İncəsənət dünyasının iki əsrlik yalanı

İncəsənət dünyasının iki əsrlik yalanı
6 avqust 2015
# 12:05

1642-ci ildə Amsterdam Atıcılar Cəmiyyətinin muşketyorları yeni tikilən bina üçün dövrün məşhur rəssamı Rembrandt Van Reynə sifariş verirlər. Rəssam muşketyorların portretini çəkməli idi.

Bu dörd metrlik tablonu çəkərkən Rembrand mövcud olan portret qaydalarından imtina edir. Rəssam muşketyorları dinamik, indicə hansısa əməliyyatı həyata keçirəcəklərmiş kimi təsvir edir. O, obrazlara dinamizm və dramatizm verməklə portret janrına yenilik gətirmişdi.

Əsər Amsterdamda əks-səda oyadır. Muşketyorların bəziləri tabloda demək olar ki, heç görünmədiklərinə görə şikayət etsələr də sənət adamları tərəfindən yüksək qiymətləndirilir.

Heç vaxt müştərilərinin istəklərini nəzərə almayan, rəssamlıqda öz tərzini yaradan Rembrandtın müştəriləri isə azalmağa başlamışdı. O, 1650-ci illərin dəbi ilə getmək istəmirdi. Həyatının sonuna doğru müflisləşən rəssam XVIII əsrdə tamamilə unudulmuşdu.

Rembrandt bir də XIX əsrdə impressionistlər tərəfindən kəşf edildi. Bundan sonra Rembrandt hüdudsuz şöhrətə qovuşdu və rəssamlıq dünyasının ustalarından hesab olundu, əsərləri tədqiq olunmağa, araşdırılmağa başlanıldı.

Muşketyorların sifariş verdikləri tablo “The Company of Frans Banning Cocq/Kapitan Frans Banning Cocqun birliyi” adlansa da “Gecə gözətçiləri” adı ilə tanınmağa başladı. Gecələr gözətçilik eləməyən muşketyorlara bu ad heç də uyğun gəlmirdi.

Bəs əsər niyə bu cür adlanmışdı?

1940-cı ildə əsər restavrasiya olunanda hər şey məlum oldu. Sən demə yaradıcılığı XIX əsrdə gündəmə gələnə qədər əsərləri laqeydliklə qarşılanan Rembrandtın tabloları kirdən və üzərindəki lakın qaralmasından öz ilkin rəngini itirmişdi. Buna görə də “Gecə gözətçiləri”ndə hadisələr gündüz baş versə də tablo qaranlıq görünür. Restavratorların səyi nəticəsində tablo təmizlənir və neçə illərdir zülmətə məhkum edilmiş muşketyorlar nəhayət ki, işığa qovuşurlar.

# 2925 dəfə oxunub

Müəllifin son yazıları

# # #