Faiq Ağayev: [b]“Onu fahişə də yaza bilər”[/b] - MÜSAHİBƏ

Faiq Ağayev: [b]“Onu fahişə də yaza bilər”[/b] - MÜSAHİBƏ
29 dekabr 2017
# 21:00

Bu gün Xalq artisti Faiq Ağayevin ad günüdür. Kulis.Az bu münasibətlə onun müsahibəsini təqdim edir.

- Siz Azərbaycan musiqi aləminin - şou-biznes çox cılız səslənir - ən mütaliəli nümayəndələrindən biri kimi tanınırsız. Mütaliəyə, oxumağa həvəsiniz uşaq vaxtından yaranıb?

- Mən həmişə birinci olmağı istəmişəm. Evin sonbeşiyi idim deyə həmişə təriflənməyi xoşlamışam. O həvəslə məktəbi qızıl medalla, universiteti qırmızı diplomla bitirdim. Özümün də oxumağa, mütaliəyə marağım olub. İndinin özündə belə evdəyəmsə, hər saatın tamamında “Euronews”-da, BBC-də, bizim kanallarda xəbərlərə baxıram. Bugünkü dünya nəinki hər saat, dəqiqəbədəqiqə dəyişir. Kitablar başqa aləmdi. İnsan real həyatında rastlaşmadığı hadisə ilə romanda, filmdə rastlaşır. Ona görə həmişə hər şeylə maraqlanan insan olmuşam deyə mütaliəyə də həvəsim olub.

- Uşaq vaxtı hansısa nağılın və ya macəra kitabının təsiri altına düşmüşdüz? Mən hələ də “Dəfinələr adası”nı oxumağımı unuda bilmirəm. Bir dəfə qorxumdan yarımçıq saxlamışdım. Sonra özümdə təpər tapıb yenidən oxumağa başladım.

- Qardaşımın çox zəngin kitabxanası var idi. Mən uşaq ikən hind, eston nağıllarını oxumuşdum. Məni ən çox özünə çəkən qədim yunan və Roma əsatirləri, mifləri idi. Yunan mifologiyasındakı bütün ilahilərin adlarını indiyə kimi əzbər bilirəm. Bəlkə gülməli gələ bilər. Amma mən altıncı sinifdə “Dekameron”u, “Afinalı Tais”i oxumuşam. Baxmayaraq ki, bunlar erotik ədəbiyyat sayılır. Daha sonra Jül Verni oxumuşam.

- Rusca oxuyurdunuz?

- Hə. İndi də daha çox rusca oxuyuram. Çünki bizdə tərcümə ilə bağlı problemlər var. İstənilən dərəcədə, ədəbi, dadlı tərcümə çox azdır. Kitab məlumatdı. Beynimə daxil olandan sonra onunla yaşamıram. Sadəcə olaraq məlumatlar bazası kimi saxlayıram. Bayaq sizin həmkarınız məndən soruşdu ki, özünüzü hansı qəhrəmana oxşadırsız? Mənə bir az gülməli gəldi. Çünki bu bütpərəstliyi xatırladır. O qədər individualist insanam ki, özümü heç kəsə bənzətmək istəmirəm. Əlbəttə, kimdənsə hansısa xüsusiyyəti götürmüşəm. Amma bütövlükdə kimisə özümə kopyalamamışam.

- Deməli, özünüzə kumir seçdiyiniz ədəbi qəhrəman yoxdur. Knyaz Mışkin, Don Kixot, Jan Valjan...

- Yox.

- Amma sevdiyiniz qəhrəmanlar...

- Var. Bilirsiz, çoxlu kitab oxumuşam. Mən il ərzində yalan olmasın 30 kitab oxuyuram. İndi də 43 yaşım var. Yerli ədəbiyyatdan bir nümunə deyim; mənim üçün Dronqonun taleyi çox maraqlıdır. Çingiz Abdullayevin romanlarının fanatıyam.

- Deməli, oxu menyunuzda detektivlər üstünlük təşkil edir.

- Təkcə detektivlər yox, tarixi əsərlər, fantastika. Fantastikanı uşaqlıqdan sevirəm. Bircə qadın romanlarını oxumuram. Maraqsızdır. Triller, qorxu janrlarını da sevmirəm.

- O zaman Stiven Kinqi də sevmirsiz.

- Deməzdim bəyənmirəm, amma həzz almıram.

- Hansısa bir mövzunu araşdırıb onun barəsində kitablar axtarıb oxuyursuzmu?

