Gənc yazarların “Şirzad” kafesi – FOTO REPORTAJ

Gənc yazarların  “Şirzad” kafesi – FOTO REPORTAJ
13 noyabr 2017
# 07:00

Ayxan Eyvaz


Dünyanın bütün yerlərində şair və yazıçılarının görüşdüyü bir məkan olur. Eşitdiyimə görə, Fransada bir yer var ki, ora yalnız ədiblər gedirlər. Hətta güman olunur ki, bizim tanıdığımız məşhur yazıçılar əsərlərini məhz həmin məkanda yazıblar. Təsəvvür eləyirsiniz, Viktor Hüqo hansısa zirzəmidə “Paris Notrdam kilsəsi”, “Səfillər” romanlarını yazıb. Ya da Mopassan novellalarını toz-torpaqlı masanın üstündə qaralayıb.

Bizim yazıçıların, şairlərin də toplandığı məkanlar var. Bunlardan biri də ədəbi mühitin yaxşı tanıdığı “Şirzadın kafesi”dir.

Kafe İslam Səfərli küçəsi 3 ünvanında, Araz kino-teatrının aşağısındakı zirzəmidə yerləşir. Çox müdhiş görkəmi var. Görən kimi deyirsən ki, əsl şair, yazıçı tayfasının yeridir. “Şirzadın kafesi”nin üstündə isə varlı insanların getdiyi restoran yerləşir.

Yuxarıda əsilzadələr, aşağıda isə ədiblər – bu bizim taleyimizdir.

“Şirzadın kafesi” və Salam, Sarvan qaqaş

“Adı Şirzad olan bir nəfər buranı açıb. Əvvəllər daim bura yazıçılar, şairlər gələr, içib şeirdən-filan oxuyardılar. Düzü, son zamanlar yazıçı, şair tayfasının ayağı kafedən kəsilib. Gələnlər də olur, amma əvvəlki danışanlara inansaq, indi tamamilə bura yalqızlaşıb”. Bu sözləri kafenin “dirəyi” Samir deyir. Onunla söhbət etdiyimiz zaman kafedə bir-iki nəfərdən başqa heç kim yox idi. İçərini sükut bürümüşdü.

Yeniyetmə bir oğlanın qarşıdakı masanı sildiyini görüb: “Təzə işçidirmi?” – deyə soruşdum. Samir razılıqla başını yelləyir, əlavə olaraq deyir ki, adı Sarvandır, amma yazıçı, şair tayfasına bələd deyil.

Yadıma şair Salam Sarvan düşür və Samirdən bir parç pivə gətirməsini xahiş edib yerimi rahatlayıram.

Ən sərbəst kafe

“Şirzadın kafesi” iki otaqlı kabinetdən ibarətdir. Hər kabinetin tavanında fırlanan ventilyator var, amma nədənsə heç biri işləmir. “Çünki indi müştəri azalıb. Özü də hava o qədər də boğucu deyil” deyən Samir soyuq pivə bakalını qarşıma qoyub gülümsünür. Yeni ofisiant Sarvan isə diqqətlə bizə baxır.

Mən otağı təzədən nəzərdən keçirirəm. Doğrusu, bura tez-tez gəlir, dostlarla bir-iki parç pivə içib vallah evə yollanırdım. Ancaq indi istədim ki, buranın görünüşünü tamamilə yaddaşıma saxlayım.

Piştaxta girişdən soldadır. Orda yaşlı bir kişi oturur. Piştaxtaya yaxınlaşan müştərilər: “borcumuz?” deyə sual edirlər. Yaşlı kişi pəncərə boyda boş yerdən başını çıxarıb müəyyən məbləğdə pul deyir, müştərilər isə gülərüzlə borclarını ödəyib kafedən çıxırlar.

“Bura hər cür insan gəlir. Alkaşı, dilənçisi, tələbəsi və s. Yazıçı, şairlər də öz yerində”. Samir qarşımda oturub danışır. Maraqlanıram ki, nəyə görə “Şirzadın kafesi” bu qədər məşhurdur. O, gülümsünür, arxada dayanmış yeni ofisiant da dişlərini ağardır. “Məşhur da deyil. Prosto, nə bilim, bəlkə yerin özü gözəldir, cazibəlidir. Yoxsa ki, qiymətlər elə hər yerdə eynidir. Məncə, bura ən sərbəst oluna biləcək kafedir.” Samir diqqətlə üzümə baxır, yeni sual gözləyir. Mən soyuq pivəni udumlayıb buranı dolu vəziyyətdə təsəvvürümə gətirirəm.

Kasıb şairlərin menyusu

“İndiki şairlər az içirlər. Qabaq bir xeylisi gəlirdi, özü də necə içirdilər... Buranın da yeməklərini həmişə çox bəyəniblər. Elələri var ki, evdə yox, məhz burda yeyir. Deyir, buranın yeməklərinə söz ola bilməz. Menyumuz da fərqlidir.” Samir masanın üzərində dayanmış menyuya işarə eləyir.

