Qadın necə fahişəyə çevrilir?

Qadın necə fahişəyə çevrilir?
25 iyun 2015
# 13:38

Bir lətifə var. Deyir, çoxdandı görüşməyən iki rəfiqə rastlaşır. Hal-əhval tuturlar. Biri o birindən qızını xəbər alır. Birinci başlayır:

“Bacı, bilirsən, qızım məktəbdə katibə işləyirdi. Direktorun bütün işlərini görürdü. Bütün günü ora qaç, bura qaç, o idarə sənin, bu idarə mənim. Gecədən keçmiş evə gəlib çıxırdı, direktorla sənəd-sünəd işlərini həll edirdi. Sonra direktor gördü ki, qızım çatdıra bilmir, maşın aldım. Bu dəfə qızım idarələrə zada maşınla gedirdi, amma yenə də işləri görüb çatdıra bilmirdi. Nə qədər danlasam da evə tez gələ bilmirdi. Axırı direktor fikirləşdi ki, ora-bura getməkdənsə bir yerdə oturub işləsin, onda vaxta da qənaət etmiş olar. Buna görə də qızıma bir ev aldı. Bir müddət sonra direktor gördü ki, qız yenə çatdıra bilmir, ona görə kömək üçün özü də qızın yanına köçdü, indi bir yerdə yaşayırlar. Bəs sənin qızın nə edir?”

İkinci cavab verir: “Bacı, bilirsən, mənim də qızım qə...dir, amma mən sənin kimi bəzəyib danışa bilmirəm.”

Özünü təqdim etmək bacarığı çox vacibdir. Ruminin məşhur fikrini bir az dəyişsək, belə olar; Necə olursan ol, əsas odur özünü təqdim etməyi bacar.

Özünü necə təqdim etsən, o cür də qəbul edəcəklər. Daha fikirləşməyəcəklər ki, yox elə deyil, həqiqət onun dilində deyil, əməlindədir. Nə olsun ki, dili başqa şey deyir?

İlin 11 ayı min cür vicdansızlıq, şərəfsizlik elə, haram ye, rüşvət al, yolkəsənlik elə, amma bir ay oruc tut, hamı elə biləcək əsl müsəlmansan. İnanacaqlar.

Ömür boyu kasıbın çörəyini əlindən al, fəhlələri bir qarın çörəyə işlət, iş yekunlaşanda da müxtəlif bəhanələrlə maaşından kəs, haqqını vermə, o pulu oynaşına, aşnana xərclə, barda-diskotekada kef elə, amma Qurban bayramında ofisin həyətində cöngə kəsib hər işçiyə yarım kilo qurbanlıq ver, olacaqsan, Həzrəti İbrahim. Adamlar az qala ətəyindən öpəcəklər. Deyəcəklər dünyanın ən imanlı-dindar adamısan.

İstəyirsən adın günə bir kişi ilə çıxsın, nə istəyirsən elə, yüz kişi ilə gəz, bu yataqdan çıxıb o birinə gir, amma efirə çıxıb de ki, mən bu sənətə öz zəhmətimlə gəlmişəm, ailə müqəddəsdir, hər insan ailəsinin qədrini bilməlidir, ömrü boyu əlim kişi əlinə dəyməyib, atam məni evdən çıxmağa qoymurdu, bu sənətə gəlməyimə, müğənni olmağıma mane olurdu, bütün millət qəbul edəcək, hamı sənin pak, namuslu adam olduğuna inanacaq.

İstəyirsən işlətdiyin mağazada, marketdə hər şeyin qiyməti dəvənin belində olsun, tərəzilərin vursun, işçiləri istismar edəsən, 12-14 saat işlədib, aya 200 manat verəsən, təki vitrinlərində spirtli içkilər olmasın, onda hamı səni dindar adam kimi tanıyacaq. Deyəcəklər imanlıdır, təqvalıdır.

Tikdiyin binalarda eyni mənzili iki-üç adama sat, hər kvadrata üç kisə sement gedirsə sən bir kisə işlət, bina bir ilə tikilməlidirsə sən “bas-məmədi” elə, altı aya tikib təhvil ver, təki Həcə gedib gəlmiş adam olasan, adının əvvəlində bir “Həci” təyini olsun, vəssalam gözünün üstündə qaşın var deyən olmayacaq.

Bizdə belədir, arkadaşlar, dünyanın başqa yerində necədir, bilmirəm, amma XIX əsrdə Rusiyada da, Fransada da eyni olub.

Anna Kareninanı məhv edən nə idi? XIX əsr yüksək rus cəmiyyətində demək olar ki, bütün qadınların aşnası vardı. Bal mərasimlərində, müsamirələrində aşna- bəylər onlara kavalerlik edirdilər. Bu hal rus cəmiyyəti üçün norma hesab edilirdi. Burada sevgidən söhbət gedə bilməzdi.

Amma Anna Karenina nə edir? O, knyaz Vronskini aşnası kimi qəbul etmir. Ona aşiq olur. Buna görə də rus yüksək cəmiyyətinin qaydalarını pozur. Anna özünü başqa cür təqdim edə bilmir, sevgisini gizlədə bilmir, saxtakar ola bilmir, Vronskini sevdiyini etiraf edir. Bax elə bu zaman onun saf olduğunu görən çirkin cəmiyyət buna təhəmmül eləmir. Anna Kareninanı intihara aparan da məhz saxta cəmiyyətin qınağı idi, əgər Anna Vronskiyə olan eşqini etiraf etməyəydi, nə əri bu barədə danışacaqdı, nə də yüksək cəmiyyətin dilinə düşəcəkdi.

Gi de Mopassanın “Gombul” hekayəsinin qəhrəmanı isə yüngül əxlaqlı qadındır. Almanlar Ruana hücum ediblər. İmkanı olan varlı fransızlar qaçıb canlarını qurtarmaq istəyirlər. Karetada olan 10 nəfərdən biri də “yüngül, əxlaqsız arvadlardan” hesab olunan Elizabet Russedir. Ruanın əksər kişiləri, hətta faytonçuları belə onun yatağından çıxıblar. Karetadakılar gombula ikrahla baxırlar, ondan zəhlələri gedir, iyrənirlər. Halbuki qalan qadınlar əxlaqsızlıqda ondan heç də geri qalmırlar.

Xanım Luazo ağasının var-dövlətini ələ keçirmiş, ən zibil şərabı camaata sırıyan fırıldaqçı, kələkbaz, bir ticarətçinin arvadıdır. Fabrikant Karre-Lamadonun xanımı isə Ruan hərbi qarnizonunun zabitlərinin yeganə təsəllisidir. Qraf Yuber de Brevilin xanımı isə vaxtilə Lui-Filippin oğlanlarından birinin aşnası olub və ona buna görə indi də hörmət edirlər.

Bu xanımların hər biri təbiət etibarı ilə əxlaqsız olduqları halda, öz vicdanlarını hər an satmağa, pula görə ləyaqətlərindən keçməyə hazır olduqları halda əqidəsini, qürurunu heç nəyə satmayan bir qadını təkcə bədənini satdığına görə əxlaqsızlıqda günahlandırılar. Buna görə mahiyyət etibarı ilə xanım Luazo və digərləri Gombuldan daha əxlaqsızdırlar. Çünki onlar həm də ikiüzlüdürlər, həyatlarını xilas etmək lazım gələndə Gombulun əxlaqsızlığına haqq qazandırırlar. Fabrikant arvadı isə arzulayır ki, kaş alman zabit Gombulla yox, onunla yatmaq istəyərdi.

Bu xanımların Gombuldan bircə üstünlükləri var, Gombul səmimidir, yatmaq istədiyi kişini özü seçir, azadədir. Kübar xanımlar isə ikiüzlüdürlər, saxtadırlar, özlərini əxlaqlı kimi təqdim etsələr də əslində mənən fahişədirlər.

Cəmiyyət isə təəssüf ki, hər zaman mənən fahişə olanların yanında olur. Onları qəbul edir, səmimiləri isə qəbul etmək istəmir.

# 1280 dəfə oxunub

Müəllifin son yazıları

# # #