- Yox, elə xasiyyətim yoxdur. Amma dizaynla bağlı istər kitab, istər jurnal, əlimə nə keçirsə oxuyuram. İnteryer dizaynına çox meylliyəm.

- Bu meyl hardandı? Evinizi dizayn etmək üçün, yoxsa?

- Mən yaşadığım yerin rahat olmasını sevirəm. Ona görə interyer dizaynı ilə məşğul oluram. Hazırda yaşadığım evin dizaynını özüm vermişəm.

- Dünya ədəbiyyatında yüz ildən çoxdur ki, tolstoyçu və dostoyevskiçi deyilən iki cəbhə mövcuddur. Siz özünüzü hansına aid edirsiz?

- Nə sol yanağıma şillə vuranda sağ yanağımı çevirənlərdənəm, nə də ki, üsyankar, inqilabçı, qisasçı, radikal birisiyəm. Hərəsindən nəsə götürürəm. Mənə elə gəlir ki, bu qədər zənginlikdən imtina etmək və ancaq bir yolu seçmək düzgün deyil. Nə yaşından müdrik görünüb ağıl nümayiş etdirmək tərəfdarıyam, nə də əlinə revolver alıb haqqını tələb eləyənlər düşərgəsindənəm. İnsan axı primitiv substansiya deyil ki, yalnız bir modeli seçsin. Mənə elə gəlir ki, müdrikliyin və ya zənginliyin əsas düsturu çoxmənalılıqdı. Konkret düşdüyün vəziyyət üçün bir qərara gələ bilməlisən.

- Bayaq yunan mifologiyasını qeyd etdiniz. Yunan mifologiyasındakı çox maraqlı bir konflikt barədə fikrinizi bilmək istərdim-Troya müharibəsi. Orda iştirak edən bütün qəhrəmanlar lap başdan sonlarını bilirdilər. Lakin bunu bilə-bilə ölümə can atırlar. Nə Axillesdə, nə Hektorda, nə Teseydə, nə Patroklda, nə Nestorda-heç birində ölümdən qaçmaq cəhdi yoxdur. Parisin mağarada almanı kimə verəcəyi belə bəlli idi. Yeri gəlmişkən siz almanı kimə verərdiz?

- İnsan həmişə axıra kimi inanır ki, bədbəxt hadisə kimin başına gəlir-gəlsin onun başına gəlməyəcək. O, başqalarının düşəcəyi tələdən yan keçmək üçün yetərincə müdrikdir. Yunan mifologiyasına görə insanın doğuluşundan ölümünə qədər bütün həyatı ilahilər tərəfindən həll olunub. O skeleti, o həyat sistemini dağıda bilməzdi. Axilles də bilirdi ki, nə eləyirsə eləsin topuğunu qorumalıdır və Hera ona kömək edəcək. İnanmırdı ki, kimsə onu topuğundan vura. Misal üçün, Herakl bilirdi ki, Avqinin at tövlələrini təmizləməlidir. Onlarda həyatdan, qismətdən, taledən qaçılmazlıq prinsipi vardı. Bəli, Allah-Taala bizə tale verib. Amma bizə ixtiyar da verib. Biz ixtiyar sahibiyik. Çalışıb öz həyatımızı dəyişə bilərik. Amma yunan və romalılarda belə seçim haqı yox idi.

O ki qaldı Paris məsələsinə. Mən meyvəni... Orda seçim qarşısındasan. Ya gərək almanı böyük ilahinin yoldaşı Heraya verəsən-torpaq hər şeyin əsasıdır-ya da gözəllik heyranısansa Afroditanı seçəsən. Afina isə həm müdriklik, həm də müharibə ilahəsidir. Mən az söz-söhbət olsun deyə o almanı Heraya, ən bəd ayaqda Afroditaya verərdim. Amma əsla Afinaya verməzdim. Çünki onun sonu müharibədir.

- Müğənnilərlə, şou-biznesdəkilərlə ədəbiyyat söhbətləri edirsiz?

- Biz tez-tez görüşmürük. Ancaq tədbirdə, təqdimatda yığışırıq. Onda da heç vaxt olmur. Mən bu barədə Ülviyyə Könüllə söhbət edə bilərəm.

- Başqa?

- Ad deməyə çətinlik çəkərəm.

- Merlin Monronun sevdiyi əsərlərə baxdıqda olduqca intellektual bir siyahı görürük. Orda Folkner də var, Heminquey də, Fitscerald da, Eliot da. Bəs bizim müğənnilərin belə siyahıları niyə yoxdur? Niyə mütaliə eləmirlər?

- O zaman Hollivud başqa Hollivud idi. Monro da anladı ki, o səviyyəyə çatması üçün gərək bəlli mütaliəsi olsun. İndi elə bir tələb yoxdur. Heç kəs Ledi Qaqadan tələb eləmir ki Tolstoyu bilsin. Və Madonnadan heç kim tələb eləmir ki, Dikkensi oxusun. “Mobi Dik”i bilirsə onun üçün kifayətdir. İndi tələblər yoxdur deyə istək də yoxdur. Merlin Monro Hollivuda gəlməsəydi ciddi əsərləri oxumazdı. Monro anladı ki, sadəcə gözəl bədən sahibidir deyə kinoya çəkilir. O insan kimi də mükəmməl olduğunu təsdiq etmək istədi.

- Sizinlə razılaşmaya bilmirəm. Çünki o dövrdə Hollivudda Folkner, Fitscerald, Remark kimi nəhənglər ssenari yazırdı.

- İndi belə tələblər də yoxdur, bəlkə ona görə həmfikir tapa bilmirəm? Əslində heç lazım da deyil. Azərbaycan müğənnisinin, aktrisasının fizikadan, riyaziyyatdan, dünya ədəbiyyatından başının çıxması məcbur deyil. Mən onları qınaya bilmərəm. Mən sənətimdən kənarda belə olmuşam, sənətimə görə deyil

- Biz bunu dəfələrlə görmüşük. Türkiyədəki son hadisələr də sübutdur. Beren Saatın Özgecan tviti bütün Türkiyəni qaldırdı. Beren Saatı danışdırsaq ən azı Orhan Pamukun, Uşaklıgilin, Oğuz Atayın adını çəkəcək. Təəssüf ki, bizim sənət adamları içində beləsi çox azdır. Bəlkə də yoxdur.

- Gəlin belə bir cavab verim. Lazımdır ki hansısa müğənni onları tanısın? Əyləncə elə bir sferadır ki, burda intellekt vacib deyil. Məni hamı istisna və möcüzə kimi qəbul edir. O, müğənnilər arasında niyə belə ağıllıdır? Olmamalıdır.

- Siz özünüzün ağıllı olmağınızı norma qəbul eləmirsiz?

- İstisna haldır, amma norma olsaydı çox yaxşı olardı. Hüquq fakültəsinin tələbəsinin daha böyük dünya görüşü olmalıdır, nəinki elektrikin. Bu aksiomdur. Gəlin əyləncə sferasında çalışan bir kloundan və yaxud da ciddi bədii əsərdə rol almayan aktyordan, müğənnidən bilik tələb eləməyək. Görəndə sevinək. Amma tələb eləməyək. Çünki alınmayacaq. Bu insanın özünə bağlıdır. Çünki adam gərək özü ədəbiyyatın, xəbərlərin, dünyada baş verən proseslərin marağında olsun.

- Amma efirə çıxıb elə böyük şeylərdən danışırlar ki.

- Bu efirin günahıdır. Əgər siz siyasi-ictimai məsələ barədə mövqe öyrənmək istəyirsinizsə o işdən başı çıxan insanı dəvət edin.

- Müğənnilərdən tanıdığı şairi soruşurlar. Sayıb ən yaxşı halda Səməd Vurğunda toxtayırlar.

- Mən bir söz deyim. İş ondadır ki, nə qədər acınacaqlı olsa da XX əsrin son iyirmi ili və XXI əsr miqyas baxımından Azərbaycan ədəbiyyatına heç bir ad bəxş etməyib. Son 30 ili nəzərdə tuturam. Yəni bəxş edibsə də ötən əsrin 30-40-50-60-cilləri miqyasında bəxş etməyib. O zaman kimlər idi? İndi ədəbiyyatımız da böhran yaşayır. Postmodernizm adı altında ağzına gələni yazanlar var. Onlar özlərini ədibmi sayırlar? Fizioloji prosesləri çılpaqlığı ilə yazıb əsər adı altında camaata-üzr istəyirəm ifadəmə görə-soxuşduran insanı mən ədib saya bilmərəm. Onu hansısa bir fahişə də yaza bilər.

- “Dekameron”u məncə heç bir fahişə yaza bilməzdi.