Ötəri olaraq menyuya göz atıram. Yarpaq xəngəli, üç növdə dolma, gürcü xəngəli, qulyaş, qovurma və s. menyunun əsas yeməkləridir. “Yazıçılar və şairlər, əsasən, xəngələ üstünlük verirlər” deyən Samirin bu sözündən sonra ürəyimdə bunun səbəbini tapıb rahatlayıram. “Axı, şairlərdə pul olmur” – Samir elə bil içimi oxuyur. Amma baltanı da kökündən vurur. Elə deyir ki, elə bil şairlər ümumiyyətlə yemək-zad yeyə bilmirlər, acından Bakı qaqaşları demiş “aboy” yeyir, yemək olmadığından günorta dururlar.

İçkilərə baxıram. “Ən çox araq içilir, bir də pivə. Doğrusu, digərlərinin adını çəkən yoxdur. Amma siqaret çox istənilir. Hər gün hardasa 20 paçka satırıq. Əvvəllər burda deyirdilər ki, yaman araq gedirdi. İndi də araq içilir, amma o səviyyədə yox. Bəlkə də araqların zayı çıxıb”.

“Şirzadın kafesi”nin müştəriləri

“Şirzadın kafesi” xörək yemək üçün ən gözəl yerdir. Dostlarla burda görüş keçirtmək həmişə maraqlı alınıb.

Samirdən gəlib-gedənlər haqqında soruşuram. O, əlini çənəsinə dayaq verib fikrə dalır. Çoxusunun adını bilmir, təsvir edir, mən də onların adlarını tapıram: Rasim Qaraca, Murad Köhnəqala, Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə, Adil Mirseyid, Aqşin Yenisey, Seymur Baycan, Həmid Herisçi, Aqil Abbas, Qan Turalı, Əsəd Qaraqaplan, Kəramət Böyükçöl, Qismət, Cavid Zeynallı, Faiq Balabəyli, Əli Əkbər...

Samir alnını qaşıyır, amma deyəsən bir şey çıxmır. Mənə baxır, sifətində “bu qədər bəs deyil?” ifadəsi yaranır. Mən isə təslim olmaq istəmirəm. “Bir az fikirləş, tələsmirəm” – deyib onu daha da çətinə salıram ki, təsvirlərinə davam eləsin. Ancaq deyəsən artıq Samirin beyni durub, başqa adam adı çəkə və yaxud onu təsvir edə bilmir.

“Bircə onu deyim ki, bura rəssamlar, musiqiçilər, bəstəkarlar, müxalifətçilər, tələbələr də gəlir. Özü də hər gün yox, xüsusi günlərdə. Bəzən biri gələndə o biri gəlmir. Ona görə də onların hamısının adını yadda saxlamaq, ya da üzünü təsvir eləmək çox çətindir axı” – Samirin özünə bəraət qazandırmasından sonra razılıq əlaməti olaraq başımı yelləyir və qarşımdakı pivəni yudumlamağa davam edirəm.

“Ən səmimi Seymur Baycandır”

Samiri müştəri çağırır. Mən qarşımdakı bakala baxıram. Artıq bir udumluq bir şey qalıb içində. Samir gələnə qədər onu da içib qurtarıram. Yeni ofisiant yenə maraq yağan görkəmi ilə bizi müşahidə edir, arada ora-bura baxır, müştəri gəlib-gəlmədiyini yoxlayır.

Samir gəlib yenə qarşımda oturur. Sual edirəm ki, ay Samir, burdakı yazarlardan kimlər sənə yaxındır, kiminlə əlaqən var, onların davranışı necədir, hansılar sənin xoşuna gəlir və deyirsən ki, bu “bomba oğlan”dır? Samir gülümsünür, amma tələsik cavab vermir.

“Seymur var e... (Seymur Baycanı deyir) O, hiss olunur ki, yaxşı oğlandır. Mən deyərdim ki, bura gələnlər arasında onun səmimiyyəti daha üstündür. O, çox səmimi oğlandır. Özü də mənimlə yaxın əlaqəsi var. Elə bil ki, digərləri bir az “göydən” gedirlər, amma Seymur da bu yoxdur. Ona görə də ondan xoşum gəlir və hiss eləyirəm ki, o həm yaxşı insandır, həm də yaxşı dost”. Yazıçı olaraq Seymuru bəyənib-bəyənmədiyini soruşuram. “Vallah oxumamışam. Düzü, ədəbiyyata elə də marağım yoxdur”. Bu yerdə mən təəssüf hissi ilə başımı yırğalayıram. Bəlkə bir ümid hissi ilə: “Yazıçıların, şairlərin danışdıqlarına qulaq asırsanmı?” – deyə soruşuram. Samir: “yox” – deyir – sonra başqa adamlardan danışır:

– Səlim var, o da yaxşıdır. Babullaoğlunu deyirəm. O tez-tez gələr bura. Xəngəl-zad yeyir, dostları ilə görüşür.” Fikirləşirəm ki, Səlim Babullaoğlu buranın çoxdankı müştərisidir. Deyirəm, görəsən, gələrmi indi, nəsə soruşum. Samir başını yelləyir, “bilmirəm” deyib uzaqlaşır.

“Bu kafe Azərbaycanın art-kafesidir”

İçəri daha da seyrəkləşir. Piştaxtadan xəngəlin buğu ətrafa yayılır, xoş bir yemək ətri burnuma dolur.

Yadıma “Facebook” düşür. Belə dar macalda həmişə bu sosial şəbəkə mənim imdadıma çatır. Səlim Babullaoğlunun səhifəsini tapıb “Şirzadın kafesi” haqqında soruşuram.

Sağ olsun, şair cavabı gecikdirmir və mən onun yazdığı yazıdan görürəm ki, o, buranın daimi müştərisi olub.

Beləliklə, kafedə tez-tələsik Səlim Babullaoğlunun yazdığı cavabı oxuyuram. Samir isə piştaxtada qurdalanır.

“Bir dəfə rəssam dostlarımdan biri dedi ki, səni bu kafenin Kolumbu hesab eləmək olar... Hə, 12 ildi gedirəm ora... Əvvəl sadəcə gedirdim, sonra vərdiş elədim, sonra mənimlə gedən yazıçı və şairlər ora getdilər və görüş yerinə çevrildi. Bunu yaradan həm vərdiş, həm dostlar, həm "xüsusi imtiyazlar", kafenin sahibi Şirzadla dostuq idi. 2002-ci ildə "IX hissə" adlı bir şeir yazdım, bir bölüm ordan bəhs edirdi, eyni zamanda o əsərin də bir hissəsini orda yazdım, sonradan onlarla əsər yazdım orda, tərcümələr elədim, hətta 2003-cü ildə bir jurnalın ilk sayının redaksiya işlərini o kafenin kabinet-otaqlarının birində gördüm... Sonra bizim başqa şairlər - Aqşin, digərləri də ora oturdular və ora haqqında yazdılar.... O kafeyə Ataol Bəhramoğlunu, Şota İataşvilini, Besik Xaranaulini, Ənvər Ərcanı, Vislav Paradzinskini də aparmışam. Başqa ölkələrdə art-kafe anlayışı var, "Şirzadın kafesi", "Araz"ın altı deyə tanıdığımız o kafe bizim böyük şəhərin yeganə və həqiqi ədəbiyyat kafesidi, art-kafedi... Parisdəki, Sartrın daim olduğu "Cafe des Deux-Magots" kimi, Dağlarcanın "Vaqon"u kimi...” – deyir Səlim Babullaoğlu.

“Biz “Şirzadın kafesi”ndə otura-otura ədəbiyyatda tanındıq”

Səlim Babullaoğlunun cavabını oxuyandan sonra Samir yüyürüb yanıma yetişir, oturub gündəlik işinin çətinliyindən danışır. O danışdıqca yadıma şair Aqşin Yenisey düşür. Axı, o bu kafe haqqında “Şirzadın kafesində görüş” adlı şeir yazıb və ordakı misralar indi çoxlarının əzbərindədir.

Bu üzdən şairə zəng edib “Şirzadın kafesi” barədə soruşdum. Aqşin Yenisey dərhal kafedəki xatirələrindən danışdı.

“Oranı Şirzad adlı biri açmışdı. Yaxşı dost idik. Özü də əvvəl biz anbar kimi yerdə oturardıq. Yanımızda xəngəl tavaları-zad olardı. Yer tapa bilməyəndə dostlar altlarına kartof meşoku-zad qoyardılar. Sevinc Pərvanə, Zahir Əzəmət, Qan Turalı, Rasim Qaraca, Seymur Baycan və mən buranın daimi müştərisi idik. Hər gün biz bura gəlib “vururduq”. Bir gün belə qaçırtmazdıq. Biz “Şirzadın kafesi”ndə otura-otura ədəbiyyatda tanındıq. Hətta mən buranın təsirindən bir şeir də yazdım. Başqa adamlar da yazıb. Özü də bu kafeni bizə ilk dəfə Səlim Babullaoğlu və Adil Mirseyid göstərmişdilər. Ondan sonra ora yaxşı mənada “dadanmışdıq”. Deyəsən, bu kafeni də kəşf eləyən onlardır”.

Son və bir az təəssüf

Bir parç pivənin pulunu Samirə verib sağollaşıram. Hava getdikcə soyumağa başlayır. Bayıra çıxanda dönüb zirzəminin altında yerləşən kafeyə baxıram və düşünürəm ki, deyəsən, bizim ədəbiyyatımız da şairlərimiz, yazıçılarımız kimi bu zirzəmiyə salınıb. Hər gün oradan Dostoyevski, Orhan Pamuk, Nazim Hikmet, Milan Kundera, Markes və s. çıxır... Ancaq heç kəs onları “görmür”...

# 4388 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #