Sabunçudakı II Dünya müharibəsi məzarlığı REPORTAJ

Sabunçudakı II Dünya müharibəsi məzarlığı <span style="color:red;">REPORTAJ
9 may 2017
# 12:30

bir hasarın dibində

basdırarıq ölülərimizi

bərəkətli toxumlar kimi...

Nazim Hikmət

Heminquey kimi yaddaşını itirib, Mariya Svetayeva kimi həyatın bütün ağrı-acılarından keçib, Mişima kimi ölkənin zavallılığından məyus olub da... yaşamaq olar... Heç bir halda intihara haqq qazandırmıram. Tək bircə intihardan..., Stefan Sveyqin intiharından başqa.

1942-ci ildə dünyanın başı üzərini qara buludlar alanda, vaxtilə özünün müdafiə elədiyi dəyərlər gərəksiz bir şey kimi antihumanizm yarğanına yuvarlananda Sveyq dözə bilmədi. Dünyanın qaranlıq gələcəyi onu vahimələndirdi. Və intihar elədi. Elə bildi, o qara buludlar bir daha yarılmayacaq, heç olmazsa iynənin ucu boyda işıq süzülməyəcək dünyamıza. Deməli, vəziyyət bu qədər acınacaqlı, bu qədər dəhşətli imiş.

Çünki düşmən böyük idi. Olduqca böyük idi. O, nə faşizm idi, nə Hitler, nə də bir xalqın digər xalqlar üzərində hakimiyyət istəyi. O, sadəcə ŞƏR idi. ŞƏRə qarşı isə bütün dünyanın qüvvələri birləşməliydi. Əks halda dünya bir daha qaranlıqdan aydınlığa çıxa bilməyəcəkdi.

Bəli, Böyük Vətən Müharibəsinin anlamı olduqca sadəydi. Dini kitablardan, nağıllardan gəlmə bir həqiqət gizlənmişdi bu müharibənin mahiyyətində. Xeyirlə Şərin mübarizəsi. Dünya yaranandan bəri ŞƏR-lə hələ heç vaxt belə mütəşəkkil şəkildə mübarizə aparmamışdı. Bu müharibədə dinindən, dilindən, irqindən, millətindən asılı olmayaraq milyonlarla insan vuruşdu, milyonlarla insan şəhid oldu. Ölənlərin əbədi uyuduqları qardaşlıq məzarlıqları ŞƏRlə mübarizənin simvolu oldu. Dünyanın müxtəlif yerlərinə yayılmış bu qardaşlıq məzarları tək bircə həqiqəti pıçıldayır: ŞƏR-ə qarşı heç bir ayrı-seçkilik etmədən birləşin, bax bizim kimi çiyin-çiyinə, səf-səf...

***

Belə uzun giriş yazmağıma baxmayın. Gedəcəyimiz yer elə də uzaqda deyil. Şəhərin 15 dəqiqəlik məsafəsində, Sabunçu qəsəbəsində yerləşən Qardaşlıq qəbiristanlığıdır.

Sabunçuya çatıb, ana yoldan ayrılırıq. Dar küçələrlə, sıx evlərin yerləşdiyi yollardan keçib məzarlığın darvazası ağzında maşını saxlayırıq. Buraları beş barmağım kimi tanıyıram. Uşaqlığım burada keçib. Onda hələ bu yerlər açıqlıq idi. Ətrafda evlər yoxdu. Bomboş düzəngahda sıx şamlıqların arasında məzarlıq vardı. Üç-dörd ağacın olduğu yerə meşəlik deyən biz aranlılar üçün bura əsl seyrəngah sayılırdı. Atam arada bizi bura gətirib Böyük Vətən Müharibəsindən danışardı. Burada dəfn olunanların ruhuna fatihə oxuyardı. Bir az böyüyəndən sonra uşaqlarla buralarda futbol oynayardıq. Top məzarlığa düşəndə heç üşənməzdik də. Bəs necə, burlara bizim üçün o gördüyümüz adi qəbiristanlıqlardan deyildi.

İşə bax, indi bu məzarlıq hasarlanıb, ətrafı evlərlə çevrələnib. Qapısında da qıfıl. Yoldan ötən tanışdan məzarlığın darvazasının açarının kimdə olduğunu soruşuruq. Deyir, filankəsdə. Elə adamı nişan verir ki, onu gedib tapmaq, çəkilişə razı salmaq nəsə uzun işə oxşayır. Odur ki, fotoqrafımız Ramillə ərinmədən hasarın üstündən aşıb qəbiristanlığın həyətinə keçirik.

Bu dəm qonşu qadın bizi gördü. Məzarlığın qarovulçusunu soruşanda, dedi: “Budur yaxında qalır. Dayan çağırım.” Ramil vaxtı fövtə vermir, fotolar çəkir, mənsə qarovulçunu gözləyirəm. Bir azdan qarovulçu gəlib qapını açır, içəri keçmir, bayırda dayanıb mənə baxır. Deyirəm, buyurun, keçin içəri, elə bil, mən qarovulçuyam, o qonaq.

Qarovulçu Mürsəl dayıya gəlişimizin səbəbini danışıram. Razılıq edir. Qoy, elə gəlmişkən özü danışsın: “Hardasa üç-dörd il əvvəl qəbiristanlıq təmir olundu. Əvvəl qəbiristanlıq indiki yerindən bir az aralıda idi, odur o “zapravka”nın yerində...” Burda zəruri bir qeyd edim ki, Mürsəl kişi deyəsən yanılır. Çünki mən gördüyüm məzarlıq elə əvvəlki yerindədir. Heç yerə köçürülməyib.

“Məzarlığı bura köçürdülər. Sinə daşları hündür idi, onları dəyişib yerdən bax belə daşlar qoydular. Əvvəlcə bütün məzarlar siyahıya alındı ki, məzarlar dəyişik düşməsin. Amma guya dəyişik düşsə nə olacaq? Nə fərqi var hansı hardadır? Əsas odur ki, bu kişilər qəhrəmanca döyüşüb həlak olublar.”

Uca şam ağacları ilə əhatə olunmuş məzarlıq müharibə illərində salınıb. Burada müharibə illərində Bakı hospitallarında ölmüş əsgərlər dəfn olunub. Məzarlıqda 448 qəbir var. 448 Sovet əsgəri uyuyur burada.

Mürsəl dayı deyir ki, məzarlıqda müxtəlif millətlərin nümayəndələri dəfn olunub. Ad, soyadlar yazılmış məzar daşlarını göstərərək deyir: “Burada rus da dəfn olunub, latış da, özbək də, türkmən də, gürcü də, indi dava gedən yer var e...”

Bilirəm haranı soruşur, əlüstü cavab verirəm: “Ukrayna.”

“Hə, bax, budur, ukraynalılar da dəfn olunub”.

Mən incəvara soruşuram, bəs ermənilər, ermənilər dəfn olunmayıb?

Mürsəl dayı deyir ki, ermənilər də dəfn olunub. Dəqiq bilmir, amma deyəsən, üzərinə “naməlum” yazılan qəbirlər elə erməni qəbirləridir.

Bəli, məzarlıqda 30-a yaxın naməlum qəbir də var. Adından da bəllidi, burada müsəlman, xristian, yəhudi hamısı bir yerdə dəfn olunub. Mürsəl dayı burada qadın qəbri olmadığını desə də bir az sonra Ramil Şapoşnikova M.M. məzarını tapıb çəkir. Amma biz bu barədə Mürsəl dayıya heç nə demirik. Yaşlı adamdı, mübahisə etməyəcəyik ki.

Digər məzarlarla eyni sırada deyil, şam ağacının altında balaca bir qızcığaz məzarı da var. 1993-cü ildə, bir yaşında vəfat edib. Kim dəfn edib bilmir, Mürsəl dayı. Elinadır adı, buranın qoruyucu mələyinin...

Məzarların arasında dolaşıram. Kiqasov, Rozenberq, Bitikov, Kuzensov, Şevsov, Serdyuk, Poratkin, Kastrelaşvili, Zeynatdinov, Bamburov, Samedov, Muradov, Tarasenko, Rzayev... Hər millətdən məzar var. Doğum-ölüm tarixlərinə baxıram. Aralarında növcavan da var, yaşı qırxı keçmişlər də, 1890-larda doğulanlar da.

Mürsəl dayı deyir ki, hər il 9 May günü veteranlar, məktəblilər bura ziyarətə gəlirlər. Qalan günlərdə isə demək olar ki, gələn olmur. Amma əvəzində dəcəl uşaqların, əyyaşların günü buradan əskik olmur. “Bax odur, bu da əməlləri”, əliylə bir məzarın üzərində tərsinə çevrilmiş araq “rumka”sını göstərir.

Gözlərimin önünə aylı bir gecədə hasardan aşıb qəbirlərdən birinin üzərində “əlli” atan sərxoş bir kişi gəlir... İçir, ağlayır, sonra da pəsdən bir mahnı zümzümə edir: “Ah moroz...” Lap filmlərdə gördüyümüz kimi. Bəlkə də qızmar müsəlman şəhərində dəfn olunmuş bir rus üçün bundan böyük təsəlli olmazdı.

Ölənlərin adları yazılmış qranit lövhələrin hamısı qopub. Bir yaramaz asanlıqla bu lövhələrin yerini dəyişə bilər. Və ya götürüb sındırar. Mürsəl dayı deyir ki, ötən il hansısa uşaq bura keçib lövhələrdən birini sındırıbmış. Öz hesabına yenisini yaxınlıqdakı daş sexində sifariş verməli olub.

Ümumiyyətlə məzarlığın ciddi təmirə ehtiyacı var. Abidə köhnəlib, səki daşları yerindən oynayır. Buralar 2015-ci il Avropa oyunları üçün tikilən stadionun yaxınlığında yerləşir. Bu ərazilər abadlaşdırılacaq. Yaxınlıqdakı Böyük Şor gölü ətrafında bulvar salınacaq. Ümid edək ki, o zaman bu qardaşlıq qəbiristanlığı da unudulmayacaq. Təmir olunaraq bu ərazinin görməli yerlərinə daxil olacaq.

Məzarlıqdan çıxanda Böyük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə bir daha baxıram. Trapesvarı beton bloklar sal qaya kimi göyə yüksəlir. Eynən çiyin-çiyinə verib ŞƏRə qarşı məğrurca döyüşmüş, elə çiyin-çiyinə də bu məzarlıqda əbədi uyuyan insanlar kimi. Bu abidə, yan-yanan düzülmüş məzarlar keçmişimizin, dünənin mənzərəsi deyil, bu sabahın, dünyamızın gələcəyinin mənzərəsidir. Yalnız belə “qardaşca” olan təqdirdə dünyamız bir daha o qaranlıq keçmişə qayıtmaz, bəşəriyyət öz məhvi ilə üz-üzə qalmaz.

Dua əvəzinə Nazim Hikmətin bu sətrini vird edirəm dilimdə məzarlıqdan çıxarkən: “Yaşamaq... bir orman kimi qardaşcasına.”

# 6190 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #