Yeni Yasamalda, 13-cü Xreptovıda xanəndə Süleyman Abdullayevin evini soraqlaya-soraqlaya gəlib boz darvazanın qabağında dayanmışıq. Qapını bir neçə dəfə döysək də, hay verən yoxdur. Görəsən, səhv nişan verməyiblər? Yaşlı adamdır, zəng edib narahat etmək də istəmirik. Fotoqrafımız Şahin əlüstü qapının dəliyindən baxıb “məruzə” edir: “Həyətdə yaşlı bir kişi oturub, o deyil ki.” Şahini kənara çəkib “müşahidə məntəqəsi”nə özüm keçirəm. Özüdür ki, var. Həyətin başındakı çardağın altında oturan xanəndə Süleyman Abdullayevdir, el diliylə desək Dədə Süleyman, ayrılmaz dostu qara qəlyanı da damağında... Daha səsləməyin mənası yoxdur, qapının cəftəsini çəkib içəri girirəm.
- Dədə, gəlmək olar?
- Kimdi?
- Jurnalistlər. – “Buyur” deməyini gözləmədən düz üstünə gedirik. Ensiz, uzun həyətdir.
- Xoş gəlmisiz! – Görüşürük - Necə gəlib tapdız?
- Çox asan. Kimdən soruşduq, evinizi nişan verdi, maşallah, hamı sizi tanıyır.
- Boy. Bəs o vaxt yoldaşım rəhmətə gedəndə Canəli (müğənni Canəli Əkbərov – red.)zəng vurdu ki, evini tapa bilmirəm? Dedim, rəhmətlik Yaqubun (Yaqub Məmmədov – red.) evini keçən kimi sola dön, kimdən soruşsan deyəcək. Məni dolamaq üçün qayıtdı ki, səni burda heç kim tanımır. Mən də ona dedim, mənə baxma, sən ... – qəhqəhə çəkib gülür - məşhursan. – Yenə qəhqəhə çəkir. – Sən Allah, bunları yazma ha, inciyər.
- Söz verirəm, yazmayacam.
Dədə bağışlasın, ancaq sözümü tuta bilmədim, məncə bu xoş zarafatdan heç kəs inciməz.
- Bu kişi kimdir?
- Fotoqrafımız.
- Belə çəkəcəksiz? Bəlkə əynimi dəyişim?
- Dəyişin.
- Milli geyinim, ya kostyum?
- Kostyum geyinsəniz bəs edər. - Dədə evə keçib əynini dəyişir. Kostyum geyinir, başında da buxara papaq. Sonra bizi də içəri dəvət edir.
Artıq müsahibəyə başlamaq olar.
- Laçınlı sənsən? – Görüş barədə onunla redaktorumuz Şərif Ağayar razılığa gəlmişdi deyə dəyişik salır.
- Yox, dədə, o qaldı işdə. Bu səfər neftçalalı yarayır?
- Boy. Rəhmətlik Aslanla (Aslan İlyasov – red.) bilirsən Neftçalada nə qədər toyda olmuşuq? Özü də orda toylar axşam ondan sonra başlayır, düz səhər beşə kimi davam edir. Hər yerdə bizə hörmət eliyirlər dana. Orda bizə bir balıq kababı verdilər, təndirdə. Hələ də yadımdadı.
- Nə vaxt olub bu söhbət?
- Bu, 70-ci illərdə olub. Ondan sonra Aslan yenə gəlib-getdi ki, Salyanın Qarağaşdı kəndində səni istəyirlər, belə-helə. Söz vermişəm, getmişəm. Burdan bir tarçalanla getdim. Tarçalanlardan mən Həbibnən, Əhsənnən... yaxşı tarçalanlarla işləmişəm.
Bu vaxt qızı gəlir, salamlaşır. Dədə söhbətini yarımçıq qoyub qızı ilə görüşür.
- Salam, qızım, xoş gəldin! Bunlar gəlib, nə çayımız var, nə çörəyimiz.
- Bu dəqiqə, hazırlayaram - Qızın səsi artıq mətbəxdən gəlir.
- Maşınnansız? – Dədə soruşur.
- Yox piyada - Şahin deyir.
- Sən Allah! Sizə bir qulluq eləmək lazımdır.
