməli tənqdçi yoxdu. Tənqidçi o zaman yaranır ki, ədəbiyyata onun özünün fərdi baxışı var.

- Son vaxtlar Əkrəm Əylislinin “Daş yuxular” əsəri bu məsələləri daha da qabartdı. Nəzərə alsaq ki, biz özümüz də müharibə şəraitində yaşayırıq, o zaman müharibə mövzusunda bədii əsər necə yazılmalıdı?

- Müharibədən bəhs edən əsərlərdən kifayət qədər yazmışam. Sabir Əhmədlinin “Axirət sevdası” və “Ömür urası” əsərləri barədə yazmışam. Xüsusən “Ömür urası” dünyaya çıxarılacaq bir romandı. Aqil Abbasın “Dolu” romanı, Mövlud Süleymanlının “Erməni adındakı hərflər” əsərləri barədə də yazmışam.

- Hətta bu əsəri gecikmiş əsər də hesab edirdiz.

- Mən bu əsəri üslub baxımından gecikmiş əsər hesab edirdim.

- “Erməni adındakı hərflər”də ermənilər olduqca mənfur millət kimi göstəriliblər. Başqa bir əsərdə, tutalım “Daş yuxular”da ermənilər tam əksinə uca bir millət, əzilən bir millət kimi göstərilib. Onlara rəğbət bəslənilir. Bir də başqa bir nümunə - sırf müharibəni, prosesi göstərən bir əsər kimi “Dolu”nu götürək. O zaman qızıl orta necə olmalıdır?

- Burda başqa mətləblərə də toxunulur. Belə çıxır ki, irqi yanaşma ədəbiyyat üçün dəyərdirmi? Ədəbiyyat, sənət bəşəridi, humanistdi, yalnız bu nöqteyi-nəzəri əldə edə biləndə ədəbiyyat öz niyyətlərinə çata bilir. O ki, qaldı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə, mən də bu prosesi çox diqqətlə izləyirəm, bu çox xoşagəlməz hadisəyə çevrilib. Yazıçı bu cür reaksiya doğurursa bu olduqca pis reaksiyadı. İndiki halda mətnin doğurduğu bu reaksiyaların hamısı daha çox ictimai-siyasidi, ədəbi hadisə deyil. Əgər mətn ədəbi nöqteyi-nəzərdən reaksiya doğurmursa, deməli nəsə burda yerində deyil. Əslində mən istərdim ki, bu əsər haqqında tənqidi yazı yazılsın, əsərə tənqidi nöqteyi-nəzərdən qiymət verilsin. Əsərə bu cür reaksiyalar getdiyinə görə mən tamamilə əminəm ki, yalnız zəif bədii əsərlər öz adekvat reaksiyasını doğurmur, yanlış tərəflərə aparıb çıxarır.

O ki, qaldı bizdə Qarabağ müharibəsinin inikasına onu deyim ki, bu əsərlər daha çox təsviri xarakter daşıyırlar. Qarabağ müharibəsi mövzusunda kifayət qədər əsər var. Mən MKM-də də ekspertəm. Ora bu mövzuda külli-miqdarda əsər göndərilir. Düzdür, onların çoxunu biz seçmirik. Amma yenə də nə qədər əsər yazılır. Bu əsərlərdə müharibənin dərkinə cəhdlər olsa da, yazarların hadisələri “Hərb və sülh” səviyyəsində dərkinə gücləri çatmır.

# 3785 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #