Lütfi Zadənin yerlimiz olması barədə nə qədər ucadan danışırıqsa danışaq, xeyli yoxdur, biz qeyri-səlis məntiqdən çox uzağıq.
Bizim üçün ağ-qara var.
Aralarındakı rənglər yoxdur.
0-1 var.
Aralarındakı sonsuz sayda ədədlər yoxdur.
Bizim üçün yuxarı və aşağı, əyri və düz, pis və yaxşı, olum və ölüm var.
Biz bir adamı ucaldanda onu Comolunqmaya qaldırırıq, yendirəndə Mariana çökəkliyində qərar tuturuq.
Ortada bir yerlərdə dayanmaq yoxdur.
Bu vəziyyət təkcə adamlarla bağlı deyil; qurumlarla, şirkətlərlə, verilişlərlə də belədir. Biz hər şeyə münasibətdə beləyik: ya qaldırırıq, ya da endiririk.
Sosial şəbəkələrdə Xoşqədəm Hidayətqızının bağalanan “Sən tək deyilsən” və “Axtarıram səni” verilişlərinə olan münasibət də bunun göstəricidir. Hamı bir ağızdan xalqı təbrik edir, sevinir ki, nə yaxşı oldu, bu veriliş bağlandı.
Özü də hansı veriliş? Ölkənin ən reytinqli verilişlərindən biri.
Xoşqədəm Hidayətqızının verilişinin efirdə olduğu bu dörd-beş il ərzində mən açığı xeyirdə-şərdə, avtobusda, marketdə, bazarda sözümün canı ölkənin hər yerində bu verilişin müzakirə olunduğunu görmüşəm.
Veriliş gedən gün hansı evə girmişəmsə, hansı məkanda televizor görmüşəmsə onun ekranında bu veriliş olub. Xalq ciddi-ciddi bu verilişə baxıb, qəhərlənib, kövrəlib, ağlayıb, sevinib, məyus olub. Camaat verilişin hər sayını müzakirə edib.
Birmənalı, veriliş sevilib.
Eyni şeyi “Mikayıl şou” haqqında da demək olar. Həftənin birinci günü Bakı nədi, bütün ölkə toy mahnılarından dağılır. Evdə otura bilmirsən, küçəyə çıxa bilmirsən. Sadə səbəb: bütün evlərdən Mikayılın verilişinin sədası yüksəlir.
Ələ salsaq da, bəyənməsək də reallıq budur. Çoxluq bunu istəyir. Bunu sevir.
Sual edirəm? Bəs bu verilişə baxanların haqqı nə olsun? Onların istəkləri nə olsun!
Ona görə deyirəm ki, qeyri-səlis məntiqdən uzağıq. Çox uzaq. Biz ancaq kəsib atmağı bacarırıq. Xoşqədəmin verilişinin efirə getdiyi bu illər ərzində onunla birlikdə televiziyaçıların “maarifləndirici” dediyi verilişlər də efirdə olsaydı onda, bizim bu rəngli efir məkanında da ağ-qara görüntü ortaya çıxmazdı.
O zaman hərə öz işini bilərdi. Kim hansı verilişi istəyir ona baxardı. Həmin reytinqli verilişlərin də efir məkanında tutumu az olardı. Balans pozulmazdı. Bax o zaman Xoşqədəmin verilişini bağlamaq da lazım gəlməzdi. Türklər demiş; evli evinə, köylü köyünə.
Yoxsa, bu “ağ-qara” məntiqi ilə müsəlman sünnəti kimi kəsə-kəsə özümüzdə bir şey qoymayacağıq.