İsrar edirəm ki, lazım deyil, hər şey yaxşıdır. Bunları niyə deyirəm? Dədə Süleymanın yoldaşı iki il bundan əvvəl rəhmətə gedib. O vaxtdan tək yaşamağı seçib. Oğlanları, qızı nə illah eləsələr də heç birinin evində qalmır. “Neçə dəfə demişik ki, gəlib bizdə, ya qardaşımgildə qalsın. İstəmir. Başa düşürük ki, sənət adamıdır, arada tək qalmaq istəyir.” – Müsahibədən sonra Dədənin qızı deyirdi bunları. Hər gün gəlib Dədəyə baş çəkir. Çayını dəmləyir, yeməyini verir. Nəvələri də onu tək qoymur, tez-tez yoluxurlar.
Dədəni birtəhər razı sala bilirik ki, heç nə lazım deyil və Salyan söhbətinə qayıdırıq:
- Hə, günorta başladıq oxumağa. Bir dənə “Çahargah” oxudum. Hamı gətirib xələt verdi.
- Oxumağınız bunların xoşuna gəlib.
- Gəlib hə, gəlib. Hər oxuyan bunların xoşuna gəlmir axı. Bəzi oxuyanlar özünü tərifləyir, amma əsl xanəndə deməz mən belə oxudum, elə oxudum. Onu xalq bilir, “muzıkant”lar bilir. Rəhmətlik Seyid Şuşinski mənim müəllimim olub. Ömründə o demədi ki, belə oxudum, elə oxudum. İndikilər çıxır, özün tərifləyir, xoşum gəlmir. Mənə sual verəndə, deyirəm indi də öyrənirəm. Muğamatın sirləri var e.
- Kimdən öyrənirsiniz?
- Mən özüm-özümdən. Əvvəllər Seyiddən öyrənmişəm, dörd il dərs almışam. Zeynəb Xanlarova, mən, Qulu Əsgərov, İslam Rzayev, Əlibaba Məmmədov. Onlar dördüncü kurs idi, mən birinci. Seyid hamımızı yığıb bir yerdə dərs deyirdi. Həəə... Neftçaladan danışırdıq. Bir oğlan gəldi, dedi, bəy tərifində “Kamaz” şoferi Sərvanı tərifləyərsən. Yadımdan çıxmaz, gecə saat iki idi, başladım tərifə (oxuyur):
Səni istəyəni, mən də istərəm
“Kamaz” şoferi Sarvandan xələt istərəm,
Görüm a bəy...
Bir də gördüm padnosda bir ceyran gətirdi. Gedib qoruqdan vurubmuş. Qabağıma qoyub, dedi, dədə, bunu icazə alıb vurmuşam ki, Süleymana gətirəcəm.
- Sizə nə vaxtdan dədə deyirlər? Bizdə tarixən beş dədə olub: Dədə Qorqud, Dədə Ələsgər, Dədə Şəmşir, Dədə Ədalət və siz. Onların hamısı aşıq idi, bircə siz xanəndəsiz.
- Xalqnan yaxşı rəftar elədiyimə görə, kasıbların toyunu təmənnasız elədiyimə görə mənə dədə deyiblər.
- Pul almamısınız kasıblardan?
- Yox. Qazandığımı xalqla bölmüşəm, xalq verdiyini xalqa qaytarmışam. Ona görə camaat o qədər “Dədə mənim toyumu eləsin”, “Dədə gəlsin bizim toyu aparsın” deyib, yavaş-yavaş adım qalıb Dədə Süleyman.
Heylə pul yığan olmamışam. Mənim evimə baxmırsan? O biri xalq artistlərinin üç yerdə evi var. Amma mən xalqnan yaxşı təmasda olmuşam, dədəlik eləmişəm, dədəlik burdan əmələ gəlir, özbaşına əmələ gəlmir. Dədə Ələsgərə elə-belə Dədə Ələsgər demiyiblər ha. Azərbaycanın bütün bölgələrində olmuşam, elə bir kasıbın toyunu eləmişəm ki, indi gəlib milyoner olub, həmişə mənə kömək eliyir.
Birdən gözü telefona sataşır.
- Yazırsan bunu?
- Hə.
- Sən Allah, yazma... Bir dəfə sənin kimi qəşəng bir oğlan gəldi, dedi ki, toyumu istəyirəm sən eləyəsən. Soruşdum sən nə işləyirsən. Dedi, mən işləmirəm, amma “yurfak”da oxuyuram. Dedim tay “yurfak” oxuyana qiymət demək olmaz (gülür). Dedi yox e, mən əlaçı qurtarmışam, qızıl medalla. Dədəmin bir eşşəyi var, üç qoynumuz, bir inəyimiz. Biz kasıbıq. Mən hələ prokuror döyüləm (gülür). Dedim, sənin toyunu sənə hədiyyə edirəm, mənim oxuyan uşaqdan xoşum gəlir. Düzdü, mənimkilər oxumadılar (gülür). Xoşum gəlir savadlı uşaqlardan. Ancaq bir şərt kəsdim ki, toyu mən deyən günə salın. Çünki o vaxt aylarla vaxtım olmurdu. Gedib evdə xəbər verib, atası inanmayıb. Kənddə də inanmayıblar: “Süleyman sizi aldadır, gəlməyəcək.” Vədə yetişən gün dəstəmi götürüb getdim. Dəstənin də xəbəri yoxdu ki, mən pulsuz gəlmişəm. Bunların içində bir cığalı vardı, onu xətircəm elədim ki, sənin pulun cibimdədi, qorxma. Bəyin atası toyda durub dedi, Süleymanı kim tanıyır? Dedilər, bir “Dəşti” oxusun, tanıyırıq. Oxudum. Hamı təsdiqlədi, özüdür, dədədir, Dədə Süleymandır.
Bəyin atası bir də ayağa qalxıb dedi: “Ay camaat, deyirdiniz gəlməyəcək, sizi aldadır. Bu kişi bizdən bir qəpik istəməyib. Süleyman oxuyanda nə xələt versəniz ona halal olsun.” Onların kəndində bəy tərifində yığılan xələti xanəndəyə vermirdilər, dedi, bəy tərifində yığılan xələti da verirəm Süleymana.
- Kasıb da olsa səxavət göstərib.
- Hə. O toyda adi toydakından çox xələt yığdıq. Bax, dədəlik belə yaranıb. Mən zorla özümə dədə deməmişəm ki, xalq özü deyib də. 66-dan dəbdə olmuşam, 77-78-dən başlayıb dədəlik.
Aslan məni Şamaxının bir toyuna aparmışdı. Xahiş elədi ki, dədə, mənim dostumdu, çox kasıbdılar. Dedim, mənim gözüm üstə. Getdik, yolda tapşırdı ki, kişi cığaldı, o nə desə denən bəli. Getdik, oxuduq. Gecədən keçmiş toy qurtardı, yıxılıb yatdıq. Bir də gördüm səhərə yaxın kişi gəlib qapını döyür, yeməyə nə hazırlayım? Dedim, kisel. Kiseli də tapıb gətirə bilmədi (gülür).
- Kisel söhbətini Aslan deməyib ki?
- Mən demişəm, sonra Aslan öz adına çıxıb. Çıxsın da. Halal xoşu olsun. Yaxşı oğlan idi. Həmən toyu üç gün oxuduq, mikrofonsuz. İndi oxumağa nə var, gəlib toyda iki saat oxuyub gedirlər, bizim üç toya qazandığımızı bir saata qazanırlar.
- İndikilərin oxumağı xoşunuza gəlir?
- Hamısı qəşəng oxuyur, yollu-yolağalı. Mən indiyənəcən bir xanəndəni efirdə pisləməmişəm. Qəti. Çağırıb özünə demişəm.
- Hörmətiniz saxlayırlar?
- Hamısı. Yoldaşım iki ildi rəhmətə gedib, hamısı gəlib dəyir, yoluxurlar.
- Tələbələriniz yoxdur?
- Məni yamsılayanlar çox olub. Rəsmi şəkildə yoxdu, amma belə qıraq-bucaqda öyrədirəm. Axırıncı müsabiqədə ikinci yer tutan Səma vardı, onu mən öyrətdim. Müəllimi Mənsumdu (Mənsum İbrahimov - red.), burda olmayanda qız atası ilə gəlirdi, öyrədirdim. Bax, görürsən gedib yer tutdu.
- Dədə, deyirlər, guya Qarabağ oxuyanları əruzu yaxşı bilmir.
- Deyirlər deməyinə. Niyə? Əruzu Seyid gətirmiyib, Cabbar gətirmiyib, Keçəçi gətirmiyib, Ağabala Abdullayev gətirmiyib, Süleyman Abdullayev gətirmiyib, Arif Babayev gətirmiyib? Gətirmiyibmi? O sözlərə fikir vermə. Mən oxuyanda sözümə qulaq asırdılar. Muğamın bünövrəsini qoyan Cabbar, Seyid Bakıda meydan oxuyublar.
- Bəs bu fikir hardan yaranıb?
- O, ara vurmaq üçün yaranıb. Mən toya gedəndə gəlib qəzəl “zakaz” verirdilər (Oxuyur). Bəs nə təhər olur ki, camaat buna qulaq asır, ancaq başqa cür deyirlər? Bu, düşmən sözüdür. Qarabağ oxuyanları, Şirvan oxuyanları hamısı bir-birindən öyrənə-öyrənə gediblər. Nə təhər olurdu, Zülfü Adıgözəlov oxuyurdu, Hacıbaba onu yamsılayırdı, Tələt yamsılayırdı? Yaquba nə təhər olurdu Bakının kəndlərində deyirdilər, bu qəzəli oxu, o qəzəli oxu? Nə təhər olur? Bunun açıqlamasını düz vermək lazımdır. Muğam ordan gəlib bura, amma Bakı camaatı söz sevən camaatdı,
- Bəs toylarda ən yaxşı pul verən zona hansı idi?
- Qarabağ camaatı, Şəmkir camaatı, Masallı camaatı... Elə bütün zonalar (gülür).
- Deyirlər, toylardan yaxşı qazanmısınız.
- Əla. Heç kəsdə “24” olmayanda məndə olub. Özü də onu kosmonavtdan almışdım. Mənim Ucardan kasıb bir dostum vardı, Moskvada olurdu. O, Kərim Kərimov vardı, kosmonavtların böyüyü, onun şoferiydi. Bir gün mənə zəng elədi ki, belə bir maşın var, amma bir az bahadı. Mən də pul yığan olmamışam. Ordan-burdan düzəltdim, getdim, Moskvaya alıb, gətirdim. Aeroportda da azərbaycanlı uşaqlar soruşdu, hara gedirsən, dedim Moskvaya. Gedib mənə bir “karobka” gətirdilər. Dedilər, bunu ancaq dövlət adamlarına verirlər, Azərbaycan konyakıdı. Sənə pay veririk.
Mən də özümlə apardım onu Moskvaya. “24” alandan sonra dedim gedək bunu yuyaq. Məni apardılar meşənin içində bir bağ evinə. Orda onlara bir demyə oxudum, meşə dilə gəldi.
- Nə oxudunuz? Demyə?
- Demyə də. Mənim bayaqdan oxuduğum demyədir. Tarsız-kamansız oxumağa demyə oxumaq deyirlər. Demyə yemiş-qarpız əkmirlər? Mən də demyə oxuyuram dana (gülür). Tarım yox, kamanım yox. Başa düşdün?
- Başa düşdüm.
- Bax, əruz vəzni budur e (gülür).
- Dədə, nə əcəb sizə Xalq artisti adı verilməyib?
- Bəri başdan deyim ki, Sabir Mirzəyev, mən, Arif Babayev bir çıxmışdıq. Sabirnən maa ad vermədilər. Sonra əməkdar artist adı verdilər.
- Əməkdar artist adını da gec verdilər.
- Hə, üç-dörd il qabaq verdilər. Onu da Zeynəb Xanlarovanın təkidi ilə. Milli Məclisdə deyib ki, ona-buna ad verirsiniz, Süleymana ad vermirsiniz. Seyidin iki sevimli tələbəsi vardı, biri məndim, biri də Süleyman. Bu sözündən sonra verdilər.
Bir söz də deyim. Muğam Mərkəzində tədbirdə idim. Gördüm, nazir orda durub, yanında da bir deputat. Deputatın adını deməyəcəm. Gedib görüşdüm. Deputat məni görən kimi nazirə dedi ki, Əbülfəz müəllim, səndən bir xahiş etsəm olar? O da dedi, deputatsan, niyə olmur? Fikirləşdim, indi deyəcək ki, niyə Süleymana Xalq artisti adını vermirsən? Qayıtdı ki, birdən buna Xalq artisti adı verərsiniz, qəti verməyin? Nazir də soruşdu ki, niyə? Dedi, aşıqlar içində dədə çoxdu, xanəndəlikdə yoxdu. Bu kişi onu qazanıb, ancaq özü bilmir. Dədəlik Xalq artisti adından min dəfə yaxşıdı. Kişini korlayarsınız (gülür). Dedim, hə sağ ol (gülür). Bax, belə-belə şeylərə görə mənə Xalq artisti adını vermirlər (gülür).
- Sağlıq olsun, verərlər.
- Heç istəməmişəm də. Məni həmişə xalq saxlayıb. Bax bu evi mənə dostum tikib. Toylarını oxumuşam, xeyir işlərinə gedib-gəlmişəm.
- Axırıncı dəfə nə vaxt toya getmisiniz?
- Bu yaşımda da toya çağırırlar, gedirəm. Haracan gücüm çatır oxuyuram.
- Efirə necə, çağırırlar?
- Çağırırlar, çox efirbaz olmamışam.
- Dədə, maşınınız var? Qabaq deyəsən “Mercedes”iniz vardı. Bir müsahibədə demişdiniz, ordan yadımda qalıb.
- Varıydı. Bir “Mercedes”im varıydı. İki il bundan qabaq, yoldaşım xəstə oldu, satdım, apardıq verdik Türkiyəyə, həkimlərə. O da əmələ gəlmədi, rəhmətə getdi. Maşınım-zadım yoxdu.
- Allah rəhmət eləsin. Bu dərmanlar kimindi bəs? – Stolun üstündəki dərmanları göstərirəm.
- Mənimdi. Ürək üçün, bir də şəkərim var. Vəssalam. Elə buracan gəlmişəm, bəsimdi.
- Maşallah, gümrahsınız.
- Allah deyir ki, səni yaradanda sevinirdin, öləndə pisdi? Deyir:
Ey məh, sənə ol ah dəmadəm nə üçündür,
Ayineyi-dildə kədərü qəm nə üçündür?
Batdın genə bəxtim kimi bilməm nə qərayə,
Qurban sənə bu şiveyi-matəm nə üçündür?
Dünyaya gələn getmək üçündür. Mən bunu dərk edirəm.
- Fevralın 14-ü ad gününüzdür. 79 yaşınız olacaq.
- Hə.
- Ad gününüz yaxşı günə düşüb.
- Sevgililər günü? Hə. Mən Allah adamıyam (gülür). Belə yaxşı gündə doğulmuşam.
- Gələn il yubileyinizdir.
- Qalsaq. Onu bilmək olmaz.
- Xaricdə çox olmusunuz?
- Bəli. Türkiyəyə getmişəm. Birinci konsertim orda olub. Zeynəbdən sonra Türkiyədə mən oxumuşam. Orda festival var idi. Birinci yer tutdum. Guya məni oranın oxuyanlarına anturaj üçün aparmışdılar. Yəni fasilədə mən çıxıb oxuyacaqdım, sonra ukraynalı rəqqasələr konsert verəcəkdilər. Ancaq necə oxudumsa bütün stadion məni alqışladı. Səhnədən getməyə imkan vermədilər. Yenə oxutdurdular. Bu səfər çıxışım çevrildi konsert oldu, rəqqasələr anturaj oldu. On gün orda konsert verdim. Orda da 41-45 müharibəsi zamanı əsirlikdən qaçıb Türkiyəyə sığınan azərbaycanlılar çoxuydu. Onlar məni İstanbulda toya apardılar.
- Qayıdandan sonra sizə problem yaşanacağından qorxmadınız?
- Moskvadan icazə almışdılar. Bir cəbrayıllı kişi idi, qızına toy edirdi, oğlunun adı Azər, qızının adı Baycan.
- Dədə, o dövrdə sizdən başqa xanəndələr də oxuyub, sayılıb-seçiliblər. Yaqub olub... Yaqub Məmmədova münasibətiniz necədir?
- Yaqub mənim Allahım idi. Onun çox dəyərli səsi vardı. O da məni çox sevirdi. Mənə deyərdi: “Ə, sən ayrı cür oxuyursan, bal kimi oxuyursan.” 20 il onunla dostluq eləmişik, üstəlik qonşuyduq. Maşınla onu hara lazımdırsa mən aparmışam. Yəni sənətinə hörmət eləmişəm.
- Sabir Mirzəyevlə münasibətiniz necə olub?
- Sabir mənim dostum olub, səhnəyə bir çıxmışıq.
- Oxumağına münasibətiniz necə idi?
- Booy. Elə bizi səhv salırdılar arada.
- “Çahargah”ı o yaxşı oxuyurdu, ya siz?
- Yox, o. Mən oxumağı indi öyrənirəm (gülür). Hamı məndən yaxşı oxuyurdu. Amma qiymət verə bilirəm, qiyməti qəşəng verirəm.
- Nə əcəb Məcnunu oynamamısız?
- Bir gün mənə xəbər verdilər ki, Xan əmi səni çağırır. Getdim Xan əmigilə. Dedi, qəşəng geyin-keçin, bizi Ali Sovetin sədri çağırır. Səhər onun qəbuluna gedəcəyik. Görək nə deyir. Səhər qəşəng geyindim. Mən ümumiyyətlə kukla kimi geyinirdim. Ən yaxşı geyinən mən olmuşam, xaricdən parça gətirdib kostyum tikdirirdim, dərzim cuhud idi. O görüşdə - adını unutmuşam, - Ali Sovetin sədri dedi ki, istəyirəm Süleyman Məcnunu oynasın, çox içdən oxuyur, bu rol ona yaraşar. Opera ilə də danışmışam. Xan əmi də qayıtdı ki, hə, bundan yaxşı Məjnun çıxar, elə Məjnun qara olub dana. Mənim o bəzəkdən xoşum gəlmir, bu elə bəzəksiz Məjnundu (gülür). Xan əminin bu sözünə gülüşdülər, sonra sədr tapşırdı ki, mütləq gedim operaya.
- Bəs sonra nə oldu?
- Bir neçə dəfə operaya getdim. Ancaq baxdım ki, opera mənlik deyil. Oranın adamlarıyla mənimki tutmaz.
- Kəndiniz işğal olunandan sonra Füzuliyə getmisiniz?
- O qədər. Məni toya aparırlar. Bir dostum var. Hər dəfə gedəndə məni qaldırır dikə, durbinlə baxırıq. Mən orda ev tikdirmişdim. Kəndimizi meşəlik, ağaclıq basıb, heç nə görsənmir. Qulu Əsgərovla İslam Rzayev möhkəm dostuydular. İslamla da bizim kəndin arası yüz, yüz iyirmi metrdi. Kəndlərimiz bulaqla, kəhrizlə dolu idi. Bizim kəndin başında bir bulaq vardı, adına Çinar bulaq deyirdilər. Buz kimi suyu vardı. Qulu bir dəfə İslamgilə qonaq gələndə o sudan içib deyir: “Bu suyu içib oxumağa nə var. Hünərin var, gəl Salyanda Kürün lilli suyundan iç, mənim kimi oxu.” (gülür). Qulu yaxşı oxuyub.
...Sonra kəndlərindən danışır dədə. Uşaqlığından, erməni tay-tuşlarını döyməyindən, Seyid Şuşinskinin Füzuliyə gəlməyindən, onu səsini bəyənməyindən danışdı. Görəsən eşitsə ki, kəndləri qayıdıb, orda, kənddə, evlərinin qabağında dayanıb nə oxuyardı? Deyir: “Oxuya bilməzdim, sevincdən, kədərdən boğazım tutulardı. Elə bircə əlimi göylərə açıb deyərdim: Allah, sənə min şükür!”
Həyatda bir arzusu da qalıb Dədə Süleymanın. Qarabağ arzusu: “Gecə-gündüz Allaha dua edirəm. Qarabağımız alınsın; gedim Ağdamı, Şuşanı, Laçını, Kəlbəcəri, Zəngilanı gəzim; gedim öz kəndimizə, dizimi qoyum yerə, Çinar bulaqdan su içim, sonra gəlim atamın-anamın qəbrini ziyarət eləyim, sonra elə ordaca canımı al, Allah. Bax, mənim arzum budur, bala.”
...Bizi darvazaya qədər yola salır. Sağollaşıb ayrılırıq. Küçəni burulanda bir də dönüb dədəyə baxıram. Hələ də darvazanın ağzında dayanıb. Ancaq daha bizə sarı baxmır, uzaqlara zilləyib gözünü. Mənə elə gəlir o, xəyalən bir az əvvəl sadaladığı yerlərdədir, Çinar bulağının üstündə...