- “Dekameron”u hə. Hardasa 3 il bundan qabaq ANS kanalında bir verilişdə idim. Yazıçılarımızın birinin əsərindən bir abzas oxudular. Ata ilə qızın intim münasibətləri təsvir olunmuşdu. Məni bağışlayın. Amma tüpürüm o ədəbiyyata. O mənə nə öyrədəcək?

- Bilmirəm o müəllif kimdir? Onun Azərbaycanın de Sadı olacağını da iddia etmirəm, amma bu cür xeyli əsər adı çəkə bilərik. De Sad öz açıq-saçıqlığı ilə fransız təfəkküründə inqilab eləmiş bir şəxsdir.

- Gəlin Markiz de Sada zaman kontekstindən baxaq. Bilirsizmi dəmir barmaqlıqlardan, qadağalardan çıxmanın sonrası var ha, bu çox təhlükəlidir. İnsan ya vulqar olmadan nəyəsə sahib olacaq, ya da ki, çox alçaq, çirkin şəkildə nəyisə əldə edəcək. Mən birincini götürərdim.

- Faiq bəy, son 20 il Azərbaycan ədəbiyyatı barədə çox sərt danışdınız? Kimləri oxumusuz?

- Əfsus ki, predmetli cavab verə bilməyəcəm. Təəssüf ki, Azərbaycan dilində çap olunan kitabların sayı azdır. Yazıçılar öz vəsaitləri hesabına bu kitabları buraxırlar. Son zamanlar dirçəliş hiss olunur.

- Sizi bir neçə dəfə kitab təqdimatlarında görmüşəm.

- Doğrudur. Cəlil Cavanşirin təqdimatında olmuşdum. Bəzən oxuyuram. Azərbaycan yazarlarından sonuncu oxuduğum Nərminə Məmmədzadənin “Taruki” adlı kitabıdır. Romantizm, qadın dünyası...

- Bayaq dediz qadın romanlarını sevmirsiz.

- Yox, mən Darya Dansova səviyyəsində yazarları nəzərdə tuturdum. Misal üçün Ustinovanı oxuyuram. O mənə maraqlı gəlir.

- Cəlilin “Qadın corabları” kitabı necə idi?

- Məndə heç bir protest yaratmadı. Deyim ki, ondan sonra Cəlil Cavanşirin fanatı oldum, yox olmadım. “Qadın corabları” fikirlərini düzgün, ədəbi formada yazan, rəğbətlə qarşılanan, istedadlı bir insanın əsəridir. Lakin bilirsiz, kitab da paltar kimi bir şeydir. Ya gözəldir, özümüzə yaraşdırırıq, ya da yaraşdırmırıq.

- O kitabı rəfə qoydunuz?

- Bəli. Amma onu deyim ki, ümumiyyətlə evdə kitabxana anlamını qəbul etmirəm. Sonuncu dəfə iki il bundan öncə bütün kitablarımı penitensiar xidmətə hədiyyə elədim. Mən nə oxuduğum kitaba, nə baxdığım filmə qayıdaram. O kitab yenidən mənim keçirdiyim hissləri, mənim beynimə verdiyi xeyri başqasına verməlidir. Evdə qalır, oxunulmur, nə xeyri var.

- Onda kitabxananızı tez-tez yeniləyirsiz.

- Hə. Məndə kitabxana anlamı yoxdur.

- Kitabı indicə paltarla müqayisə elədiniz. Qarderobunuzu tez-tez yeniləyirsiz, ya kitabxananızı?

- Mən daha çox kitab alıram, nəinki paltar.

- Hardan alırsız kitabları? Yəni onlayn şəkildə, yoxsa mağazaları gəzirsiz?

- Moskvada olanda alıram. Bakıda da kitab mağazalarını mütəmadi gəzib kitablar alıram.

- Faiq bəy, kinodan danışaq. Hansı rejissorları xoşlayırsız?

- İndi elə bir zəmanədə yaşayırıq ki, rejissor anlamı qalmayıb. Əvvəllər misal üçün Koppolanın, Spilberqin, Vudi Allenin filmləri gözlənilirdi. İndi aktyor heyəti daha vacibdir.

- Ən son baxdığınız üç film.

- “Amerika snayperi”, “Məhəbbət və ədviyyatlar” və bir də Vudi Allenin “Ay işığının sehri” filmləri.

- Vudi Alleni sevirsiz?

- Yox.

- Xoşunuza gəlmədi?

- Yox, mən onu insan kimi qəbul eləmirəm. Çünki ögey qızı ilə evlənib. Evləndiyi qadının 13 yaşlı qızı ilə gizli eşq yaşamağa başlamışdı. Qız həddi-buluğa çatandan sonra isə qadını boşayıb qızı ilə evləndi. Mən bunu sadəcə olaraq heyvani xüsusiyyət kimi qəbul edirəm. Burda insan faktoru o qədər güclüdür ki, ona görə Allenin sənətini də sevə bilmirəm. Amma yenə də mən onu linç eləməyə çağırmıram.

- Filmlərə kinoteatrda baxmağı xoşlayırsız?

- Hə. Çox sevirəm. Amma əfsus ki, bizdə tamaşaçılar kino mədəniyyətini itiriblər. Dünən Facebookda oxuyub hiddətə gəldim. “Bozun 50 çaları” filminə ana 13 yaşlı uşağı ilə gəlib. “18+” filmə ananın uşağını gətirməsini necə başa düşək? Açıq səhnələrə aşırı reaksiya verənləri demirəm hələ. Ona görə də məcbur qalıb evdə baxası oluram.

- “Bozun 50 çaları”na baxacaqsız?

- Baxmağı düşünürəm. Ən azı məlumat üçün. Çünki onun tamaşaçıları iki kəskin düşərgəyə bölünüb. Biriləri söyürlər, digərləri tərifləyirlər. Hətta deyirlər heç kitabı da bir şey deyil.

- “Leviafan”a baxmamısız?

- “Leviafan”a baxmaq istəyirəm. Çox müzakirə olunan filmdir. Bizdə niyə qadağan ediblər, anlamıram? Bilirəm, Rusiyanın problemlərini göstərir. Amma bizə nə aidiyyatı var? Bizim öz yaralarımız var. Əslində mən hazırkı rus kinosundan da narazıyam. İnterteyment, qeyri-peşkəkar adamlar, əyləncə sahəsinin insanları çəkilir. Çox keyfiyyətsiz filmlər ərsəyə gəlir.

- Bizdə də çəkirlər. “May name is İntiqam”, “Xoxan”.

- Heç birinə baxmamışam. Sonuncu baxdığım Azərbaycan filmi Vahid Mustafayevin “Qanlı Yanvar” filmi idi. Bizim filmlərin əsas zəif yeri texniki tərəfidir; montaj, səsləndirmə. Yaradıcı baxımdan güclü olsalar da büdcələri zəifdir. Bir də mən gülüş üçün çəkilən filmləri də başa düşmürəm. Nə qədər güləcəyik. Bizim düşünməyə də vaxtımız olmalıdır.

- Sizi filmə dəvət etsələr razılaşarsız?

- Məmnuniyyətlə. Özü də mənim üçün heç bir fərqi yoxdur, mənfi rol olacaq, yoxsa müsbət rol. Mən özümü mənfi rolda görmək istərdim, çünki müsbətdə məni kifayət qədər görüblər. Kinodan danışmışkən mənim çəkdiyim kliplər də elə mini filmlərdir.

- Türk filmlərində həmişə mənfi rolları oynayan bir aktyor var idi. Bir dəfə onu küçədə görəndə camaat döyübmüş. Siz qorxmursuz...?

- Türk filmlərindən xoşum gəlmir. Bəlkə də qeyri-obyektivəm, amma baxmamışam. Türklərin, düzdür son on ildə peşəkarlığı çox yüksəlib. Lakin mən uşaqlıqdan rus, fransız, italyan kinosuna baxmışam deyə gözləntilərim çox yüksəkdir. Mən bəsitlik görəndə, doğru-dürüst aktyor oyunu görməyəndə məyus oluram.

- Müğənnilərin, populyar simaların kitab yazması ilk dəfə deyil. Madonna yazıb, Sobçak yazıb.

- Rusiyada kitab bazarı inkişaf edib. Sovetlər dağılandan sonra çökmüşdü, yenidən dirçəlib. Bizdə kitab bazarı hələ də qalxmayıb.

- Siz necə nə vaxtsa həyatınızdan kitab yazarsız? Özünüzdə bu gücü hiss edirsiz?

- Maraqlı olar. Mənə elə gəlir ki, alınar. Mənim şeir yazmağım da var.

- Yazırsız...

- Az-az. Hərdənbir Facebook səhifəmdə paylaşıram. Sadəcə qabartmıram. Mənə elə gəlir ki, belə bir potensialım var. Nə vaxtsa Azərbaycanda kitab oxumaq dəbə düşəndə kitab yazacam.

20.02.2015

# 3056 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #