Teatrlarımız nədən qorxur? - Mirmehdi Ağaoğlu

Teatrlarımız nədən qorxur? - Mirmehdi Ağaoğlu
26 oktyabr 2023
# 12:00

Kulis.az Mirmehdi Ağaoğlunun "Teatrımızın aktual mövzu qorxusu" adlı yeni yazısını təqdim edir.

Bu günlərdə iki akademik teatrımızda tamaşa qoyulub. Birində "Dantenin yubileyi" (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı), digərində "Leyli və Məcnun" (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı).

Anarın “Dantenin yubleyi” povesti 1960-cı illərdə yazılıb, 1978-də də ekranlaşdırılıb. “Leyli və Məcnun” isə... Ta nə deyim, hamınız bilirsiz.

Görəsən, nə vaxta kimi teatrlarımız keçmişin havası ilə yaşayacaqlar? Nə vaxta kimi rejissorlarımız pencəklərinin üstündə köhnəliyin tozunu, kirini gəzdirəcəklər? Dindirəcəksən, deyəcəklər, tamaşa yeni yozumda səhnələşdirilib. Teatrlarımızın bu “yozum” azarını görəndə istəyirsən, deyəsən: Yox e, yozum-mozum bilmirəm. Mənə bu günün tamaşasını göstər, bu günün! Dünən yazılsın, bu gün qoyulsun. Necə ki dükana gedəndə isti çörək tələb edirsən, bax eləcə. Qaynar tamaşa! Boyat əsərləri sobada qurudub suxari şəklində vermək lazım deyil!

Əgər repertuarlara baxsaq görəcəyik ki, səhnəyə qoyulan əksər tamaşalarımız ya klassik əsərlərdir, ya da hansısa xarici müəllifin pyesi. Günümüzlə səsləşən, bu günümüzdə yazılmış pyes tapmaq bizim teatrlarda çox çətin (Mən təbii ki, hansısa planları doldurmaq xətrinə, Vətən müharibəsindən bəhs edən sənətkarlıqdan min arşın uzaq ura-patriot tamaşaları və bir-iki çıqqılı istisnanı nəzərdə tutmuram).

Təbii, teatrlar tez-tez klassik əsərlərə müraciət edirlər və etməlidirlər. Dünyanın çox ölkəsində belədir. Lakin həmin ölkələrdə müasir dövrdən, aktual mövzulardan yazılmış əsərlər də az qoyulmur. Bizim teatrlar isə sanki ölüb getmiş dramaturqların, klassiklərin, xarici yazıçıların arxasında dayanıb onların çiyinləri üzərindən ürkək-ürkək bu günə boylanırlar. Onları özlərinə sipər edirlər. Sanki bu günün aktual mövzusundan bəhs edən əsəri səhnəyə qoymaqdan çəkinirlər. Teatrların bu günün aktual məsələləri üzərində dayanmaq cəsarətsizliklərini başa düşürəm. Bəlkə də, inzibati qaydada tənbeh ediləcəklərini düşünürlər, bəlkə də, aktual tamaşa qoysalar, danlanarlar. Onun üçün keçmişə - Mirzə Fətəliyə, Mirzə Cəlilə, Haqverdiyevə, Cəfər Cabbarlıya sığınırlar. Bilirlər ki, onların yazdıqları bu gün təhlükəsiz mövzulardır. Həmən mövzuları səhnələşdirsələr başları ağrımayacaq. Bununla da teatrlarımız mövsümdən-mövsümə ölüvay-ölüvay adlayırlar. Lakin teatrda günümüzlə səsləşən, İNDİ-dən bəhs edən, AKTUAL tamaşa qoymayanda da teatr teatr olmaqdan çıxır.

Əlbəttə, bu tamaşalardan hansınınsa rejissorunu dindirsən, deyər ki, mən klassik əsəri fərqli şərh etmişəm. Bu da çox maraqlı müdafiə mexanizmidir.

Təbii ki, mən yeni qoyulan, xüsusən də yuxarıda adını çəkdiyim tamaşaların keyfiyyəti haqqında danışa bilmərəm, heç danışmıram da. Ən azı ona görə ki hələ heç birinə baxmamışam. Hətta bir qədər irəli gedərək onu da vurğulayım ki, Ərşad Ələkbərovun quruluşunda səhnəyə qoyulan “Dantenin yubileyi” haqqında zövqünə güvəndiyim insanlardan müsbət rəylər eşitmişəm. Yaxşı olmazdımı Ərşad bəy öz parlaq istedadını 60 il əvvəl yazılmış bir tamaşa ilə deyil, indinin bədii əsəri ilə sınağa çəksin? Yaxşı olardı, əlbəttə, bu “yozum” illəti olmasaydı!

Musiqili Teatrda səhnəyə qoyulan “Leyli və Məcnun” əsərinə gəldikdə isə... Görəsən, kimsə mənə izah edə bilərmi ki, dəfələrlə istismar edilmiş, mən deyərdim, zorlanmış bir mövzu hansı ehtiyacdan yenidən teatr səhnəsinə qoyulub? Mən hələ soruşmuram, hər mövsüm azı bir (!) dəfə Opera və Balet Teatrında səhnəyə qoyulan halsız-heysiz “Leyli və Məcnun”u təzədən sürüyüb MUSİQİLİ Teatrda səhnəyə çıxararaq o binəavaları təkrarən nakam məhəbbətin alovunda qovurmağa nə hacət? Axı bu da müəyyən qədər vəsait deməkdir? Dövlət büdcəsi hesabına ayaq üstə dayanan bir teatr niyə çağdaş, aktual, lazımlı mövzu seçmir? Daha gözümüzün qabağında sevib qovuşmayanlar yoxdur, mütləq gedib orta əsrlərə çıxmalıyıq?

Sənətdə bu cür yanaşma mövcuddur ki, adətən yaşını-başını keçmiş, sözünü demiş, püxtələşmiş sənətkarlar klassik əsərlərə, mövzulara qayıdış edib ona "yeni yozum" verməyə çalışırlar. Mən internetdə bir balaca axtarış edib “Leyli və Məcnun” tamaşasının quruluşçu rejissoru Samir Qulamovun 1977-ci ildə anadan olduğunu öyrəndim. Açığı deyim ki, onun 46 yaşda məlum əfsanəyə "yeni yozum" verəcəyi inandırıcı gəlmədi. Lap belə fərqli bir "yozum" versə belə, söhbətimizin məğzi bu deyil. Söhbətimizin məğzi budur ki, görəsən, TEATRLARIMIZ NİYƏ AKTUAL MÖVZULARA MÜRACİƏT ETMİRLƏR? NİYƏ!

Kim deyər cavabı?

# 1529 dəfə oxunub

Müəllifin son yazıları

# # #